Güntay Şimşək
“Habertürk”, Türkiyə, 22 fevral 2021-ci il
Azərbaycanın təbii qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin (CQD) artıq öz təsirini göstərməyə başladığını söyləyə bilərik. Hal-hazırda avropalı istehlakçılar təqribən 1,5 aydır ki, Azərbaycan qazından istifadə edirlər. Digər qaz qaynaqlarına görə bazara təklif edilən miqdarın az olmasına rəğmən, çeşidlilik və enerji təklifi təhlükəsizliyi baxımından Xəzərin təbii qazı Avropada ciddi bir qarşılıq görmüş durumdadır.
Məsələn, rus “Qazprom” şirkətinin Almaniyadan sonra 2-ci ixracat bazarı olan İtaliya, Azərbaycanın SOCAR şirkətilə birlikdə 2021-ci ildə əlavə olaraq yeni, etibarlı bir tədarükçüyə də qovuşmuş oldu. Beləliklə, İtaliya və Avropa bazarına təbii qazın tədarük edilməsində təhlükəsizlik təmin edilərkən, rəqəmlərdə və gələcəyə yönəlik planlaşdırmalarda hərəkətlənmənin olacağı da rahatlıqla təxmin edilə bilər.
Xəzərdə kəşf edilən təbii qaz ehtiyatları və 2020-ci ildəki istehsal səviyyəsi diqqətə alınarsa, Azərbaycan qaz ehtiyatlarının bu şərtlərdə Avropaya 120 il ərzində yetəcəyi bildirilir. TANAP-la Türkiyə üzərindən Avropaya gedən, TAP-la da son istehlakçıya çatan CQD-yə təqribən 33 milyard dollar investisiya qoyuldu. Hazırda görünən odur ki, başlanğıcda bəzilərinin tənqid etdiyi bu layihə çox yaxşı bir baxış əsasında qərarlaşdırılmış və Avropanın enerji təhlükəsizliyi üçün inancla inşa edilmişdir.
Azərbaycanı Avropanın önəmli qaz tədarükçüsü olan ölkələrdən biri halına gətirən CQD, eyni zamanda Türkiyə və Avropa üçün təklif və marşrut çeşidliliyi anlamına gəlir. Beləliklə, CQD, Avropanın enerji təklifi təhlükəsizliyinə və rəqabətin olduğu qaz bazarının formalaşmasına da töhfə verəcək.
SOCAR-ın investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun son hadisələrlə bağlı apardığı dəyərləndirmələr də diqqəti cəlb edir. Nəsirov, hazırda Avropaya TAP vasitəsilə ildə yalnız 10 milyard m3 qaz verildiyinin altını cızaraq vurğulayır ki, “Avropanın ehtiyacı ilə müqayisə edildikdə olduqca az olan bu miqdar həcm etibarilə oyun qaydalarını dəyişdirmir, ancaq tədarükçü çeşidliliyi baxımından oyun qaydalarını dəyişdirir”.
Əslində, lap əvvəldən bu layihəyə qarşı çıxanlar, lobbiçilik edənlər məhz oyun qaydalarını dəyişdirəcəyini bildikləri üçün fəaliyyətə keçmişdilər. Ancaq əngəl ola bilmədilər.
Azərbaycanın hazırda AB-yə etdiyi qaz tədarükü bu gün kiçik addım kimi görünsə də, gələcək illərdə təxmin edildiyindən böyük olacaqdır. Məsələn, yanvar ayında TAP vasitəsilə İtaliyaya verilən qaz bu ölkənin ümumi qaz tədarükünün cəmi 3,4%-ini təşkil edib. Ancaq hazırda əsas məsələ pay məsələsi deyil. Azərbaycan qazının TAP vasitəsilə mənzilinə çatması, CQD-nin təhlükəsiz şəkildə işləməsi hər şeydən önəmlidir. Çünki Xəzərdə hələ çox təbii qaz var. Azərbaycan-Türkmənistan anlaşması əsasında Xəzərdə kəşf edilmiş sahələrin istismar edilməsi, başqa bölgə ölkələrinin qazının da bu xətt vasitəsilə Avropaya göndərilməsi də gündəliyə gələcəkdir. Bir az da səbr edək, gözəl hadisələr olacaq.
Tərcümə Strateq.az-ındır