XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 14:54

DİN təmsilçilərinə hücum:"NEZAVİSİMAYA QAZETA" BU QİYAMDA "İRAN BARMAĞI"NI GÖRÜR

Andrey Serenko

“Nezavisimaya qazeta”, 08.02.2021

 

Həzaraların səhra komandiri Əbdülqəni Əlipur mərkəzi Meydan Vərdək əyalətində Əfqanıstan hökumət qüvvələrinə qarşı üsyan qaldırıb. Bundan əvvəl, İranın xüsusi xidmət orqanlarının yaratdığı, Suriyadakı müharibədə prezident Bəşər Əsədi dəstəkləyən şiə həzaraların “Liva Fatimiyun” briqadasının yüzlərlə döyüşçüsü Əlipurun qoşunlarına qatılıb. İranla yaxın təması ilə tanınan Əlipurun qiyamı “Taliban” nümayəndə heyətinin Tehrana səfərindən bir müddət sonra baş verib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəhbərliyi yanvar ayının sonlarında Meydan Vərdək vilayətinin şimalında yerləşən Hisai-Aval Behsud və Hisai-Daum bölgələrinə yeni polis rəisləri təyin edib. Bu ərazilər şiə həzaraların ənənəvi yaşayış yerləri və səhra komandiri Əbdülqəni Əlipurun uzun illər nəzarət etdiyi qalalardır. O hələ də yerli polis bölmələrini idarə, “Taliban” və İŞİD terrorçularına qarşı əməliyyatları təşkil edir, bununla da yerli şiə əhalini müxtəlif sünni ekstremistlərdən qoruyur.

Bölgə polisinə yeni rəislərin təyinatını rəsmi Kabil Əlipurla koordinasiya etməyib, bu da özünü Meydan Vərdəkdə həzara bölgələrinin “kralı” hesab edən səhra komandirinin kəskin narazılığına səbəb olub. Əlipur və tərəfdarları Hisai-Aval Behsud və Hisai-Daum bölgələrindəki polis rəhbərlərinin dəyişdirilməsini, həmçinin, Daxili İşlər Nazirliyinin bölgədəki bir neçə nəzarət-buraxılış məntəqəsini gücləndirmək planlarını mərkəzi hökumətin qeyri-dost bir jest kimi dəyərləndirib və bunun qarşısını almağa çalışıb.

Eyni zamanda, Əlipura rəğbət bəsləyən yerli əhalinin bir hissəsi arasında təhlükəsizlik qüvvələrinin həzara milis komandirini həbs etmək istədikləri barədə şayiələr yayılmağa başlayıb. Bir çox insan söz-söhbətə həvəslə inanıb, çünki 2018-ci ildə Əbdülqəni Əlipur Əfqanıstanın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub (o zaman yalnız ölkənin ikinci vitse-prezidenti Məhəmməd Sərvər Danişin təkidi sayəsində sərbəst buraxılıb).

Fərziyyələrin birinə görə, yanvarın 29-da Əlipurun döyüşçüləri silahsız yerli sakinlərin örtüyü altında polis maşınlarından birini ələ keçirərək Əfqanıstan təhlükəsizlik qüvvələrinin konvoyuna hücum ediblər. Buna cavab olaraq Daxili İşlər Nazirliyinin əməkdaşları təcavüzkarlara atəş açıb. Hadisə zamanı, rəsmi məlumatlara görə, 11 nəfər ölüb, daha 31 nəfər yaralanıb; yaralananların hamısı Əlipur silahlıları və mülki şəxslər olub.

Təxminən 70 Əlipur tərəfdarı polis tərəfindən həbs olunub. Rəsmi məlumata görə, yanvarın 29-da baş verən qarşıdurmalar zamanı əfqan təhlükəsizlik qüvvələri arasında itki olmayıb. Qeyri-rəsmi mənbələrə görə, Əlipur silahlıları ilə atışmada 4 polis öldürülüb.

