XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 14:10

Səudiyyə Ərəbistanı neft bazarına hökmünü itirir:Rəsmi Riyadın Vaşinqtona qəzəbinin sirri

Neft istehsalçılarının Doha sammitinin uğursuz nəticələnməsindən sonra hər kəs dünya bazarında qiymətlərin ucuzlaşacağını gözləyirdi. Maraqlıdır ki, bu uğursuz nəticə bazarda öz əksini tapmadı. Əksinə, qiymətlər son 5 ayın ən yüksək səviyyələrinə yüksəldi.

Mütəxəssislər ilk baxışdan qeyri-adi görünən bu hadisəni bir sıra amillərlə izah edirlər.

Amillərdən biri ABŞ-ın neft şirkətlərinin maraqları ilə izah olunur. Bildirildiyinə görə, “qara qızıl”ın 100 dolların üzərində olan qiymətlərinin aşağı düşməsi ABŞ şirkətlərinin şist neftini daha ucuz çıxarılması metodlarını tapmasıyla ortaya çıxdı. Beləcə, öz daxili ehtiyaclarından qat-qat artıq “qara qızıl” çıxaran ABŞ 1973-74-cü il neft böhranından sonra tətbiq etdiyi ixracat qadağasını ortadan qaldırdı. Nəticədə şist neftinin sayəsində gündə 4 milyon barrel (bu, hardasa Küveytin gündəlik istehsal potensialı qədərdir) daha artıq enerji qaynağı qlobal bazara daxil oldu.

Yaranan bolluq ABŞ-ın neft şirkətlərinin belə gözləmədiyi ucuzlaşmalara yol açdı. Qiymətlərin 30 dollardan aşağı düşməsi isə ilk növbədə şist nefti istehsal edənlərin zərərinə idi. Çünki xam neftdən fərqli olaraq, yeraltı qayalardan alınan bu enerji qaynağı daha baha  başa gəlir. Məntiqlə, şist nefti istehsal edən şirkətlərin iflasdan yayınması üçün qiymətlər də  bahalaşmalıdır.

KİK, Lübnan'a yardımların durmasını destekliyor

Bəs, hansı qiymət həddi ABŞ-ın enerji maraqlarına cavab verir?

ABŞ-ın enerji araşdırma şirkəti “Wolfe Research”ın bu ilin əvvəllərində hazırladığı bir hesabat yuxarıdakı suala qismən cavab verir. Hesabata görə, “qiymətlər indiki ucuz səviyyələrdə qalarsa, 2017-ci ilə qədər ölkənin neft şirkətlərinin 3/2-si iflas edə bilər. Onların ayaqda qalması üçün isə qiymət, ən azı, 50 dollar səviyyəsinə yüksəlməlidir”.

Statistik məlumatlar da “Wolfe Research”in hesablarını doğrulayır. Məlumata görə, qiymətlərindəki ucuzluq ABŞ-da bir çox neft quyusunun işini dayandırmasına səbəb olub. Hətta aktiv neft quyusu sayının 2009-cu ilin noyabrından bu yana ən aşağı səviyyəyə endiyi bildirilir.

Digər səbəblərdən biri də OPEC üzvlərinin istehsalı azaldacaqlarına dair gözləntilərin tam ortadan qalxmamasıdır. OPEC rəsmilərindən gələn xəbərlər də bu qənaəti qüvvətləndirir. Təşkilatın baş katibi Abdulla əl-Bədrinin bir müddət əvvəl verdiyi açıqlama bu qəbildəndir. Əl-Bədri açıqlamasında istehsalı dondurma fikrinə geri dönəcəklərini və digər ölkələrlə də bu barədə danışıqları davam etdirəcəklərini bildirmişdi.

Sözsüz ki, bazar münasibətlərini quru vədlər və gözləntilərdən daha çox, real iqtisadi göstəricilər müəyyənləşdirir. Neftin qiymətinin indiki kimi 40 dolların üzərində olmasında zəngin körfəz ölkələrində istehsalın azalmasının mühüm rolu var.

Uzun illər boyu neftdən gələn böyük pullar sayəsində əhalisi az olan körfəz ölkələrindən bəzilərində müxtəlif səbəblərdən istehsalın azaldığı müşahidə olunur. Qətər, Bəhreyn kimi ölkələr neft erasının bitmək üzrə olduğunu anladıqlarından, qeyri-neft sektorunun inkişafına yönəlib və əllərindəki ciddi kapitalla sənayeləşmə hədəflərini reallaşdırmaq istəyirlər. Onların neft hasilatını artırmaqla ölkə dolandırmaq kimi dərdləri yoxdur. OPEC üzvlərindən istehsal potensialına görə 4-cü böyük ölkəsi sayılan Küveytdə isə neftçilər maaşlarının azalmasına etiraz etmək məqsədilə tətilə çıxmışdılar. Beləcə, istehsal həcmi gündə 4 milyon barrel olan ölkədə hasilat 1.5 milyon barrelə düşmüşdü. Bu da dünya bazarında hər gün, hardasa, 2.5 milyon neftin azalması mənasına gəlirdi.

Verilən məlumata görə, Küveyt neftçiləri artıq tətillərini dayandırıblar. Ölkənin neft naziri Anas əl-Saleh öz tiwitter hesabında paylaşdığı statusunda bunu təsdiqləyərək, bildirib ki, Küveyt qısa zaman ərzində hasilatı atrırıb, 3 milyon barrelə çatdırıb. Eyni zamanda ABŞ-ın neft anbarlarının da son həddə qədər dolduğu bildirilir. ABŞ Enerji İnformasiya İdarəsinin hesabatına görə, ötən həftə anbarlardakı neft 1930-cu ildən bəri qeydə alınan ən yüksək həddə – 538.6 milyon barrelə yüksəlib. Sözsüz ki, bu bolluğun quymətlərə yenidən mənfi təsir edəcəyi gözlənilir.

Bəzi mütəxəssislər isə bu fikirlə razılaşmırlar. Onların fikrincə, neft hələ uzun zaman 40 dolların altına düşməyəcək. Ekspertlər hətta Doha sammitinin uğursuz nəticəsi olmasaydı, qiymətlərin 60-70 dollar həndəvərində olacağını deyirlər.

Maraqlı bir sual ortaya çıxır: Doha sammitində razılıq əldə olunacağı təqdirdə, neftin qiymətinin 50%-dən daha çox artması ehtimalı varkən, Səudiyyə Ərəbistanı və bəzi körfəz ölkələrinin “atı yoxuşa sürmələrinin” səbəbi nə idi?

Sözsüz ki, bu, Səudiyyə Ərəbistanının pula ehtiyac duymamasından qaynaqlanmırdı. Rəsmi Riyadın son zamanlar beynəlxalq banklardan 8-10 milyard dollarlıq kredit almaq üçün müraciət etməsi ölkənin düşünüldüyü kimi, “pula əl çirki” kimi baxacaq qədər zəngin olmadığını göstərir.  Əksinə, qiymətlərin indiki səviyyədə davam etməsi nəticəsində krallığın ömrünü, uzaqbaşı, 5 il davam etdirəcəyi proqnozlaşdırılır. 5 ildən sonra isə iflas qaçılmaz olacaq.

Məsələ, rəsmən açıqlandığı kimi, İranla aparılan geopolitik mübarizə də deyil. İranın öz gündəlik ehtiyacını 1,5 milyon artırıb, uzaqbaşı, Küveyt qədər neft istehsal etməsinin Səudiyyə Ərəbistanının bazar maraqlarına ciddi təsir göstərəcəyi qətiyyən inandırıcı görünmür. Sözsüz ki, bunun  müəyyən təsirləri ola bilər. Amma bu təsirlər qiymətlərin 50% artırması müqabilində qazanılacaqlarla müqayisədə gözə görünəcək əhəmiyyətdə deyil.

Zənnimizcə, Səudiyyə Ərəbistanının başlıca dərdi qiymətlərdən çox, öz neft strategiyasının tələblərindən qaynaqlanır. Bu zamana qədər Səudiyyə Ərəbistanı dünyanın ən çox neft istehsal edən ölkəsi kimi bazarda hegemonluq edir, hətta “qara qızıl”dan strateji silah kimi faydalanaraq, qlobal siyasətin yönünü dəyişə bilirdi. Təsadüfi deyil ki, 1973-74-cü illərdə onun körfəz ölkələrini ərtafına toplayıb tətbiq etdiyi sanksiyalar nəticəsində neftin qiyməti 3 dollardan 12 dollara – təxminən 400% qalxmışdı. Bu zərbədən ABŞ sənayesi ciddi şəkildə təsirlənmiş, böhranın qarşısını almaq üçün Vaşinqton öz neftinin ixracatına qadağa qoymuşdu. Haradasa, 40 il qlobal sənayenin yönünü dəyişən bu güc artıq yoxdur. Qlobal neft bazarını indi Səudiyyə krallığı yox, ABŞ neft strategiyası tənzimləyir. Bu strategiya isə qiymətlərin 40 dollardan aşağı düşməsini məqsədəuyğun hesab etmir. Çünki bundan aşağı qiymət ABŞ neft sənayesinin iflası demək olar.

Səudiyyə Ərəbistanının Doha sammitində çözümsüzlük tərəfdarı kimi çıxış etməsi də, böyük ehtimalla, bununla bağlı idi. Görünür, rəsmi Riyad neft bazarında özünün yerini tutan ABŞ-ı sıxışdırıb çıxarmaq üçün bu yola baş vurmaq istəyirdi. Məqsəd ABŞ-ın “qara qızıl” istehsalının əhəmiyyətli hissəsini təşkil edən şist neftini rentabelsiz hala gətirmək və onun iflasından sonra yenidən bazara hakim olmaqdı.

2014-cü ildən sonra neft istehsalçıları arasındakı tarazlığın krallığın əleyhinə dəyişdiyini əks etdirən rəqəmlərə nəzər salsaq, nə demək istədiyimizi daha rahat başa düşmək mümkündür. Bu tarixə qədər krallıq dünyanın ən çox neft çıxaran ölkəsi idi. 2015-ci ildə isə ABŞ gündəlik 11.6 milyon barrellə onu geridə buraxdı. Hətta bəzi statistikalara görə, Səudiyyə Ərəbistanı azacıq fərqlə Rusiyadan belə geridədir. Bu potensialla o, təbii ki, əvvəlki əzəmətini itirdiyinin fərqindədir və keçmiş gücünə qayıtmaq istəyir. Bunun üçünsə riskə girir, bazarı digər rəqiblərə buraxmamağa çalışır.

İqtisadi potensialı neft hasilatına bağlı olmayan ABŞ isə bazara arzuladığı qədər məhsul çıxarmaqla, sükanı öz əlində tutmağı bacarır. ABŞ Enerji İnformasiya İdarəsinin hesabatına görə, Doha sammitindən sonra  neft ixracatını 2.6% aşağı salan ABŞ son 18 ayın ən aşağı göstəricisini statistik rəqəmlərə yansıdaraq, qiymət ucuzlaşmasının qarşısını ala bildi.

Bu rəqabətin nə zamana qədər davam edəcəyini indidən müəyyənləşdirmək çətindir. Amma artıq o bəllidir ki, Səudiyyə Ərəbistanı bir daha neft bazarına hökm edə bilməyəcək. Doha sammitinin uğursuz nəticələrinin neftin ucuzlaşmasına təsir etməməsi də Riyadın təsirsiz bir gücə çevrildiyinin ən bariz nümunəsidir.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə