XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

23 Aprel 2016 - 13:11

Lavrov Yerevanda yenə “köhnə hava çaldı” –Azərbaycan isə böyük güzəştindən hər an imtina edə bilər!

Kazan-gorushu-2

Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevan səfəri Qarabağ nizamlanması prosesində Moskvanın mövqeyinə,  masa üzərində olduğu deyilən yeni təkliflərə aydınlıq gətirməkdənsə, daha çox sual yaratdı.

Xatırladaq ki, Lavrov son Bakı səfərində – 6 apreldə prezident İlham Əliyevlə görüşündə bildirmişdi: “…Son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik”.

Aprelin 7-də isə Rusiyanın TASS agentliyinə müsahibəsində Lavrov Moskvanın vasitəçilik səyləri ilə bağlı müəyyən ipucları da vermişdi. O vurğulamışdı ki, prezident Vladimir Putin, buna qədər isə prezident Dmitri Medvedev müxtəlif ideyaları fəal şəkildə irəli sürüblər və bu ideyalar Qarabağ ətrafındakı rayonların azad edilməsinə və eyni zamanda, Qarabağın statusu məsələsinin həlli yolu ilə vəziyyətin sadələşdirilməsinə imkan verəcək: “Təfərrüata varmaq istəmirəm, lakin danışıqlar masası üzərində bir neçə variant qalır, dünən Azərbaycan Prezidenti ilə görüşdə bu məsələyə də toxunduq. Səylərimizi davam etdirəcəyik”.

Sergey Lavrovun  haqqında danışdığı anlaşmanı şərh edən erməni tərəfi bu təklifləri  “Kazan prinsipləri” kimi təqdim etməyə çalışdı.  Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin  başçısı Tiqran Balayan 2011-ci il iyunun 24-də Kazanda tərəflərə təqdim edilmiş sənədin Azərbaycan tərəfindən rədd edildiyini iddia etdi…

Aprelin 21-22-də Ermənistana səfər edən Lavrovun Yerevanda Moskvanın ciddi-cəhdlə gizli saxlanılan yeni təkliflərinə az da olsa aydınlıq gətirəcəyi ilə bağlı  gözləntilər varıydı. Amma Lavrov bu mövzuda susdu və Azərbaycanda birmənalı qarşılanmayan açıqlamalar verdi. Lavrov qeyd etdi ki, bu gün prioritet məsələ 1994 və 1995-ci illərin sazişlərinə qeyd-şərtsiz əməl edilməsidir: “Onlar müddətsizdir və hər kəs tərəfindən hörmət edilməlidir. Rusiya həmsədrlər üçlüyünün üzvü kimi tərəflərə hərtərəfli yardım göstərmək üçün hər şey edəcək. Hazırki mərhələdə atəşkəs barədə razılaşmanın yerinə yetirilməsi ilə yanaşı, 2011-ci ildə təqdim olunan və ATƏT tərəfindən hazırlanan təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi vacibdir”.

Bu bəyanat və eyni zamanda Lavrovun Yerevanın “Kazan prinsiplərini” rədd etmədiyini açıqlaması da ermənilərdən çox, Azərbaycana ünvanlanıb.

Doğrudur, hələ aprelin 7-dən bu yana Kremlin mövqeyində ciddi dəyişiklik baş verdiyini, yaxud Yerevanda Lavrovun sadəcə ermənilərə xoş gəlmək üçün bu bəyanatı səsləndirdiyini söyləmək tezdir. Atəşkəs rejiminə əməl edilməsinin vacibliyini  ruslar  hər  zaman vurğulayıblar.  “Kazan prinsiplərinə” gəldikdə isə heç Azərbaycan tərəfi də bundan imtina etməyib.  Sadəcə öz düzəlişlərini təklif edib, ermənilər isə bunları qəbul etməyiblər. Bakıda Qarabağ nizamlanması ilə bağlı  Medvedev və Putinin ideyalarından söz açan Lavrovun Ermənistanda bu mövzuda susmasının diplomatik gediş olması, yaxud doğurdan rusların fəal vasitəçilik səylərindən vaş keçməsinə işarət olduğu yaxın vaxtlarda  bəlli olacaq.

 

“Medvedev planı”, yaxud “Kazan prinsipləri”nin sirri

 

Kazan-gorushu-3

Rusiyanın mövqeyini başa düşmək üçün son günlər haqqında tez-tez danışılan “Medvedev planı”, yaxud “Kazan prinsipləri”  ilə bağlı ətraflı müzakirə açmağa da ehtiyac var.

“Kazan prinsipləri”  o zamankı Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının danışıqları nəticəsində “Madrid prinsipləri”nə yenidən baxılması əsasında meydana çıxmışdı. Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri iki dəfə Moskvada, daha sonra Həştərxan və Soçidə bir araya gələrək müzakirə aparmışdılar.  Rusiyanın səylərinə beynəlxalq birlik də fəal dəstək verirdi.

Kazan görüşünə bir ay qalmış – 26 may 2011-ci ildə ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin “Böyük səkkizliyin” sammiti çərçivəsində Qarabağ nizamlanması ilə bağlı Dövil bəyanatı səslənmişdi. Bəyanatda Azərbaycan və Ermənistan Rusiyanın vasitəçilik səyləri ilə meydana çıxan nizamlama planı əsasında razılıq əldə etməyə çağrılırdı.

2011-ci il 24 iyunda keçirilən Kazan görüşündən bir gün əvvəl isə ABŞ prezidenti də azərbaycanlı və erməni həmkarlarına zəng vurmuşdu.

Bundan əvvəl isə, 15 iyunda  Avropa Parlamentində Qarabağ nizamlanması ilə bağlı dinləmələr keçirilmişdi.

Minsk qrupunun o zamankı amerikalı həmsədri Robert Bradtke “Kazan prinsipləri”  üzərindən sirr pərdəsini götürmüşdü. O bildirmişdi ki, Kazanda müzakirə edilməsi nəzərdə tutulan baza prinsipləri üzrə razılaşma layihəsi, munaqişənin sülh yolu ilə həlli üçün danışıqların aparılması prinsiplərini nəzərdə tutan 5 səhifəlik, 14 maddəlik  sənəddir.

Kazan görüşündən 13 gün əvvəlsə Moskvada Azərbaycan və Ermənistan XİN başçıları S.Lavrovun iştirakı ilə danışıqlar aparmışdılar. Görüşlə bağlı hər iki XİN bənzər açıqlama vermişdi. Açıqlamalarda qeyd olunurdu ki, tərəflər Dağlıq Qarabağ nizamlanmasının əsas prinsiplərinin bir sıra vacib  məqamları ilə əlaqədar mövqelərini yaxınlaşdıra biliblər.

İyunun 16-da Rusiya XİN-in rəsmi sözçüsü Aleksand Lukaşeviç Kazan danışıqları ilə bağlı daha açıq danışmışdı. O bildirmişdi ki, əldə olunan razılaşmalara uyğun olaraq, prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri ilə bağlı layihəyə baxılması nəzərdə tutulub.

İyunun 24-də baş tutan Kazan görüşündə isə heç bir nəticə əldə olunmadı. Görüşdən sonra Azərbaycan, Rusiya  və Ermənistan prezidentləri birgə bəyantla çıxış etdilər. Bəyanatda qeyd olunurdu ki, prezidentlər onların göstərişi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri layihəsinin razılaşdırılması istiqamətində aprlan işləri müzakirə ediblər. Dövlət başçıları əsas prinsiplərin qəbul edilməsi üçün bir sıra məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə edilməsini qeydə alıblar.

Kazan görüşündən sonra ermənilər Azərbaycanın “Kazan prinsiplərini” qəbul etmədiyini, sənədə 10 düzəliş təklif etdiyini iddia etdilər.

Kazan görüşündən sonra Azərbaycan diplomatları və rəsmiləri dəfələrlə bəyan etdilər ki, Bakının ən böyük güzəşti işğal altında olan torpaqların azad olunmaması üçün hərbi əməliyyatlara başlamamasıdır.

 

Azərbaycanın ən böyük güzəşti

 

İlham-Eliyev-ordu-4

Rəsmən açıqlanmasa da, KİV-ə sızan məlumatlardan aydın olur ki, Bakı daha çox  Kazanda müzakirə olunan əsas prinsiplərdə Azərbaycanının hərbi əməliyyatlara başlamaq hüququndan imtinasını nəzərdə tutan müddəalların təklif edilməsinə etiraz edib. Eyni zamanda Qarabağın statusu və Qarabağda referendum keçirilməsi ilə bağlı məqamlar, Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması şərtləri də Bakını razı salmayıb. 

Ruslar isə bu məsələlərdə ermənilərə təzyiq etməkdən çəkiniblər. “Kazan prinsipləri”, “Madrid prinsipləri” kimi mərhələli həll ilə paket şəkilində həll yanaşmasının sintezini nəzərdə tuturdu. Ümumi yanaşma isə Azərbaycanın işğal olunmuş 7 rayonunun geri qaytarılmasını, Qarabağa müvvəqqəti aralıq status verilməsini, Qarabağda müəyyən müddətdən sonra referendum keçirilməsini, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tuturdu.

Prinsipcə, bu ümumi yanaşma ilə hər iki tərəf razıdır. Amma bu prinsiplər əsasında “yol xəritəsi” işlənən zaman ermənilərin maksimalist tələbləri anlaşmanı qeyri-mümkün edir. Ermənilər Laçın və Kəlbəcəri Qarabağın son statusu müəyyənləşənə qədər nəzarətlərində saxlamaq, Qarabağa isə faktiki müstəqillik verən status tələb edirlər. Bunlarla yanaşı, Azərbaycanın birmənalı şəkildə müharibəyə başlamaq hüququndan imtina etməsi şərtinin qəbulunu əsas tələb kimi qarşıya qoyurlar…

Bütün bunların fonunda Lavrovun Yerevandakı 1994 və 1995-ci illərin sazişlərinə qeyd-şərtsiz əməl edilməsini xüsusi vurğulaması Kazan görüşündən bəri Rusiyanın mövqeyinin dəyişdiyinə şübhə yaratmaq üçün əsas sayıla bilər. O zaman da Moskva Yerevana təzyiq göstərməkdən imtina etmişdi.  

Bu il aprelin əvvəlində Qarabağ cəbhəsində 4 günlük müharibə göstərdi ki, doğurdan da Azərbaycanın ən böyük güzəşti işğal altında olan torpaqların azad olunmaması üçün hərbi əməliyyatlara başlamamasıdır. Bu bir faktdır ki, məhz Rusiyanın israrlı təkidləri ilə Azərbaycan hərbi əməliyyatları dayandırdı. 

Lavrovun Yerevan açıqlamaları isə Moskvanın “Kazan sənədi”nə  əhəmiyyətli dəyişiklik etmək niyyətini sual altına qoyur. Düzdür, bu məsələyə aydınlıq gətirilməsi üçün bir müddət gözləməyə ehtiyac olacaq. Çünki  Azərbaycanın 5 il əvvəl məqbul hesab etmədyi şərtlərlə masaya oturacağını gözləmək də sadəlöhvlük olardı.   

Bununla belə,  ruslar üçün də danışıqlar prosesində status-kvonu saxlamaq o qədər asan olmayacaq. Rəsmilər qeyd etməsələr də, Rusiyadan ekspert və politoloqlar açıq şəkildə Moskvanın Qarabağ nizamlanması prosesini tam öz nəzarətində saxlamaq imkanlarının məhdud olduğunu bildirirlər. 

2011-ci ildən bəri dünyada çox şey dəyişib və ruslar bu dəyişiklikləri nəzərə almaya bilməzlər.  “Dörd günlük müharibə” göstərdi ki,  bu dəyişikliklər nəzərə alınmasa, son anda işğalçı Ermənistanı xilas etmək o qədər də asan olmayacaq. 

Bu baxımdan Lavrovun Yerevanda “köhnə hava çalmasına” baxmayaraq,  sonda Moskvanın yeni təkliflərlə çıxış edəcəyi ehtimalını da kənara qoymaq olmaz. Moskva Azərbaycanın ən böyük güzəştindən imtina etməyə hazır olduğunu da nəzərə almalıdır.  “Dörd günlük müharibə” isə Azərbaycan xalqının tam şəkildə buna hazır olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi!

 

Zaur İBRAHİMLİ

Strateq.az