XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 18:15

Qazax rayonununun Xanlıqlar kəndində aclıqdır

Qazax rayonunun Xanlıqlar kəndinin sakinləri aclıq aksiyası keçirirlər. Bu barədə məlumatı Strateq.az-a ADR Hərəkatının Qazax rayon təşkilatının sədri Haqverdiyev Nizami Qara oğlu verib. Nizami bəyin bildirdiyinə görə, vətəndaşları bu addımı atmağa məcbur edən qarşılaşdıqları böyük fırıldaqçılıq əməli və rayon rəhbərliyinin buna binagəliyidir. Belə ki, kəndin 230 sakininin adına 2013-cü ilin müxtəlif vaxtlarında külli miqdarda kreditlər götürülüb və ödənməyib. Vətəndaşlar bu hadisədən işləri məhkəməyə verildikdən sonra xəbər tutublar.

2014-cü ildə ilk dəfə məhkəməyə çağırılan kənd sakinləri nə qədər əlləşsələr də nə hakimi, nə də dövlət ittihamçısını inandıra biliblər ki, adlarına götürülən bu kreditin əslində onlara dəxli yoxdur. Sadəcə, kəndlərindəki uşaq bağçasının müdirəsi Xatirə Əsgərova öz rəfiqəsi Pərvanə ilə bərabər kəndlilərinin etibarından istifadə edərək rayondakı iki bankdan özləri üçün pul götürüblər və bu işdə xanımlara “Kapital” və “Zamin” bankların yerli filiallarının rəhbərləri kömək edib.

Nizami Haqverdiyevin fikrincə, vətəndaşların aldılmasında adı çəkilən bankların yerli rəhbərlərinin də birbaşa maraqları olub: “Əks halda heç bir yerdə işləməyən, ayda sadəcə 50 manat təqaüd alan kənd sakinlərinə külli miqdarda pul ayrılmasını başqa arqumentlərlə izah etmək mümkün deyil. üstəlik, bu sakinlərdən bəzilərinə aldığı borcu ödəmədən təkrar kreditlər verilib. Bu şəkildə eyni bankdan adlarına 4 dəfə kredit yazılan vətəndaşlar var”.

Bankların kredit əsasnamnəsinə görə, əsla mümkün olmayan bu hal, həqiqətən də, ciddi şübhələrə yol açır. Bütün hallarda bunu araşdırmaq hüquq mühafizə orqanlarının işi olduğundan biz kimlərisə şübhə altında qoymaq istəmirik. Sadəcə, bu müəmmanın altında yatan mətləbi anlamaqda çətinlik çəkir, qiymət verməyi hüquq adamlarımıza həvalə edirik.

Müəmmalı cəhətlərdən biri də bundan ibarətdir ki, bankların külli miqdarda vəsaiti it-bata düşsə də onların yerli filiallarının rəhbərləri öz postlarını hələ də qoruyur və şikayətçi qismində aldadılan vətəndaşların önünə çıxırlar.

Adlarına götürülən külli miqdarda pulun 5 qəpiyini belə görməyən kəndlilər isə indi onun ağır məsuliyyəti altında qalıblar. Uzun müddət məhkəmələrə çəkilməkdən rahatlıqları pozulan kənd sakinlərinin bağça müdirəsinə inanmalarına verilən cəza isə xeyli ağır olub. Məhkəmənin qərarıyla onlar üzünü görmədikləri borcları qurtarana qədər aldıqları maaş və təqaüdün hamısını banklara ödəməli olacaqlar. Kredit borcları isə ömürlərinin sonuna qədər bitməyəcək məbləğdədir. Əksəriyyəti 50 manat təqaüd alan bu sakinlərin adına bankalardan ən az halda 3000 manat çəkilib. Hətta onların arasında banklara 30000 manat borclandırılanlar da var. Qısası, Qazax rayon məhkəməsinin məlum qərarıyla onlar ömürlərinin sonuna qədər təqaüd və maaşlarını banklara ödəsələr belə, yenə bu dünyadan borclu köçəcəklər.

Sakinlərə ən çox yer edən ədalətinə pənah apardıqları məhkəmənin bankların xeyrinə çıxartdığı qərardan çox, onun qətnaməsinin kəndlilərə verilməməsidir. Dolayısıyla binəva “borclular” yuxarı instansiyalara müraciət edib pozulan hüquqlarının bərpasına belə ümid bağlaya bilməzlər. Şikayətçilərin dərdinə tərcümanlıq edən Haqverdiyev Nizaminin dediyinə görə, nə illah edirlərsə, hakim Məhərrəm Allahverdiyev öz çıxartdığı məhkəmə hökmünün “mübarək” surətini Xanlıqlar kənd sakinlərinə qıymır və bu qıyımsızlığını heç nəylə də əsaslandırmır. Etibarlarından istifadə olunub aldadılanların şikayətinə heç rayon polis idarəsində və prokurorluğunda da baxan yoxdur.

Məcburiyyət qarşısında qalıb bir müddət bundan əvvəl səslərini ölkə rəhbərlərinə çatdırmaq istəyən kənd sakinləri mətbu orqanlara üz tutmalı olublar. Şikayətləri və dərdləri saytlarda işıq üzü görən kimi, sakinlərin də ümidləri yenidən cücərməyə başlayıb. Zarafat deyil, ölkənin o boyda Baş Prokuroru Zakir Qaralov şəxsən məsələylə maraqlanacağına və problemin öz ədalətli həllini tapacağına söz veribmiş.

İnsafən, paytaxtdan gələn bu xoş xəbərdən sonra rayonda həqiqətən onları itirib axtaranlar da tapılıb. Şikayətçiləri bir-bir qəbul edən rayon prokurorluğu, məhkəmə və polis şöbəsinin böyükləri sakinləri inandırıb ki, “bəs, təlimat yuxarıdan gəlib, ona görə də ürəklərini buz kimi saxlasınlar, bu iş mütləq ədalətlə həll olunacaq”. Kənd sakinləri də sevinə-sevinə öz evlərinə dağılışıb ədalət günəşinin nə zamansa Qazax rayonunun qaranlıq səmalarında bərq vuracağı günü gözləməyə başlayıblar. Sən demə, bu səfər də həmin ədalət günəşi Xanlıqlar əhlinin yox, bankların üzünə doğacaqmış. Rayon məhkəməsinin hakimi Məhərrəm Allahverdiyevin çıxartdığı hökmə görə, tapşırığı mötəbər yerdən gələn sakinlərin bir də zəhmət çəkib kənddən rayon mərkəzinə təşrif buyurmasına ehtiyacı olmayacaq, borclar onların maaş və təqaüdlərindən tutulacaqmış.

Di gəl ki, hökumətimizin bu qədər alicənablığı yenə Xanlıqlar kəndinin qədirbilməz sakinlərini qane etmir, onlar adlarına yazılan borcları, ümumiyyətlə, ödəmək istəmirlər. Sözçüləri Nizami Haqverdiyevin bildirdiyinə görə, kəndliləri aclıq aksiyası keçirməyə vadar edən də elə məhkəmənin çıxartdığı bu qərar olub. Sanmayın ki, bu aksiyanı keçirməklə onlar maaşsız, təqaüdsüz ömürlük ac qalacaqlarını düşündüklərindən yeni həyatın şərtlərinə ayaq uydurmaq üçün məşq edirlər. Yox, əsla. Sadəcə, bu yolla səslərini rayon rəhbərliyinə və paytaxtdakı baş bilənlərə çatdırmaq istəyirlər. Səslərinin Qazaxdan paytaxta gəlib çıxdığını deyə bilmərəm, amma deyəsən, etirazlari həqiqətən də gedib rayon mərkəzinə qədər çata bilib. Görünür, bunun nəticəsidir ki, dünən aclığa başlayan sakinləri bu gün icra hakimiyyətinin rəhbəri Ayaz Əsgərov görüşə dəvət edib. Görüşdə icra başçısıyla yanaşı, rayon məhkəməsinin sədri, prokuroru, polis rəisi və rayonda mövcud olan bütün bankların rəhbərləri də iştirak ediblər. Uzun müzakirələrdən sonra icra başçısı üzünü “Zaminbank”ın və “Kapital” bankın yerli rəhbərlərinə tutub sakinlərə necə kömək edəcəkləriylə maraqlanıb. “Zaminbank”ın yerli rəhbəri faiz borclarını dayandırmağa çalışcağını, “Kapital” bankın nümayəndəsi isə ödəmə zamanının bir az daha uzadıla biləcəyi xəbəriylə Xanlıqlar əhalisini “müjdələyib”. Qısası, bu görüşdə də kənd sakinlərinə “özünüzü öldürsəniz də, almadığınız borcu ödəməlisiniz” deyilib.

Kənd sakinləri kor-peşiman evlərinə qayıdıb aclıq aksiyasının nəticələrini müzakirə edirlər. Türklər demişkən, “tamammı, davammı?” sualının cavabını müzakirələrdən sonra bəlli olacaq.

Nizami Haqverdiyevin bildirdiyinə görə, sakinlər və o, müxtəlif şəxslər tərəfindən müxtəlif təhdidlər
ə məruz qalırlar.
Rayon rəhbərliyindən paytaxta şikayət edən sakinlərdən işi olanını işdən çıxarılacaqları, övladı olanları isə övladlarının həbsə atılacaqları ilə qorxudurlar. Şikayətçilərin dərdinə tərcümanlıq edən Nizami bəy isə daha qorxunc taleylə-ölümlə təhdid olunub. Bildirdiyinə görə, onu təhdid edən Xanlıqlar kənd bələdiyəsinin nümayəndəsi Şəmiddin Şahvələdovdur.

Heydər Oğuz

Strateq.az

P.S. Yazı hazırlandıqdan sonra xəbə aldıq ki, Xanlıqlar kəndinin sakinləri “aclığa davam!” qərarı veriblər.