XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 15:10

Qarabağdan Əliyev-Obama görüşünə açılan atəş:Ermənilərdən "Azərbaycanla birgə yaşamarıq" mesajı!

eliyev-obama-001

Son günlər dünya KİV-i diqqətini Dağlıq Qarabağda baş verən hadisələrə yönəldib. Ermənistan ordusunun təxribatları sayəsində münaqişə zonasında yenidən hərbi əməliyyatlar başlayıb. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, Ermənistan atəşkəsə əməl etmək istəmədi. Döyüşlərdə itirdiyi əraziləri geri qaytarmaq adı ilə dinc azərbaycanlı əhalini atəşə tutdu. Azərbaycan Ordusunun cavab tədbirləri ilə düşmən xeyli itki verdi və geri çəkildi. Bu prosesə dünyanın müxtəlif ölkələri fərqli yanaşdı. Lakin reallıq birdir – Azərbaycan öz torpaqlarını işğaldan azad etmək haqqına sahibdir. Bu barədə Prezident İlham Əliyevin dəqiq fikirləri var və Ali Baş Komandan qətiyyətli addımlar atır. Azərbaycan əsgəri öz qanı bahasına doğma torpaqları rəşadətlə işğalçılardan azad edir. Proses başlayıb…

 

Sadə həqiqət: bəziləri etiraf etmək istəmir

 

Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması sözün həqiqi mənasında bir sıra dairələrdə şok effekti yaratdı. Burada həm qəribəlik, həm də müəyyən məntiq vardı. Qəribəlik ondadır ki, onlar nəyə görə Azərbaycanın qətiyyətli davrandığını anlaya bilmirlər. Məntiqiliyin səbəbi isə ondadır ki, uzun illərdir Qərbdə münaqişə ilə bağlı elə yanlış təsəvvürlər formalaşdırılıb ki, Azərbaycanın öz haqqını tələb etməsini qeyri-adi hal kimi qəbul etməyə meyllidirlər.

Əslində, baş verənlərin çox sadə və real izahı var – Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün təbii haqqa sahibdir! Bunu müxtəlif bəhanələrlə əlaqələndirmək və hansısa qərəzli izahlar axtarmaq tamamilə yersizdir. Burada atəşi kimin birinci açdığının da elə bir əhəmiyyəti yoxdur, çünki Azərbaycan Ordusu öz Vətənini qorumağa və ona olan təcavüzü aradan qaldırmağa borcludur. Şübhəsiz, dünyanın hər bir dövlətinin ordusu da öz ölkəsini qorumaq haqqına sahibdir. Bu səbəbdən Azərbaycana bununla bağlı verilən bütün suallar əsassızdır və konkret məqsədlər güdür. Eyni zamanda, Dağlıq Qarabağda cərəyan edən hadisələrin geosiyasi təhlili də olduqca vacibdir.

Etiraf edilməlidir ki, bu gün baş verənlərin əsası Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsi ilə qoyulub. Həmişə sülh tərəfdarı olan rəsmi Bakı danışıqlar yolu ilə işğalçıların ərazilərimizdən çıxmasını tələb edib. Beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsini tələb edən sənədlər qəbul ediblər. BMT bununla bağlı 4 qətnamə qəbul edib. Lakin indiyə qədər həmin sənədlərdə qoyulan tələblərə İrəvan əməl etməyib. Bu aspektdə əminliklə deyə bilərik ki, Azərbaycan hər şeydən əvvəl BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə başlayıb. Bakının atdığı addımlar beynəlxalq hüququn bütün müddəalarına tam uyğundur.

Bunlarla yanaşı, hesab edirik ki, hadisələrin məhz indi başlamasının konkret geosiyasi konteksti vardır. Məsələ ondan ibarətdir ki, erməni silahlı birləşmələri Azərbaycan mövqelərini aprelin 1-dən 2-nə keçən gecə, Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti başa çatar-çatmaz atəşə tutmağa başlayıb. Təsadüfdürmü? Bəzi faktlar bu suala mənfi cavab verməyə meylləndirir. Məsələ bundadır ki, Vaşinqtonda Azərbaycan Prezidenti ABŞ-ın rəhbərliyi ilə çox səmərəli danışıqlar aparıb.

Bu zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll edilməsi yekdilliklə vurğulanıb. Amerika Prezidenti, vitse-prezidenti və dövlət katibi bununla bağlı açıq fikirlərini bildiriblər. ABŞ-ın ATƏT-in Minsk qrupundakı təmsilçisi Ceyms Uorlik də dəfələrlə işğal altında olan 7 rayondan erməni ordusunun çıxarılmasının vacibliyini vurğulayıb.

Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti fonunda Serj Sarkisyanın faktiki olaraq heç bir şey edə bilməməsi rəsmi İrəvanın diplomatik potensialının və arqumentlərinin tükəndiyini göstərirdi. Belə şəraitdə yeganə yol kimi İrəvanın münaqişədə təxribatlara əl atması qalırdı. Burada da məqsəd Azərbaycanı günahkar kimi göstərib, ermənilərin onlarla bir yerdə yaşaya bilməyəcəyi təəssüratını yaratmaqdı. Guya, azərbaycanlılar dinc erməni əhalini qırır və bu səbəbdən ona qarşı sanksiyalar tətbiq edilməlidir.

Digər tərəfdən, İrəvan və onun havadarları hesab edirlər ki, müharibənin getdiyi bir yerdə danışıqları əvvəlki məcrada aparmaq çətin ola bilər. Belə ki, bu halda Helsinki Yekun Aktı və Madrid prinsipləri əvəzinə, "yeni şəraitə" uyğun müddəalar hazırlamaq gərəkdir. Bir sözlə, "Azərbaycanın hərbi əməliyyatları" vəziyyəti tamamilə dəyişib və diplomatiya müstəvisində hər şeyi "yenidən başlamaq" lazımdır.

 

Ali Baş Komandanın əmrləri: Azərbaycan əsgərinin qələbə əzmi

 

Reallıq isə tamamilə bu cəfəngiyatdan fərqlidir və onu, maraqlıdır ki, Ermənistanın özündə belə bir sıra ekspertlər dərk edirlər. Məsələn, İqor Muradyan yazır: "…Rusiyanın vassalı və marionetkasını (yəni Ermənistanı – Newtimes.az) niyə qorusunlar?" (bax: Игорь Мурадян. Куда ж девалась Россия? / "Lragir.am", 4 aprel 2016). Erməni ekspert bu kontekstdə baş verənlərdə Türkiyəni günahlandıranlara da maraqlı cavab verir. O vurğulayır: "Türkiyə nə dərəcədə bu müharibəyə qarışmaqda maraqlıdır…? Türklərə sabit qalmaq gərək olduğu bir vaxtda daha bir hay-küy nəyə lazımdır? Bu şayiələri yaymaqda məqsəd nədir?" (bax: Игорь Мурадян. Есть шанс остаться в дураках / "Lragir.am", 4 aprel 2016).

Bu suallara cavab olaraq İ.Muradyan Ermənistanın çox gülünc bir vəziyyətdə qalacağını bildirir. Yəni Dağlıq Qarabağda baş verənlərin səbəbini müxtəlif ölkələrin paytaxtlarında hazırlanan planlarla izah etməyə çalışmaq erməni axmaqlığının bariz nümunəsidir. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmayana qədər Azərbaycan Ordusu hərbi əməliyyatlar aparmaq hüququna malikdir. Məhz Ermənistanın dinc əhalini atəşə tutması qarşıdurmanın sülh yolu ilə həllinə imkan vermir. Bu hərəkətləri ilə Ermənistan dövləti Azərbaycan xalqına qarşı soyqırımı siyasətindən əl çəkmədiyini sübut edir.

Bütün bu həqiqətləri əsas tutaraq, dünya ictimaiyyəti və beynəlxalq qurumlar Ermənistanın təcavüzkar siyasətinə biganə qalmamalıdır. Bu siyasətə son qoymaq üçün təcili tədbirlər görülməlidir. O cümlədən BMT və ATƏT-in növbədənkənar toplantıları çağırılmalıdır. Orada qəbul edilən qətnamələrin yerinə yetirilməsi üçün təzyiq vasitələri işə salınmalıdır. Bunların əvəzinə, uydurulmuş arqumentlər əsasında uzun-uzadı və səthi analizlər aparmaq səmərəsiz fəaliyyətdir.

Burada məsələnin başqa mühüm tərəfinə də mütləq diqqət yetirmək lazımdır. Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının son toplantısında açıq bildirib: "Ermənistanda hökm sürən kriminal diktatura rejimi öz ölkəsini uçuruma aparır. Ermənistanda demoqrafik vəziyyət kritik həddə çatıbdır. İqtisadiyyat dağılıb, bütün azadlıqlar tapdalanır, diktatura hökm sürür. Kriminal rejim ilk növbədə erməni xalqının qənimidir" (bax: Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası / AZƏRTAC, 3 aprel 2016).

Deməli, əslində, Ermənistan hakimiyyəti daxili problemlərdən qaçmaq üçün müharibə kartına əl atıb. Erməni təxribatının kökündə bu məqam dayanır. Məsələnin digər tərəfi isə rəsmi İrəvanın mövcud status-kvonun dəyişməz qalmasına çalışması ilə əlaqəlidir. Dövlət başçısı İlham Əliyev bu aspektdə dəqiq vurğulayıb: "Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır… Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ermənistan rəhbərliyi bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin" (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdə Dağlıq Qarabağla bağlı bütün həqiqətlər öz əksini tapıb. Ermənilər status-kvonu saxlamaq üçün bütün alçaqlıqlara gedirlər. Onları indi daha çox narahat edən məqam isə Prezident İlham Əliyevin atdığı uğurlu addımlardır. Ölkə başçısı geniş əfv fərmanları imzaladı, QHT-lərin fəaliyyəti üçün bütün mümkün maneələr aradan qaldırıldı, liberal iqtisadi islahatlar həyata keçirilməkdə davam edir. Bundan başqa, "Cənub qaz dəhlizi"nin reallaşması üçün İlham Əliyev böyük qətiyyət göstərir və konkret addımlar atır. Görünür, bu kimi müstəqil addımlar ermənilərin havadarlarından hansınınsa xoşuna gəlmir. Ancaq son nəticədə erməniləri bəlaya salırlar.

İndi Azərbaycan Ordusu qəhrəmanlıqla torpaqlarımızı azad edir. Əsgərlərimiz qətiyyətlə irəliləyirlər. Ali Baş Komandan böyük türk sərkərdəsi şücaəti nümayiş etdirir. Tarix sübut edir ki, qələbə haqqın tərəfində olandadır. Azərbaycan öz haqqını tələb edir. Onu heç kəs bu yoldan döndərə bilməz. Prezidentin başçılığı ilə Xankəndinə bayraq sancacağımız gün uzaqda deyil!

Newtimes.az




Yuxarı Əvvələ Ana Səhifə