XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

09 Aprel 2016 - 22:04

Prezident İlham Əliyev:“Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”

İlham-Eliyev-mushavire

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Strateq.az AZƏRTAC-a istinadla xəbər verir ki, giriş nitqində dövlət başçısı son günlər cəbhə xəttində baş verən hərbi əməliyyatlar, Qarabağ nizamlanması çərçivəsində aparılan danışıqlarla bağlı açıqlama verib. 

Prezident İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib. Təxribatın qarşısı alınıb, düşmənə layiqli cavab verilib: “Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun. Bunu deməyə bizdə kifayət qədər əsas var, ilk növbədə, danışıqların 20 ildən çox müddət ərzində aparılması onu göstərir ki, Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir.

Digər tərəfdən, danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərir. Son tarixin nümunələri bunu göstərir. 2014-cü ilin sonlarında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir. Hər iki tərəf görüşü müsbət qiymətləndirmişdir. Görüşdən sonra biz danışıqlarda daha da müsbət dinamikanı gözləyirdik. Ancaq o danışıqlardan iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda – Ağdam rayonunun ərazisində genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan Silahlı Qüvvələri bu təxribata bir neçə gün cavab vermirdi, ancaq ondan sonra Ermənistan silahlı qüvvələri bizim mövqelərimizə hərbi helikopterlərlə hücum çəkmişdir. Azərbaycan Ordusu məcbur olub helikopterin birini vurmuşdur. Bu da Ermənistana bir bəhanə kimi lazım idi ki, yenə də Azərbaycanı təcavüzdə günahlandırsın”.

Dövlət başçısı Qarabağ nizamlanması çərçivəsində aparılan danışıqlarla bağlı bildirib ki, müzakirələrdə mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirib: “Bilirəm ki, həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürmüşlər. Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın siyasi rəhbərliyi ilə o cümlədən Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.

Bildiyiniz kimi, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik. Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik”.

Prezident İlham Əliyev danışıqlar prosesində Azərbaycanın mövqeyini bir daha xatırladıb: “İstəyimiz odur ki, məsələ həllini tapsın. Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir – erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim əsas vəzifəmizdir. Azərbaycan həm siyasi, həm iqtisadi və bütün başqa sahələrdə gücləndikcə, əlbəttə ki, bu münaqişənin həlli daha da yaxın olacaqdır. Biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir. Son illər ərzində iqtisadi və siyasi sahələrdə əldə edilən uğurlar onu göstərir ki, biz düzgün yoldayıq. Hər zaman olduğu kimi, birinci rübdə də bizim çox fəal xarici siyasətimiz olmuşdur. Ancaq hesab edirəm ki, biz birinci rübdə daha da fəal işləmişik. Mən birinci rübdə bir çox xarici səfərlərdə olmuşam – həm rəsmi, həm işgüzar səfərlərdə. Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya dəstək konfransında iştirak etmişəm. Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına səfərlərim olubdur. Bütün bu səfərlərin coğrafiyası özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan çox fəal və çoxşaxəli xarici siyasət aparır, bizim dostlarımızın sayı artır. Hətta bir-biri ilə o qədər də yaxın münasibətlərdə olmayan ölkələrlə Azərbaycan çox səmərəli, qarşılıqlı hörmət və maraqlar üzərində iş qurubdur.

Beləliklə, bizə beynəlxalq ictimaiyyət tərəfindən olan inam artır. Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol oynayır. Onu da qeyd etməliyəm ki, birinci rübdə Azərbaycana 10 xarici dövlət və hökumət başçısı səfər etmişdir. Onların arasında rəsmi səfərlər olubdur və IV Qlobal Bakı Forumunda iştirak etmək üçün dövlət və hökumət başçıları gəlmişlər.

Bir daha demək istəyirəm ki, bu, bizim uğurlu xarici siyasətimizi göstərir. Bu siyasət davam etdiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, dünya birliyi Azərbaycana böyük hörmətlə və rəğbətlə yanaşır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, o vaxt da bizim üçün təsadüfi deyildi və bu gün də əldə edilən uğurlar bunu bir daha göstərir”.

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə