XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 21:14

ABŞ-dan Rusiyaya qaz “bombası”:Qlobal enerji müharibəsinin yeni və ən önəmli mərhələsi başladı

ABD'den Avrupa’ya gaz sevkiyatı başladı

 

ABŞ Avropaya ilk qazını göndərib.

Strateq.az xəbər verir ki, mayeləşdirilmiş qazı daşıyan tanker ABŞ-ın Luiziana ştatından Portuqaliyaya doğru hərəkətə başlayıb.

Mütəxəssislər uzun zamandır Rusiyanın hegemonluq etdiyi Avropa qaz bazarında bu hadisədən sonra ciddi rəqabətin başlayacağını bildirirlər. Avropanın maliyyə şirkətlərindən biri olan “Société Générale”-nin mütəxəssisi Tierri Bros da bu cür düşünənlərdəndir. Onun fikrincə, “bu hadisə Amerika mayeləşdirilmiş qazı ilə boru xətti vasitəsilə gələn qaz arasındakı yeni qiymət müharibəsinin başlanğıcıdır”.

ABŞ qazı daha ucuz olduğundan Avropa bazarının rus qazından imtina edəcəyi və ya Rusiyanın öz təbii sərvətini dəyər-dəyməzə satmaq məcburiyyətində qalacağı güman olunur.

Mütəxəssislərin fikrincə, ümumiyyətlə, qısa zaman ərzində dünya qaz ehtiyacının 80%-i ABŞ və Avstraliya tərəfindən təmin ediləcək. Bu durumda Azərbaycanın qaz strategiyası da ciddi problemlə üzləşə bilər.

Qeyd edək ki, Qərb ölkələri Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün rus qazından imtina etməyə çalışırlar. Hətta Azərbaycanın qaz layihəsi olan TANAP-ın da bu məqsədə xidmət etdiyi bildirilir. ABŞ Azərbaycanla yanaşı, Qətər, Suriya və İran qazının da Avropaya axınını təmin etmək üçün “Cənub Qaz Dəhlizi” projesinin reallaşdırılmasında maraqlı olduğunu dəfələrlə etiraf edib.

Rusiya da ABŞ-ın bu siyasətinə qarşı əli-qolu bağlı qalmaq fikrində deyil. Onun Suriyaya müdaxiləsinin kökündə dayanan başlıca səbəblərdən biri də məhz bu amillə izah olunur. Bildirilir ki, Qətər və Suriya qazının keçəcəyi marşrut üzərində vətəndaş müharibəsi təhlükəsinin davam etdirilməsində maraqlı olan Moskva hərbi qüdrətindən istifadə edərək, öz alternativsizliyini qorumağa çalışır.

Son zamanlar Dağlıq Qaraba ətrafında baş verən hadisələrdə də rus qaz strategiyasının qoxusu hiss olunur. Ehtimallara görə, münaqişədən istifadə edən Rusiya öz silahlı qüvvələriylə Cənubi Qafqazda oturaraq TANAP üçün də təhlükə zolağı yaratmaq niyyətindədir.

Görünür, Rusiyanın bu aqressiv siyasətinin qarşısını almaq və onun Avropadakı “qaz ayağını” kəsmək üçün ABŞ-ın özü oyun səhnəsinə daxil olur. Rusiyanın bu güc qarşısına çıxmaq üçün isə nə coğrafi zəmini, nə hərbi qüdrəti, nə də siyasi-hüquqi əsası var.

Xatırladaq ki, Rusiyanın hərbi qüdrətindən istifadə edərək, qaz ehtiyacının 3/2-ni özündən asılı saldığı Avropa ölkələri Norveç, Əlcəzair və cüzi miqdarda da olsa Yaxın Şərqdən mavi yanacaq alırlar. Avropa Birliyi  rus  qazı asılılığından xilas olmaq üçün enerji inhisarına qarşı qanunlar çıxarıb və Moskvanın bir sıra layihələrinin reallaşmasına mane olur. Fəqət bu siyasətin uğurlu olması üçün rus qazından boşalan yer alternativ layihələrlə doldurulmalıdır. Görünən budur ki, ABŞ da bu boşluğu öz qazıyla doldurmağa çalışır.

Məlumata görə, ABŞ mayeləşdirilmiş qazın ixracatına fevral ayında başlayıb. Ölkənin “Chénier Energy” şirkəti ilk qaz ixracatını Braziliyaya reallaşdırıb. Ondan sonra şirkət bir neçə avropalı istehlakçılarla da uzunmüddətli kontraktlar imzalayıb.

ABŞ-ın bu qaz sevdası baş tutarsa və Avropa rus qazından imtina edərsə, Moskva həm dünya siyasətində müəyyənedici rolunu, həm də ildə milyardlarla dollar (hər il Avropaya ixrac etdiyi qazdan 200 milyard dollar qazanır) pulunu itirəcək.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə