XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

25 Aprel 2016 - 15:30

Bərdə ziyalılarından Maliyyə nazirinə şok müraciət:"İcra başçısı büdcəni talayır!"

isayev-1

Bərdə rayonunda yaşayan bir qrup ziyalı Maliyyə naziri Samir Şərifova məktub yazaraq, İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin İcra Hakimiyyətinin məsul şəxsləriylə əlbir olaraq, büdcə vəsaitlərini necə mənimsədiyinə dair sensasion faktlar açıqlayıblar.

7 nəfərin imzası ilə Strateq.az-a göndərilmiş məktub-müraciətdə Maliyyə naziri Samir Şərifova xitabən deyilir: “Dəfələrlə Sizə və ölkənin digər yuxarı orqanlarındakı rəhbər şəxslərə Vidadi İsayevin qanunsuz əməlləri, saxta sənədlər əsasında büdcə vəsaitlərini talaması və digər qanuna sığmayan hərəkətləri barədə müraciətlər etməyimizə baxmayaraq, bizim müraciətlərimiz cavabsız qalıb. Anlaya bilmirik, həmin vəzifəni icra edən adamlar kimdən ötəri oturublar orada? Millətin vəsaitini talan etmək üçünmü? Xalqı talamaq üçünmü? Özlərinə və əshabələrinə bu yazıq millətin hesabına varidat toplamaq üçünmü?”.

Məktub müəllifləri söylədiklərinin təsdiqi olaraq, göstərirlər ki, V.İsayev Bərdə rayon İH-nə başçı təyin edildiyi 03 mart 2011-ci il tarixdən bugünədək təkcə Bərdə rayon İcra Hakimiyyətinə (Təhsil, Səhiyyə, Mədəniyyət və digər büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) abadlıq, quruculuq və yol tikintisi üçün Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən 30,0 (otuz) milyon manata yaxın pul vəsaiti ayrılıb: “Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub. Qalan vəsaitin hara sərf olunması məlum deyil. Rayonda görülmüş digər abadlıq, quruculuq işlərinin, demək olar ki, 90%-i yerli sahibkarlar və idarə-müəssisə rəhbərləri tərəfindən öz vəsaitləri hesabına aparılıb.

V.İsayev saxtakarlıqların bir hissəsini özünün şəhər üzrə  nümayəndəsi vasitəsi ilə edib. Belə ki, 2014-cü ildə şəhərin heç bir küçə və prospektinə asfalt döşənmədiyi halda, şəhər İcra nümayəndəliyi tərəfindən İcra Hakimiyyətinə təqdim edilmiş saxta arayışda şəhərdə, guya,  asfalt döşəndiyi və digər abadlıq işləri görüldüyü bildirilmiş və həmin ilin mart-aprel aylarında 750,0 min manat pul vəsaitinin sərf olunduğu göstərilmişdir. Hansı ki, İcra  Hakimiyyətinə təqdim edilmiş həmin arayışlar əsasında 2014-cü ilin mart və aprel aylarında rayonda görülmüş abadlıq və quruculuq işləri barədə Prezident Aparatına saxta məlumat verilmiş və  bununla  da Dövlətin özü aldadılmışdır”.

Müraciət müəllifləri daha sonra Samir Şərifova yazırlar: “Acınacaqlı hal ondan ibarətdir ki, Sizin yerdəki nümayəndəniz – Maliyyə İdarəsinin rəisi  onun qanunsuz əməllərinin qarşısını almaq əvəzinə, bilərəkdən onunla əlbir olub ayrılmış büdcə vəsaitlərinin talanmasına şərait yaratmışdır. Hansı ki, Maliyyə İdarəsinin rəisi, rayonda büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, görülmüş işlərə komissiya tərəfindən baxış keçirilib aktlaşdırmasını təmin etməli və  sonra pulun ödənilməsinə sərəncam verməli  idi. Lakin o, bu işlərin heç birini etməmiş (etsə də formal surətdə etmişdir), əvəzində saxta sənədlər əsasında pul vəsaitinin ödənişini aparmışdır”.

Bərdə ziyalıları daha sonra qeyd edirlər: “Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına əsasən, guya, 2014-cü ildə Bərdə şəhərinin küçələrinə “İnstal-Servis” MMC tərəfindən 593,8 min manatlıq asfalt döşəndiyi bildirilmiş və həmin vəsait “İnstal-Servis” MMC-nin hesabına köçürülmüşdür. Həqiqətdə isə işlər görülmədən ödəniş aparılmışdır”.

Müraciət müəllifləri İcra başçısı Vidadi İsayevi öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaqda, yerli sahibkarları, iş adamlarını dövlətdən narazı salmaqda suçlayaraq, yazırlar: “O, yerli karyerlərdən götürülmüş qum-çınqılın pulunu ödəməmiş, sahibkarlara məxsus obyektlərin fasad hissələrinə sahibkarların özlərinə aqlay vurdurtmuş, obyektlərinin qarşı hissəsindəki səkilərə tamet döşənməsini də onların şəxsi vəsaitləri hesabına etdirmişdir. Bu görülmüş işlər üçünsə qeyri-qanuni “Forma 2”lər tərtib etdirərək, pul vəsaitlərini sildirmişdir. Maliyyə İdarəsinin rəisi isə bu işlərdə V.İsayevə yardımçı olmuşdur”.

Bərdə ziyalılarının Maliyyə naziri Samir Şərifova müraciətində daha sonra deyilir: “Sizin ünvanınıza göndərdiyimiz müraciətimizə nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov cavab verərək bildirir ki, gələcəkdə növbəti nəzarət tədbirləri həyata keçiriləndə göstərdiyimiz nöqsanlar araşdırılacaq. Onun cavabından belə görünür ki, onlar növbəti nəzarət tədbirləri həyata keçirənə  qədər  büdcə vəsaitlərinin  talan  olunması  davam  edəcəkdir.

Cənab Nazir, Sizdən soruşuruq: büdcədən ayrılan vəsaitlərin qanunsuz əməllər nəticəsində dağıdılmasının qarşısının alınmasını və büdcəyə geri qaytarılmasını təmin etmək, məgər Maliyyə Nazirliyinin işi deyil?! Bəyəm, nöqsanla qanunsuzluğu Maliyyə Nazirliyində ayıra bilmirlər?! Biz müraciətimizdə V.İsayevin qanunsuz əməllərini yazmışıq, nöqsanlarını yox! Bəlkə, biz bilmirik, Siz deyin görək, büdcəyə nəzarəti hansı orqan həyata keçirir?

Bildiririk ki, nazirliyinizin əməkdaşları tərəfindən “Vətəndaşların Müraciətləri  haqqında” Qanunun 7-ci maddəsinin 7.5 və 7.7-ci bəndlərinin tələbləri  pozulmuşdur.

Bundan əlavə, göndərdiyimiz müraciətlərin mətnində RİH-nin başçısı V.İsayevin əməllərində korrupsiya elementləri də olduğunu qeyd etdiyimiz üçün, müraciətimizə əsaslandığımız  Qanunun 9-cu maddəsinin müvafiq bəndlərinə görə (9.2, 9.3.1) baxılmalıdır.

Məlumat üçün bildiririk ki, biz – bir qrup Bərdə ziyalısı, rayonda baş alıb gedən qanunsuzluqlar və korrupsiya halları, eyni zamanda büdcə vəsaitlərinin talanması barədə ətraflı məlumatlara malikik. Həmin faktların araşdırılmasını və talanmış vəsaitlərin dövlət büdcəsinə qaytarılmasını təmin edənə, günahkarların isə məsuliyyətə cəlb olunmasınadək mübarizəmizi davam etdirəcəyik.

Sizdən Maliyyə naziri vəzifəsini icra edən bir səxs kimi, tələb edirik: Bərdə rayonunda büdcə vəsaiti hesabına  görülmüş işləri bizim iştirakımızla yoxlatdırın! V. İsayevin etdiyi qanunsuzluqlar, eyni zamanda büdcədən ayrılmış vəsaitlərin Təhsil və Mədəniyyət şöbələrində necə talan edilməsi barədə əlimizdə kifayət qədər materiallar vardır ki, həmin materiallar yoxlamanın gedişində Sizin nümayəndələrə  təqdim ediləcəkdir”.

Qeyd edək ki, Bərdə ziyalılarının adından müraciəti aşağıdakı şəxslər imzalayıblar:

 

1. Abbasov Abbas          (AZE  03597585)

2. Həsənov Rüstəm        (AZE  04980627)

3. Baxşalıyev Şahlar       (AZE  06886009)

4. Əliyev Yusif                (AZE  04473783)

5. Cavanşirov Elşən       (AZE  14283446)

6. Məmişov Fazil            (AZE  08562283)

7. Sadıqov Əli                (AZE  04848136)

 

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə