XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 00:26

“Xətalı qul”a göstərilən ağa alicənablığı:Azərbaycan atəşkəsə niyə razılıq verdi? - Təhlil

 

Bir neçə günlük müharibədən sonra yenidən atəşkəs rejiminin bərpası Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmadı. Tərəflərin dünən saat 12-00-də atəşı dayandırmaq barədə razılığa gəlməsini xarici basqılar nəticəsində rəsmi Bakının geri çəkilməyə məcbur qalması kimi qiymətləndirənlər də var, uzun illərdən bəri gözlədiyimiz əlverişli şəraitdən tam faydalana bilmədiyimizə üzülənlər də…

Cəmiyyətimizdə bu çaşqınlığın yaranmasının başlıca səbəbi, təbii ki, cəbhə xəttindən yetərincə məlumat ala bilməməyimiz, ermənilərin isə öz dezinformasiya yaymaq qabiliyyətlərindən istifadə edərək, rus mətbuatı və sosial media vasitəsilə cəmiyyətimizə ruh düşkünlüyü aşılayan məlumatlar ötürməsidir. Təbii ki, zaman keçdikcə, bütün həqiqətlər gün işığına çıxacaq, kimin yanlış, kimin doğru xəbər verdiyi aydınlaşacaq. Qarabağda aparılan son hərbi əməliyyatlara əsl qiymət də o zaman veriləcək. Hələlik isə yalnız rəsmi məlumatlara əsaslanaraq hadisələri şərh etmək imkanımız mövcuddur.

Rəsmi məlumatların analizindənsə belə aydın olur ki, Azərbaycan ordusu mühüm strateji yüksəklikləri düşməndən təmizlədikdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə atəşi dayandırıb. Bütün beynəlxalq qüvvələrin birmənalı şəkildə ermənilərdən kompromisə getməyi tələb etdiyini, rəsmi İrəvanın bu tələblə razılaşmadığını, indisə tərəflərin atəşkəs razılaşmasına qol çəkdiyini nəzərə alsaq, ortaya belə bir nəticə çıxır: Ermənilər bu hənanın başqa həna olduğunu anladıqları üçün, nəhayət, “haqqa gəliblər”. 

Daha da konkretləşdirək: Bildiyimiz kimi, ermənilər atəşkəsdən bir gün əvvəl mövqelərin bir neçə günlük savaşdan öncəki vəziyyətə gətirilməsini şərt qoyurdular. Bir gün sonra isə günün birinci yarısı belə bitməmiş, atəşkəsə razı oldular. İstər Azərbaycan prezidenti İlham Əliyevin, istərsə də Müdafiə Nazirliyinin verdikləri məlumatlara görə, ermənilərdən təmizlənən yüksəkliklər yenə də bizim nəzarətimiz altındadır. Deməli, əvvəlki mövqeyindən geri addım atan qarşı tərəfdir.

Hərçənd, erməni mətbuatı bunun əksini iddia etsə də, müdafiə nazirimiz general-polkovnik Zakir Həsənovun bu gün ATƏT-in Minsk qrupunun həmsədrləriylə görüşündə dilə gətirdiyi faktlar tamamilə başqa mətləblərdən xəbər verir. Cənab Həsənov həmin görüşdə vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirlərini davam etdirir. Əlbəttə, rəsmilərimizin bizdən fərqli olaraq ATƏT nümayəndələrinə yanlış informasiya vermək imkanı yoxdur. Məhz bu fakt ermənilərin psixoloji savaş metodu kimi istifadə etdikləri dezinformasiyaları alt-üst edir.

Sual oluna bilər: Bəs, Azərbaycan rəsmiləri niyə erməni yalanlarına konkret faktlarla cavab vermirlər?

Zənnimizcə, bunun başlıca səbəbi konfliktləri nizamlama prosesinin fəlsəfəsi ilə bağlıdır. Artıq bir çox mütəxəssislər tərəfindən qəbul olunub ki, istənilən savaşın  mütləq nəticəsi olan sülhün bərqərar edilməsi və uzunmüddətliliyi üçün tərəflərin heç biri məğlubiyyət hissini dadmamalıdır. Bütün tərəflərin müharibədən qazanclı ayrıldığını hiss etməsi qalıcı sülhün təməlini təşkil edir. Əks təqdirdə özünün məğlub olduğu düşüncəsiylə yaşayan xalqlar əllərinə düşən fürsətdə qisas almağa çalışar və bununla da bağlanan sülh sazişləri atəşkəs protokolundan başqa heç bir məna kəsb etməz.

Bu məntiqlə, erməni tərəfi də özünü məğlub hiss etməməli, müəyyən uğurlarla təskinlik tapmalıdır. Həm əsgəri öldürülən, həm özünün hesab etdiyi torpağı əlindən alınan ermənilərin isə Azərbaycanın haqlı və müzəffər olduğu savaşın nəticələrini qəbul etməsi mümkün deyil. Elədirsə, rəsmi İrəvanın öz xalqını qələbə sevinciylə ovundurmasına imkan verilməlidir. Bu isə, təbii ki, Azərbaycan ordusuyla döyüşlərdə göstərilən “qərhəmanlıq” dastanları, öldürülmüş düşmən əsgərlərinin cəsədlərini nümayiş etdirmək fürsətidir. Görünür, beynəlxalq qurumlar rəsmi Bakıdan ermənilərin bu təsəllisini anlayışla qarşılamasını istəyiblər.

Sözsüz ki, bu fikirləri deyərkən, heç də bizim daha az itki verdiyimizi iddia etmək fikrində deyilik. Gücündən və məharətindən asılı olmayaraq, vuruşan istənilən ordu itki verir. Üstəlik, öz torpağını işğaldan xilas etmək üçün əks-hücum taktikasını seçən tərəfsənsə, daha çox itkini də gözə almalısan. Heç bir qələbə asan əldə olunmur, heç bir topraq şəhid qanını əmmədən vətənə çevrilmir. Həmin şəhidlər millətin kisəsindən gedən ən qiymətli dəyərlərimiz olsa da, bağrımıza basılmış köz kimi hamımızın qəlbini göynətsə də, bu acı reallıqla razılaşmaqdan başqa çarəmiz yoxdur.

Növbəti sual ortaya çıxa bilər: Bütün hər şey – istər beynəlxalq dəstək, istərsə də hərbi-texniki imkan bizim xeyrimizə olduğu halda, niyə haqq savaşımızı sürdürüb, düşmənə daha artıq zərbə vurub sabah oturacağımız danışıqlar masasında avantajlı olmaq şansımızı itirdik? Axı sabah ermənilərin oyunpozanlıq edib yenidən müxtəlif bəhanələrlə sülh sazişindən yayınmaq imkanları var. Düşmənin yalandan baş qatmaqla yenidən öz istehkamlarını gücləndirməsi qazandığımız əlverişli fürsəti itirməyimizlə nəticələnə bilməzmi?

Əlbəttə ki, bu sualda haqlılıq payı az deyil. Bununla belə, Azərbaycanın ordusunun apardığı mübarizənin mahiyyəti də unudulmamalıdır. Axı, məqsəd erməniləri qırmaq yox, sadəcə onları sülhə, Azərbaycanın haqlı mövqeyinə boyun əydirmək idi. Əgər qarşı tərəf bununla razılaşır və güzəştə getməyə hazır olduğunu bildirirsə, deməli, qarşıya qoyulan məqsəd yerinə yetirilmişdir.

Belə bir vəziyyətdə Azərbaycanın, illah da, mübarizəni davam etdirməsi bir neçə mənfi nəticələri doğura bilərdi: Əvvəla, Qarabağ ermənilərinin Azərbaycan barədə indiyə qədər irəli sürdüyü “onlar bizə vətəndaş kimi yox, düşmən kimi baxır, fiziki cəhətdən məhvimizi istəyir, dolayısıyla soyqırım siyasəti yürüdürlər. Odur ki, düşmənlərimizlə birgə yaşayış imkanlarımız tükənib” arqumenti təsdiqlənmiş olar və dolayısıyla beynəlxalq dəstəyimizi qarşı tərəfin xeyrinə itirərdik.

İkincisi, yuxarıda da bəhs etdiyimiz kimi, problemin həllinə yaxınlaşdığımız halda, sürdürdüyümüz müharibə hər iki tərəfə əlavə itkilər gətirər. Onun məsələyə az dəxli var ki, zəif tərəf hesab etdiyimiz ermənilər daha artıq itki verə bilərlər. Bizim kisəmizdən gedən hər bir insan, yeri gələndə ən millətçi kəsimlərimiz üçün belə, bütün Ermənistan əhalisindən üstün olmalıdır. Bir halda ki, hansısa bir məsələ itkisiz başa gəlirsə, niyə həm sülh sazişindən sonra pis-yaxşı əlaqə quracağımız tərəfin, həm də özümüzün itkisi yolunu seçməliyik?

Digər tərəfdən, ermənilərin sülh danışıqları masasında yenə özünü yaxşı aparmayacağı təqdirdə, başlarına atəş yağdırmaq imkanlarımız da əlimizdən alınmayıb. Əksinə, bu zaman sülhə yanaşmaq istəməyən ermənilərə beynəlxalq təzyiqlər daha da arta, hərb yoluyla indi əldə edəcəyimizin daha artığını qazanmağımız üçün əlverişli fürsət doğar.

Beynəlxalq münasibətlərin ermənilərin üzünə gülməsi şansı da əvvəlki kimi deyil. Çözümsüzlük siyasətilə həm Qərbin, həm də indiyə qədər qoltuğuna sığındıqları Rusiyanın dəstəyini itirən ermənilərin bundan sonra özünü kiminsə ərköyün kiçik qardaşı və ya uşağı kimi aparması getdikcə daha çox müşkülə çevrilir.

Bizim əsas gücümüz isə nə əlimizdəki silahımız, nə də sahib olduğumuz neftimiz, qazımızdır. Bu silah geostrateji mövqeyimiz və əlahəzrət zamanın bizim lehimizə işləməsidir. Təbii sərvətlərimiz sadəcə bu imkanlarımızı artıran faktor rolunu oynayır.

Sirr deyil ki, artıq bütün dünyanın əleyhinə çevrildiyi Rusiya günü-gündən zəifləməkdədir. İqtisadi sanksiyalar, girdiyi müharibələrin xərcləri onu daha çox tənəzzülə aparır. Artıq Kreml də anlayır ki, regionda jandarm rolu oynayaraq, hamını düşmənə çevirməklə heç nəyə nail olmaq mümkün deyil. O da məcburən, tərəflərə münasibətlərini dəyişdirməli, regional güclərlə razılaşmalıdır. Son zamanlar Rusiyanın ermənilərin arxasından çəkilməsi də məhz bundan irəli gəlir. Moskva regionun əzəli sahibi olan Azərbaycanla yaxşı yola getməsə, daha çox itirəcəyini anlayır.

Azərbaycanın əsas geopolitik üstünlüyü isə regionun digər dövlətləri olan Türkiyə və İranla silinməsi mümkün olmayan əlaqələridir. Türkiyəylə, klassik ifadəylə desək, “iki dövlət, bir millət” olacaq qədər yaxın münasibətlərimiz, zamanın dəyişdirdiyi və Azərbaycanın dostuna çevirdiyi İranla son vaxtlar qurulan əlaqələrimiz bizim boyumuzdan böyük qüvvəyə çevrilməyimizə yol açır. Cənub qonşumuzda islahatçıların hakimiyyətə gəlməsilə Tehranın üzünü Qərbə çevirməsi və Avropanı qazla təmin edəcək “Cənub Qaz Dəhlizi” layihəsində yer alması və həmin layihənin birbaşa Azərbaycanla bağlılığı iki dövləti az qala strateji müttəfiqə çevirir. Türkiyə ilə isə onsuz da strateji müttəfiqik.

Sərhədlərimizdəki son hadisələr zamanı İranın və Türkiyənin bizim mövqeyimizdən çıxış etməsi, hətta rəsmi Tehranın açıq şəkildə Qarabağ problemini Azərbaycanın torpaq bütünlüyü çərçivəsində həllini dəstəkləməsi də, yəqin, bu potensial müttəfiqlik planlarından doğur. Getdikcə demokratikləşən və demokratikləşdikcə milli hüquq və azadlıqlara hörmət göstərməyə məhkum olan İran bir müddətdən sonra soydaşlarımızın siyasət arenasında aktivləşməsiylə Azərbaycan dövlətinə belə çevrilə bilər.

Türkiyə-İran-Azərbaycan müttəfiqliyinin gələcək perspektivdə dünyanın ən böyük güclərindən birinə çevrilməsi ehtimalı belə var. Dünən İranın  Ramser şəhərində üç dövlətin – Türkiyə, İran və Azərbaycanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən “üçlük”lərin toplantısında Dağlıq Qarabağ məsələsinin müzakirəyə çıxarılması bu böyük ittifaqın ilk rüşeymləri təsirini bağışlayır. Zamanla münasibətlərin daha da möhkəmlənəcəyi istisna olunmamalıdır.

Qərb dövlətləri üçün də eyni sözləri demək mümkündür. Rusiya zəiflədikcə, Avropanın qazla təminatında Azərbaycanın mühüm yer tutmaq potensialı güclənir və erməni faktorunun bu  strategiyaya mane olmaq məqsədilə yaradılması gerçəyi Qərbi bizim tərəfimizdə dayanmağa vadar edir və edəcək də. Eynilə Qərbə inteqrasiya xətti tutmaqdan başqa alternativi olmayan Gürcüstanın başını erməni başına qoşmaqla ağ günə çıxmayacağı da bəllidir.

Bütün bu üstünlüklərimiz və geostrateji əhəmiyyətimiz Rusiyanın çöküşüylə Ermənistanın özünün belə təbii mühasirəyə düşməsinə yol aça bilər. Yəqin ki, bu gedişatın nəticəsində tarix yenə əvvəlki axarına qayıdacaq və təkcə Qafqazın deyil, daha geniş coğrafiyaların sahibliyini bizlərə bəxş edəcək. Bu təbii hegemoniyada ermənilərin mövqeyi isə ənənəvi yerləri olacaq – ağanın nökərləri.

Zaman çərxinin fırlanışı, geostrateji və milli-mənəvi üstünlüklərimizin verdiyi bu imkanlar ermənilərin qarşısında öz taleləriylə razılaşmaqdan başqa alternativ qoymur. Baxmayaraq ki, onlar tarix boyu öz ağalarına nankorluqları ilə seçiliblər.

Amma nə etməli? Allah da bizə “qul xətasız olmaz, ağa kərəmsiz” aforizminə inandığımız üçün regional liderlik bəxti nəsib edib.  Və bu xüsusiyyətimiz səbrlə haqqın öz yerini tapdığı zamanı gözləməyimizi tələb edir.

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə