XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 15:46

Qərb şirkətlərinin Azərbaycan hökumətinə təqdim edəcəyi"Ağ kitab"da nələr olacaq?

4e2bb54b6634261de241b2fe4c1ecf4c

 

Azərbaycanda ABŞ Ticarət Palatasının iqtisadi islahatlarla bağlı təklif və tövsiyələrini əks etdirən və hökumətə təqdim edilməsi planlaşdırılan “Ağ kitab”ın hazırlanması yekunlaşmaq üzrədir.

Bu barədə “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta açıqlama verib.

ABŞ Ticarət Palatasının Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan islahatlarla bağlı “Ağ kitab” hazırladığı Palata üzvlərinin prezident İlham Əliyevlə görüşündə də açıqlanmışdı.

“Ernstand Young” şirkətinin nümayəndəsi İlqar Vəliyev bildirmişdi ki, Amerika Ticarət Palatasının həyata keçirdiyi vacib təşəbbüslərdən biri də “Ağ Kitab” adlanan sənəddir: “Bu sənəddə Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına dair biznes icmasının tövsiyələri yer alıb. Ölkədə həyata keçirilən iqtisadi islahatların fonunda bu sənəd çox böyük önəm daşıyacaq. Hazırda sənəd üzərində işləyirik. Onun hazırlanmasına çox geniş auditoriyanı, geniş ekspertlər qrupunu cəlb edirik”.

Qeyd edək ki, “Ağ kitab” təcrübəsi Qərb ölkələrində, əsasən də ABŞ və Böyük Britaniyada geniş yayılıb.

“Ağ kitab” (White paper) hökumətin, araşdırma mərkəzlərinin, yaxud biznes strukturların hər hansı problem, mövzu ilə bağlı baxışlarını, yanaşmalarını, təklif və tövsiyələrini əhatə edir. Əsas məqsədi hər hansı problem və ya məsələ ilə bağlı aydın mövqe ortaya qoymaq, düzgün qərarların qəbuluna yardım göstərməkdir.

Biznesdə də bu cür sənədlərin hazırlanması praktikası geniş yayılıb. Biznes strukturları bu cür sənədlərlə öz tərəfdaşlarını bu və digər qərarların qəbuluna inandırmağa təşviq edirlər.

 

ABŞ Ticarət Palatasının “Ağ kitab”ında nələr əks olunacaq?

 

Prezidentlə Azərbaycandakı ABŞ Ticarət Palatası üzvlərinin görüşündə səslənən fikirlərin təhlili bu qənaətə gəlməyə əsas verir ki, iş adamları, Qərb biznes strukturları ilk növbədə sərmayələrin daha etibarlı müdafiəsi, investisiya mühtinin yaxşılaşması, biznesdə şəffaflığın artırılması, iqtisadiyyatın tənzimlənməsində daha sadə və aydın prosedurlar, dövlətə məxsus şirkətlərin daha yaxşı idarə olunması məsələlərinin həllini vacib hesab edirlər. Eyni zamanda Qərb biznes strukturları Azərbaycanda iqtisadi islahatların daha qısa zaman kəsiyində həyata keçirilməsini, orta və kiçik sahibkarlığın inkişafının hökumətin əsas prioriteti olmasını vacib sayırlar.  

Prezidentlə məlum görüşdən o da anlaşıldı ki, Qərb biznes strukturları iqtisadi islahatlar konsepsiyasının işlənilməsində hökumətlə yaxın əməkdaşlıq edirlər. Və bu əməkdaşlığın daha da dərinləşməsində maraqlıdırlar.  

ABŞ Ticarət Palatasının hazırlayacağı və hökumətə təqdim edəcəyi “Ağ kitab” da əslində Qərb ölkələrinin ölkədə gedən iqtisadi islahatlar və onların perspektivinə baxışılarını əks etdirəcək. Azərbaycan hökuməti üçün bu, çox yaxşı təşəbbüsdür. Hökumət Qərb biznes dairələrinin mövqeyini artıq yazılı sənəd şəklində görə biləcək. Bu isə subyektiv qərarlardan qaçmağa və daha çox strateji qərarlar verilməsinə yardım göstərəcək.

 

ABŞ Ticarət Palatasının “Ağ kitab”ı niyə məhz indi hazırlanır?

 

Xatırladaq ki, 16 martda prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzaladı. Bu sərəncama əsasən  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” kimi Azərbaycan iqtisadiyyatının mühüm bir hissəsini təşkil edən aşağıdakı 8 prioritet sektora xüsusi diqqət yetiriməsi nəzərdə tutulub:

1) Neft və qaz (kimya məhsulları daxil olmaqla);

2) Kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı;

3) Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malları istehsalı vədigər istehsalat;

4) Ağır sənaye və maşınqayırma;

5) İxtisaslaşmış turizm və əyləncə;

6) Logistika və ticarət;

7) Uyğun qiymətə mənzillər və s.;

8) Kompleks məsələ kimi, peşə təlimləri.

Bu əsas sektorların hər biri üçün ayrıca hesabat (həm diaqnostik hesabat, həm də "yol xəritəsi") hazırlanacaq. 4 ay müddətində 1-ci fazada 360 dərəcəli diaqnostika və GZİT təhlili (Güclü tərəflər, Zəif tərəflər, İmkanlar və Təhlükələrin təhlili), 2-ci fazada milli iqtisadiyyat üçün strateji baxış və prioritet sektorlar üçün yol xəritəsi hazırlanacaq. Bundan sonra 4 həftə ərzində Masterplan işlənəcək.

Qərb şirkətləri öz biznes maraqlarını da nəzərə alaraq islahatlar proqramında fəal iştirak etməyə çalışırlar. Çünki hökumətin yanaşması investisiyaların istiqamətlərini də müəyyən edəcək və Qərb şirkətləri indidən prioritetlərin işlənməsində iştirakda maraqlıdırlar. Eyni zamanda bu, hökumət üçün də yaxşı fürsətlər yaradır. Belə ki, gələcək islahatlar üçün indidən investisiya perspektivlərini qismən hesablamaq və invetsorları təxmini də olsa müəyyən etmək imkanı verir.

Azərbaycandakı ABŞ Ticarət Palatasının üzvləriilə görüşdə prezident İlham Əliyevin açıqlamaları göstərdi ki, hökumət Qərb biznes strukturları ilə daha sıx işləməkdə və islahatlar proqramını onlarla müzakirə etməkdə maraqlıdır. Hökumət əvvəlki kimi “hər şeyi öz bildiyi kimi etmək” vərdişindən əl çəkmək üzrədir. İnvestorlar və investisiyaları cəlb etmək üçün priroritetləri mütləq onlarla razılaşdırmaq lazım gəlir. Azərbaycandakı ABŞ Ticarət Palatasının hazırlayacağı və hökumətə təqdim edəcəyi “Ağ kitab”da əslində Qərb biznes dairələrinin bununla bağlı açıq mesajları da əks olunacaq…

 

Zaur İBRAHİMLİ

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə