XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2021 - 13:58

Laçın: rus sülhməramlılarının nəzarəti altında həyat –BBC-nin REPORTAJI

Olqa İvşina, Olqa Prosvirova, İlya Barabanov, Marina Katayeva

“BBC”, 02.03.2021

 

Azərbaycan təxminən 30 ildir Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən kiçik bir şəhər olan Laçının geri qaytarılmasını gözləyir. O, bölgədə Dağlıq Qarabağın paytaxtı Stepanakerti (azərbaycanlılar şəhəri “Xankəndi” adlandırır) Ermənistanla əlaqələndirən ən vacib yolun üstündədir. Yaxın bir neçə ildə bu gərginlik düyününüRusiya hərbçiləri idarə edəcək. Laçında onlar öz qaydalarını qurublar.

Kiçik Horadiz qəsəbəsindəki hərbi nəzarət məntəqəsi Azərbaycanın geri qaytardığı ərazilərə gedən yolun başladığı qapıdır. 6 ay əvvəl şərqdən qərbə bu səfər mümkün deyildi. Araz çayının sol sahili boyunca yol dolanbacdır. Sağ sahildə İranın yaşayış məskənləri sezilir.

İlin bu vaxtında, yaz ərəfəsində yalnız hərbi maşınlar oradan asanlıqla keçə bilər. Gün çıxır, amma hava tutqundur, çən düşür. Səyahətin ilk saatında pəncərədən müharibənin mənzərəsi görünür. Hərbi texnika, tırtıllar və sonsuz xarabalıqlar – ərafında kilometrlər boyu bir dənə də olsun bina yoxdur.

Birinci Qarabağ müharibəsi zamanı bu kəndlərdə yaşayan azərbaycanlılar evlərini tərk ediblər. Dağılmış divarlar, qırılmış pəncərələr, sökülmüş hasarlar və paslanmış qapılar o vaxtdan bəri insanların buraya qayıtmadığını söyləyir.

Laçın yolunun yalnız yarısında, Qoturbulaq kəndi yaxınlığında salamat damı olan ilk bina gözə dəyir. 4 ay əvvəl üzərində “Ağadzor” – kəndin erməni adı yazılmış bir lövhə. İndi işarə yol kənarına atılıb, palçıqlı haldadır və Azərbaycan əsgərləri bu yaxınlaradək ermənilərin yaşadığı binalarda məskunlaşırlar.

Vətəndaşların bu ərazilərə girişinə hələ icazə verilmir – minaya görə ərazi yoxlanılmalıdır.

3 saat sonra dağ yolu başqa bir yoxlama məntəqəsinə çatır. Baryerin arxasında tikanlı məftillərlə güclü istehkamlar görünür. Gizli zirehli personal daşıyıcısını da görə bilərsiniz. Əsgər yolu bağlayan bloklara qırmızı-ağ zolaqlar çəkir.

Yaxınlıqda sarı fonlu bir lövhədə qırmızı hərflərlə yazılıb: “Laçın təhlükəsizlik dəhlizi. Rusiya Federasiyasının sülhməramlı qüvvələri”. Bir neçə Rusiya bayrağı nəzarət nöqtəsinin üzərində dalğalanır.

Nəzarət məntəqəsindən keçmək üçün Azərbaycan hərbçiləri keçidi Rusiya sülhməramlıları ilə əlaqələndirməlidirlər.

Rusiya Müdafiə Nazirliyində vəziyyətlə tanış olan həmsöhbətimiz “BBC Rus Xidməti”nə deyib: “Əvvəllər Azərbaycan zabitləri sülhməramlılarımızla səyahətləri əlaqələndirməli olduqlarına görə qəzəblənirdilər. Rəsmi olaraq bu, onların ərazisidir. Ancaq sülhməramlılarımız təlim keçmiş uşaqlardır, onlara izah etdilər ki, bu, sülh müqaviləsinin şərtidir. Müqavilə bu şərtlərlə imzalanıb. Ümumiyyətlə, bu sözlərdən sonra bütün mübahisələr sona çatıb”.

 

Cəsədlə dolu yol

Rus zabitlər dərhal nəzarət nöqtəsinin şəklinin çəkilməsini qadağan və sualları cavablandırmaqdan imtina edirlər. Müqaviləli əsgərlər kameralardan və mikrofonlardan qorxurlar, ancaq pünhan söhbətdə necə yaşadıqlarını izah etməyə hazırdırlar. Onların bir çoxu 3 aydır dağlardakı nəzarət nöqtələrindədir, xarici dünya ilə kifayət qədər ünsiyyət yoxdur.

“İnternetdən istifadə etməyimiz qadağandır. Əyləncə üçün televizor var, amma burada heç bir kanal tutmur, ona görə də, burada mebel kimi bir şeydir. Bəzən disklərdə filmlərə baxırıq, – deyə adının çəkilməsini istəməyən hərbçilərdən biri deyir. – Boş vaxtlarımda kitab oxuyuram. İndi Ayn Randın “Mənbə”sini mütaliə edirəm. Amma tezliklə onu bitirəcəyəm. Çox təəssüf ki, yeni kitablar yoxdur. Burda kitablar var, amma onları bəyənmirəm. Remarkı çox sevirəm, müharibə və sevgi mövzusunda yazıb”.

Asudə vaxtlarında əsgərlər turnikdə məşğul olurlar. Yaxşı havalarda qaçırlar, ancaq dağlarda duman nadir hal deyil. Əsl təhlükə minalardır. Bəziləri 90-cı illərin əvvəllərindən bəri torpağa basdırılıb, bəziləri son 6 ayda ortaya çıxıb.

Dekabr ayında Azərbaycanın geri aldığı ərazidə, Şuşa şəhərində (ermənilər Şuşi adlandırırlar) bir rus zabiti minaya düşüb. Müdafiə Nazirliyi hərbçinin xəstəxanada öldüyünü bildirib. Bir az əvvəl başqa bir rus zabiti minaya düşüb, lakin sağ qalıb; o, cəsədlərinin axtarışı və mübadiləsi üzrə qrupun üzvü idi. Yerli sakinlər deyir ki, minalardan təmizlənmə zamanı başqa bir sülhməramlı yaralanıb, lakin onun adını bilmirlər.

Axtarış missiyasının iştirakçılarından biri bildirib: “Ölənləri tapmaq üçün Qırmızı Xaçla iş burada gördüyüm ən pis şeydir. Mina sahələrinə girdik, artıq çaqqalların parçaladığı cəsədləri gördük. Şuşa yolu cəsədlərlə dolu idi. 18-19 yaşlı gənc ermənilər. Dəhşət!”

“Biz Azərbaycan hərbçilərinə layiqincə hörmət etməliyik, – deyə o davam edir. – Mən yeni mövqeləri tutarkən, onların çox sayda ermənini dəfn etməsini öz gözlərimlə görmüşəm, meyitləri çaqqallardan xilas edirdilər. O yerdə ki, cəsədlərin üstünü azca olsa da, torpaqla örtmək mümkün olmayıb, ancaq bədən parçaları və sümük tapırıq”.

 

“Uşaq bağçası”

Laçının küçələri boşdur. Rəsmi məlumatlara görə, hazırda şəhərdə cəmi 80 yerli sakin var, qalanları hərbçidir. Sakinlər jurnalistlərlə danışmaqdan çəkinir və bir şey söyləyərlərsə, adlarını çəkilməməsini xahiş edirlər.

İndiyə qədər yalnız erməni pasportu olan şəxslər əlavə təsdiq olmadan Laçına gedə bilərlər. Digərlərinə xüsusi icazə lazımdır. Azərbaycan hərbi konvoyları həftədə 3 dəfə dəhlizdən keçir, Şuşada yerləşən bölmələr və indi Bakının nəzarətində olan digər məntəqələr üçün təchizat gətirir.

Konvoyu rus sülhməramlıları müşayiət edir, lakin dar dağ yolunda hər iki tərəf bir-birinə sataşır. Azərbaycan konvoyunun keçidi zamanı erməni nömrəli minik avtomobili qəfildən onu ötüb keçir Sərnişin oturacağında olan kişi azərbaycanlılara orta barmağını göstərərək telefonda baş verənləri lentə alır.

Konvoya başçılıq edən rus sülhməramlıları maşının dayanmasını tələb edirlər, lakin maşın hərbçilərə məhəl qoymadan irəliləyir. Ən yaxın nəzarət məntəqəsində sürəti azaldır.

Yerli sakinlər deyirlər ki, azərbaycanlılar da tez-tez burada kimin patron olduğunu nümayiş etdirməyə çalışırlar: Laçın boyunca hərəkət edərkən, dövlət bayrağını avtomobilin şüşəsindən asırlar. Bu cür gəzintilərin videoları dərhal sosial şəbəkələrdə görünür və yeni qarşıdurmalara səbəb olur.

Müharibə bitdikdən bir neçə ay sonra tədricən yeni nizama alışma başlayıb. Rus sülhməramlıları qurduqları qaydaları pozanların nazı ilə oynamırlar, buna görə də, ehtirasların şiddəti azalıb.

“Hər kəs qarşı tərəfə buranın kimin torpağı olduğunu göstərməyə çalışıb. Həm də bunu axmaq üsulla ediblər. Təbii ki, maşını sürətlə sürür və dil çıxarırlar, məsələn. Elə bil uşaq bağçasıdır”, –yerli sakin deyir.

Ermənilərlə azərbaycanlılar arasındakı qarşıdurmalar sülhməramlıların yeganə problemi deyil. Bəzən hərbiçilər barışıq müqaviləsini pozmağa çalışan yerli qoyunların taleyini həll etməlidir. Bu ərazidəki çobanlar uzun illər dövlət sərhədlərinə məhəl qoymadan qoyunları otlaqlara aparıblar, o zamanlar bölgədəki bütün ərazi erməni qüvvələri tərəfindən idarə olunurdu. İndi “Laçın dəhlizi”nin xaricində Azərbaycan hərbçilərinin nəzarət nöqtələri var.

“Əzizim, xahiş edirəm mənə kömək edin! Yenə qoyunlar dumana düşüb, 300 baş! Sülhməramlıları tez çağırın, əks halda, qoyunlar qarşı tərəfə keçəcək. Son dəfə azərbaycanlılar bizə 20 baş qoyunu qaytarmadılar!”

Ertəsi gün qoyun sürüsü yenidən sülhməramlıların postuna gedən yolu keçib. Çoban heyvanları Azərbaycan konvoyundan 1 dəqiqə əvvəl yola çıxarıb. Beynəlxalq qalmaqalın qarşısı alınıb: müşayiət maşını siren və səs siqnalı ilə qoyunları qorxudub.

 

“Balaca adamlar”

“Müqəddəs Diriliş” erməni kilsəsinin oyma taxta qapıları kilidlidir. Məbəd ötən ilin noyabr ayının sonundan bəri bağlanıb, lakin yerli sakinlər hətta bağlı qapı qarşısında dua etməyə gəlirlər – məbədin ətrafındakı çıxıntılarda yanmış lampalar və şam köpükləri var.

Yerli bir adam deyir: “Keşişdən gəlməsini xahiş etdik, heç olmasa Bazar günü xidmət etsin. Ancaq gəlmir. Ehtimal ki, qorxur”.

Sülhməramlıların maşını yol boyu şütüyür. “Sağa qısılın, konvoyun keçməsinə imkan verin”, – deyə avtomobildəki səsgücləndiricisindən əmr səslənir. Yerli südçü maşınının əyləci basılır və maşını yolun kənarına çəkilir. Bu o deməkdir ki, azərbaycanlılar gəlir.

Yerli sakinlər əvvəlcə sülhməramlıların istisnasız olaraq, bütün nəqliyyat vasitələrini yoxladıqlarını – təxribatlardan və silahlı toqquşmalardan qorxduqlarını, buna görə, ilk növbədə, silah axtardıqlarını söyləyirlər. İndi seçmə qaydada yoxlanılır, əsasən, yük maşınları və mikroavtobuslar. Talanın qarşısını almağa çalışdıqlarını deyirlər.

“Ailəmizin burada üç evi var. Mərkəzdə deyillər. Magistral yoldan içəriyə demək olar ki, 1 kilometr məsafədə. Hər gün ora gedə bilmərik. Oğlum bu yaxınlarda getdi, deyir qapı qırılıb … İkinci oğuluma aid evin də qapısı qırılıb”… Laçında dükan işlədən satıcı Aida Balikyanın özü bir həftədir evinə baş çəkmir.

Sülhməramlılar, əlbəttə, asayişi qoruyurlar, lakin Aidanın izah etdiyi kimi, talançılar patrul xidməti ilə üzləşməmək üçün nə vaxt gələcəklərini yaxşı bilirlər. Laçının digər sakinləri qarətçilərin əvvəllər cəsarətli olduğunu söyləyib: gündüz evlərin damlarını sökürmüşlər. Onlara atəş açıblar, o vaxtdan bəri aşkar oğurluq dayanıb.

“Mən bir şeyi bilirəm: bunu edənlər azərbaycanlılar deyil, onlar bizimkilərdir, – deyən Aidanın izahı var. – Bunu xoş güzərandan etmirlər. Satmaq və yaşamaq üçün elektrik tellərini belə sökürlər…”

“Heç kim bundan sonra nə olacağını bilmir. Qonşu kəndə gecə saat 12-də gəliblər və getməli olduğumuzu söyləyiblər. İnsanlar özləri ilə nə aparacaqlarını bilmirlər”. Larisa əri ilə birlikdə şəhərdəki ikinci mağazaya sahiblik edir. Həm yerli sakinlər, həm də rus sülhməramlıları buradan mal alır.

“Biz heç bir şeyə qərar vermirik. Böyük dövlətlər bizim yerimizə qərar verir. Çarəsizik, vəziyyətə nə cürsə uyğunlaşmalıyıq. Nə olacağını bilmək üçün çox balaca adamlarıq”.

Larisa Laçından heç vaxt ayrılmadığını söyləyir, çünki “hər yerdə müharibə ola bilər” və “evdən başqa hara getmək olar ki…”

Şəhər boş olduqda və sülh müqaviləsi ilə Azərbaycanın bir hissəsi halına gələndə belə, buradan ayrılmayacaq, mümkün qədər uzun müddət burada yaşayacaqlar.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə