XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 23:59

XRİSTİANLARLA MÜSƏLMANLARIN KÖRPÜ QURDUĞU İRAQ:İbrahim peyğəmbərin şəhərindən dünyaya hansı mesajlar verildi?

Çətinər Çətin

“Habertürk”, Türkiyə, 08 mart 2021-ci il

 

Papa Fransisk xristianlarla müsəlmanlar arasında körpü qurmaq üçün getdiyi İraqda ən təsirli şiə lideri olan böyük ayətullah Əli əl-Sistani ilə bir araya gəldi. Sistaninin Nəcəfdəki evində reallaşan bu görüş bir Papa ilə bir şiə lider arasında keçiriən ilk görüş idi.

Papanın Ərbildə kürd siyasətçilərlə keçirdiyi görüşlər və Mosulu ziyarət etməsi isə öz daxilində bir çox məna daşıyırdı.

Bu tarixi səfər, liderlərindən birinin qlobal səhnədə tanındığını görmək baxımından, şiələr üçün də çox önəmli idi. Çünki görüş ABŞ-la İraqdakı İran dəstəkli şiə milis qrupları arasında qarşıdurmanın şiddətləndiyi bir vaxta təsadüf etdi.

Papa Fransisk “hamımız qardaşıq” mesajı ilə “sizə hacı olaraq gəldim” dedi. Peyğəmbərlərin babası İbrahimin şəhəri Urda dua edərək də dünyaya və 3 səmavi dinin mənsublarına bir mesaj verməyə çalışdı.

Əslində, Ur əsrlərdir unudulmuş bir şəhərdir. İlk dəfə 2003-cü ildə bu şəhərə getdiyim zaman necə sahibsiz qaldığına şahid oldum. Daha sonra 11 dəfə getdiyim bu şəhərdə Səddamdan sonra da bir şey dəyişməmişdi.

İbrahim peyğəmbərin şəhəri olan və əhalisi bütlərə ibadət etməyi rədd edən Ur, Papanın ziyarəti, belə bir böyük ziyarət sürprizi olana qədər, 6 min il boyunca, elektrik və təməl xidmətlər görməyən bir şəhər idi. Ziyarət səbəbilə yollar asfaltlandı, elektrik kabelləri döşəndi, divarlar boyandı, küçələr təmizləndi və şəhər, on illər ərzində hökumətlərin gündəliyinə belə girməməsinə rəğmən, 3 gün içində işıqlandı.

Papa yaşının irəliləməsinə, yoluxucu xəstəliyin olmasına, hava limanlarına, bazalara və həssas nöqtələrə raketlərin yağış kimi yağmasına baxmayaraq 20 ildir təxirə salınmış olan bu ziyarəti reallaşdırmaq məsələsində israrçı davrandı. Məncə, yaxşı etdi…

Ziyarətin əsil məqsədi 2003-cü il sonrası xristian azlığın iztirablarına işıq tutmaq olsa da, ümumi məqsədi ölkədə dini azlıq mövqeyində olan katolik kəldanilərdən assuriyalılara, böyük qismi İŞİD istilası öncəsi çörəkpulu qazanmaq üçün İraqdan xaricə qaçan ermənilərdən İŞİD-in zülmünə məruz qalan yezidilərədək, müxtəlif məzhəblərdən olan xristianları rahatlatmaq idi.

Xülasə, Papa, Vatikanın assuriyalılara və kəldanilərə xüsusi önəm verdiyi məlum bir durum olsa da, xristianların öz torpaqlarını tərk etməsini istəmir. Doğrusu, Həzrəti İsanın (ə.s.) danışdığı arami dilində söylənən mahnılarla qarşılandığı zaman çox duyğulandığı müşahidə edilirdi.

Papanın İraq ziyarətinin son dayanacağı olan Qaraquş, Ninova düzündəki köklü xristian ailələrinin sıx yaşadığı bir bölgə idi. 2014-cü ildə İŞİD terror təşkilatının bura girməsilə birlikdə, illərlə hüzur içində yaşayan və ölkənin əsas hərəkətverici qüvvəsi mövqeyində olan xristianlar da yezidilər kimi bu dünyanın ən barbar təşkilatının hədəfi olmuşdular. Bu torpaqların tarixində şiddət və qorxu bir daha özünü İŞİD timsalında göstərirdi. Minlərlə xristian ailə Zaho və Dohuka qaçmağa məcbur olmuşdu. O dövrdə dünya onlardan danışırdı, amma onlara ilk çadır və humanitar yardımı məhz Türkiyə çatdırmışdı.

2014-cü ildə İŞİD bölgədə irəliləməyə başlayarkən bura ilk yetişən də yenə Türkiyə idi. Bir ovuc xristian gənc əllərində olan köhnə silahlarla ailələri qorumağa çalışırdı. O dövrdə xristian gənclərin bir çoxu ailələrinin yaşayışını təmin etmək üçün Avropaya işləməyə getmişdi. Burada əsasən qadınlar və uşaqlar qalmışdı…

O zamanlar amerikanlar əliaçıq deyildilər. Nəinki bu xristian azlığa, hətta kürd administrasiyasına belə, hazırda YPG-yə verdikləri kimi, silah dəstəyi vermədilər.

Bölgədəki müxtəlif  etnik və məzhəbçi qruplara mənsub yüz minlərlə insan, bu coğrafiyada minlərlə məğlubiyyətin, xəyanətin və məyusluğun formalaşdırdığı bir tarixin öyrətdiyi kimi, səbrlə gözləyirdi.

Tarix 18 avqust 2014-cü ili göstərirdi. İŞİD Mosulda irəliləyərkən, biz də bölgəyə getmişdik. Kəldani xristianlarının kiçik şəhəri olan Alkoşa doğru getdim. Çünki Mosulun içindəki 17 kilsə və xaricindəki bütün xristian ibadət mərkəzləri yağmalanmış və partladılmışdı. Alkoşda təqribən 7 min xristian ailə yaşayırdı. Amma şəhər boş idi. Qəbiristanlıqdakı ölülər belə, yalnız qalmışdılar. “Kəldanilərin Vatikanı” kimi tanınan antik monastırın o kədərli görüntüsü isə qorxunc idi.

O gün yollara tökülən ailələri idarə olunan şəkildə şəhərdən çıxaran rahib Qabriel İbrahim, rahib Qassan Hadiri və rahib Rafael Hudami ilə bir az söhbət etmişdim. Qabriellə Qassanın etdiyi o dualar heç yadımdan çıxmadı. Qabriel “Beş il sonra burada artıq xristian qalmayacaq. Tariximiz başa çatdı. Bizi istəməyən dünyada yalnız qaldıq. Roma da bizi tərk etdi” demişdi.

Əslində, Qabrielin mövqeyi dəqiq idi, açığı, verdiyi reaksiya Papaya qarşı idi…

O dövrdə Papanın İraqa, III minilliyin yaşandığı bir dövrdə dünyanın ən böyük ağrılarının yaşandığı coğrafiyaya gəlməli olduğunu mən də kürdlərin vəzifəli şəxslərinə söyləmişdim. Aradan 7 il keçəndən sonra Papa orada qalanlara, yəni, qaçmayanlara Tanrının daima mövcud olduğunu göstərmək üçün gəldi.

Papa İraqdakı bütün xristianların sığındığı kürd bölgəsinə də xüsusi bir təşəkkür etmək üçün getdi. Çünki 2003-cü ildən bu yana İraqlı assuriyalı, kəldani və ermənilərin sığına bildikləri yeganə bölgə bura idi. Kürd administrasiyası, xristianların öz azad həyatlarını yaşamağa davam etmələri üçün Ərbil, Süleymaniyyə və Dohukda bölgələr ayırdı. Papa Ərbilə bu səbəblə xüsusi təşəkkür etmək üçün getdi.

Adam məyus olmaya bilmir. Kaş biz də Türkiyə olaraq 2014-cü ildə yerini-yurdunu tərk edən xristianların həyatlarını necə xilas etdiyimizi, onların təhlükəsizliyini təmin etmək üçün necə silah verdiyimizi və humanitar yardım etdiyimizi dünyaya çatdıra, anlada bilsəydik… Çünki onların köməyinə ilk gedən, onlara ilk əl uzadan biz idik.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə