Ermənistan Müdafiə Nazirliyi Qarabağda aprelin 2-də başlayan savaş zamanı Ermənistanın 92 hərbçisini itirdiyini rəsmi olaraq təsdiqləyib.
Strateq.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda ölənlərdən 15-nin zabit, 15-nin muzdlu əsgər, 34-nün sıravi, digərlərinin isə xüsusi təyinatlı və könüllülər olduğu bildirilir.
Xatırladaq ki, atəşkəs razılaşması əldə edildikdən sonra Strateq.az-a ermənilərin ökə daxilində panika yaranmasın deyə, ölən hərbçilərinin sayını məqsədli şəkildə gizlətdikləri haqda hərbi qaynaqlardan informasiya daxil olmuşdu və o zaman bu barədə xəbər də yaymış, qarşıdakı günlərdə erməni tərəfinin ölü sayı haqda rəqəmlərinin artacağını vurğulamışdıq.
Həmin vaxt Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdi ki, guya, dördgünlük savaşda cəmisi 36 əsgərləri ölüb, 26-sı itkin düşüb. Qarabağ separatçılarının Moskvadakı nümayəndəsi isə 76 erməni əsgərinin öldürüldüyünü açıqlamışdı.
Qeyd edək ki, bizdə olan məlumata görə, Ermənistan tərəfinin açıqladıqları itkilər hələlik yalnız Ermənistan Müdafiə Nazirliyinin heyətinə aiddir və onlar qondarma "DQR Ordusu"nun verdiyi itkiləri bu statistikaya əlavə etmirlər.
Hərbi mənbələrin məlumatına görə, cəbhə xəttinin hədsiz genişliyi ermənilərdə postların qorunmasında əsgər çatışmazlığı yaratdığından, onlar yerli əhalini müəyyən muzd qarşılığında "DQR Ordusu"na xidmətə cəlb edirlər və belələri rəsmi olaraq, Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin statistikasına daxil edilmirlər. Ermənilərin açıqladığı ölüm siyahısında isə ən çox saxtalaşdırmaya da elə məhz "DQR Ordusu"nun bu muzdur əsgərləri məruz qalır – onların meyidləri sakitcə son günlər hədsiz informasiya blokadasına alınmış Qarabağdaca dəfn edilir, onsuz da gərgin olan Ermənistan ictimaiyyətinə isə bu haqda məlumat verilmir. Ermənistan ictimaiyyəti yalnız Qarabağdan kənar – Ermənistanın şəhər və rayonlarından olan hərbçilər və çağırışçılar barədə qismən məlumat ala bilirlər.
Artıq bu fakt erməni mediasında və erməni sosial şəbəkə istifadəçiləri arasında da təsdiqlənməkdədir. Onların etiraflarına görə, erməni tərfinin ölü sayı 300 nəfərdən çoxdur, yaralı sayı isə çoxdan 500-ü keçib. Sadəcə Sərkisyan hökuməti ölkədə qarışıqlıq düşməsin deyə, nəyin bahasına olursa-olsun real itkilər haqda cəmiyyətə informasiyanın verilməməsinə çalışır. Onun Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanla görüşünün də əslində bu narahatçılıqdan – əsgər ölümlərinə etirazların qalxacağı və sabiq prezidentin də bundan yararlana biləcəyi əndişəsindən qaynaqlandığı bildirilir.
Strateq.az