XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 21:34

“Stratfor” Putinin yeni hiyləsini ifşa etdi:"Dövlət çevrilişindən qorunmaq üçün özunə şəxsi ordu yaradıb"

Prezident Vladimir Putin martın 6-da Rusiyada Milli Qvardiyanın yaradıldığını elan etdi. Daxili Qoşunların tərkibində qurulan qvardiya yeni federal orqan kimi fəaliyyət göstərəcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın nüfuzlu kəşfiyyat-analitik mərkəzi «Stratfor» Rusiya prezidentinin bu qəfil addımının arxasında hansı səbəblərin durduğunu şərh edib.

Putin ehtiyat edir

Rəsmi Moskvanın, daha dəqiqi, Putinin izahı belədir ki, Milli Qvardiya terrorizmə, mütəşəkkil cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edəcək. Və bir növ, Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) funksiyasını yerinə yetirəcək. 

«Stratfor» isə hesab edir ki, Putin Milli Qvardiyanı tamamilə başqa səbəbdən yaradır. Məqsəd, ölkədə dövlət çevrilişinin baş verəcəyi təqdirdə, özünü Rusiya Silahlı Qüvvələrin digər qollarından qorumaqdır: «Milli Qvardiyanı qurmaqla və Zolotovu ora rəhbər təyin etməklə Putin böyük ehtimalla, öz administrasiyasını dövlət çevrilişindən qorumağa çalışır. Bu, onu deməyə əsas verir ki, Kreml rəhbəri dövlət çevrilişinin olacağı təqdirdə, Silahlı Qüvvələrin digər strukturlarının ona qarşı loyal olacağından əmin deyil». 

"Belə qvardiyanı Yeltsin də qurmaq istəyirdi"

«Stratfor» xatırladır ki, Milli Qvardiya təşəbbüsünü Rusiyada ilk dəfə keçmiş prezident Boris Yeltsin irəli sürmüşdü. Həmin vaxt Yeltsin Federal Təhlükəsizlik Şurasından ehtiyat edirdi: «Görünür, Putin Yeltsin kimi Milli Qvardiyanı öz şəxsi ordusu kimi yaratmaq istəyir. Xüsusi funksiyaları olmayan bu qvardiya növbəti silahlı struktur olacaq. Və Daxili İşlər Nazirliyi ilə Federal Təhlükəsizlik Şurasının səlahiyyətlərini bölüşəcək. Məlumatlara görə, qvardiyanın rəhbəri Putinin keçmiş cangüdəni Viktor Zolotovdur. O, Rusiya prezidentinin etibarlı adamlarından biri kimi tanınır. Yeni qvardiya birbaşa Putinə tabe olacaq. Putinin mətbuat katibi Dmitri Peskovun dediyinə görə, Milli Qvardiyanın yaradılması Silahlı Qüvvələrin digər strukturlarına etimadsızlıqdan irəli gəlmir». 

Hansı səlahiyyətləri var?

«Stratfor» qeyd edir ki, Milli Qvardiyanın vətəndaşların müdafiəsi üçün odlu silahdan istifadə etmək, girovları azad etmək, ağır cinayətlər törədənləri saxlamaq, həmçinin hərbi texnika, təyyarə və gəmilərdən müdafiə edən silahlardan istifadə etmək hüququ var: «Qvardiyanın tabeliyində zirehli maşınlar olacaq. Həmin maşınlardan antiterror əməliyyatlarında, hərbi döyüşlərdə istifadə edə biləcəklər. Milli Qvardiya ictimai asayişi qoruyacaq, ekstremizm və terrorizmlə mübarizə aparacaq, ölkənin ərazi bütövlüyünün müdafiəsində iştirak edəcək, sərhədi mühafizə edəcək, xüsusi yükləri yola salacaq, xüsusi əhəmiyyətli dövlət obyektlərini qoruyacaq. Qvardiya üzvü həyatına təhlükə hiss edəcəyi təqdirdə, xəbərdarlıq etmədən atəş aça biləcək».

Mərkəz xatırladır ki, Rusiya müdafiə naziri Sergey Şoyqu NATO-nun Avropada genişlənməsinə cavab olaraq Rusiyanın yeni diviziya yaratdığını hələ martın sonlarında elan etmişdi. 

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə