XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 08:28

Kriminal savaşın Azərbaycan mərhələsi – “Tank Sabir”, yoxsa “Bülbülə Tahir”?!

k.JPG

Azərbaycandakı kriminogen durumun hüquq – mühafizə orqanlarının tam nəzarətində olması faktdır. Məhz bu səbəbdəndir ki, əslən azərbaycanlı olan “oğru”lar ölkə hüdudlarından kənarda fəaliyyət göstərməyə üstünlük verirlər. Ancaq onların qürbəti seçmələri heç də əllərini Vətəndən birdəfəlik üzmələri anlamına gəlməməlidir. çünki Azərbaycanın “cinayət aləmi”ndə külli miqdarda “qara pul” dövriyyəsinin olması “oğrular”ı bura həssas yanaşmağa, öz mövqelərini daha da möhkəmləndirməyə vadar edir.

Məlum olduğu kimi, hazırda Azərbaycanın kriminal aləminə nəzarət uğrunda açıq savaş “oğru” dünyasında böyük nüfuza malik iki şəxs arasında gedir. Bunlar – “Quli” ləqəbli Nadir Səlifovla, “Lənkəranski” kimi tanınan Rövşən Canıyevdir.

Strateq.az-a bu nüfuz savaşının Azərbaycana aid hissəsilə bağlı yeni faktlar məlum olub. Kriminal aləmə yaxın olan mənbənin verdiyi məlumata görə, hazırda “Quli” “Rövşən Lənkəranski”yə aidiyyəti olan bir neçə mövqeni ələ keçirməyi bacarıb: ” Qulinin xeyir-duası ilə artıq Azərbaycanın “polojeniya”sına “Tank Sabir” adlı kriminal avtoritet baxır. Azadlığa yenicə buraxılan Sabir silsilə adam oğurluğuna görə uzun müddət həbsdə olub. Son həbsində rastlaşdığı hadisə onu qatı anti-“Lənkaranski” olmağa vadar edib. Sabir həbsinin böyük hissəsinin keçdiyi 11 saylı “zon”un “polajeniyasına” baxıb. Həmin dövr ərzində onun etdiyi haqsızlıqlardan bəzi “oğru”lar, o cümlədən “Lənkəranski” bərk narazı olub. Rövşən Canıyev son həbsi zamanı Sabirlə “razborka” etməyə nail ola bilib. “Kürdəxanı” türməsində saxlanılan “Lənkəranskı” “Tank Sabiri” söhbətə çağırıb. Həmin vaxt Qobustanda “krıtı” çəkən Sabir çağırışa getməyə bilməzdi. O, bilərəkdən özünün əlində qadağan edilən telefonu tutdurur. Sabir bunu “Lənkəranski” ilə görüşmək üçün edir ki, ona yeni cinayət işi açılsın və istintaq üçün “Kürdəxanı” türməsinə göndərilsin. “Lənkəranski” Sabiri özünün oturduğu 4 saylı kameraya gətizdirir. Sabirdən edilən “sprosun” bədəli ağır olur. “Oğru” və onun ətrafı Sabiri gecədən səhərə kimi döyürlər. Sonra da “Tank Sabir” barəsində pis “praqon” buraxılır”.

Mənbəmizin dediyinə görə, əslən Xızı rayonundan olan və hazırda Yasamalda yaşayan “Tank Sabir” çox sərt və dözümlü adam kimi xarakterizə olunur: “Şübhəsiz ki, “Quli” bu şansı buraxmazdı. O, “düşmənimin düşməni mənim dostumdur ” devizilə hərəkət edərək, Sabiri öz tərəfinə çəkməyi bacarıb. Sabirin “oğru” olan “Yasamal Yunus”la yaxın qohumluğu “Quli”nin işinə bərk yarayır”.

Mənbəmiz “Quli”nin kriminala meylin çox olduğu Bakı kəndlərində də vəziyyəti öz xeyrinə dəyişə bildiyini söyləyir. Onun sözlərinə görə, bu irəliləyiş “Bülbülə Tahir” kimi avtoritetin neytrallaşdırılmasından sonra nəzərə çarpır: “Kriminal aləmdə “Bülbülə Tahir” kimi tanınan şəxs nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ məkanında böyük nüfuza malikdir. Hətta Rusiyanın ən iri şəhərlərində olan obyektlərdən ona xərac ödənilir. Uzun sürən həbsdən yenicə azad edilən Tahir “oğrular” arasındakı konfliktə qarışmamaqla maksimum dərəcədə neytrallığını qorumağa çalışıb. Bu da “Quli”yə sərf etməyib. çünki onu yalnız beyət qane edə bilərdi. Buna nail olmaq üçün “Quli” Sabunçuya təyin etdiyi Natiq adlı “polojeneç”i Tahirin üstünə göndərir. Bakı kəndlərinin birində olan toyda tərəflər arasında yaranan insidentdən Tahir ətrafındakı adamların köməyilə güclə canını qurtara bilir və dərhal Türkiyəyə qaçır. Hazırda “Bülbülə Tahirin” Türkiyədə yaşadığı bildirilir. “Rövşən Lənkəranski”nin klanının Türkiyədə yaxşı məskunlaşa bilməsini, həmçinin əksər “razborka”larının orda aparmasını nəzərə alsaq, onda Tahirin həmin klanla anlaşdığı şübhə doğurmur”.

Mənbəmizin dediyinə görə, yaxın vaxtlarda “Lənkəranski”nin Tahirə Azərbaycanın “vəziyyətini” tapşıracağı proqnozlaşdırılır: “Tahirlə Sabirin konfliktinin olması “Lənkəranski”yə lap sərfəlidir. çünki 11 saylı “zon”da yaşanan bir hadisə hələ də çözülməmiş qalır. Həmin vaxt “zona” göndərilən Tahir “Tank Sabir” tərəfindən yaxşı qarşılanmayıb. İddialara görə, “iki qoçun başı bir qazanda qaynamaz” prinsipini əsas tutan Sabir o vaxtkı rəis Məmmədəli Zeynalovun köməkliyilə Tahiri “zon”dan başqa yerə göndərtdirib”.

Strateq.az olaraq qeyd edirik ki, kriminal ünsürlərin öz sahələrində Azərbaycana nəzarət etmək uğrunda apardığı mübarizədə hansınınsa qalib gəlməsinin nə xalqımız, nə də Vətənimiz üçün heç bir xeyiri yoxdur.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə