XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

21 Aprel 2016 - 22:59

Azərbaycandan sərmayəçilərə  böyük güzəşt –“Tik - idarə et - təhvil ver” modeli nə kimi üstünlüklər vəd edir?

investors

Dünən Prezident İlham Əliyev tərəfindən “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında”  qanunun tətbiqi ilə əlaqədar müvafiq fərman imzalanıb. Fərman bu gün dərc olunub.

Bu qanunun qüvvəyə minməsi ölkədə tikinti və infrastruktur obyektlərinin tikilməsi ilə əlaqədar yeni modelin tətbiqi və yeni maliyyələşmə imkanları yaradır.  Bundan sonra:  

– körpülər, tunellər;

– su anbarları, sutəmizləmə qurğuları, suvarma, içməli və məişət su, habelə kanalizasiya sistemləri, o cümlədən magistral qaz kəmərləri, yeraltı qaz anbarları, şəhərdaxili qaz şəbəkələri;

– mətbuat və konfrans mərkəzləri, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri; kommersiya məqsədli binalar, topdansatış bazarları, fabriklər və zavodlar;  

– idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları;

– sənaye parkları, yüksək texnologiya parkları, aqroparklar, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində digər sistemlər;

– kənd təsərrüfatı məhsullarının tədarük anbarları və bu tipli digər obyektlər;

– geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr;

– şoselər, avtomagistrallar, dəmir yolu və relsli sistemlər, avtovağzal kompleksləri, stansiyalar, funikulyor və qaldırıcı sistemlər, logistika mərkəzləri, yeraltı və yerüstü avtomobil dayanacaqları, metro xətləri və stansiyaları;

– xüsusi iqtisadi zonalar, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanları, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslərin tikintisi “Tik – idarə et – təhvil ver” modeli (bundan sonra “TİT” modeli) əsasında maliyyələşdirilə biləcək. 

“TİT” modeli yuxarıda qeyd edilmiş obyektləri ilə əlaqədar investisiya layihələrinin investisiya xərclərinin sərmayə qoyana, onun istehsal etdiyi mal və xidmətlərin istehlakçılar və ya səlahiyyətli orqan tərəfindən müqaviləyə uyğun olaraq satınalma yolu ilə ödənməsini nəzərdə tutur. 

Prezident  Fərmanı ilə səlahiyyətli orqan kimi İqtisadiyyat Nazirliyi müəyyənləşib.  Ən vacib məqam – yuxarıda qeyd edilən obyektlərin tikilməsi ilə bağlı investisiya layihələrini “TİT” modelinə uyğun həyata keçirən investor  (sərmayəçi) bu fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.

Sadə dillə izah etsək, “TİT” modeli ilə tikilən obyektlərə qoyulan sərmayə dövlətlə yanaşı, istehlakçılar tərəfindən ödənilə bilər. Yəni obyektlər investor tərəfindən idarəetməyə də verilə bilər. Yaxud xidmətlər, mallar birbaşa istehlakçıya satıla bilər.

“TİT” modeli tətbiq edilərkən investorlar  qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən olunacaq.

“TİT” modeli tətbiq edilərkən bağlanan müqavilələrə zəruri hallarda dövlət zəmanətinin verilməsi imkanları da nəzərdə tutulub.  Əgər investorun xərcləri istehlakçılar tərəfindən ödənilməsi mümkün olmadıqda, dövlət tərəfindən sərmayəçiyə maddi  yardım verilməsi də nəzərdə tutulub.

“TİT” modelinə uyğun bağlanmış müqavilə üzrə investorlar qarşısında götürülmüş öhdəliklərin icrasına dövlət zəmanəti verilir.

“TİT” modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz.

Bu qanunun qəbulu və qüvvəyə minməsi Azərbaycanda investisiya mühtinin yaxşılaşdırılması, qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi üçün  çox böyük imkanlar açır.  Azərbaycan dövləti adından sərmayəçilərə çox böyük güzəştlər təklif olunur.   Neft müqavilələri istisna olmaqla, Azərbaycanda investorlar üçün indiyədək bu qədər əlverişli şərtlər təklif olunmamışdı.  

“TİT” modelinin tətbiqi dairəsi də kifayət qədər geniş müəyyənləşdirilib və qeyri-neft sektorunun əsas seqmentlərini əhatə edir.

“TİT” modelinin tətbiqində uğurlar əldə olunarsa, dövlət büdcəsinin yükü də çox azalacaq. İnfrastruktur layihələrinə büdcədən kənar vəsaitləri cəlb etmək,  bununla da həm məşğulluğu təmin etmək, həm də iqtisadi inkişafa da təkan vermək mümkün olacaq.

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə