XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 10:59

Doha toplantısının nəticələri:Səudiyyə krallığı neft silahını işə saldı

Doha toplantısında

Qətərin paytaxtı Dohada keçirilən böyük neft istehsalçılarının toplantısı nəticəsiz başa çatıb. Məlumata görə, bu nəticəsiz nəticənin meydana çıxmasında Səudiyyə Ərəbistanı ilə İran arasındakı tarixi rəqabət və ziddiyyətin mühüm rolu olub.

İranın da toplantıya qatılmasını və çıxarılacaq qərara qeyd-şərtsiz əməl etməsini şərt qoyan Səudiyyə Ərəbistanı əks halda hasilatı azaltmayacağını bildirib. Uzun illər boyu məruz qaldığı beynəlxalq sanksiyaların ağır nəticələrindən əziyyət çəkən İran isə hasilatı embarqo öncəsi səviyyəyə qaldırmayana qədər istehsal artımını dondurmaq fikrində deyil. Məhz buna görə də Doha toplantısına qatılmayan İranın mövqeyi Səudiyyə Ərəbistanını qıcıqlandırıb və rəsmi Riyad Rusiyanın təklifinə rədd cavabı verib.

İlk baxışdan iki dövlət arasındakı ənənəvi məzhəb müharibəsinin nəticəsi kimi görünən bu qərarın əslində daha dərin qatları var və Səudiyyə Ərəbistanının “oyunpozanlığı” gözlənilməz deyildi.

Dünyanın ən böyük neft hasilatçısı olan bu ölkənin başlıca məqsədi dünya bazarındakı üstün mövqeyini qorumaq və hətta lazım gələrsə, bütün rəqiblərini sıradan çıxartmaqdır. Bunu toplantıdan bir gün öncə krallığın ikinci vəliəhdi sayılan Məhəmməd bin Salmanın etiraflarından da sezmək olar. Verdiyi müsahibəsində neft qiymətlərinin 60-70 dollara yüksəldilməsi üçün göstərilən səyləri başa düşdüyünü bildirən vəliəhdə görə, bu, onların savaşı deyil: “Bu, kiçik istehsalçıların savaşıdır. Neft qiymətlərinin aşağı olması Səudiyyə Ərəbistanını qətiyyən narahat etmir. Bizim yüksək neft qiymətlərinə ehtiyac duymayan öz iqtisadi proqramlarımız var”.

Vəliəhd həmin müsahibəsində hazırda gündəlik 11.5 milyon barrel neft çıxarmaq imkanlarının olduğunu xatırlatmış, Doha toplantısında istehsalı dondurmaq qərarı çıxarsa, bu potensialın sadəcə 1%-dən güzəştə gedəcəklərini demişdi. Onun toplantı nəticəsiz başa çatarsa, atacaqları addım barədə dedikləri isə digər hasilatçılar üçün əsl təhdid mahiyyətində idi: "Əgər əsas istehsalçıların hamısı hasilatı dondurmasa, biz də dayanmayacağıq. Və əgər istehsalı azaltmasaq, əlimizə keçən hər fürsətdə satış həyata keçirəcəyik".

Sual oluna bilər: Səudiyyə Ərəbistanı potensialından maksimum istifadə edərsə, neft istehsalını nə qədər artıra bilər?

Səudiyyə vəliəhdi müsahibəsində bu suala da qismən cavab verir. Onun sözlərinə görə, krallıq 6 və ya ən geci, 9 ay ərzində istehsal gücünü gündəlik 12.5 milyon barrelə çıxara bilər. Amma bu da son hədd deyil. Məhəmməd bin Salmanın sözlərinə inansaq, Səudiyyə Ərəbistanının istehsal gücünü 2 dəfə artırmaq imkanı mövcuddur: "Daha çox istehsal etməyin lazım olduğunu demirəm, amma istəsək, bunu da edə bilərik. Əgər potensialımızı artırmaq üçün gərəkli investisiyalar yatırsaq, gündə 20 milyon barrel neft istehsal etmək imkanımız var”.

Növbəti sual ortaya çıxır: Səudiyyə Ərəbistanı bu addımı atarsa, nə baş verər?

Vəliəhd Məhəmməd bin Salman müsahibəsində bu suala da aydınlıq gətirib: "Səudiyyə Ərəbistanı hazırda öz potensialının çox-çox altında neft istehsal edir. Biz qlobal bazardakı tələb və təklif münasibətlərini nəzərə alırıq. Əgər tələbdən artıq neft istehsalına başlasaq, bir çox bazarı məhv edə bilərik”.

Bəs, Səudiyyə Ərəbistanı bu addımı atarmı?

Vəliəhdin sözlərindən belə çıxır ki, atar. Məhəmməd bin Salmanın neft bazarında təklif-tələb münasibətlərini gözlədiklərini bildirməsinə və qiymətlərin ucuzlaşmasından ən çox əziyyət çəkənlərdən birinin krallıq olacağına baxmayaraq, hasilatı artırmaqla Səudiyyə Ərəbistanı bu neqativ trendi öz xeyrinə də çevirə bilər.

Necə? Gəlin, indi bu suala cavab axtaraq:

Əvvəla, ucuzlaşma nəticəsində yaranan büdcə kəsirlərini daha çox məhsul sataraq kompensasiya edər, yəni qiymətdə itirdiklərini kəmiyyətdən qazanar. Əslində böyük infrastruktur layihələrinə və silahlanmaya ciddi investisiya yatıran krallıq buna məhkumdur da. Xüsusilə, Yaxın Şərqdə getdikcə artan gərginliklər və İslam dünyasına ağalıq niyyəti Riyadın "xəsislik" etməsinə imkan vermir. Daha çox “əliaçıqlıq" üçün isə daha çox kapitala ehtiyac var. Ölkənin yeganə gəlir mənbəyi isə neft hasilatıdır və Allah Təala krallığa bu sahədə olduqca səxavətli davranıb.

İkincisi, onun neft hasilatını artırmaqla batırdığı rəqiblərinin bazarını əldə etmək imkanı mövcuddur. Atacağı addımlar sayəsində cari planda qiymətdə uduzan və itkisini daha çox hasilatla kompensasiya edən Riyad perspektiv planda rəqibsiz qaldığı bazarda qiymətləri tənzimləmə imkanına malik ola bilər. Özünə sərf edən yeni qiymətlərlə satış perspektivi isə ona əvvəl itirdiklərini də qazandırar. Bazarını ona qapdıran digər hasilatçıların yenidən Səudiyyə Ərəbistanını haqlamaq imkanları da olmaz.

Üçüncüsü, Səudiyyə Ərəbistanının girdiyi bu amansız mübarizə digər neft ölkələrini də eyni addım atmağa məcbur etdiyindən, hər kəs hasilatı maksimum səviyyədə artırmağa çalışar. Sözsüz ki, özünün başlatdığı bu amansız rəqabətdən Səudiyyə Ərəbistanının geri çəkilməsini gözləməyə dəyməz.

Doha toplantısından sonra yaşanacağı gözlənilən bu rəqabətdən isə ən tez və çox itirənin isə, sözsüz ki, kiçik hasilatçıların olacağı gözlənilir. Həm qiymətlərin getdikcə aşağı düşməsi kiçik hasilatçıların istehsal imkanlarını tam rentabelsiz hala gətirə bilər, həm də neftə doymuş bazarın onların təklif etdiyi məhsula ehtiyacı qalmaz.

Azərbaycan da bu cür kiçik neft hasilatçısı olduğundan, Səudiyyə Ərəbistanının İrana, ABŞ-ın Rusiyaya atdığı kəllənin onlardan qabaq bizə dəyməsi ehtimalı güclüdür. Hədəf kimi qarşıya qoyduğu qeyri-neft sektorunu mümkün olduğu qədər tez formalaşdırmasa, ölkəmizin ilk əvvəl qiymətlərin ucuzlaşmasından dolayı iflasa doğru sürüklənməsi, daha sonra isə qlobal neft bazarındakı yerini, ümumiyyətlə, itirməsi mümkündür.

Qeyd edək ki, Doha sammitindən sonra dünya bazarında gözlənilən ucuzlaşma artıq baş verir. Sammitə qədər səslənən nikbin proqnozların təsiri altında 43 dollara yüksələn Brent markalı neft hazırda 5%-dən çox ucuzlaşaraq, 40.85 dollara qədər enib. Ümumiyyətlə isə, qiymətlərin yenidən 30 dolların altına düşmə ehtimalı istisna olunmur.

Allah sonrasından saxlasın!

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə