XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 21:14

Sarkisyan generallarını niyə cəzalandırdı? –Cəbhədəki uğursuzluq, yoxsa yeni savaşdan imtina?!

sarkisyan-222

Ermənistan prezidenti Serj Sarkisyanın Müdafiə Nazirliyinin 3 mühüm postuna rəhbərlik edən generallarını anidən işdən qovması son zamanlar Dağlıq Qarabağda baş verən gərginliyin mahiyyəti barədə kifayət qədər informasiya verir. İndiyə qədər real müharibədən çox, informasiya savaşına üstünlük verən, Azərbaycan tərəfinin ciddi itki verdiyi, məğlubiyyət yaşadığı barədə dezinformasiya yaymaqla öz uğursuzluğunu ört-basdır etməyə çalışan rəsmi İrəvanın birdən-birə bu addımı atması asan deyildi.

Bu, ilk növbədə, Ermənistanın rəsmi təbliğatının əleyhinə işləyən, Azərbaycanın 4 günlük əks-həmləsindən ciddi yaralar aldığını etiraf edən bir addımdır. Adama deyərlər ki, əgər həqiqətən də, təmas bölgəsində üstünlük sənin tərəfindədirsə, nə əcəb, əməliyyatların idarə olunmasında mühüm rol oynayan generalları cəzalandırırsan? Axı, adətən, uğura imza atan hərbçilər cəzalandırılmır, mükafatlandırılır.

Generalların tutduğu vəzifələrə nəzərə salanda da, Ermənistanın məğlubiyyət etirafları aydınca sezilir. Panarmenian.net-in xəbərinə görə, cəzlandırılan yüksək rütbəlilərdən biri nazirliyin texniki təminat idarəsinin rəhbəri, general Alik Mirzəbekyan, digərləri isə kəşfiyyat idarəsinin rəhbəri, general Arşak Karapetyan və rabitə xidmətləri idarəsinin rəisi Komitas Muradyandır. Generallardan ikisinin texniki təchizatla bağlı olması, birinin isə kəşfiyyat məsələlərinə baxması Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında acizliyinin ən bariz nümunəsi kimi görünür. Belə çıxır ki, İrəvan Azərbaycan ordusunun texniki təchizat baxımından onu xeyli üstələdiyini etiraf edir.

Bu, əslində gözlənilməz də deyil. Ölkəmizin iqtisadi gücü, silahlanmaya ayrıdığı vəsait düşmənlərimizdən qat-qat üstün olmağımızı şərtləndirir. Azərbaycanın hətta müdafiə sahəsinə xərclədiyi pulların Ermənistanın dövlət büdcəsindən belə çox olması hər kəsə bəllidir. Belə olduğu halda, Sarkisyanın bu təbii üstünlüyün günahını generallarında axtarması ədalətli görünmür. Axı öz iqtisadi gücüylə özünə silah alan, müdafiə xəttini gücləndirən bir ölkənin texniki təchizatıyla himayədarlarının yardımına bel bağlayan, onların köhnə, istifadəyə yararsız hədiyyəsini alanın gücünü müqayisə etmək, eyniləşdirmək olmaz. Sarkisyan ən azı bu məsələyə görə generallarını cəzalandırmamalıydı. Məsələyə bu aspektdən yanaşanda erməni liderinin atdığı addımın daha dərin səbəbləri ortaya çıxır. Belə aydın olur ki, bu kadr dəyişikliyinin kökündə tamamilə ayrı niyyətlər durur.

Zənnimizcə, bu ayrı niyyətləri yalnız iki ehtimalla izah etmək olar. Əvvəla, mümkündür ki, Sarkisyan son zamanlar yaşadıqları məğlubiyyətin məsuliyyətini bir neçə generalın üzərinə atmaqla, hakmiyyət komandasını ictimai qınaqdan xilas etməyə çalışır.

Təsadüfi deyil ki, bir müddətdən əvvəl erməni mətbuatında çıxış edən ictimai xadimlər qarşıdurmalarda ciddi itki vermələrinin səbəbini məhz texniki təchizat işinin uğurlu qurulmamasında, xüsusilə rabitə əlaqələrindən düzgün istifadə olunmamasında axtarırdılar. Onların iddialarına görə, erməni ordusunun lazimi rabitə vasitələriylə təchiz olunmaması əsgərlərin bir-biriylə əlaqələrini telefonla saxlamasına səbəb olub və bu da yerlərinin daha rahat təsbit edilməsinə yol açıb. Azərbaycan ordusu isə yerini bildiyi düşmənin başını daha rahat əzə bilib. İşdən qovalanan generallardan birinin də elə rabitə xidməti idarəsinin rəisi olması  bu mənada başadüşüləndir. Sözsüz ki, bu iddialar erməni ictimai rəyini yönləndirməyə də xidmət edə bilər və zənnimizcə, belədir də.

Mümkündür ki, “günah keçisi” edilməmişdən əvvəl generalların əleyhlərinə erməni ictimai rəyində fikir formalaşdırılmış, daha sonra isə cəzalandırma işinə başlanılmışdır. Bununla da əvvəl gərgin vəziyyətə gətirilən ictimai rəy daha sonra cəzalandırma fərmanıyla sakitləşdirilmişdir.

O da istisna deyil ki, bu işdən qovulma hadisəsi Sarkisyanın yox, əksinə generalların istəyi ilə bağlı ola bilər. Nədən ki, erməni ordusunun kəşfiyyat və təchizat məsələlərinə baxan hərbi yetkililər öz gücləri barədə hər kəsdən daha aydın təsəvvürə malikdirlər. Kim bilir, bəlkə də özləriylə bizim silahlı qüvvəmizi müqayisə etmiş və bu qeyri-bərabər döyüşə girməyin mənasızlığına inanmışlar. Amma bildikləri həqiqətlərə inandıra bilmədikləri Sarkisyanın iki ayağını bir başmağa dirəyib müharibə aparmaq xəttini tutmasının necə böyük bədəlləri olacağını düşünmüş, dolayısıyla, məğlubiyyət gətirəcək döyüşün məsuliyyətini ali baş komandanla bərabər daşımaq istəməmişlər. Ermənistan prezidenti də onların bu istəklərinin daha ciddi ictimai təşvişə yol açacağından çəkinib məsələni istefa ərizəsi ilə deyil, tərxis fərmanıyla yerinə yetirib.

Bu ehtimalı generalların daha ağır cəzalandırılmamaları da qüvvətləndirir. Əgər həqiqətən də onlar öz işlərinə səhlənkar yanaşaraq, ciddi itkilərə yol açmışdılarsa, məntiqlə, cəzalarının məsuliyyəti də daha ağır olmalıydı. Hərbi trubinala verilməli, haqlarında cinayət işi açılmalıydı. Nə qədər ki, bu barədə hər hansı bir məlumat verilməyib, irəli sürdüyümüz ehtimal da öz qüvvəsində qalacaq.

Digər tərəfdən, təmas xəttində baş verən hadisədən 20 gündən artıq vaxt keçir. Sözsüz ki, ermənilərin təchizat yetərsizliyindən ciddi itkilərə məruz qalması Serj Sarkisyana hadisənin ilk günündən bəlli idi. Deməli, generalların istefaya göndərilmə səbəbi təchizat çatışmazlığı olsaydı, məntiqlə, Sarkisyan təcili tədbir kimi gördüyü bu addımı daha erkən atardı.

Deyə bilərsiniz ki, erməni prezidentinin daha erkən atacağı bu addım ictimai rəydəki xəyal qırıqlığını artıracağından bir müddət gözləmə mövqeyinin tutulması daha ağlabatan idi. İlk baxışdan həqiqətən elə görünür. Amma unudulmamalıdır ki, indiki zaman da bu cür addımın atılması üçün uyğun dövr deyil. Bir tərəfdən ermənilərlə təmas xəttində gərginlik artması, digər tərəfdən Sarkisyanın daha ciddi müharibə səbəbi sayılacaq bəyanat verməsi erməni ordusunun daha monolit tutulmasını tələb edir. Üç generalın, özü də təchizat və kəşfiyyat məsələlərinə baxan ən ali hərbi yetkililərin anidən istefaya göndərilmələri isə ordunun möhkəmliyini sarsıtmaqla qalmır, həm də əsgərlərdə və xalqda ciddi xof yaradır, hərbi təchizatın yetərli səviyyədə olmaması qənaətinə yol açır. Döyüşə hazır vəziyyətə gətirilən istənilən ordu üçün bu xof məğlubiyyətə aparan əsas faktora çevrilə bilər.

Bir sözlə, Sarkisyanın bu qədər kritik anda belə bir addımı atması öz iradəsindən asılı olmadan bu yolu tutduğu qənaətini yaradır. Elədirsə, problem ermənilər üçün təqdim olunandan daha ağırdır.

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə