XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Aprel 2016 - 17:23

Erməni ekspertdən sensasion etiraflar:"Necə oldu ki, düşmən qoşunu cənubda bir neçə postu ildırım sürətilə götürdü?"

leletepe-1

Karapet Kalençyan

"Armenia Today" (Ermənistan)

 

Dağlıq Qarabağda qəflətən başlanmış müharibə qəflətən də başa çatdı. Daha doğrusu, birinci hissəsi başa çatdı, çünki Azərbaycanın cəbbəxanasındakı silahlar müqabilində bunu əsil müharibə adlandırmaq olmaz. Bu, daha çox döyüşlə kəşfiyyat idi. Bu hərbi kampaniyanın ilkin nəticələri məlumdur və bundan danışmağın mənası yoxdur. Sonradan bu müharibənin daha dərin təhlili aparılarkən, biz tərəfdən də bir sıra suallar meydana çıxa bilər. Birinci – necə oldu ki, düşmən qoşunu cənubda bir neçə postu ildırım sürətilə götürməyə nail oldu? Hansı ki, bu postların yan-yörəsində həm piyada, həm də tank əleyhinə minalı sahələr var idi. Bununla yanaşı, orada döyüşçülərimiz itkin düşdülər. Hara yox oldular, başlarına nə gəldi – indiyədək bilmirik.

1. Azərbaycan tərəfi atəşkəs haqda 1994-cü il 12 may razılaşmasını kobud şəkildə pozdu. Azərbaycan indiyədək əsgərlərimizi və Dağlıq Qarabağ, Ermənistan sakinlərini öldürürdüsə, indi durum tamamilə başqa cürdür.  Azərbaycan bütün cəbhəboyu hücuma başladı. Lakin əsas zərbə şimali-şərqdə və əksər erməni şəhər və kəndlərinin yerləşdiyi cənubda endirildi. Döyüşlərdə hərbçilərimiz həlak oldu, dinc əhali qırıldı. Madagiz kəndində evlərin 80%-i dağıdılıb. Qarabağ silahlı qüvvələrinin əks-əməliyyatı nəticəsində rəqib geri çəkilməyə başladı. Lakin ordumuz əks-hücuma gedərkən Ermənistan rəhbərliyi (hərbi ekspert Vladimir Yevseyevin sözlərinə görə) Moskvanın əmriylə hücumu dayandırdı. Bu, yaxşıdır, ya pis – hərbi ekspertlər qət etməlidir.

2. Döyüşsonrası durumun təhlili göstərir ki, hərbi əməliyyatlar Əliyevə əl verdi. Əliyev buna görə hansı məsuliyyəti daşımalıdır? Heç bir. Ermənistan və Azərbaycan baş qərargahlarının rəisləri növbəti dəfə atəşkəsə razılıq verdilər. DQR (mətndə bu cürdür – tərc.) baş qərargahının rəisi haradadır, hərbi əməliyyatlar kimin ərazisində gedirdi? O yoxdur! Yerevan həmişəki kimi Qarabağsız onun taleyini həll edir. Maraqlıdır ki, Azərbaycan həmişə Madrid prinsiplərinin əleyhinə olub, lakin Ermənistan ictimaiyyəti və təhlilçiləri bu vəziyyəti təhlil edib bildirirdilər ki, bunlar Qarabağ xalqının marağını əks etdirmir. İndi bu hadisələrdən sonra biz yenə də Madrid prinsiplərinin tərəfdarı olaraq qalırıq? Azərbaycanın aprelin əvvəlindəki hərbi əməliyyatlarının Madrid prinsipləri əsasında danışıqları mümkünsüz etdiyinə əsaslanmaqla, onu ümumiyyətlə bir kənara atmaq lazımdır. Hazırda danışıqlar (ümumən mümkündürsə) tam başqa bir müstəvidə aparılmalıdır. Ermənistan, nəhayət, bildirə bilərmi ki, Ermənistan yox, öz taleyini müəyyən etmiş xalq öz taleyini həll etməlidir? Ermənistan bu hadisələrdən sonra niyə danışıqlar prosesindən çıxmır? Qoy rəhbərliyimiz bunu xalqa tutarlı arqumentlərlə izah etsin, bəlkə, biz də başa düşək.

3. Azərbaycanın Arsaxa (mətndə bu cürdür – tərc.) qarşı hərbi əməliyyatı göstərdi ki, Ermənistanın nə MDB məkanında, nə də Avropada faktiki müttəfiqi var. Biz həm fiziki, həm də siyasi müstəvidə mühasirədə qalmışıq. Hadisələr əyani şəkildə göstərdi ki, xalqımız hətta bu şəraitdə də bütün dünyaya sərgiləyə bilər ki, böhranlı anda  həmişə birləşməyi və gücümüzü nümayiş etdirməyi bacararıq. Ermənistan Avropa Şurasının, AŞPA-nın, KTMT-nin, Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü kimi bu qurumların heç birindən dəstək almadı. Hətta AŞPA sədri Pedro Aqramaunt yenidən qızışmış münaqişə xüsusunda təzədən Azərbaycanın ərazi bütövlüyü haqda açıqlama verdi. Lukaşenko və Nazarbayevin mövqeləri isə artıq məlumdur. Ermənistan hökuməti bunlara uyğun olaraq öz siyasətini kökündən dəyişməlidir. Zaman irəli gedib. Bizim xarici siyasətimiz keçən əsrin 60-cı illərinin səviyyəsində qalıb.  

4. Rusiyanın Azərbaycana tədarük etdiyi və bunu "biznes sövdələşməsi" adlandırdığı hücum silahları son nəticədə Qarabağda “Qasırğa” və AAS-la (Ağır atəş sistemləri; rusca – TOS-tərc.) ermənilərin başına yağdı. Məgər KTMT üzrə müttəfiqimiz bundan xəbərsiz idi? Və hazırda Ermənistan, faktiki olaraq, məğlub vəziyyətində qalıb. Heç bir atəşkəs rejimi heç yadda da qalmayıb. Bizim uşaqlar və dinc sakinlər həlak olmaqdadır.  

5. Gümrüdəki 102-ci hərbi baza nə ilə məşğul olur? Bu baza Ermənistana bu cürmü lazımdır? O, bizi kimdən müdafiə edəcək – Türkiyədən? Hazırda Rusiya-Türkiyə münasibətlərinin korlandığı bir vaxtda o, bizim üçün təhlükə təşkil edir. Çünki bu dövlətlər arasında hərbi münaqişə törəyəcəyi halda türklər Rusiya qoşunlarını məhv etmək görüntüsü altında Ermənistan ərazisini bombardman edəcəklər. Serj Sərkisyanın Almaniyadakı açıqlamasına görə, biz Rusiyadan keçən əsrin 80-ci illərinin köhnəlmiş silahlarını alırıq. Bəlkə, Azərbaycanın etdiyi kimi, bu pullara bir neçə obyektlərimizi, o cümlədən avtobusdakı sisianlıları məhv etmiş zərbə əməliyyatlı PUA-lar (pilotsuz uçuş aparatı-tərc.) almağımız lazımdır? Hərbi rəhbərliyimiz hara baxır? Bu məsələləri təcili həll etmək lazımdır.

6. AİB-ə və KTMT-yə üzvlük Ermənistana nə verdi? Qoy bizim rəhbərlər aydın cavab versinlər. Ermənistan Rusiyadan gətirilən köhnə avtomobillərə rüsumların endirilməsindən başqa hansı səmərəni gördü? Rusiyaya qoyulmuş beynəlxalq sanksiyalar iqtisadiyyatımıza təsir edibmi? Kommunikasiyaların inşası üzrə İranla investisiya layihələrini Moskva niyə kökündən vurur? Biz müstəqil dövlətik, yoxsa Rusiyanın bir vilayəti? Axı Çeçenistan Rusiyanın tərkibində faktiki olaraq Ermənistanın Cənubi Qafqazda malik olduğu hüquqlardan daha çox hüquqa malikdir. Rusiya mülkiyyətçilərtinin əlində olan Ermənistan obyektlərinin – qaz sənayesi, dəmiryolları, elektrik şəbəkələri və elektrik stansiyalarının heç biri gəlirlə işləmir. Effektsiz və fərsiz marketinqin (ya oğurluğun?) bədəlini erməni xalqı ödəyir. Bəlkə, buna son qoymağın və bu şirkətlərin rəhbərlərini məsuliyyətə cəlb etməyin vaxtı çatıb?

Bütün bu suallar çoxdan yetişib. Lakin, budur, həqiqət anı çatdı və nə qədər qəribə olsa da, bizə bu işdə Azərbaycan yardım etdi…

 

Tərcümə Strateq.az-ındır.