XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

24 Aprel 2016 - 15:29

Sərdar Cəlaloğludan “dördgünlük savaş”la bağlı sensasion açıqlamalar:"Hökumətdə əməliyyatı pozmaq istəyən qüvvələr var idi"

serdar-c-1

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu aprelin əvvəlində Qarabağ cəbhəsində baş verən olaylar – doğma qardaşıoğlu Rasim Məmmədovun necə şəhid olmasından tutmuş Qarabağla bağlı aparılan danışaqlarda Azərbaycan hakimiyyətinin tutmalı olduğu mövqeyədək, bir çox məsələlər barədə "Qafqazinfo"ya maraqlı müsahibə verib.

Strateq.az tanınmış siyasətçimizin həmin müsahibəsini oxuculara təqdim edir:

 

 

– Cəbhədə gedən 4 günlük döyüş əməliyyatı sizin də ailənizdə ağır itki ilə nəticələndi. Qardaşınız oğlu Rasim Məmmədov şəhid oldu. Onun şəhid olması xəbərini eşitdiyinizdə, hansı hissləri keçirdiniz?

– Bizim üçün əslində, heç bir yenilik yox idi. Çünki Rasimin atası da Naxçıvanda olan "Mil düzü" hündürlüyünün alınmasında batalyon komandiri kimi vuruşub. I qrup Qarabağ qazisidir. Bu gün sağdır, 6 dəfə klinik ölüm keçirib. Rasim gözümüzün qabağında bir dəfə ölüb, amma atası 6 dəfə ölüb. Artıq 23 ilə yaxındır ki, o, ağır xəstə vəziyyətdə yatır. Ona görə də Rasimin şəhid olması bizdə qeyri-adi duyğu yaratmadı. Gözümüzün qabağında 25 ildir ki, diri şəhidimiz var.

– Rasim Məmmədov ailəsi ilə son dəfə nə vaxt görüşüb?

– Rasim əməliyyatlar başlamamışdan üç-dörd gün əvvəl icazə alıb Naxçıvana getmişdi. Biz elə bildik ki, atasını ziyarət etmək üçün gedib. Şəhid olandan sonra başa düşdük ki, yəqin, bu şəhidolma məqsədini qarşısına qoyub, buna görə də atasını, ailəsini ziyarətə gedib. Atasına deyib ki, mən səndən də bir mərtəbə yuxarı qalxacağam. Həyat yoldaşına isə deyib ki, ad gününə qazi kimi gələcək. Yoldaşı da onun sözlərindən narahat olub və qohumlarına zəng vurub.

– Döyüş əməliyyatı başlamamışdan əvvəl ailədən kiminləsə əlaqə saxlaması haqqında məlumatınız varmı?

– Ölümündən 6 saat qabaq dayısı ilə 15 dəqiqə danışıb. Dayısına deyib ki, həm atasının intiqamını alıb, həm də torpaqlarımızın. Deyib ki, ermənilərə elə bir dərs verib ki, bir daha yadlarından çıxmaz. Bundan təxminən 5-6 saat sonra Rasim ölüb.

Səhər saat 10:00-da bu barədə mənə məlumat çatdı. Açığı deyim ki, biz hamımız narahat idik. Bilirdik ki, müharibə başlayıb. Rasim özü tank qoşunları komandanı idi. 17 ildir ki, hərbi xidmətdə idi. Bu 17 ilin bir-iki ili istisna olmaqla, qalan illəri ön cəbhədə xidmət edib. Əsasən Tərtərdə, Füzulidə xidmətdə olub. Həm də öz nəslimizin uşaqlarına bələdik, əgər müharibə olsa, heç vaxt dalda yox, öndə olacaqlar.

Həmin vaxt cəbhədə bizim ailəmizdən 4 zabit, bir əsgər xidmət edirdi. Ən böyük zabit Rasim idi. Bundan sonra bacım oğlu gəlir, qalan ikisi təzə zabit olub, bir qardaşımoğlu da əsgər idi. Biz bu beş uşağın hər birindən şəhid xəbərini gözləyirdik. Bilirdik ki, müharibə başlasa, öndə gedəcəklər. Rasimin də şəhid xəbəri eşidəndə ən çox atasının düşəcəyi vəziyyət bizi narahat etdi.

– Bildiyimə görə, Rasimin ölümündən sonra atasının səhhəti daha da pisləşib…

– Bəli. Vəziyyəti ağırlaşdı, klinik ölümə düşdü. Hazırda da xəstəxanadadır. İndi bir az vəziyyəti düzəlib. Atadır və bu hadisə də ona mənəvi cəhətdən təsir etdi. Amma özünü ələ aldı, bizə o təsəlli verdi. Ağlamırdı, yoldaşına ağladığına görə əsəbiləşirdi.

– Onun başçılıq etdiyi batalyonun döyüş əməliyyatının necə keçdiyi barədə məlumatlısınız?

– Füzuli rayonunda məktəb direktoru olan dostumuz var. Müharibənin getdiyi Lələ Təpənin düz yanında yaşayır. Ondan vəziyyətin necə olduğunu maraqlandıq. Biz heç Rasim barədə ondan soruşmadıq. Özü söz açaraq dedi ki, Rasim Məmmədov adlı batalyon komandiri Füzulinin qəhrəmanıdır. Biz o zaman bildik ki, həm özünün, həm də camaatın dediyi kimi, həqiqətən də şücaət göstərib. Sonra dedik ki, o, bizim qardaşımız oğludur. Onun döyüşdüyü briqadadan 16 nəfər ölüb. Ölənlərin yarıdan çoxu zabitdir. Əgər ordu hücuma keçirsə, əsgər də hücumda olmalıdır, amma burada zabitlər ölüb. Sonradan bizə məlum oldu ki, Lələ Təpənin əldə edilməsində könüllülük prinsipi tətbiq olunub. Rasim də həmin könüllərdən biri olub, qabağa gedib. O düşmən gülləsindən ölməyib. Təpəni tutandan sonra ermənilər ora minlərlə qumbaraatan, toplardan atəş açıb. O atəşlərdən biri Rasimgilin olduğu səngərə düşüb. Rasimlə birgə, daha bir neçə nəfər şəhid olub.

– Prezident döyüşdə fərqlənənlərə fəxri adlar verdi. Qardaşınız oğluna da ad verilibmi?

– Ona ad verilməyib. Bizim heç gözləntimiz də yox idi. Rasimin atası da Heydər Əliyev tərəfindən milli qəhrəmanlığa təqdim edilmişdi. Sonradan məlum oldu ki, ovaxtkı Ali Məclisdə onun sənədləri itib. İtmişdisə, həmin sənədlərin Naxçıvan Ali Məclisində surəti var idi, onu ordan alıb Bakıya göndərmək nə çətin məsələ idi ki? Və yaxud da Milli Qəhrəmanlığa layiq deyildisə, ona başqa dövlət ordenlərinin verilməsi nə çətin məsələ idi? Bunları hələ bir kənara qoyuram. Mənim qardaşım Əbdül Məmmədova 13 il hərbçi kimi pensiya vermədilər. Buna əlil kimi 100 manata yaxın pensiya verdilər. Halbuki onun aylıq xəstəliyinin müalicəsi təkcə 1000 manat xərc tələb edir. Axırda biz məcbur olduq məhkəməyə müraciət etdik, ondan sonra ona hərbi təqaüd verdilər.

– Sərdar bəy, axı siz neçə illərdir ki, hakimiyyətə qarşı bir o qədər də radikal mövqedən çıxış etmirsiniz…

– Əvvəla, biz fəxri ad verilməsini ona görə gözləmirik ki, atasının təcrübəsi var. İndi yenə Rasimin layiq olduğu ada görə məhkəməyə müraciət etməliyik? Mən nümunəyə görə dedim.

İkincisi, hökumətə radikal, ya da loyal münasibət bəsləmək mənim müxalifətçiliyimi dəyişmir ki. Mən sadəcə olaraq siyasi metodologiyamı dəyişdirmişəm. O da Azərbaycandakı mövcud vəziyyətlə bağlıdır. Müxalifətəmsə, istər radikal ol, istər loyal. İstənilən halda Azərbaycan hakimiyyətinin müxalifətə münasibəti düşmən münasibətidir. Düzdür, müxalifət öz aralarında radikal, loyal söhbəti aparır, amma hakimiyyətin münasibətində heç bir fərq yoxdur.

– Döyüş əməliyyatları onu göstərdi ki, millətimizdə vətənpərvərlik hissləri uzun illər danışıldığı kimi heç də ölməyibmiş. Həmin günlərdə sürücüdən tutmuş, fəhləsinə kimi hamı ordumuzun yanında idi. Sizcə də, vətənpərvərlik təbliğ olunmur, onu hadisələr üzə çıxarır?

– “Qabusnamə”də belə bir məşhur söz var. Deyir ki, şir sürüsü gəlir, onun qabağında qoyun gəlirsə, siz ona bir qoyun sürüsü kimi baxın. Və yaxud əksinə. Burada demək istəyir ki, lider kütlənin təbiətini müəyyən edir. Azərbaycan hökuməti dördgünlük müharibəyə kimi torpaqların azad edilməsi istiqamətində heç bir əməliyyat aparmayıb. Hərbi yolla torpaqların azad edilməsi istiqamətində xalq arasında heç bir iş aparılmayıb. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra etiraf etməliyəm ki, Qarabağın azad olunması ilə bağlı hərbi ritorikada dəyişiklik meydana gəldi. O nazir təyin olunandan bəri deyir ki, ərazilərimizi nəyin bahasına olursa-olsun hərbi yolla azad edəcəyik. Təbii ki, prezidentin razılığı olmadan əməliyyatlar ola bilməzdi. Prezident də razılıq verdikdən sonra xalq gördü ki, qabaqda gedən şirdir. Məsələn, bacımın nəvəsi yasa gələndə dedi ki, niyə bizi cəbhədə qoymurlar ki, qabağa gedək, biz də torpaq azad edək, hərbçilər təəssüflənirdi. Onu biləsiniz ki, Azərbaycan Ordusunun cəmi 2 faizi bu münaqişədə iştirak edib. Əsas texnika və güclərimiz əməliyyatlarda iştirak etməyib. Yalnız ön cəbhədə olan batalyonlar müharibədə iştirak edib. Uşaqları aparıb rezerv kimi saxlayıblar ki, əməliyyatların miqyası genişlənsə, istifadə edilər. Təsəvvür edin ki Azərbaycan ordusunun 2 faizlik potensialı ilə erməni ordusunun bütün potensialına qarşı əməliyyat aparılıb və bu üstünlük əldə edilib. İndi Azərbaycan Ordusu bütün gücünü qoysaydı, nə olardı?

– Şəhidlərimizə olan münasibət də yüksək səviyyədə idi…

– Qeyd edim ki, əvvəllər şəhid gələndə hamı qorxardı, bu dəfə isə şəhid gələndə on minlərlə adam şəhid olmaq istəyirdi. Şəhidlərin dəfn mərasimlərini gördünüz. Məsələn, Rasimin özünün dəfn mərasimində minlərlə insan iştirak etmişdi. Səhərə qədər 2000-ə qədər maşın onun cənazəsini gözləyirdi. Səhər də ondan iki dəfə çox maşınla cənazəni şəhərdən kəndə dəfn etməyə apardıq. Baxmayaraq ki, mən onun əmisi idim, insan selindən tabuta yaxın dura bilmədim. Xalq o qədər Rasimə sahibləndi ki, mən o zaman başa düşdüm ki, xalqla bərabər Rasimə münasibətdə bir yad adamam. Mən ona qardaşımın oğlu olduğu qədər sahib çıxa bildim. Şəhidlikdə bir müqəddəslik anlayışı var. Amma general, Hava Qoşunlarının komandanı Rail Rzayev öldürüldü. Onun dəfnində 32 nəfər iştirak etdi.

Könüllülər var idi, onlar döyüşmək üçün müraciət edirdilər. Əvvəl camaaat pul verib əsgərlikdən qaçırdısa, biz gördük ki, könüllülər gedib zorla adlarını döyüşmək üçün yazdırırlar. Xalq səmimi şəkildə gördü ki, hakimiyyət torpaqları hərbi yolla azad etmək istəyir. Bundan qabaq niyə hiss yox idi? Çünki görürdülər ki, siyasi oyun gedir. Həttə Amerika Dövlət Departamentinin bəyanatında var idi ki, Azərbaycan torpaqlarını azad etmək istəmir.

Bu gün də Azərbaycan hökumətində müəyyən qüvvələr var idi ki, üçgünlük əməliyyatı pozmaq istəyirdilər. Məndə olan məlumata görə, Azərbaycan xalqını elə bir vəziyyətə salmaq istəyirdilər ki, xalq müharibə adı eşidəndə, qaçıb ölkəni tərk etsin. Zakir Həsənovun şəxsi iradəsi ilə bunun qarşısı alınıb. Çünki biz bilirik ki, Rusiyanın Azərbaycanın müdafiə sahəsinə də, digər sahələrə də nəzarət edən adamları var. Bu adamlar açıq şəkildə əməliyyatları pozmağa cəhd ediblər, amma cəhdləri baş tutmayıb. Sən demə, “Daşaltı” əməliyyatı kimi bir təxribat hazırlayıblarmış. Azərbaycanlılar gedib Talış kəndinin çökəkliyinə girsin, ordan da ermənilər bizimkiləri qırsın. Bir dənə erməninin burnu qanamadan yüzlərlə, minlərlə Azərbaycan şəhid versin. Azərbaycan da desin ki, bir dəfəyə neçə şəhidim oldu, daha müharibə istəmirəm.

– Xalqla bağlı vəziyyət aydın oldu. Bir problemimiz də ondan ibarət idi ki, insanlarımız Azərbaycan Ordusunda xidmət edən hərbçilərə birmənalı yanaşmırdı. Buna səbəb isə, zaman-zaman korrupsiyaya bulaşmaları barədə məlumatlar, əsgər ölümlərində dolayısı ilə iştirak etdikləri barədə valideynlərin iddiaları, verilən rütbələrə layiq olmamaları və s. idi. Amma bu əməliyyatlar həm də onu aşkara çıxardı ki, ordumuzda vətəninə, millətinə bağlı nə qədər zabit, komandir varmış. Biz də onları tanımış olduq. Məsələn, prezidentin Mais Bərxudarova general rütbəsi verməsinə hamı sevindi, dedilər ki o, rütbəsini döyüşərək qəhrəmancasına aldı…

– Xatırladım ki, Rasim də növbəti rütbəsini bir aydan sonra alacaqdı. İndi Səfər Əbiyev nazirlikdən çıxarıldı, onunla bərabər yüzlərlə generalı da küçəyə atdılar. Bunların indi heç biri əsgər qədər də hörmətə malik deyillər. Bütün dünyada belədir ki, bir cəbhə və ştab generalları var. Ştab generalları ordunun başıdır – düşünür, xəritə çəkirlər. Bir də, cəbhədə olanları var. Ərazilərin azad edilməsinin xəritəsini cızan hərbçilərə də ad verilməlidir – baxmayaraq ki, onlar cəbhənin önündə olmayıblar. Onların beyinləri ilə əməliyyatlar icra edilib. 

Bir də var, heç bir xidməti olmayan birinə general rütbəsi verirlər. Onlar haqqında deyirdik ki, hərbi rütbələri belə vermək olmaz. Son döyüş də göstərdi ki, rütbələrin verilməsində yeni prinsip müəyyənləşdirilməlidir. Sən kiminsə yaxını qohumu olduğuna görə general olmalı deyilsən. Döyüşərək alınan adları alqışlayırıq, hətta bunu az belə hesab edirik.

– Bu qədər yüksək əhval-ruhiyyə yaranmışkən, əməliyyatların dayandırılması ictimaiyyətdə birmənalı qarşılanmadı…

– Burada iki məqamə diqqət yetirməliyik. Ermənilərin atəşkəsi pozmasının iki səbəbi var. Azərbaycan transmilli layihələr həyata keçirəndə atəşkəs mütəmadi pozulur, ikincisi isə Qərb və Amerika ilə ciddi yaxınlaşma baş verəndə. Bu atışma da İlham Əliyevin Amerikaya nüvə sammitinə çağrılması zamanı oldu. Obama sammitdə bəyan etdi ki, Azərbaycan bizim strateji müttəfiqimizdir. Bu o deməkdir ki, Amerika Azərbaycanı Rusiyanın qarşısında tək qoymayacaq. Con Kerri ilk dəfə dedi ki, Azərbaycanın arxasındayıq. Nəhayət, Co Bayden dedi ki, Dağlıq Qarabağ Azərbaycanın suverenliyinin çərçivəsində həll olunmalıdır. Suverenlik məsələsini bir NATO ardıcıl olaraq dilə gətirib, bir də son olaraq Bayden dedi. Yerdə qalan vaxt ərazi bütövlüyümüzü tanıyırıq demələri bizdən torpağımızı qopartmaq üçün deyilən boş şeydir. Bizə süverenlik lazımdır. Bu da ərazi üzərində siyasi hüququn kimə məxsus olduğunu müəyyən etməkdir. Ermənilər deyir ki, ərazini parçalamayaq, ancaq ərazilər Ermənistana tabe olsun. Amma Bayden suverenlik dedi. Bu o deməkdir ki, biz Dağlıq Qarabağa o qədər suverenlik verə bilərik ki, burada siyasi hüquqlar olmasın. Artıq Amerika bizə Dağlıq Qarabağ məsələsində nə qədər güzəştə gedə biləcəyimizin sərhədini göstərdi. Bu da status-kvonun dəyişməsi deməkdir.

– Deyirsiniz ki, atəşkəs Amerika səfərinə görə pozuldu…

– Azərbaycanda bu dəqiqə Dağlıq Qarabağın hərbi yolla azad edilməsi üçün plan var. İşğala məruz qalan bir ölkənin əlində necə plan olmaya bilər? Bu plan da zaman-zaman məşq olunur. Azərbaycan müdafiə nazirinin də kifayət qədər ağlı var ki, prezident Amerikaya gedəcəksə, hansısa müttəfiqlik bəyanatları veriləcəksə, ermənilər bu təxribatı törədə bilər. Bizim də kəşfiyyatımız var. Səfərin detalları, aparılacaq danışıqlar, verilən bəyanatlar qabaqcadan planlaşıdırılır.

– Rusiya rəhbərliyi 23 ildən sonra münaqişənin həllində sanki maraqlı görünür. Sizcə, onu buna vadar edən nədir və burada  səmimilik nə qədərdir?

– Qarabağ münaqişəsində tərəf kimi Ermənistan yox, Rusiyadır. Amma rus diplomatiyası böyük uğurla Ermənistanı tərəf kimi müəyyənləşdirir, özü isə vasitəçi kimi çıxış edir. Rusiya onun təsirindən uzaqlaşıb, Amerikaya, Qərbə tərəf yaxınlaşan dövlətləri, xalqları cəzalandırır. Ərazilərimizin işğalının  rus işğalı olduğunu bilirik. Xocalı soyqırımını da ruslar edib, Dağlıq Qarabağda əhalinin boşalmasında rusların iştirakını bilirik. 

Rusiya görür ki, Dağlıq Qarabağ torpaqlarını işğalda saxlamaqda inad etdikcə, daha çox İslam dünyasını öz üzərinə çəkir. Bu gün bizim hələ ki istifadə etmədiyimiz çox ciddi kartımız var: o da İslam dünyasına mənsub olmağımızdır. Ermənilər hər dəqiqə Rusiyanı müttəfiq kimi qabardırlar. Pakistan dedi ki, əgər ikinci tərəf bu münaqişəyə qoşulacaqsa, üçünücü tərəf avtomatik o olacaq. Azərbaycan müraciət etməsə belə, Pakistan qoşunları avtomatik müdaxilə edəcək. Niyə? Çünki Dağlıq Qarabağ Şimalı Azərbaycandan qoparılmamışdan əvvəl Pakistan, Əfqanıstan, Ərəbistan, İran, Hindistan Qacariyyə adlı bir dövlət idi. Dağlıq Qarabağın Azərbaycandan qoparılması həm də Pakistandan qoparılmaq deməkdir. Çünki Pakistan da bizim bir vilayətimiz idi. Rusiya tarixə qayıdırsa, Pakistan da tarixə qayıdacaq.

İkincisi, Pakistan görür ki, burada bir xristian təəssübkeşliyi var. O zaman müsəlman kimi, Pakistan bizi niyə müdafiə etməsin? Əgər biz bütün müsəlman ölkələrini Rusiyanı blokadaya salmaq çağırışını etsək, Rusiyanın vəziyyəti necə olar? Avropanın blokadası Rusiyanı çökdürmür, amma Rusiyanın əsas iqtiadi tərəfdaşları müsəlman ölkələridir, onlar blokadaya qoşulsalar, Rusiya çökər. Rusiyanın idxal-ixrac balansında müsəlman ölkələri birinci yerdə durur. O cümlədən Rusiya əhalisinin yarısı da müsəlmandır. Biz bu İslam türk dünyası faktorundan istifadə etsək, Rusiya da bizim qarşımızda Ermənistan kimi cılız bir dövlət olacaq. Biz hələlik məsələni bu səpkiyə qaldırmırıq. Ərəbistanda da məscidlərdə Azərbaycanla bağlı xütbələr oxundu. Biz bu kartdan istifadə etsək, Rusiya 1 milyardlıq müsəlmanla düşmən olacaq. Bu müharibədə də Rusiyanın qalib gəlmək şansı sıfırdan bir neçə sıfır aşağıdır. Görünür, başa düşürlər ki bu məsələdə həyasızcasına davranmaq, Azərbaycan torpaqlarını qoparıb ermənilərə vermək İslam dünyasında artıq qıcıq yaratmağa başlayıb. Pakistanın, Türkiyənin, İranın bəyanatları bunun siqnallarıdır. Biz hələ dövlət səviyyəsində müraciətlər etmirik. Məsələn, Rusiya-Türkiyə münaqişəsində dedilər ki, Rusiyanın üstünlüyü atom bombasındadır, bu da Türkiyədə yoxdur, Pakistan dərhal bəyanat verdi ki, atom bombası Türkiyədə yoxdusa, onlarda var. Yəni Pakistan bununla onu demək istədi ki, atom bombamızı Türkiyənin atom bombası kimi istifadə edə bilərik. Bundan sonra Rusiya Türkiyə ilə ritorikada nüvə silahı amilini deməkdən çəkindi. Yoxsa Jirinovski iki gündən bir deyirdi ki, İstanbula atom bombası ataq, məsələni həll edək. Pakistanın bəyanatından sonra Rusiyanın səsi kəsildi.


– Elə bu əməliyyatlar bizə dostu düşməni bir daha göstərmiş oldu…

– Bəli. Qlobal tərəfləşməni də göstərdi. Rusiya həm də bundan qorxdu. Qorxur ki, ermənini dəstəklədikcə, qarşısına islam-türk ittifaqı çıxır. Sizcə, Rusiya nə etməlidir? Erməni kimdir ki, ona görə rus dövlətçiliyini zərbə altında qoysun. Məcburdular ki, bu məsələdə əvvəlki murdar niyyətlərindən geri çəkilsinlər. Yoxsa ruslar heç vaxt xoşluqla Azərbaycanın yanında olmazlar. Bundan yüz illər keçsə də, Azərbaycanın dostu olmayacaqlar.

– Dəstəkdən söz düşmüşkən, Ərdoğan hakimiyyəti də gözlənildiyindən artıq dərəcədə Azərbaycanın yanında oldu. Sizcə, bu həm də Ərdoğanın Putinə olan münasibəti idimi, yoxsa hər zamankı qardaş ölkə olaraqmı bunu etdilər? Türkiyə-Rusiya münasibətlərinin hansı səviyyədə olduğunu da nəzərə alaq…

– Əgər elədirsə, siz İranın mövqeyini necə ifadə edərdiniz? İran açıq şəkildə dedi ki Qarabağ müsəlman torpağıdır, Azərbaycan torpağı olduğunu deməsə də. Orada ölənlər də şəhiddir. Yəni İran artıq bu məsələyə dini müharibə kimi baxır. Dini müharibə kimi baxdığına görə vətəndaşlarının o müharibədə iştirakının qabağını ala bilməz, əksinə təbliğ edəcək.

Ümumiyyətlə, vətəndaşlarının cihada getməsinin qarşısını müsəlman ölkələri almaz. Eyni cihad elan olunacaqsa, pakistanlı, iranlı, ərəb də, türk də bu müharibədə iştirak etməyə borcludur. Son İslam Əməkdalıq Təşkilatında da vahid islam dünyasının anonsu verildi, özü də məzhəbçilikdən, təriqətdən uzaq İslam dünyasının. Əsl islama qayıdış olduğu təqdirdə dünyada heç bir güc müsəlmanların qarşısında dura bilməyəcək. Bunu hamı bilir. Baxın rus mətbuatına – islamlaşma ilə əlaqədar nə qədər analitik yazılar yazırlar, televizorda açıq-aydın İslamın əleyhinə iş aparırlar.

– Ruslar, dediyiniz kimi, dalana dirənibsə, torpaqlarımızın hamısını qaytaracaqlarmı? 

– Ermənilərin son davranışı Dağlıq Qarabağa muxtariyyət verilməsi hüququnu istisna edir. Biz gördük ki, ermənilər bizim güzəştli mövqeyimizdən sui-istifadə edir. Dağlıq Qarabağ məsələsində artıq heç bir statusdan söhbət gedə bilməz. Ermənilər ya Azərbaycan vətəndaşı kimi bizim ərazimizdə yaşamalıdırlar, ya da torpağımızı tərk edib getməlidirlər. Azərbaycanın mərkəzində hər hansı muxtariyyətə nə ehtiyac var ki?! İki yoldan biri var. Dağlıq Qarabağ bütünlüklə Azərbaycana qaytarılmalıdır.

– Mətbuatda yazılıb ki, Serj Sarkisyan Qarabağı qaytarılması ilə bağlı xalqa müraciət edəcək. Bu, nə qədər inandırıcıdır?

– 4 günlük müharibədən sonra ikinci etapa, yəni soyuq müharibəyə keçilib. Mətbuata baxsaq, görərik ki, burada xalqların psixoloji hazırlığı, çaşdırma, yayındırma, dövlət siyasətini ört-basdır etmə siyasəti yürüdülür. Baxırsan ki, Rusiya tülkü donu geyinib özünü sülhməramlı missiyasında aparır. Verilən bəyanatlar əslində bizi çaşdırmaq niyyəti daşıyır.

Mənim aldığım məlumata görə, ermənilər hazırda növbəti müharibəyə hazırlaşamaq üçün Dağlıq Qarabağa həddindən artıq texnika cəmləşdirir. Rusiyadan yeni texnika alır. Azərbaycan tərəfi də buna hazır olmalıdır. Sarkisyanın "Qarabağı qaytaracağıq" deməsi Azərbaycan xalqını yatırtmaq məqsədi güdür. Amma əksinə – xalqımız bilməlidir ki, bu saat ermənilər Dağlıq Qarabağ ərazisində hərbiləşdirməni gücləndirirlər. Sadəcə əsgərlərinin olmaması problem yaradır. Bunu da əvəzləmək üçün PKK-çıları gətirməklə, Suriyadan adam yığmaqla məşğuldurlar. Lazım olan qədər güc topladıqdan sonra Azərbaycana qarşı müharibəyə başlayacaqlar. 

– O zaman  analitiklərin də yazdığı kimi, mayda müharibə gözlənilə bilər…

– Gözlənilir. Ermənilərin hazırlığı bunu deməyə əsas verir. Yoxsa niyə Dağlıq Qarabağa tank, top yığsın?


– Bu o deməkdir ki, Rusiyanın göstərdiyi aktivlik kosmetik xarakteri daşıyır?

– Rusiya vaxt udmaq istəyir ki, ermənilər yenidən öz güclərini komplektləşdirsin. İtirdikləri texnikanın yerini doldursunlar. Ermənilər bəyanat veridlər ki, Rusiya, İsrail Azərbaycana niyə silah satır. Bu dördgünlük müharibədə bütün çatışmazlıqlarını gördülər. İndi Rusiyanın diplomatik səyləri Ermənistana vaxt qazandırmaq xarakteri daşıyır. Azərbaycan bu əməliyyatlarda dayanmadan irəli getməli idi. Ermənilərin bundan sonrakı təxribatlarılna on qat artıq cavab verilməlidir. Çünki ermənilər çox ciddi şəkildə müharibəyə hazırlaşır.

– Qərb bu durumda nə etməlidir: müharibə istəmirlər, çünki bölgədən keçən transmilli layihələrə təhlükə yarana bilər…

– Qərbin nəyinə lazımdır ki… Ölən mənim qardaşımın oğludur, işğal olunan mənim torpağımdır. Neçə illərdir, öz vətənini görməyən mənim xalqımdır. Fransız oturub qəlyanını çəkir, torpağı özündədir. O, əlbəttə ki, atəşkəsin olmasını istəyir. Bizə isə atəşkəs nəyə lazımdır? Niyə atəşkəsə əməl etməliyik? Niyə torpaqlarımız işğal altında olmalıdır? Bizim problemimizi heç vaxt Amerika, Qərb tam başa düşə bilməz. Biz öz problemimizi həll etmək üçün birinci növbədə türk-islam dünaysından dəstək almalıyıq. Müdafiə nazirimiz türk-islam ölkələrinə səfər etməlidir, hərbi əməkdaşlıq müqavilələri imzalanmalıdır.

Qazaxıstan prezidenti Nursultan Nazarbəyov Kollektiv Təhlükəsizlik Təşkilatının iclasının Yerevanda keçirilməsinə icazə verməmişdi. Həmin yığıncağın Moskvaya köçürülməsində israr etdi. Demişdi ki, Ermənistanda gülə-gülə poz verə bilməz, Azərbaycan buna nə deyər? Bu şüur onu göstərir ki, türk dünyası artıq birləşməkdədir. Türkmənistan bizə qoşun verməyə hazır olduğunu dedi. Hələ Özbəkistanla lazımi əlaqələri qura bilməmişik. Biz Özbəkistandan niyə istifadə etməyək? Eləcə də Əfqanıstan – 400 il bir yerdə yaşamışıq. Əfqanıstanda Gündüz vilayəti var. Orada Dağlıq Qarabağdan köçürülmüş azərbaycanlılar yaşayır. 2 milyona yaxın qarabağlı yaşayır orada. Onların gücündən niyə istifadə etməyək ki?

– Belə çıxır ki, xarici siyasətimizdə çatışmazlıqlar var?

– Elmar Məmmədyarov Azərbaycan kimi bir dövlətin xarici siyasətinə rəhbərlik etməyə layiqli şəxs deyil. Bu adamın nə təfəkkür tərzi, nə də dünyagörüşü buna imkan verir. Elə Avropaya gedib-gəlməklə olmur. Azərbaycanla yaxın  olan, tarixən bir dövlətdə yaşadığımız  ölkələr var, ora getmək lazımdır. Baxın, Türkiyə keçmiş Osmanlı ərazisində yaşayan xalqların haqlarını müdafiə edir və onların da potensialından istifadə edir. Bura İraq, Suriya, Liviya, İsrail və Misir, Səudiyyə Ərəbistanı daxildir. Ona görə də bu ölkələrdə nə baş verirsə, Ərdoğan dərhal reaksiya verir. İndi nəyə görə biz  tarixi sərhədlərimizdə yaşayan dövlətlərlərlə əlaqələr qurmuruq?

Pakistan bizim ərazimiz olub. Bir neçə komandirimiz milliyyətcə pakistanlı olub. Qacarı öldürənlərdən biri də pakistanlı olub. Əfqanıstanın ilk şairi Əhməd Şah, Nadir şahın yanında general olub. 1000 ilə yaxın bu millətlər Azərbaycan türkünün siyasi hakimiyyəti, təfəkkürü altında olublar. Bu ölkələrdə nə olsa, yardım etməliyik, mədəni əlaqələr qurmalıyıq. İlham Əliyev deyir ki, 50 milyonluq Azərbaycan xalqının prezidentidir. Bu say 50 milyon deyil, 100 milyona yaxındır.

– Son olaraq, kontekstdən kənar olsa da, seçkilərlə bağlı mövqeyinizi öyrənmək istəyirəm. Bilirsiniz ki, iyunda 90 saylı Ağdaş seçki dairəsində növbəti seçki keçiriləcək, partiya olaraq  namizəd irəli sürəcəksinizmi?

– Biz Azərbaycanda seçki keçiriləndə iştirak etmək istəmirik, çünki seçki oyunbazlığında iştirak etməyin mənası yoxdur. Məzahir Pənahov nə qədər ki, MSK-ya rəhbərlik edir, Azərbaycanda ümumiyyətlə seçkidən danışmaq olmaz. Bir demokratın seçki oyununda iştirak etməsi demokratiyaya xəyanətdən başqa bir şey deyil.

Günel Türksoy

"Qafqazinfo.az"

serdar-2




Yuxarı Əvvələ Ana Səhifə