XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2021 - 12:06

TEHRANIN “TALİBAN”LA SİYASİ TƏMASLARI:köhnə düşmənçilik niyə tez və belə asan unuduldu?

“Entexab” (İran), 04.02.2021

 

Yanvarın 26-da “Taliban”ın siyasi heyəti Tehrana gəlib, xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani daxil olmaqla, bir sıra rəsmi şəxslərlə danışıqlar aparıb.

Heyət Tehrana gəldikdən sonra ölkədə “Taliban”la danışıqlar aparma prinsipi ilə bağlı bir neçə fərqlli mövqe ortaya çıxıb. Bu mövqelərdən biri “Taliban”la hər hansı bir qarşılıqlı əlaqəni və ya təması inkar edir, bunu İŞİD-lə ünsiyyətə bənzədir; digəri 1998-ci ildə İran diplomatlarının qətli yada salınmaqla, keçmişdə “Taliban”ın hərəkətlərinə barmaqarası baxır.

 

Bayden və “Taliban”

Bəziləri “Taliban” nümayəndə heyətinin Tehrana səfərinin ABŞ-da hökumət dəyişikliyi və Baydenin yüksəlişi ilə əlaqəli olduğuna inanır.

Prezident olduğu dövrdə Tramp administrasiyası Doha şəhərində (Qətər) “Taliban”la bir müqavilə imzalayıb və bu müqaviləyə əsasən, ABŞ 2021-ci ilin mayınadək qüvvələrini Əfqanıstandan çıxaracağına söz verib.

Öz növbəsində, “Taliban” ekstremist qrupların Əfqanıstandan fəaliyyət göstərməsinə icazə verməyəcəyinə and içib.

Bununla birlikdə, Bayden hökuməti müqaviləni nəzərdən keçirəcəyini bildirib.

Son illərdə “Taliban”ın ABŞ-dan istədiyi əsas şey Amerika qoşunlarının Əfqanıstandan çıxarılması idi. İndi Bayden razılaşmanı ləğv edə bilər. Bu, bəzi müşahidəçilərin fikrincə, “Taliban”ı İrana yaxınlaşdırıb.

XİN-in sözçüsü, əlbəttə, “Taliban” nümayəndə heyətinin İrana son səfərinin ABŞ hökumətindəki dəyişiklik, habelə  qruplaşmanın Əfqanıstandakı mövqeyi ilə əlaqəsi olub-olmadığına dair bir suala cavab olaraq, iddiaları rədd edib: “Biz Əfqanıstandaxili dialoqun aparılmasının Əfqanıstanda davamlı sülhə nail olmanın yeganə yolu olduğunu həmişə vurğulamışıq. Bu baxımdan, əfqan xalqının son illərdəki uğurları qorunmalıdır”.

Səid Xatibzadənin sözlərinə görə, ABŞ-ın, Əfqanıstan da daxil olmaqla, bölgə işlərinə illərdir davam edən müdaxilə və təcavüzünə son qoymaq və məsuliyyətini dərk etməklə bölgə, o cümlədən Əfqanıstan xalqının əzab-əziyyətlərini azaltmaqdan başqa çarəsi yoxdur.

 

İranın mövqeyi – hərtərəfli (inklüziv) hökumət

Rəsmilər dəfələrlə bütün əfqan qrupları arasında bütün əfqanlar üçün məqbul bir hökumət qurma naminə iş birliyini dəstəkləyiblər.

Söz düşmüşkən, Əfqanıstanda, qəribə bir şəkildə, siyasi qruplar arasında ciddi söz sahib olan qüvvələrdən biri olaraq “Taliban”ın da İranla eyni mövqedə olduğu düşünülür.

Yanvarın 26-da xarici işlər naziri Zərif “Taliban” heyəti ilə görüşündə bu mövzudan bəhs edib. Məhz həmin gün Molla Bəradər Axundun rəhbərlik etdiyi “Taliban” heyəti Tehranda Zəriflə təmasda olub.

Əfqanıstandakı bütün etnik və siyasi qrupların iştirakı ilə əhatəli (hərtərəfli) hökumət qurma fikrindən məmnun olduğunu dilə gətirən Zərif bildirib: “Siyasi qərarlar boşluqda qəbul oluna bilməz və əhatəli bir hökumətin qurulması, həmçinin Konstitusiya kimi əsas qanun və qurumların yaradılması geniş iştirakı ehtiva edir”.

İran İslam Respublikasının “Taliban”, hökumət və digər əfqan qrupları arasında danışıqları asanlaşdırmada vasitəçiliyə hazır olmasını bəyan etməsi Zərifin “Taliban”la danışıqlarının digər bir hissəsi olub.

 

Tehranın Vaşinqtona mesajı

Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani yanvarın 27-də “Taliban” heyəti ilə görüşdən sonra “Twitter”-də yazıb: “Taliban”ın siyasi heyəti ilə bugünkü görüşdə əmin oldum ki, bu qrupun liderləri ABŞ-a qarşı mübarizə aparmaqda qərarlıdırlar. 13 il Quantanamoda ABŞ-ın işgəncəsi ilə üzləşmiş 30 nəfər Birləşmiş Ştatlarla mübarizədən əl çəkməyib”.

İran rəsmilərinin sözləri Vaşinqtona ünvanlanan təhdidedici bir mesajı ehtiva edir, eyni zamanda, ABŞ-a BMT Təhlükəsizlik Şurasının qərarlarına qayıdacağı təqdirdə, Əfqanıstan kimi bəzi ölkələrdə Tehranla Vaşinqton arasında əməkdaşlığın mümkün ola biləcəyi siqnalı verir.

Yeri gəlmişkən, xarici siyasətlə əlaqəsi olmayan bəzi şəxslərin, o cümlədən parlamentin sosial komissiyasının üzvü Əhməd Naderinin dedikləri İrana qarşı təbliğata səbəb olub. Mühafizəkar millət vəkili Naderi bir müsahibəsində bildirib: “Bizim və “Taliban”ın ortaq düşməni var. İndiki vəziyyətdə “Taliban”la münasibətlərimiz “düşmənimin düşməni dostumdur” prinsipi üzərində qurulub”.

O, həmçinin, “Taliban”ın Səudiyyə Ərəbistanı ilə heç bir əlaqəsi olmadığını söyləyib.

 

İran diplomatlarının qətli 

2000-ci illərə qədər İran diplomatlarının Əfqanıstanda şəhid olması hekayəti də “Taliban”la münasibətlərdə mübahisəli bir mövzudur. Bu hadisə Məzari-Şərifdə 8 avqust 1998-ci ildə, şəhərin “Taliban” qüvvələri tərəfindən işğalı əsnasında baş verib. Əvvəlcə 8 diplomatın ölümü barədə məlumat yayılıb. Əlavə 2 diplomatın və 1 jurnalistin ölümü daha sonra təsdiqlənib.

İran diplomatların qətlində “taliban”çıları günahlandırıb, lakin “Taliban” o zaman qətlləri “nəzarətsiz qüvvələr”in həyata keçirdiyini iddia edib.

İndi tənqidçilər, xüsusilə, bəzi islahatçılar bunun “Taliban”la münasibətlərdə unudulmamasına israr edirlər. Digərləri, bu cinayətə görə “Taliban”la təmasların tamamilə kəsilməli olduğu rəyindədir.

Bununla bərabər, “Taliban”ı məlum cinayətə görə tamamilə məsuliyyət daşımadığını bildirən və qrupa bəraət qazandıran bəzi prinsipçilər var. Əhməd Naderi İran diplomatlarının faciəsində, böyük ehtimalla, “Taliban”ın məsuliyyət daşımadığını söyləyənlərdən biridir.

“Cəvan” qəzetinin baş redaktoru Abdullah Gənci yazıb: “Əfqan “taliban”çılarının İran diplomatlarının şəhid olmasında heç bir rolu olmayıb və İslam Respublikasının fikrincə, qətli üçüncü bir ölkənin kəşfiyyatı ilə əlaqəli qrup həyata keçirib”.

Ancaq Xarici İşlər Nazirliyinin sözçüsü fərqli bir mövqe tutub: “Bu qrupun mahiyyəti və fəaliyyətindən geniş bəhs olunur. Biz Məzari-Şərifdəki şəhidlərimizi unutmamışıq və məlum səfər Əfqanistanda hökumət və “Taliban” arasında davam edən danışıqların məzmununa uyğun aparılıb”.

 

Prinspçilərin dəstəyindəki məna

“Taliban”la danışıqlar aparma barədə düşünməyə dəyən məsələ prinsipçilərin ona dəstək verməsidir.

Qeyd olunduğu kimi, prinsipçilər öz rəylərində diplomatlarının şəhid olmasına görə “Taliban”ı məsuliyyətə cəlb etməməyə qədər uzağa gediblər.

Bundan başqa, prinsipçi Naderi “Taliban”ı açıq şəkildə “bölgədəki həqiqi hərəkatlardan biri”, “Cəvan” qəzetinin baş redaktoru Gənci isə “şiələrin qanını axıdılmasına cavabdeh olmayan” adlandırıb.

Bu cür dəstək, yəqin ki, aydın bir məna daşıyır və ölkənin qərarverici orqanlarının ümumi fikrini əks etdirir.

 

Doğru rəy nədir?

Əlbəttə, “Taliban” ölkəmizin diplomatlarına qarşı işlənən cinayətlərə görə heç bir sənədli sübut olmadan məsuliyyətdən azad edilə bilməz. Bu qrupun müəyyən bir keçmişi var və bu, onun bütün tarixini əsla dəyişdirmir. Buna görə də, bəzi prinsipçilərin “Taliban” hərəkatını qoruma səyləri daha çox ictimai həssaslıq və mənfi təpkilərə səbəb olub.

Ancaq eyni zamanda, “Taliban”ın Əfqanıstan ərazisinin böyük hissəsini ələ keçirməsi və nəzərat etməsi bir həqiqətdir. XİN-in sözçüsü Səid Xətibzadə də istehzayla bu məsələyə işarə edərək bildirib: ““Taliban” Əfqanıstan həqiqətinin bir parçasıdır və “Taliban”ın Qətər, Pakistan və digər yerlərdə siyasi ofisləri rəsmi olaraq fəaliyyət göstərir. O, Əfqanıstan hökuməti ilə birbaşa danışıqlar aparır”.

“Taliban” istənilən digər səbəbə görə Əfqanıstanda həlledici bir rola malikdir və Əfqanıstanın təhlükəsizliyinin İrana əhəmiyyətli təsirini nəzərə alsaq, (Əfqanıstanın mərkəzi hökuməti ilə əlaqələndirmə ilə) qrupla danışıqlar prinsipsizlik hesab edilə bilməz. Əksinə, İranın milli mənafeyi, bəzi vacib maraqları baxımından, bu, gələcək təhdidlərin qarşısını ala bilər.

Dəfələrlə deyildiyi kimi, beynəlxalq münasibətlərdə, ilk növbədə, dostluq və düşmənçilik münasibətləri deyil, maraqlar öndə olur.

“Taliban”la danışıqlar İranın xarici əlaqələrində praqmatizm nümunəsidir, ABŞ və Qərblə münasibətlər kimi, digər sahələrdə də davam etdirilməli olan müsbət hal kimi qarşılanmalıdır.

Ümumiyyətlə, son onilliklərdə xarici əlaqələr İranda firqə oyunlarının mövzusuna çevrilib, buna görə də, bəzi islahatçılar heç bir məntiqi dəlil olmadan Rusiya və Çin kimi dövlətlərlə münasibətləri gücləndirilməsini istəmirlər. Digər tərəfdən, prinsipçilərin əksəriyyəti, islahatçılara bənzər bir davranışla, ABŞ və bəzi Avropa ölkələri ilə əlaqə qurulmasını istəmir, nüvə sazişini də eyni səbəbə görə ölkə üçün zərərli hesab edirlər.

Soyuq müharibə və Sovet İttifaqı ilə ABŞ arasındakı düşmənçilik dövründə iki ölkə liderləri maraqlarını təmin etmək və ən azından, gərginliyi azaltmaq üçün dəfələrlə eyni masa arxasında oturublar.

İranın xarici siyasətindəki praqmatizmin yalnız “Taliban”la məhdudlaşmayacağına və ölkənin maraqlarını təmin etmək üçün xarici əlaqələrdəki lazımsız tabuların qaldırılacağına ümid var.

Tərcümə: Strateq.az