İqor Subbotin
“Nezavisimaya qazeta”, 10.02,2021
Türk səlahiyyətlilər Rusiyanın “S-400” zenit-raket komplekslərinin (ZRS) istifadəsi ilə bağlı ABŞ administrasiyasına güzəştə getməyə hazırdırlar. Bu açıqlamanı “Bloomberg” agentliyinə türk mənbələri verib, ancaq güzəşt müqabilində Ankara Suriyanın şimal-şərqindəki kürd silahlı qruplarına dəstəyin dayandırılmasını tələb edib. Mahiyyət sövdələşmənin icrası ilə bağlıdır. Türkiyənin müdafiə naziri Hulusi Akarın açıqlamaları ölkəsinin Rusiya ZRS-lərindən istifadədə “yunan variantı”ndan razı qalacağını açıq şəkildə göstərir.
“Bloomberg”-in Türkiyə rəhbərliyindəki mənbələri, hökumətin “S-400”-ün məhdud istifadəsinə hazır olduğunu bildirib. Ankaranın həm NATO müttəfiqi ilə davamlı hərbi-texniki iş birliyinə, həm də öz iqtisadiyyatının sabitliyinə ehtiyac var.
Bununla birlikdə, Türkiyə tərəfi prezident Cozef Bayden rəhbərliyinin “Suriya Demokratik Qüvvələri” (SDQ) ittifaqının əsas elementi olan YPG-yə dəstəyini dayandırmasını istəyib. Ağ Ev rəhbəri sələfinin Suriya strategiyasını yenidən qiymətləndirə və kürd birləşmələrinə yardımı artıra biləcəyini bir neçə dəfə iddia edib.
Bu cür barışıq addımları Türkiyə ilə hərbi-texniki əməkdaşlıq planları olan Rusiya tərəfi ilə problemlər yaradacaq.
“Middle East Eye” nəşrinin bəzi türk mənbələrinə görə, Ankara və Moskva ikinci “S-400” partiyasının tədarükü ilə bağlı danışıqları artıq başa çatdırıb və onun davamı üçün yalnız Türkiyə rəhbərliyinin imzası tələb olunur. “MEE” ilə söhbətində yüksək səviyyəli bir türk rəsmisi Ankaranın son dərəcə çətin bir vəziyyətdə olduğuna diqqət çəkib, çünki Rusiya Rəcəb Tayyib Ərdoğan yalnız tədarükün ikinci partiyası halında, bu qədər ehtiyac duyduğu texnologiya transferi və ortaq istehsala razı olub.
Ankara NATO müttəfiqi ilə özünəməxsus şəkildə uzlaşma görür.
“Hürriyet”-ə açıqlamasında Akar Türkiyənin amerikalılarla Rusiya istehsalı olan silahlardan istifadənin “Krit modeli” mövzusunda danışmağa açıq olduğunu qeyd edib: “Kritdəki “S-300” modelinə oxşar danışıqlara başlayacağıq”.
Yunanıstan 1990-cı illərdən bəri “S-300” də daxil olmaqla, bir neçə Rusiya istehsallı zenit-raket kompleksinə sahibdir. Medianın yazdığına görə, son 20 ildə bu hava hücumundan müdafiə sistemləri Kritin şərqində yerləşdirilib və adanın ətrafında 280 km radiusda keşik çəkir.
Eyni zamanda, müdafiə naziri vurğulayıb: “Ankara və Vaşinqton arasındakı gərginliyi amerikalıların YPG ilə təmaslara son qoymaq istəyi olmadan həll etmək mümkün deyil. ABŞ ilə münasibətlərimizdəki ən həssas məsələ Suriyada PKK-nın qolu olan kürd birliklərinə verdiyi dəstəkdir. Əlbəttə, ABŞ-la “S-400” haqqında söhbətimiz çərçivəsində bir həll tapa bilərik, ancaq kürd bölmələri ilə bağlı həqiqətləri nəzərə alacaqlarını gözləyirik. Çözüm tapa bilmiriksə, münasibətlərdə irəliləyə bilmərik”.
Bu ay ABŞ-ın Türkiyədəki səfiri David Satterfild ölkəsinin “S-400”-lə bağlı problemi həll etmək üçün işçi qrupu yaratmaq barədə düşünməyəcəyini bildirib: “Vurğulamaq istərdim ki, işçi qrupu yoxdur və olmayacaq. Bu, Amerika qanunlarına (“Sanksiyalarla Amerika Düşmənlərinə Qarşı Mübarizə haqqında” qanunu – CAATSA) uyğunluq məsələsidir. “S-400” probleminin həll ediləcəyinə ümid edirik, amma bu mümkün deyilsə, işimizi tətbiq etdiyimiz sanksiyalardan birbaşa təsirlənməyən bütün sahələrə yönəltməyə davam edəcəyik”.
Diplomat Vaşinqtonun Ankaraya qarşı sanksiyaların tətbiq edilməsinə “peşmanlıqla” getdiyini vurğulayıb.
“Krit modeli” ilə bağlı açıqlama NATO-ya üzv olmayan Kiprin “S-300” raket sistemini əldə etdiyi və Türkiyənin müharibə ilə təhdid etdiyi 1998-1999-ci illər böhranına işarədir, – deyə politoloq, “Geopolitical Cyprus” analitik layihəsinin həmtəsisçisi İoannis İoannu xatırladıb: “Danışıqlardan sonra silahlar Yunanıstana verilib. Türkiyənin “Krit modeli” və “S-400”, ABŞ və Türkiyə arasındakı problemli münasibətlərdə sistemlərin əhəmiyyətini nəzərə alaraq, realist bir ssenaridir. Bunun necə işləyəcəyi və bu böhrandakı bütün iştirakçılar üçün məqbul bir köçürmə yeri tapmağın mümkün olub-olmadığı sual olaraq qalır. Ankara bu açıqlama ilə ABŞ-a bir siqnal göndərib”.
Ekspert hesab edir ki, Türkiyə “S-400”-ün başqa bir dövlətə verilməsini istisna etmir. Onun sözlərinə görə, Azərbaycan “S-400”-ün ev sahibi ola bilər.
“Türkiyə artıq “S-400”-lərə sahib ola bilməyəcəyinə qərar verərsə və bunları öz ərazilərindən çıxarmaq lazım gəlsə, bu baş verəcək”, – deyən İoannou bunun ABŞ-la koordinasiyada qərar veriləcəyini söyləyib.
Mütəxəssis eyni zamanda, “Qətər və Kiprin türk hissəsi də bundan xaricdir”, – deyib.
Tərcümə: Strateq.az