Başqa bir fərziyyəyə görə, Əlipur silahlıları polis konvoyuna edilən hücumda birbaşa iştirak etməyiblər, lakin yerli sakinlər arasından yüzlərlə mülki şəxs DİN–in zabitlərinə silahsız hücuma təhrik olunub. “NG” mənbələrindən birinin verdiyi məlumata görə, “çoxlu sayda vətəndaş DİN-in Meydan Vərdək vilayəti üzrə rəhbərinin müayiət etdiyi polis konvoyunu mühasirəyə alıb və ərazini tərk etmə tələbi irəli sürüb. ”Vətəndaşların sərkərdəsi Əlipurun həbsinə hazırlıq olaraq gördükləri hərbi-polis varlığının gücləndirilməsindən narahat olduqlarını söyləyib. Bölgənin polisi rəisi kütlənin tələblərinə tabe olmaqdan imtina edib və vəziyyət böhranlı həddə çatdıqda, atəş açma əmri verib”.

Beləliklə, toqquşma zamanı öldürülən və yaralanan 40-dan çox mülki şəxs Əlipur tərəfdarları tərəfindən planlaşdırılan təxribatın qurbanı olub.

Faciəli hadisədən istifadə edən Əbdülqəni Əlipur silahlılarına Mərkəzi-Behsud bölgəsindəki inzibati və polis binalarını ələ keçirməyi əmr edib. Nəticədə, fevralın 3-ə qədər Meydan Vərdək vilayətinin iki şimal bölgəsi Hisai-Aval Behsud və Mərkəzi-Behsud həzara milisinin səhra komandirinin nəzarətinə keçib. Bu sahələr həm paytaxt bölgəsinin təhlükəsizliyini təmin etmə, həm də Əfqanıstanın mərkəzi bölgəsi olan şiə həzaraların yerləşdiyi Həzəracat bölgəsindəki əsas magistral yollara nəzarət baxımından strateji əhəmiyyətə malikdir. Bölgə Meydan Vərdəkdən əlavə, Qəzni, Bamyan, Daykundi və Qor vilayətlərini, habelə İranla rabitənin həyata keçirildiyi Heratın həzara ərazilərini də əhatə edir.

Meydan Vərdəkdakı gərginliyin artmasına dərhal Kabildən təpki gəlib. Yanvarın 30-da Milli Təhlükəsizlik Təşkilatı (NSA) rəhbəri general-leytenant İbadullah İbadın başçılıq etdiyi hökumət komissiyası hadisəni araşdırmaq üçün əyalətə yollanıb. Komissiya üzvləri faciənin baş verdiyi yerlərə baxış keçirib, Hisai-Aval Behsud və Mərkəzi-Behsud bölgələrinin sakinləri və qurbanların ailələri ilə görüşüblər.

General İbad komissiyasının işinin nəticələrinə əsasən, ölkə prezidenti Məhəmməd Əşrəf Qəni və Əfqanıstan Daxili İşlər Nazirliyinin rəhbərliyi üçün xüsusi bir hesabat hazırlayıb.

İstintaqın nəticəsini aldıqdan dərhal sonra əyalət polisinin rəisi izahat üçün Daxili İşlər Nazirliyinə çağrılıb. Eyni zamanda, DİN-in nümayəndələri 29 yanvar hadisəsi zamanı mülki şəxslərin ölümündə günahkar olanları cəzalanacağına söz veriblər.

“NG”-nin mənbələri “bu gün Meydan Vərdək vilayətində polis rəisinin dəyişdiriləcəyi ehtimalının böyük” olduğuna inanır.

Meydan Vərdəkdəki mülki vətəndaşların ölümü ilə bağlı faciəli hadisənin səhra komandiri Əbdülqəni Əlipurun üsyanına səbəb olan təxribatın bir hissəsi olduğu açıqdır. “NG”-nin mənbələrinə görə, “bu əhvalatda “İran barmağı” var. Əlipur uzun müddətdir ki, İranın xüsusi xidmət orqanları ilə sıx əlaqədədir. Təsadüfi deyil ki, “Liva Fatimiyun” döyüşçülərinin bir hissəsi 2019-cu ildə Əfqanıstana qayıdıb. İran xüsusi xidmət orqanlarının nəzarətində olan bu döyüşçülər Əlipurun silahlı həzara milisləri vasitəsi ilə qanuniləşdirilib. Əslində, onlar bu gün açıq şəkildə Əfqanıstanın mərkəzi hissəsində, Kabilin yaxınlığında fəaliyyət göstərən və bölgənin infrastrukturunu əsas elementlərini nəzarətə götürməyə çalışan “Sepah”ın xüsusi qüvvələridir”.

Əlipurun “qış üsyanı”na “Taliban”ın gözlənilməz müsbət təpkisi diqqət çəkir, baxmayaraq ki, son vaxtlara qədər Meydan Vərdəkdakı həzara milisi “Taliban” üçün barışmaz düşmən sayılırdı. “Taliban”ın rusdilli informasiya xidməti yazıb: “Yerli komandir Əlipurun Meydan Vərdək vilayətinin Behsud bölgəsindəki milisləri xüsusi qüvvələri və polisi geri çəkilməyə məcbur edib, bölgə mərkəzi ələ keçirilib. Komandir Əlipur Əşrəf Qəninin ikinci vitse-prezidentinin yaxın silahdaşıdır və yüzlərlə döyüşçüsü var. Əlipur və tərəfdarları Əşrəf Qənini Əfqanıstandakı sülh prosesinə qoşulmağa, İslam Əmirliyinin (yəni “Taliban”ın – NG) tərəfinə keçməyə və birlikdə müstəqil Əfqanıstan qurmağa çağırır”.

Maraqlıdır ki, digər məlumat mənbələri həzara sərkərdəsinin Əfqanıstan hakimiyyət orqanlarına “Taliban”a dair çağırışları barədə məlumat verməyib.

“Taliban” təbliğatçılarının Əbdülqəni Əlipura qarşı birdən-birə rəğbət göstərməsi, qiyamın özünün “Taliban”ın Tehrana səfəri bitdikdən dərhal sonra baş verdiyini xatırladığımızda, daha da maraqlı görünür. Bəlkə də bu, yalnız yanvarın 29-da Meydan Vərdəkdakı təxribatı və komandir Əlipurun “Liva Fatimiyun”la birlikdə silahlı qiyamını deyil, ümumi “İran izi”ni izah edir.

Əslində, bu, Əfqanıstanın mərkəzində İranın yeni döyüş qabiliyyətlərinin nümayişi ilə yanaşı, həm də su mənbələri ilə bağlı Kabillə Tehran arasındakı rəqabətlə əlaqəli ola bilər. Bu mövzu yalnız İran üçün deyil, Pakistan üçün də son dərəcə ağrılıdır, bu dövlətlərin xüsusi xidmət orqanları “Taliban” və digər cihadçı qrupları Əfqanıstan çaylarında bəndlərin və su elektrik stansiyalarının inşası layihələrini pozmaq üçün istifadə etməyə çalışırlar.

Beləliklə, Meydan Vərdəkdakı “həzara üsyanı” ilə bağlı hadisə, Əfqanıstanın Nimroz əyalətində bu yaxınlarda inşa edilmiş Kamalxan su anbarında sınaq suyu toplanmasına başlandıqdan qısa müddət sonra baş verib. İran tərəfi bu layihəni özünə sərfəli saymayaraq davamlı və qəti şəkildə ona qarşı çıxıb.

Əvvəllər “NG”-nin səlahiyyətli mənbələri, “Taliban”ın iddia edildiyi kimi, Kamalxan su anbarı layihəsinin həyata keçirilməsinin qarşısını almaq üçün İran tərəfi qarşısında öhdəlik götürdüyünü bildirmişdilər, lakin “tələbələr” onu yerinə yetirə bilməyiblər: əfqan təhlükəsizlik qüvvələri “Taliban” silahlılarının cəhdlərinin qarşısını alıb. İndi Əlipurun “qış üsyanı” ilə Tehranın Əfqanıstan hökumətinə İran maraqlarını daha diqqətlə nəzərə almağın lazım olduğu barədə yeni bir siqnal göndərməsi tamamilə mümkündür. Üstəlik, bəzi göstəricilərə görə, birləşmiş “Taliban”-həzara koalisiyasının qüvvələri onları qorumağa başlamağa hazırdır.

Əlbəttə, Meydan Vərdəkdakı təxribatlar Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni və komandası üçün ciddi bir çağırışdır. Əfqanıstan təhlükəsizlik qüvvələrinin milislərin növbəti bahar hücumu zamanı “Taliban”la mübarizədə gələcək uğuru rəsmi Kabilin mövcud kəskin vəziyyətdən çıxışı sayılır. Bu hücum artıq yaxınlaşmaqdadır.

Tərcümə: Strateq.az