XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 20:34

Suriya daha ciddi müharibə ərəfəsində:Yaxın Şərqin taleyini dəyişən "Qara cəngavər" yenidən Moskvada!

qasim-1

İranın əfsanəvi generalı Qasım Süleymani 2 gün öncə Moskvaya gedib.

Strateq.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.

İran ordu yetkililəri də məlumatı təsdiqləyərək, generalın Rusiyadan S-300 raketlərini təslim almaq və iki ölkə arasında hərbi əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün bu səfərə çıxdığını bildiriblər.

Səfərə bu cür rəsmi görüntü verilməsinə baxmayaraq, İran İslam İnqilabı Keşikçiləri korpusunun “Qüds” briqadasının komandirinin Hələbə genişmiqyaslı əməliyyat hazırlıqlarının başlanması xəbərləri yayıldığı bir zamanda Moskvaya yollanması fərqli düşüncələrə yol açır. Belə bir ehtimal yaranır ki, əməliyyat ərəfəsində tərəflər imkanlarını dəyərləndirmək və vahid hərbi taktika formalaşdırmaq üçün bir araya gəlmək ehtiyacı hiss ediblər. Qərb mətbuatının təbiriylə desək, İranın “Qara cəngavər"i də, görünür, bu məqsədlə Moskvaya yollanıb.

Rusiya prezidenti Vladimir Putinin general Qasım Süleymaninin hərbi ağlına xüsusi hörmət göstərməsi və Yaxın Şərq məsələsi barəsində zaman-zaman onunla fikir mübadiləsi aparması da bu ehtimalı qüvvətləndirir.

Xatırladaq ki, ötən il Rusiya Suriyaya girməmişdən öncə də “Qara cəngavər” Moskvaya getmiş və bu səfər xeyli maraqlı iddiaların ortaya çıxmasına yol açmışdı. Həmin vaxt İngiltərənin “Reuters” agentliyinin yaydığı bir məlumat isə daha inanılmaz idi. Məlumata görə, Bəşər Əsəddən tamamilə əli üzülən bir zamanda Putinə İranın dini lideri ayətullah Əli Xamaneyidən bir elçi gəlir. Elçi dini liderinin mesajını çatdıraraq, Putinə Suriyada ümidlərin tükənmədiyini deyir. Rusiyanın hava dəstəyi ilə İran, Suriya və Livan Hizbullahının rejim əleyhinə qüvvələrlə döyüşəcəyini bildirən elçinin dəlillərini dinlədikdən sonra Putin Xamaneyiyə öz ismarışını göndərir: “Yanıma Qasım Süleymanini göndərin!”

“Reuters” agentliyinin xəbərinə görə, Putinin dəvətilə Moskvaya gələn Süleymani onu Suriyaya hərbi müdaxilə etməyə razı sala bilir.

İlk baxışdan nağıla bənzəyən bu xəbərin yayılmasından qısa müddətdən sonra Rusiya, həqiqətən də, Suriyaya hərbi müdaxilə edir və “mülayim müxaliflər”ə qarşı hava hücumları keçirir. Ardınca da xəbərdə deyildiyi kimi, İran, Suriya və Livan Hizbullahının quru hərəkatı başlayır, vətəndaş müharibəsinin seyri Bəşər Əsədin xeyrinə dəyişilir. Bir çox mütəxəssislər məhz bu faktlara söykənərək, Qasım Süleymanini Yaxın Şərqin taleyini dəyişən general kimi xarakterizə edirlər.

“Qara cəngavər”in budəfəki səfərindən qısa müddət əvvəl Suriya ətrafında baş verən bəzi hadisələr də gizli tutulmağa çalışılan bir sıra müəmmalara aydınlıq gətirir. Məlum olduğu kimi, Rusiyanın bəzi deputatları Suriyada səfərdə olarkən, ölkə rəsmiləriylə görüşlərində Moskvanın Hələbdə böyük bir hərbi əməliyyatlara hazırlaşdıqlarını bildirmişdilər. Suriya yetkililəri də bu faktı inkar etməmiş və Rusiyaya dəstəklərindən dolayı təşəkkürlərini dilə gətirmişdilər.

Tərəflərin müştərək mövqelərini ortaya qoymasından az sonra ABŞ yetkililərinin “mülayim müxalifləri” təyyarələrə qarşı raketlərlə silahlandıra biləcəklərini Rusiyalı həmkarlarına çatdırdıqları və dolayısıyla, Moskvaya təyyarələrin vurulacağı mesajı verdikləri barədə məlumat yayılmışdı. Ardınca da bir rus vertolyotu müəmmalı şəkildə “qəzaya” uğramışdı. “Qəza”dan bir gün sonra isə Rusiya Silahlı Qüvvələrinin ən yüksək yetkilisi Hələbdə əməliyyata hazırlaşdıqları xəbərini təkzib etmişdi.

Yuxarıda sadaladığımız xəbərlərin xronoloji ardıcıllığına nəzər salanda, qəribə bir determinizmlə üz-üzə qaldığımızı sezməmək mümkün deyil. Bu səbəb və nəticə əlaqələrinə bir də dünən İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı sammitində yaşanan gərginlik və Səudiyyə kralının gözlənilmədən məclisi tərk edib ölkəsinə qayıtması əlavə olunanda, mənzərə daha aydın şəkildə ortaya çıxır. Kral həzrətlərinin “küsəyənliyi”nin səbəbi barədə hələlik heç bir məlumat verilməsə də, belə aydın olur ki, Yaxın Şərq aktyorları daha dəhşətli müharibəyə hazırlaşırlar.

Zənnimizcə, bu fakt da “qara cəngavər”in ən əsas tərəfdaşıyla əllərindəki “kozırları” saf-çürük etmək üçün Moskvada olduğunu sübuta yetirir. İrəli sürülən ehtimalın nə qədər doğru olub-olmadığı, yəqin ki, yaxın bir neçə gün ərzində ortaya çıxacaq.

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə