Raqib Soylu
“Middle East Eye”, 02.02.2021
Çərşənbə axşamı, fevralın 2-də, prezident Co Baydenin andiçmə mərasimindən 15 gün sonra güclü ikitərəfli münasibətlərin qurulması üçün Vaşinqton və Ankara arasında ilk təmas gerçəkləşib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın arasında 1 saatlıq telefon söhbətində Suriya və Liviyadakı qarşıdurma, Aralıq dənizinin şərqində Türkiyənin Yunanıstanla mübahisəsi, Kipr və Azərbaycanın Ermənistanla Dağlıq Qarabağda müharibəsi daxil olmaqla, ikitərəfli və regional mövzular müzakirə edilib.
Türkiyə Prezident Dəftərxanasının bəyanatında deyilir ki, hər iki tərəf sıx təmasda olmağı və dialoq mexanizmlərindən istifadə etməyi vurğulayıb.
Bəyanatda bildirilib: “S-400”, “F-35” və YPG kimi iki ölkə arasındakı fikir ayrılıqları sahəsindəki məsələləri yeni bir perspektivlə həll etmək üçün ortaq bir səy göstərilməli olduğu ifadə edilib”.
ABŞ və NATO-nun “F-35” döyüş təyyarəsi proqramından çıxarılacağı və sanksiyalara məruz qalacağı barədə xəbərdarlıqlarına baxmayaraq, Ankara keçən il Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərini əldə edib.
Vaşinqton artıq Türkiyəni modern təyyarələr almasını və hər hansı bir hissəsini istehsal etməsini qadağan edərək onu “F-35” proqramından kənarlaşdırıb.
İki ölkə arasında YPG mövzusunda da fikir ayrılığı var. Ankara YPG-ni 1984-cü ildən bəri türk dövlətinə qarşı qiyam qaldıran qanunsuz Kürdüstan Fəhlə Partiyasının (PKK) bir qolu sayır.
YPG hazırda Ankara və onun Qərb müttəfiqlərinin “qara siyahı”sındadır.
Qısa açıqlamada MTM sözçüsü Emili Horn, Sallivanın “Türkiyənin Rusiyadan “S-400” raket sistemini almasının ittifaqın birliyini və təsirini sarsıtdığına dair Vaşinqtonun narahatlığını” çatdırdığını söyləyib.
Türk hökuməti ABŞ-ın noyabr seçkisində zəfəri ilə bağlı Baydeni təbrik edən son müttəfiqləri sırasında idi. Bunun müqabilində Bayden Ərdoğanın təbrik zənginə soyuq cavab verib.
Həm Bayden, həm də dövlət katibi Entoni Blinken andiçmə mərasimindən sonra türkiyəli vəzifədaşları ilə telefon söhbətlərindən çəkiniblər.
ABŞ-Türkiyə əlaqələrinin gücləndirilməsi
Adının açıqlanmasını istəməyən bir türk rəsmisi “Middle East Eye”-a Sallivan və Kalın arasında “müsbət” və əhatəli bir söhbət olduğunu söyləyib.
Mənbə bildirib: “Onlar ikitərəfli və regional məsələlərdəki fikir ayrılıqlarını minimuma endirmək, ortaq maraqları və perspektivləri gücləndirmək barədə razılığa gəliblər. Sallivan Kalına Baydenin keçmişdə Türkiyəyə 4 dəfə gəldiyini və Ərdoğanı yaxşı tanıdığını xatırladıb. O, Baydenin Ərdoğanla sıx əməkdaşlıq etmək istəyini dilə gətirib”.
Türk rəsmisi Sallivanın Türkiyənin əhəmiyyətini anladığını sözlərinə əlavə edib. “Kalın və Sallivan yaxın təmasda olacaq, Ərdoğanla Bayden arasında yaxın günlərdə telefon danışığını planlaşdıracaqlar”.
Telefon söhbəti yeni rəhbərliyə dair narahatlığı olan türk rəsmilərinə rahatlıq gətirib.
Keçən həftə Ağ Ev Çin və Türkiyəni həm ABŞ, həm də Avropa İttifaqı üçün qarşılıqlı narahatlıq mənbəyi olaraq səciyyələndirib.
Sallivan əvvəllər Suriya siyasətinə görə Vaşinqtonu Türkiyəyə qarşı sərt mövqe tutmağa çağırıb.
Baydenin də Ərdoğanla öz problemləri olub, xüsusən, Türkiyə 2019-cu ilin oktyabrında Suriyada ABŞ-ın dəstəklədiyi kürdlərə qarşı hücum təşkil etdikdə.
Co Bayden o zaman Demokrat Partiyanın televiziya debatında bildirib: “Türkiyə əsl problemdir. Mən Ərdoğanla ciddi söhbət etmək istərdim və indi etdiklərinə görə ona ağır bir əvəz ödəyəcəyini bildirərdim”.
Tərcümə: Strateq.az