XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 18:20

Putin Qarabağ danışıqlarına start verir:Moskva tərəflərə “güzəştlər paketi” hazırlayıb

 

putin aliyev

"Yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi başlanacaq. Prezident Putin bu danışıqlarda kompromislərin əldə olunması üçün aktiv səy göstərəcək".

Strateq.az bildirir ki, bu barədə “İzvestiya” qəzetinə diplomatik dairələrdəki etibarlı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Rusiya prezidenti hər iki tərəfin siyasi liderlərini şəxsən güzəştlərin vacibliyinə inandırmağa hazırdır.

Mənbə bildirir ki, Rusiyanın təklif etdiyi həll planında ərazinin bir hissəsi Azərbaycana qaytarılır, münaqişə bölgəsinə sülhməramlılar gətirilir, qaçqınlar geri qayıdır, blokada götürülür, Ermənistanla iqtisadi əlaqələr bərpa olunur. Bundan sonra isə Dağlıq Qarabağın müqəddəratı ilə bağlı referendum keçirlməsi nəzərdə tutulur.

Qəzet yazır ki, hələlik tərəflərin heç biri bu planla razı deyil.   

“Qarşıda ağır danışıqlar durur. Burada Rusiyanın köməyi olmadan keçinmək mümkün olmayacaq”, – deyə mənbə qəzetə bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin canlı efirdə sualları cavablandırarkən, Qarabağ münaqişəsinin həlliylə bağlı maraqlı məqamları açıqlayıb. Putin deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması üçün nə lazımdırsa, edəcək.

Putin bildirib ki, Rusiya tam olaraq həm Azərbaycan, həm də Ermənistanla işləmək istəyir: “Bu, çox həssas mövzudur. Biz bu məsələyə məşhur tibbi prinsiplə yanaşmalıyıq: “Zərər vermə!”. Qarabağ məsələsi istisinasız olaraq siyasi metodlarla, hər iki tərəfin kompromisləri əsasında  həll edilməlidir”.

Xatırladaq ki,  Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov da bazar günü «Xəzər TV»yə müsahibəsində bildirib ki, yaxın günlərdə Qarabağ nizamlanması üzrə danışıqların yeni intensiv mərhələsi başlanacaq. Ə.Həsənov həmçinin vurğulayıb ki, ermənilər RF prezidenti Vladimir Putinin çağırışından sonra atəşi dayandırmağa razılaşıblar.

Eyni zamanda tanınmış moskvalı politoloq, RF prezidenti yanında İctimai Palatanın üzvü Sergey Markov bildirib ki, gələcək saziş Qarabağ ətrafında ən azı 5 rayonun azad edilməsini nəzərdə tutur: "Bu, cari ilin sonunadək baş verməlidir".

Xatırladaq ki, RF XİN rəhbəri Sergey Lavrov Bakıda olarkən Qarabağ ətrafında rayonların azad edilməsindən və regionun statusunun müəyyən olunmasından danışıb.

Strateq.az