XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2021 - 14:20

QARA DAĞINDA PKK-ya ÇƏKİLƏN DAĞ:Türkiyə onunla vəkalət savaşı aparan güclərə açıq meydan oxuyur

Çətinər Çətin

“Habertürk”, Türkiyə, 16 fevral 2021-ci il

 

Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalında PKK-nın Qara dağındakı düşərgələrinə yönəlik “Pəncə-Qaplan-2” əməliyyatı keçirdi. Bu əməliyyat zamanı 13 vətəndaşımız terror təşkilatı tərəfindən xaincəsinə öldürüldü. Əlbəttə, bu, terror təşkilatının ilk xainliyi deyildi.

41 döyüş təyyarəsilə birlikdə, kəşfiyyat və yanacaq-təchizat təyyarələrinin, PUA və T-129 ATAK hücum vertolyotlarının, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı (XTQK) və Jandarma Xüsusi Hərəkat (JXH) birliklərinin də qatıldığı əməliyyat o coğrafiyadakı təbii, fiziki və mövsüm şərtləri də nəzərə alınarsa, regional güc balansı ilə bağlı önəmli mesajlar daşıyırdı.

Hərbçilərimizin hərb meydanındakı əsas gündəliyi “xilas” əməliyyatı idi. Bu səbəblə, bölgə 14 oktyabrdan etibarən MİT və Hərbi Kəşfiyyatın müvafiq qurumları tərəfindən yaxından təqib edilirdi.

1996-cı ildən etibarən İraqın şimalında, yəni sərhəddin o biri tərəfində TSQ-nin hərbi bazaları vardır. Son 3 il ərzində Hakkari, Şəmdinli, Yüksəkova və Çukurcanın qarşısında olan bölgələrdə, 28 km içəridə yeni hərbi bazalar quruldu.

Qara xətti isə bu bölgələrin xaricində qalır.

Başqa sözlə, Hakkari bölgəsindən sızmalar və terror təşkilatının hərəkət imkanı məhdudlaşdırılmış, Şırnak vilayətinin qarşısında qalan bölgələrdə isə təhlükəsizliyin təmin edilməsi üçün TSQ əməliyyat hazırlıqlarına başlamışdı.

Türkiyə və İraqda PKK tərəfindən qaçırılan, içində mülki şəxs, polis, hərbçi və xüsusi xidmət mənsubları olan 13 vətəndaşımızın Qara bölgəsində bir mağarada girov saxlandığı və bölgənin bütün koordinatları təsbit edilmişdi.

Dekabr və yanvar aylarında PKK-nın yüksək səviyyəli 2 adamının yaxalanıb sorğu-sual edilməsilə birlikdə, girovların saxlandığı mağaranın bütün şəraiti və şərtləri, sxemi və bölgənin bütün logistika şərtləri müəyyən edildi.

Qara bölgəsində 1870 m2 –lik sahədə təhlükəsizlik qüvvələrinin hərəkət sahəsi və girovların olduğu Verka boğazının bütün topoqrafik mövqeləri də müəyyən edildi. Bəlli oldu ki, Verka boğazı Türkiyənin mümkün əməliyyatlarına qarşı qoymağa imkan verən şəkildə hazırlanmışdır və birbaşa şimaldan ola biləcək hücuma terrorçuların gizlənərək qarşı qoymasına imkan verir.

TSQ və MİT, 14 oktyabrdan etibarən böyük gizlilik içində, yalnız məhdud sayda şəxsi heyətin məlumatı daxilində olmaqla, PUA-larla izlənilən Qara bölgəsi və Verka boğazında əməliyyat keçirilməsinə 2 fevralda qərar verdi.

Ancaq əməliyyatın keçirilməsi terror təşkilatının gözlədiyinin əksinə olaraq şimaldan deyil, arxa cəbhədən, yəni Verka boğazı və Qara bölgəsinin cənubundan planlaşdırıldı və bu şəkildə icra edildi. Müdaxilənin heç gözlənilməyən bir yöndən edilməsi və vertolyotların bölgəyə dik, sərt yerdə dünyanın ən riskli uçuşu kimi dəyərləndirilən “Vyetnam uçuşu” edərək gəlməsi nəticəsində PKK-çı terrorçular əllərində olan 13 girovu xaincəsinə şəhid etdi.

Əməliyyat vaxtı ələ keçirilən 2 terrorçunun dindirilmə zamanı 13 girovun mağaraya görə məsul olan terrorçunun təlimatı ilə hərbi əməliyyatın əvvəlində öldürüldüyünü ifadə etdikləri bildirildi.

Əvvəllər PKK üçün, – sərt dağlıq sahədə rahat gizlənə bildiklərinə görə, – İran və İraq üzərindən hərəkət etməklə Türkiyədə terror hücumları həyata keçirmək asan idi. Ancaq bu gün peyk və PUA-lar PKK mövqelərini dağlıq sahədə də təsbit edə və lazımi önləyici tədbirləri görə bilir.

Qış aylarında belə çətin şərtlər altında Şimali İraqın dağlıq bölgəsində bu yöndə bir hərbi müdaxilə həyata keçirmək hər ordunun bacara biləcəyi iş deyildir…

Qara əməliyyatının başlaması ilə birlikdə, əməliyyatın davam edərək Sincar bölgəsinə yönələ biləcəyinə dair şərhlərin verilməsindən sonra İran tərəfindən dəstəklənən və koordinasiya edilən hərbiləşdirilmiş şiə milis gücləri Sincara 3 min silahlı terrorçu göndərdi. Türk ordusunun başlatdığı hərbi əməliyyatdan qayğı duyan Haşdi Şabi qrupları içində yer alan İraq İslam Dirəniş Hərəkatı əl-Nuceba Türkiyəyə təhdidlər sovurdu.

ABŞ-ın Ankaradakı səfirliyi 12 fevraldaTwitter vasitəsilə 3 hərbçinin şəhid olması səbəbilə başsağlığı mesajı yaydı. Mesajda ABŞ-ın “müttəfiqinin” yanında olduğuna yer verildi və şəhid hərbçilərin ailələrinə başsağlığı verildi.

ABŞ səfirliyinin bu mesajını sadəcə arsızlıq və ikiüzlülük kimi qiymətləndirib üstündən keçmək mümkün deyil, çünki hazırda PKK/YPG-ni, istifadə etdikləri silahlar daxil olmaqla, hər cür təchizatla dəstəkləyən birbaşa ABŞ-ın özüdür.

ABŞ, İsrail və başqa “Qərb müttəfiqləri” PKK/YPG, İŞİD, FETO və digər ekstremist terror təşkilatlarını asimmetrik savaş üsulu ilə Türkiyəyə öz siyasətlərini qəbul etdirmək üçün istifadə edirlər.

Bu səbəblə, Prezident Ərdoğan dünən yüksək tonla ABŞ-a səslənərək, tərəfini seçməsi üçün açıq çağırış etdi.

Artıq əvvəllər olduğu kimi, söhbət dövlətlərarası savaşlardan deyil, vəkalət savaşlarından gedir. Terror təşkilatları vasitəsilə Türkiyəyə qarşı aparılan da məhz belə bir vəkalət savaşıdır.

İndi sual budur: “Nağara kimin qucağında, çubuqları kimin əlindədir?”

Ürəyimiz çox yandı. İndi o odun sizi necə yandıracağını düşünün.

Tərcümə Strateq.az-ındır