XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2021 - 11:12

“Sepah”ın ikinci nəsli iqtidarda:GENERAL SƏİD MƏHƏMMƏD İRAN PREZİDENTLİYİNƏ NAMİZƏD OLACAQMI?

Sina Azodi

“Atlantic Council”, 01.03.2021

 

İran iyun ayında keçiriləcək 13-cü prezident seçkisinə yaxınlaşarkən, kimin namizəd olacağı ilə bağlı geniş müzakirələr gedir. Bununla bərabər, Həsən Ruhani administrasiyasının ABŞ-ın iqtisadi sanksiyalarından qurtulmaya dair vədinin iflasa uğraması təhlükəsizlik aparatına yaxın sərt bir namizədin İranın növbəti prezidenti olacağı ehtimalını artırıb. Seçkilərdə iştirak edəcəyi barədə şayiələr yayılanlar arasında hazırda ABŞ sanksiyası altında olan İslam İnqilabı Keşikçiləri Korpusunun “Xatəmül-Ənbiya” inşaat-mühəndislik qurumunun komandanı vəzifəsində çalışan 52 yaşlı briqada generalı Səid Məhəmməd də var.

1968-ci ildə Tehranda anadan olan Məhəmməd 19 yaşında 8 illik İran-İraq müharibəsinin bitməsindən təxminən 1 il əvvəl İİKK-yə qatılıb. Səid Məhəmmədi “Sepah” kadrlarından fərqləndirən cəhət hərbi təcrübəsinin yoxluğudur. Bu, böyük rəhbər vəzifəsi və akademik uğurları ilə kompensasiya edilib.

İndiki Məclis sədri Məhəmməd Baqir Qalibaf, keçmiş neft naziri Hüseyn Rüstəmi və (Məhəmmədin 2018-ci ildə əvəzlədiyi) İİKK generalı İbadullah Abdullahi daxil olmaqla, sələflərinin hamısının İran-İraq müharibəsi dövründə keçmiş komandirlər olduğu diqqət çəkir. Bəlkə də, buna görə digər İİKK rəsmilərindən fərqli olaraq, Səid Məhəmməd tez-tez kostyumda görünür və “Sepah”la əlaqəli veb-saytlar ona “sərdar” və ya “general” əvəzinə, “doktor” titulu ilə müraciət etməyi üstün tutur.

Məhəmməd 2009-cu ildə Tərbiyət Müdərris Universitetində inşaat mühəndisliyi üzrə doktor elmi dərəcəsi alıb. 2007-2014-cü illərdə o, İİKK-nin nəzarəti altında olan, İranda bənd inşaatı layihələri ilə tanınan SEPASAD qrupunun baş direktoru vəzifəsində çalışıb. Səid Məhəmməd, eyni zamanda, ölkənin müxtəlif yerlərində çoxsaylı lüks ticarət mərkəzləri, yaşayış binaları və otellərin inşasında iştirak edən İranın “Atlas” İnşaat Şirkətləri Qrupunun icraçı direktoru olub.

“Xatəmül-Ənbiya” isə daha çox İran iqtisadiyyatının, xüsusən də, enerji sektorunun müxtəlif sahələrində geniş bir nüfuza sahib olması ilə məşhurdur. Məsələn, qurum İran benzin istehsalının 40%-lik payına sahib “Pers Gulf Star” (PGS) neftayırma zavodunu layihələndirib.

Səid Məhəmməd, şübhəsiz, İİKK aparatında yüksələn bir ulduzdur. Bu baxımdan, 2019-cu il iyul ayında dərc edilən “Wall Street Journal”-ın hesabatında ona ABŞ-ın pilotsuz təyyarəsinin hücumu ilə 2020-ci ilin yanvarında öldürülən İİKK-nin “Qüds” qüvvələrinin komandiri mərhum general Qasim Süleymaninin “ticari analoqu” adı verilib. Ancaq “Aftab-e Yəzd” qəzetinin yazdığına görə, Məhəmməd nadir hallarda siyasi mövzularda fikirlərini dilə gətirib və “işini qərargahında davam etdirməyi üstün tutub”.

Son vaxtlar o, daha çox media çıxışları edib və açıq şəkildə ictimai nüfuzunu artırmaq üçün Azərbaycan və Şimali Xorasan da daxil olmaqla, müxtəlif vilayətlərə səyahət edib. Əvvəlki namizədlərin daxili səyahətlərini artırma ənənəsini nəzərə alsaq, bu, onun da siyasi karyerasını davam etdirdiyini göstərə bilər.

Doktor Məhəmmədin iyun ayında keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi hələ müəyyənləşməyib. Ancaq İran mediasında onun yarışa girmə ehtimalı ilə bağlı geniş möhtəkirliklər var. Məsələn, mühafizəkar köşə yazarı və şərhçi Abbas Səlimi-Nəmin deyib: “[Səid Məhəmmədin] prezident seçkilərində iştirak edəcəyinə əmin deyiləm, çünki bəziləri onun Tehran bələdiyyəsi sədrliyinə hazırlaşdığına inanır, axı Şəhər Şurası seçkiləri də keçiruilməlidir”.

Səid Məhəmmədin seçkilərdə iştirak edəcəyi təqdirdə, lehinə işləyə biləcək bəzi üstünlükləri var. Birincisi, Ali Rəhbər Ayətullah Əli Xamnəi hesab edir ki, İranın mövcud problemlərinin həlli hazırda “gənc və “hizbullah”çı bir hökumət”in öhdəsinə düşür.

Beləliklə, Məhəmməd kimi gənc və ideoloji cəhətdən sadiq bir texnokrat bu vəzifəni yerinə yetirmək üçün ideal bir namizəd olar. Buna görə də, digər mühafizəkar namizədlərlə müqayisədə, nisbətən cavanlığı onun lehinə işləyə bilər.

Bundan əlavə, icraçı və akademik təcrübəsi onu qarşıdakı seçkilərdə güclü bir namizəd halına gətirir. İranlı seçicilər, ümumiyyətlə, hərbi mənşəli namizədlərə üstünlük vermədikləri üçün Məhəmmədin İİKK-dəki aşağı nüfuzu onun lehinə işləyə bilər. Necə olursa-olsun, İran qanunlarında onun seçkilərə qatılmazdan əvvəl hərbi karyerasından istefa etməli olduğu xatırladılmalıdır.

Digər tərəfdən, bir neçə amil Məhəmmədin seçkilərə qatılma şansına təsir edə bilər. Mühafizəkar siyasətçi və keçmiş millət vəkili Həmidrza Tərəqqi son zamanlarda Səid Məhəmmədin “böyük icraçı qabiliyyətinə sahib, bacarıqlı, çalışqan və təcrübəli bir şəxsiyyət” olduğunu iddia edib. Bununla birlikdə, Nəzarətçilər Şurasının onu İran prezidenti seçkilərində iştirak etmək üçün Konstitusiya ilə təsdiq edilmiş “rəcül-e siyasi” və ya “siyasi adam” olaraq qəbul edəcəyinə şübhə ilə yanaşıb.

Bununla əlaqədar olaraq, bəzi İran nəşrləri prezidentliyə 4-cü cəhdi düşünən spiker Qalibafa yaxın qüvvələrin, göstərilən tələbə əsasən, Səid Məhəmmədin diskvalifikasiya edilməsinə çalışmaq istədiklərini bildirib. Qalibafa bağlı jurnalist Mehdi Həsənzadə 2020-ci ilin avqust ayında “Twitter”-də yazıb: “Cənab Səid Məhəmməd, hörmətli və çalışqan “Xatəmül-Ənbiya” komandiri: Prezidentlik sizin üçün hələ tezdir”.

Bir sözlə, Məhəmməddə “dövlətçilik” damarının yoxluğu yaxınlaşan seçkilərdə onun “Axilles dabanı” ola bilər.

General üçün başqa bir maneə, digər potensial sərt namizədlərlə müqayisədə, İran siyasətində az tanınması və ictimai nüfuzunun aşağı olmasıdır. Bu baxımdan, Tehran şəhər məclisinin keçmiş sədri və nüfuzlu mühafizəkar siyasətçi Mehdi Çamran bildirib ki, “cəmiyyət Məhəmmədi kifayət qədər tanımır və bu, vaxt tələb edir… ancaq gənc qüvvələr icraçı təcrübəsi ilə yarışa girsə, prinsipçilər onu dəstəkləyəcək”. Bu, həmçinin, Məhəmmədin İran mediasındakı müsahibələrinin son vaxtlar çoxalması və daxili səyahətlərindəki artımı izah edə bilər.

Həm 1979-cu il inqilabında, həm də İran-İraq müharibəsində iştirak edən İİKK-nin ilk nəsli səhnəni tərk etdikcə, İslam Respublikası ideoloji boşluqlarını doldurmaq üçün mühüm problemlərlə qarşılaşır. Səid Məhəmməd “Sepah”çıların ikinci nəslini təmsil edir, akademik uğurları və icraçı təcrübəsi hərbi karyerasını xeyli üstələyən nisbətən gənc, texnokrat bir şəxsiyyət kimi bu rol üçün ideal bir namizəddir. Daha da əhəmiyyətlisi, Məhəmməd iyun seçkilərində iştirak etməsə də, İslam Respublikasının siyasi quruluşu içərisində daha böyük bir rol oynaması ehtimalı olan nüfuzlu bir şəxs və İİKK kadr ehtiyatında yüksələn bir ulduz olaraq qalacaq.

Tərcümə: Strateq.az