XƏBƏR LENTİ

25 Yanvar 2020
24 Yanvar 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 12:12

“Qaynar Qazan”da Bəxtiyar Hacıyev:"Niyə Rüstəm İbrahimbəyov vahid namizəd olmalı idi?"

qq bextiyar3

Bəxtiyar Hacıyev Harvardda oxuyub. “Qaynar Qazan”a dəvət olunmasının səbəblərindən biri sırf budur. Təbii ki, “Qaynar Qazan”a dəvət olunacaqların arasında bir neçə dəfə onun da adını səsləndirmişdilər – ki, onun da səbəbi Harvarddır. Əslində, Bəxtiyar Hacıyevi diqqətə çıxaran, onu məşhurlaşdıran, həbsinə səbəb olan, bütün dünyada məşhur edən də Harvarddır.

Dünyada elə mərkəzlər var ki, təkcə orada oxumaq yox, az qala bir ziyarət də adamı digərlərindən fərqləndirə bilir. Harvard o məkanlardandır. Dünyanın super dövlətini idarə edənlərin əksəriyyəti Harvardın məzunlarıdır. Amerikan idealizminin bəşəriyyətə yayılmasının təməl mərkəzlərindən biri Harvarddır və bu elm mərkəzi elə bir qüdrətli şəbəkəyə malıkdir ki, bəzən bəzi dövlətlərdən də güclü ola bilir. Qısa və konkret bir rəqəm: Harvardın büdcəsi 36 milyard dollardır! Bilmirəm, bu rəqəm nəyisə ifadə etdimi?

O mənada bəzən özünübilməz adamların, bəzi odioz məmur balalarının, ya da oliqarxiyanın iri fiqurlarının Amerika ilə döyüşə qalxmasını anlamaqda çətinlik çəkirəm. Bir universitetinin büdcəsi bizim dövlətimizin büdcəsindən təxminən 3 dəfə çoxdur və Amerikada bu cür bilinən və bilinməyən minlərlə qurum var – minlərlə ha…

Bu mənada Bəxtiyar Hacıyevi danışdırmaq istədik. Hələ bundan əvvəl – “Qaynar Qazan”ın ötən 14-cü buraxılışında Qubad İbadoğluna yazılan giriş yazısındakı “Klintonun dostu” anlamına gələn ifadədən çəkindiyini oxuyanda, xəyal qırıqlığına uğrayan kimi oldum. Söhbətimiz əsnasında bu ehtiyatlılığını bir miqdar anlasam da, Bəxtiyarı həddindən artıq çəkingən gördüm. Stalin Lenini görəndə necə hisslər keçirmişdisə – məsələsi ondan iraq – təxminən ona oxşar bir hiss də demək olar.

Bu, Bəxtiyar Hacıyevlə ilk müsahibəm idi. Onu həbsdə olanda tanımışam. Hər zaman dəstək vermişik, ağzından və qələmindən çıxan hər sözü “Xural” manşetdən yayınlayıb, amma bizim həbs dönəmimizdə heç müdafiəmizdə görmədik, eşitmədik. Təbii ki, ümumi qənaət yaratmaqda və ilkin təəssüratda bu məqamların da verdiyi olumsuz təsirlər olsa da, müsahibə boyu Bəxtiyarın bir çox məsələlərdə hazırlıqlı olduğunu müşahidə etdim.

Azərbaycandakı situasiyanı miqyaslı formada analiz edə və doğru nəticələrə gələ bilir. Geniş Harvard şəbəkəsinin də verdiyi imkanlarla çox məlumatlıdır. Siyasi və ictimai elitanın yaxınlarına gəlməkdənsə, özünə başqa qruplar və dost çevrələri axtarır. Bu, həm yaxşıdır, həm də pis. Yaxşıdır ona görə ki, əlaqələrin genişlənməsinin nəyi pisdir ki. Pis odur ki, sayı az olsa da, ictimai fikrə təsir göstərən qrup Bəxtiyarın qaçıb uzaqlaşmaq istədiyi qrupdur həm də. Rəssamlar, elm adamları, fərqli gənclər qruplarının qaynar ictimai-siyasi mühitlə nə əlaqəsi ola bilər ki?

Tənqiddən çox ehtiyatlanır. Gənclərlə – adını çəkdiyi və çəkmədiyi ictimai fəallardan bir çoxu ilə kəskin münasibətləri var və mənə elə gəldi ki, bir az uzaqlaşmasının səbəblərindən biri də budur. Özü də təsdiqlədi ki, tonu bir az kəskin olanları dostluğundan çıxarır və məlum oldu ki, bəzilərini dostluqdan çıxarmasaymış, daha fərqli suallar gələ bilərmiş.

Siyasi ehtiyatlılığı yüksək səviyyədədir. “Qırmızı xətt” məsələsində o qədər həssasdır ki, hətta gizlətməyə belə ehtiyac duymur. Açıqca Azərbaycanı idarə edənlər haqqında danışmamağı tərcih edir və bunu etiraf edir. Hətta “qırmızı xəttə” yaxınlaşdığını hiss edən kimi, fəaliyyətlərini dayandıracaqlarını bəyan edir və bu, büsbütün mübarizədə olmamaq mənasına gəlir.

Savadlı, hazırlıqlı, ABŞ-da yüksək əlaqələri olan, Harvardda oxuyan, eyni zamanda çəkingən, ehtiyatlı, içində bir “qırmızı xətt” həyəcanı daşıyan, vəziyyət gərginləşən kimi fəaliyyətini dayandırmağa hazır olan bir gənc var qarşınızda – bu, Bəxtiyar Hacıyevdir.

Onunla strateq.az saytının redaksiyasında, “Qaynar Qazan”ın 15-ci qonağı olaraq söhbətləşdik. Azərbaycanın gələcəyinə nə kimi töhfəsi olacaq, ya da ola bilər suallarına isə Siz qərar verəcəksiniz, Əziz Oxucu və Tamaşaçılar…

 

Əvəz Zeynallı

 

 

I hissə

 

Mediadan uzaq durmağa çalışıram

qq bextiyar9

– Salam, Bəxtiyar. Xoş gəlmisən “Qaynar Qazan”a…

 

– Çox sağ olun, təşəkkür edirəm.

 

– Müsahibə vermək üçün bir az çəkingənlik hiss elədim. Niyə, səbəbi nədir?

 

– Müsahibədən yox, amma bir müddətdir ki, mediadan uzaq durmağa çalışıram. Başqa, daha faydalı işlər var. Adətən mətbuata çıxanda kimlərinsə hansısa fikirlər xoşlarına gəlmir və bu, uzun vaxt aparan müzakirələrə səbəb olur. Ona görə də bir müddət mediadan uzaq durmağa çalışıram.

 

– Yəni media ilə aranızda hansısa münaqişə olub?

 

– Münaqişə olmur. Amma dedeyim kimi, bəzi fikirlər var ki, bəzi qrupların xoşlarına gəlməyə bilir. İstənilən halda fərqli bir fikir söyləyirsinizsə, bu, kiminsə xoşuna gəlmir və xoşuna gəlməyən tərəf də adətən bu fikirləri müzakirəyə çıxarır, məcbur olursan, onlara cavab verməyə… Bu da kifayət qədər vaxt aparır və enerji itkisinə səbəb olur. Ona görə də daha faydalı saydığım işlərlə məşğul olmaq üçün mediadan uzaq durmağa çalışırdım. Amma “Qaynar Qazan”ı nə üçün qəbul elədim. Çünki cavab vermək istədiyim və müzakirə olunmasını istədiyim bəzi məsələlər var idi. Xüsusilə də özümlə bağlı… Ümid edirəm ki, onları indi müzakirə edə biləcəyik.

 

– Təşəkkür edirəm, bilmirdim ki, uzun müddət mediadan uzaqsınız…

 

– Qaçmaq istəyirəm. Zəng edəndə, suallar verəndə cavablandırıram. Amma özüm təşəbbüs göstərib, haradasa görünmək istəmirəm.

 

– Səbəbi nədir? Çünki yadımdadır ki, bir müddət medianın diqqətində idin…

 

– Hə…

 

– Və sən özün də buna meylli idin, deyəsən…

 

– Hə…

 

Bir müddət mən də o təsirə düşmüşdüm

qq bextiyar6

– Amma bir müddət keçdi, sonra sanki sükut yarandı. Tənqid eşitmək istəmirsən? Belə deyək, hər zaman medianın dəstəklədiyi bir adam birdən-birə mediadan qaçır.

 

– Baxır, media deyəndə hansı medianı nəzərdə tutursunuz ? Bayaq bunu müzakirə də etdik. Azərbaycanda kiçik bir qrup var ki, sayı bəlkə də heç min nəfəri keçmir – onlar gündəlik olaraq sosial şəbəkələrdə siyasi xəbərləri paylaşırlar, siyasi statuslar yazırlar. Belə düşünürlər, onlarda belə bir yanlış illüziya var ki, cəmiyyətdə ictimai fikri formalaşdıran yeganə qrup onlardır. Bir müddət mən də o təsirə düşmüşdüm və elə düşünürdüm ki, o qrup nə yazırsa, deməli, bütün cəmiyyət də elə fikirləşir. Hansısa siyasi lider haqqında yaxşı düşünürlərsə, bütün cmiyyət yaxşı düşünür, pis düşünürlərsə, pis düşünür. Onların bir məsələyə münasibəti belədirsə, deməli, bütün cəmiyyətin münasibəti elədir. Amma bir az kənara çıxanda, fərqli-fərqli qruplarla yaxın olanda görürsən ki, yüzlərlə, bəlkə də minlərlə fərqli qruplar var ki, onlar resursları baxımından da, ictimai rəyə təsiri baxımından da, təhsilləri, dünya görüşləri baxımından da daha güclü qruplardır. Yəni mən mediadan uzaq durmaqla daha çox müxtəlif auditoriyalarla işləməyə üstünlük verirəm. Məsələn, musiqiçilər, rəssamlar, xaricdə təhsil almış gənclər var. Eləcə də müxtəlif dövlət qurumlarında işləyən gənclər var. Kifayət qədər fərqli-fərqli qruplar var ki, o ictimai rəyi formalaşdırdığını düşünən qrupdan kənardadırlar. Yəni heç bir əlaqələri yoxdur.

 

– İctimai rəyi formalaşdırdığını düşünən qrup hansıdır? Bunu təsbit etmisənmi ki, kimlərdir?

 

– Gənclər arasında adətən “ictimai sektor” – deyilən bir qrup var. Onlar bir-birilərini yaxşı tanıyırlar.

 

– Onlara “siyasiləşmiş” qrup demək olarmı?

 

– Bəli. Amma siyasiləşmiş o demək deyil ki, siyasətə təsirləri başqalarından daha çoxdur. Belə deyək, bir Müsbət Dəyişiklikçi, REAL-çı, Dalğaçı gəncin facebookda 10 dəfə status yazması o demək deyil ki, hansısa prosesə təsir edir. Amma kənarda, hansısa dövlət qurumunda, hansısa özəl bankda və yaxud da hansısa başqa özəl şirkətdə rəhbərlik bu gün susub, sabah elə bir bəyanatla çıxış edə, elə bir addım ata bilər ki, o, 100 gəncin ümumi prosesə verdiyi təkandan daha böyük təkan verər.

 

– Belə demək olarmı ki, sən bayaq dediyin kimi təsirinə düşdüyün bu qrupun yox…

 

– Təsirinə düşməmişdim. Düşünürdüm ki, ictimai rəy sadəcə bunlardan ibarətdir, amma …

 

İctimai rəy bir qrupun rəyilə deyil, fərqli və müxtəlif qrupların birgə rəyi əsasında formalaşır

 

– İndi baxırsan ki, ictimai rəy əslində öz yerində qalır?

 

– Mənim üçün ictimai rəy bir qrupun rəyilə deyil, fərqli və müxtəlif qrupların birgə rəyi əsasında formalaşır. Bu, ifadə olunmursa, o demək deyil ki, yoxdur. Yəni müxtəlif insanlarla ünsiyyətdə olanda görürsən ki, onların  siyasi proseslərə öz yanaşmaları, öz baxışları var. Sadəcə, müxtəlif səbəblərdən onlar gündəlik xəbərlər, siyasi statuslar paylaşmırlar, siyasi proseslərə açıq-aşkar mövqelərini bildirmirlər. Amma qapalı məkanlarda – özəl “Vatsap” qruplarında, Facebook-un qapalı quplarında bu müzakirələri aparırlar.

 

– Belə başa düşdüm ki, o qrupların əksəriyyəti ilə münasibətlər var…

 

– Mən maksimum çalışıram ki, tamamilə fərqli-fərqli qruplarda olan insanlarla ünsiyyətdə olum.

 

– Türklər “künyə” deyirlər. Mən də facebook-dakı künyəyə baxdım. Bioqrafiyanda xeyli zəngin məqamlar var: HCC – Human Capital Consulting adlı yerdə Director, Müsbət Dəyişiklik Gənclər Hərəkatının həmsədri, Harvard Kennedy School , World Bank adlı yerdə keçmiş Consultant, Education Development Center adlı yerdə keçmiş Regional Coordinator-da, National Democratic Institute adlı yerdə keçmiş Summer Interndə, AIESEC in Azerbaijan adlı yerdə keçmiş Founder, Member Committee President -də, AIESEC adlı yerdə keçmiş Founder (company) də işləyib, Harvard University məktəbində Public Policy oxuyub, Təhsil aldığı yer: Harvard kennedy school of government, Baku State University məktəbində Applied Math and Economic Cybernetics oxuyub və s.

 

Müsbət Dəyişiklik Gənclər Hərəkatının ofisini 2014-cü ilin noyabrında bağladıq.

 

Həbslər dalğasının hədəfinə gəlməmək üçün 2014-cü ildə ofisimizi bağladıq

 

– Niyə?

 

– Çünki QHT-lərə, siyasi partiyalara, gənclər təşkilatlarına qarşı bir dalğa gəlmişdi və biz də hiss elədik ki, bu həbslər dalğasının hədəfinə gəlməmək, üzvlərimizə zərər verməmək üçün 2014-cü ildə ofisimizi bağlamaq lazımdır.

 

– Yəni güman edirdiniz ki, sən və yaxud da üzvlərinizdən kimsə həbs oluna bilərdi?

 

– Ola bilərdi, bəli. Çünki müxtəlif gənclər təşkilatlarına qarşı bir-birinə bağlı cinayət işləri olurdu və biz proses başlamazdan bir neçə il əvvəl bir neçə gənclər təşkilatı ilə çox sıx-sıx işləyirdik. Yəni bizim ofisdə başqa gənclər təşkilatlarının iclasları olurdu. Biz də bəzən tədbirlərimizi gedib “OL” hərəkatında keçirirdik. “OL” hərəkatından kimsə “N!DA” ilə birləşərək bizim ofisimizdə tədbir keçirirdi. Yəni kiminsə işində rahatlıqla bizə qarşı iş qaldırıb, üzvlərimizi ona cəlb edə bilərdilər. Mən özüm həbsdə olmuşam. Həbsdə olan insanda bir duyum olur ki, nə vaxt “qırmızı xətt”ə yaxınlaşır. Yəni biz də hiss elədik ki, o dalğa artıq yavaş-yavaş bizə doğru yaxınlaşır. Ona görə də vaxtında dayandırdıq.

 

– Yəni həbsxana sizə “qırmızı xətt”in nə olduğunu izah edib?..

 

– İzah edib, bəli.

 

– Harvardda oxuyanda işləmisən də?

 

– Hə, həm oxumuşam, oxuduğum müddətdə də işləmişəm. Bunun da səbəbi var. Əslində, mənim təhsilim burada dövlət tərəfindən maliyyələşdirilməli idi, sonradan imtina elədilər. Ona görə də bir müddət orada universitetdə işləyə-işləyə oxudum.

 

– Dünya Bankında da?

 

– Bir müddət işləmişəm.

 

– Milli Demokratiya İnstitutunda…

 

– Bir il təcrübə keçmişəm, bəli.

 

– Ağdaşda harada oxumusan?

 

– Özəl Türk litseyində təhsil almışam.

 

– Amerika prezidentlərinin bəlkə də 70-80 faizi Harvard məzunudur.

 

– O qədər olmasa da, var.

 

“Harvard məzunu” brendi Azərbaycanda işləyirmi?

qq bextiyar8

– Harvardda oxumağın Azərbaycanda yaşamağa nə kimi təsiri var? Gəlin elə Xaqani Səfəroğlunun sualı ilə başlayaq: “Harvard məzunu” brendi Azərbaycanda işləyirmi? Harvardın məzunu kimi dövlət strukturlarından iş alırmı? Yoxsa “ictimai fəal” statusu Bəxtiyar bəyi daha çox qane edir? Amerika prezidentlərinin təhsil aldığı Harvard universitetini bitirməyin Azərbaycanda təsiri varmı?

 

– Nə deyim? Harvardın dərslərindən çox, onun üstünlüyü bəlkə də o şəbəkənin özündən ibarətdir. Yəni dərslər olaraq, bütün universitetlərdə həmin dərslər tədris oluna bilər. Harvard universitetinin üstünlüyü ondadır ki, daha çox praktiki tərəfləri insanlara yönəldirlər. Müxtəlif sahələrdə çalışan insanları yüksək maaşla dərs demək üçün dəvət edirlər. İkinci üstünlüyü də, Harvard universitetinin məzunu olan şəxslərin harada olmasından asılı olmayaraq, bir-birilərinə dəstək vermələridir. Məzunların arasından 5-10 il sonra hansısa dövlətin baş naziri yetişirsə, aydın məsələdir ki, başqa bir ölkədə onun öz tələbə yoldaşı olan şəxsə daha çox üstünlük vermək istəyir. Universitet özü bunu təşviq edir ki, məzunlar bir-birilərini dəstəkləsinlər. Azərbaycana gəlincə, burada kifayət qədər çox Harvard məzunu var ki, müxtəlif postlarda çalışırlar.

 

– Onlarla əlaqələriniz varmı?

 

– Var. Bir neçə səfirlərimiz var. ARDNŞ-nin rəhbəri Harvard Universitetində oxuyub.    

 

– ARDNŞ-nin?

 

– ARDNF-nin, üzr istəyirəm…

 

…mən Amerika kəşfiyyatının hansısa bir proyektiyəm

 

– Çünki Rövnəq Abdullayev Harvard məzununa oxşamır, ona görə təkrar soruşdum.

 

– Sonra ADA universitetinin prorektoru Emin Hüseynovla bərabər oxumuşuq, eyni dərslərə getmişik. Harvard universitetində oxuyub dövlət qurumlarında çalışmayan tək adamam. Əgər biznes sahəsində təhsil alanları bu siyahıdan çıxarsaq… O postlarda çalışanlarla yaxşı münasibətlərimiz də var. Məsələn, hökumətlə münasibətlərimizin ən pis, ən gərgin vaxtında Harvardda təhsil almış səfirlərimizdən biri ABŞ-a gəlmişdi və çox səmimi şəkildə gəlib mənimlə oturdu. Mənim üçün də təəccüblü idi ki, hökumətin münasibətinə baxmayaraq, o, səmimi münasibətləri saxlayır. Amma Azərbaycana gəldikdə, dediyim kimi, bəzi məqamlar – Harvard universitetinin məzunu olmaq da işləmir. Xüsusilə də siyasət sahəsində… Çünki Sovet dövründən qalma bir yanaşma var ki, əgər kimsə Harvardda və yaxud da Kolumbiya universitetində oxuyubsa, deməli, Amerika kəşfiyyatı ilə hansısa əlaqələri var, Amerika Azərbaycana lider yetişdirir, Azərbaycanda inqilab edəcək və s. Yəni belə bir yanaşma var. Mən həbsdə olanda da bunu məndən dəfələrlə müxtəlif qurumlar vasitəsilə soruşurdular ki, “sənin Amerika kəşfiyyatı ilə əlaqən var, yoxsa yox?” Yəni mən çox çətinliklə inandıra bildim ki, Harvardda oxumaq o demək deyil ki, mən Amerika kəşfiyyatının hansısa bir proyektiyəm və s. Bəzən belə sual da verirlər ki, “necə olur, sənin təhsil haqqını da Harvard ödədi? Bu, az məbləğ deyil – 36 min dollar+yaşayış xərcləri və s.” Sonra mən deyəndə ki, universitetin ümumi büdcəsi 36 milyard dollardır, artıq inandılar ki, Azərbaycanın dövlət büdcəsindən daha çox Harvardın özünün büdcəsi var. Ondan sonra artıq müəyyən dərəcədə inandılar ki, Harvardda oxumaq o demək deyil ki, kiminsə xarici kəşfiyyatla əlaqəsi var. Amma görünür, yenə də müəyyən qədər ehtiyat edirlər, bəzi məzunlardan uzaq durmağa çalışırlar.

 

– Belə çıxır ki, bütün Harvard məzunları yaxşı vəzifələrdə çalışırlar, tək Bəxtiyar Hacıyevdir ki, heç bir yerdə işləmir…

 

– İşləmir deyəndə, öz şirkətimiz var və orada işləyirik.

 

– Dövlət qulluğu deyil?

 

– Dövlət qulluğu deyil. Müxtəlif mesajlar göndərilib ki, yəni gəlmək istəsə…

 

– Hakimiyyət tərəfindən?

 

– Bəli, hakimiyyət tərəfindən…

 

Hakimiyyətlə işləyə bilərəm, o şərtlə ki…

qq bextiyar5

– O zaman niyə qəbul eləmirsən?

 

– Birincisi, hələ konkretləşdirilməyib, ikincisi də özümü tam olaraq o strukturun bir hissəsi kimi görə bilmirəm. Yəni mən olduğum yerlərdə bir az sərbəst olmaq və səlahiyyət sahibi olmaq istəyirəm, gedib hansısa dövlət qulluğunda oturub, saat 6-ya qədər işləyib, sonra da evdə istirahət etməyi istəmirəm. Bu, mənim xarakterimə də uyğun deyil. Amma əgər hansısa sahədə bir yenilik ola bilərsə, məsələn, ASAN Xidmət kimi, yeni, sıfırdan başlayan hansısa bir sahədə çalışmaq lazım gələrsə…

 

– Yəni yeni layihələrdə…

 

– Bəli, yeni layihələrdə, hansısa müsbət dəyişikliklər gətirə bilən, cəmiyyətdə öz müsbət reputasiyasını qoruya bilən işlər olsa, bəlkə düşünmək olar. Amma hansısa köhnə bir qurumda və orta bir səviyyədə iş təklifini qəbul edib, sırf cəmiyyətə “mən hansısa dövlət qulluğunda çalışıram” demək naminə işləmərəm. Bu da vacibdir. Çünki cəmiyyətdə hansı vəzifədə olmağından asılı olmayaraq, dövlət qulluğunda çalışan insanlara adətən nəsildə də, qohumların da arasında, xeyir-şərdə də fərqli bir münasibət var. Məsələn, iki qardaşdan biri tutaq ki, ABŞ-da hansısa böyük bir şirkətin rəhbəridir. Digəri isə Xarici İşlər Nazirliyində, tutaq ki, attaşe və yaxud da katibdir. Adətən, cəmiyyətdə XİN-də çalışan insana üstünlük verilir. Onun brendi daha güclü olur, nəinki hansısa böyük bir şirkətin sahibi olmaq. Yəni o baxımdan, dediyim kimi, yeni bir layihə olarsa, cəmiyyətin müsbət reputasiyasını qazana bilərsə, ən əsası, müsbət dəyişikliklər üçün sərbəstlik veriləcəksə, bəlkə də düşünmək olar.

 

İlk harvardlı siyasi məhbusam

 

– Amma ilk Harvard məzunusan ki, “siyasi məhbus” olmusan?

 

– Azərbaycanda ilkəm.

 

– Digər ölkələrdə də var, təbii ki…

 

– Bəli… Hal-hazırda Venesueladan olan müxalifət lideri həbsdədir.

 

– Siz onu Harvardın məzunu olaraq dəstəkləyirsiniz?

 

– Bəli, müxtəlif tədbirlərdə, məsələn Çexiyada keçirilən tədbirdə də dəstəkləmişəm.

 

– Facebook da ilk dəfə Harvard universitetinin şəbəkəsi olaraq populyarlıq qazanıb, eləmi?

 

– Facebook-un təsisçisi Harvardda təhsil alıb. Sonradan təhsilini yarımçıq buraxaraq, facebook-u yaradıb.

 

– Yəni demək olarmı ki, Harvard bir ayrıcalıqdır?

 

– Təbii ki, üstünlüyü var.

 

Arif Məmmədov təxribata getdi

qq bextiyar1

– Fuad Əhmədli soruşur: “Nüfuzlu diplomatlarımızdan biri olan Arif Məmmədovla onun arasında olan nifaqın kökündə tam olaraq nə dayanır? Bildiyim qədərilə Arif bəy sizi neqativ münasibətlərinizə qarşılıq verməyib. Amma siz “onun kimi adamın ölkəmizi İslam konfransında təmsil etdiyinə görə utandığınızı" bəyan etmişdiniz. Səbəbi Arif bəyin talançılarla prinsipial mücadiləsinə paxıllıq olmasın?.. ”

 

– Yaxşı sualdır. Arif Məmmədovu mən qiyabi olaraq 2007-ci ildən tanıyırdım. Müxtəlif Gənclər Təşkilatlarının Avropada keçirilən tədbirlərinə dəstək verməsi haqqında eşitmişdim. Onun haqqında kifayət qədər müsbət fikrim var idi. Sonra ona qarşı bir kampaniya başlamışdı.

 

– “Azadlıq”dakı 16 mərtəbəli bina yananda…

 

– Bəli, o bina yanğınından sonra onun yazdığı bir məlumat var idi. Sonra bir jurnalistin çox kiçik təxribatına elə şəkildə reaksiya verdi ki, gözləmədiyim… Bu insan, elə bil ki, bir neçə gün içərisində tamamilə dəyişdi. “Azadlıq” qəzetini oxumağa, Milli Şuraya üzv olmağa çağırdı və s…

 

– Yəni deyirsiniz ki, təxribata getdi?

 

– Təbii ki…

 

Bir həftə dostluğumu qəbul etmədi

 

– Əgər bilsəydi ki, təxribatdır, o zaman getməzdi?

 

– Haqqın.az saytı ona qarşı bir məqalə yayımlamışdı. Həmin sayt başqa diplomatlar haqqında da müxtəlif yazılar verir və adətən, onların reaksiyası ümumiyyətlə olmur, ya da onlar kifayət qədər belə məsələlərə sakit yanaşırlar. Amma mən ona facebook profilimdən dostluq göndərdim. Onun səhifəsində yazılanlardan məlumat alıb, nə baş verdiyini bilmək istədim. Bir həftə sonra baxdım ki, dostluğumu ümumiyyətlə qəbul etməyib. Amma yüzlərlə cəbhəçinin dostluğunu qəbul edib. Hansılarının ki, arasında onun tanımadığı bir çox insanlar var. Gördüm ki, proses bu istiqamətdə gedir və Avropada bir nəfər oturub, insanları küçələrə, “ağ yürüş”ə səsləyir. Yay vaxtlarında insanların əksəriyyəti Bakıda ağ paltar geyinir. Onlardan bir neçəsinin də şəklini ona göndərmişdilər. O da iddia edir ki, yürüş baş tutdu, minlərlə insan Bakıda ağ geyindi.

 

– Onu həm də “Ağ blok”la qarışdırmışdılar. Hətta Tural Abbaslı da buna etirazını bildirmişdi. Deyəsən, o ağ geyinənlər də “Ağ blok”un üzləri idilər.

 

– Mən Arif Məmmədovla bağlı nə üçün bu qənaətə gəlməyimlə bağlı fikirlərimi deyim. Onlar deyirlər ki, “talançılıqla mübarizə aparırdıq…” Biz təşkilatın ən kiçik formasında, ən kiçik layihələrimizdə belə çalışırıq ki, professional iş ortaya qoyaq. Yəni onun saytı olsun, videolar çəkiləcəksə, peşəkar səviyyədə olsun və s. Avropada 20 il müddətində çalışmış bir diplomatın internetdən keyfiyyətsiz şəkillər yükləyib, öz siyasi hərəkatı üçün loqo hazırlaması, işlərinə qeyri-peşəkar yanaşmasını görəndə, təbii ki, mənim üçün çox böyük bir sürpriz oldu və mən çox təəccübləndim ki, 20 il Azərbaycanı Avropa qurumlarında təmsil etmiş bir diplomat öz işlərinə bu qədər qeyri-peşəkar yanaşır. Nardaranda məlum hadisələr başlayanda nardaranlıları üsyana çağırır, dindarlara müraciət edir ki, “mənim dindar qardaşlarım”, – yan tərəfində də Qurani-Kərim. Ağ köynəkdə şəkli olan insanları qəsd edərək deyir ki, Bakıda mənim çağırışlarıma minlərlə insan qoşuldu. Bu, kifayət qədər qeyri-ciddidir. Əgər kimsə bunu mübarizə adlandırırısa, uğurlar arzu edirəm.

 

Təəssüf elədim ki, 20 il Azərbaycanı Avropa qurumlarında təmsil edən bir diplomat…

qq bextiyar2

– Ona görə demişdiniz ki, “onun Azərbaycanı İslam Konfransında təmsil etdiyinə görə utanc hissi keçirirəm”?

 

– O ifadəni necə dediyimi xatırlamıram, amma mən təəssüf elədim ki, Azərbaycanı təmsil edən bir diplomat işinə, siyasi hərəkatına bu qədər qeyri-peşəkar yanaşır.

 

– Yəni deyirsiniz ki, 20 il diplomat işləyən adam belə şeylər etməməlidir?

 

– Ən xırda məsələlərdə belə qeyri-peşəkar münasibət olmamalıdır.

 

– Mən belə başa düşdüm ki, əgər Arif Məmmədov sizin dostluğunuzu qəbul eləsəydi, onun haqqında başqa qənaətdə olardınız…

 

– Təbii ki, yox. Sadəcə olaraq mən o yanaşmanı gördüm. Məgər bina yanmamışdan əvvəl talançılıq yox idi? Doğrudanmı, bina yanğınından sonra Arif Məmmədov başa düşdü ki, burada talançılıq var? Halbuki Arif Məmmədov hakimiyyətin maraqlarını 20 il Avropa qurumlarında təmsil eləyib. Dövlətin maraqları ayrı, amma eyni zamanda hakimiyyətin də maraqlarını təmsil edib. Fuad Əhmədli kimi bir çox insanlar mübarizə aparan insanları da ruhdan salırlar, çünki  elə insanlar var ki, 20 il mübarizə aparırlar – hakimiyyətlə, ölkədəki haqsızlıqlarla, korrupsiya ilə və s. 20 ilin sonunda hansısa bir hadisə ilə bağlı yumşaq ifadə işlədirlər, yumşaq mövqe sərgiləyirlər, ona qarşı hücumlar olur. Amma eyni zamanda 20 il hakimiyyətə işləmiş bir adam günlərin bir günü “Susma” mahnısını bəstələyir, olur qəhrəman…

 

– Hüseyn Abdullayev?..

 

Ölkə rəhbəri ilə araq içənlər bir anda qəhrəman olur

 

– Digəri bir status yazır ki, ölkədə talançılıq var, insanları ağ üsyana çağırır, olur qəhrəman. Bir başqası 2009-cu ilə qədər ölkə rəhbəri ilə qədəh-qədəhə araq içir, sonra olur müxalifətin vahid namizədi.

 

– Kim?

 

– Məsələn, Rüstəm İbrahimbəyov. Və yaxud Milli Şuranın rəhbərliyinə baxsanız, kifayət qədər adamlar var ki, 2010-cu ilə qədər Milli Məclisdə təmsil olunmuşdu, amma bu gün iddia edir ki, Milli Məclisə normal seçkilər yolu ilə seçilmək olmur, ora ancaq hakimiyyətlə razılaşıb, seçilmək olur.

 

– Cəmil Həsənlini nəzərdə tutursunuz?

 

– Yox, Gültəkin Hacıbəylini. Mən demirəm ki, o, yanlış yol seçib…

 

– Yəni tövbə yolunu bağlayaqmı?

 

– Yox, yox, mən bunu nəzərdə tutmurdum. Mən bunun tərəfdarı deyiləm. Amma eyni zamanda bu cür münasibət insanlara belə bir mesaj verir ki, 20 il müddətində istədiyinizi eləyin, sizə lazım gələn anda hansısa tənqidi fikrinizi bildirərsiniz, ictimai rəy sizi bağışlayacaq. Hətta qəhrəman da ola bilərsiniz, bir yaxşı musiqi bəstələsəniz. Ona görə də bir çox insan var ki, siyasi proseslərdən soyuyur.

 

– Musiqi bəstələyən kimdir?

 

– Hüseyn Abdullayev.

 

– “Susma”?

 

– Bəli. Yəni bu tip münasibət mübarizə aparan insanları da ruhdan salır. Belə deyək, illərlə həbsdə olan insanlar var, bir çox məhrumiyyətlər yaşayan insanlar var ki, günlərin bir günü müəyyən qədər maddi resursları, beynəlxalq əlaqələri olan Rüstəm İbrahimbəyov  müxalifətin vahid namizədi olanda – hətta bilə-bilə ki, o, Rusiya vətəndaşıdır və onun vahid namizəd olması Putinin bir imzasından asılıdır, insanlar artıq tərəddüd etməyə başlayırlar ki, doğrudanmı, hər şeyi bu ictimai rəyin fikrinə uyğun planlaşdırıb görməyə dəyər?

 

– Milli Şuraya dəvət olunmuşdunmu?

 

– Dəvət olunmuşdum, bəli. Müxtəlif insanlar tərəfindən.

 

ABŞ-da Milli Şuraya ümumiyyətlə diqqət ayırmırdılar

qq bextiyar7

– Niyə qatılmadın?

 

– 2 səbəb oldu. Birincisi, mən Milli Şuraya dəvət olunduğum ərəfədə ABŞ-a səfər elədim. Burada belə bir mesaj verilmişdi ki, bizə Qərb tərəfindən kifayət qədər böyük dəstək var, bu, Azərbaycanda çox ciddi dəyişikliklərin təməlini atacaq və s. Mən ABŞ-da olanda kifayət qədər böyük yerlərdə böyük insanlarla görüşlərim oldu və hər dəfə Milli Şura ilə bağlı bir məsələ qaldıranda soruşurdular ki, “başqa nə kimi planların var?” Ümumiyyətlə, bu məsələyə diqqət ayırmırdılar, reaksiya vermirdilər ki, “onu qoyaq bir kənara, başqa planların nədir?”  

 

– Yəni deyirsiniz ki, ABŞ-da Milli Şuranın heç bir dəstəyi olmadı?

 

– Mən görmədim və bunu dediyim üçün də Azərbaycanda kifayət qədər qınaqla qarşılaşdım. Rusiya vətəndaşı olan bir nəfərin və siyasətlə yaxından uzaqdan heç bir əlaqəsi olmayan Rüstəm İbrahimbəyovun liderliyi məsələsi qoyulanda ümumiyyətlə, qərarımı verdim ki, bu qurumdan kənarda dayanmalıyam. Çünki ondan əvvəl də İctimai Palata var idi.

 

– Orada da təmsil olunmadın…

 

– Orada da təmsil olunmadım. Həm də həmin müddətdə mən həbsdə idim. Həbsdən də qoşula bilərdim, amma bir müddət kənardan müşahidə elədim. İctimai Palata yarandı və iki böyük partiyanın – AXCP və Müsavatın bir yerə gəlməsi, sonra onların ayrılması, sonra yenidən birlikdə Milli Şuraya gəlməsi, sonra yenidən Milli Şuradan ayrılması, yəni bütün bu proseslərin bir hissəsi olmaq istəmədim.

 

– Emin Quliyev sual verir: ““Nə qədər Rusiyanın caynaqları var, Azərbaycanda demokratik dəyişikliklər olmayacaq” – fikrinə münasibətiniz. Yaxud hakimiyyət ABŞ və Qərbi niyə asanlıqla tənqid edir? Milli Şura nə qədər yol gedə bilər?”

 

– Sualın Rusiya ilə bağlı hissəsi ilə razıyam. Rusiyanın özü yox, Rusiyadakı hakimiyyət nə qədər qalacaqsa, o qədər də Azərbaycan həm demokratikləşməsində, həm də ərazi bütövlüyünün təmin olunmasında o qədər çətinliklə üz-üzə qalacaq. Nəyə görə Azərbaycan hakimiyyəti ABŞ və Qərbi asanlıqla tənqid edir, amma Rusiyanı yox? Ona görə ki, Qərbi tənqid etdikdə, Qərb bir neçə tvitlə buna cavab verir, amma Rusiya ilə münasibətlər korlananda biz Gürcüstanda və Ukraynada gördük ki, buna cavab hansı şəkildə ola bilər. Yəni görünür ki, bir az da ondan ehtiyatlanırlar. Milli Şuraya gəlincə, yəqin ki, özləri qərar verəcəklər ki, nə qədər yol gedə bilərlər. Amma bir daha təkrar edrəm ki, Milli Şuraya Rusiya vətəndaşının vahid namizəd seçilməsi və sonradan bu mərhələnin Cəmil Həsənliyə verilməsi başdan yanlış qərar idi. Həmin dövrdə belə bir rəy də formalaşmışdı ki, ümumiyyətlə, bu layihə Rusiya ilə bağlı bir layihədir. Çünki xatırlayırsınızsa, həmin mərhələdə həm də Rusiyada “Milyarderlər ittifaqı” yaradılmışdı. Heç kəsə də sirr deyil ki, Rusiyada nəinki milyarderlər, heç milyonçular da Rusiyanın razılığı olmadan birləşib, hər hansı qurum yarada bilməzdilər. Rusiyada əslən Azərbaycandan olan bir neçə milyarderin birləşməsi və eyni zamanda o klubun bir üzvünün Milli Şurada vahid namizəd göstərilməsi, eyni zamanda prezidentin kürəkəninin həmin qurumda təmsil olunması sadə məsələlər deyildi. Kifayət qədər böyük bir proses idi və bu prosesin Qərbə yox, Rusiyaya daha yaxın olması hiss olunurdu.

 

Niyə mütləq Rüstəm İbrahimbəyov vahid namizəd olmalı idi?

 

– Mən belə başa düşdüm ki, Milli Şuranı siz də “Rusiyanın projesi” kimi qiymətləndirirsiniz…

 

– Rusiyanın projesi olmasa da, mən bu günə qədər özüm də bu suala cavab tapa bilmirəm. Doğrudanmı, Cəmil müəllimin özünü əvvəlcədən vahid namizəd elan etmək olmazdı? Niyə mütləq Rüstəm İbrahimbəyov olmalı idi? Doğrudanmı, Cəmil Həsənlinin siyasi qabiliyyəti, siyasi təfəkkürü, analitik qabiliyyəti və siyasi karyerası Rüstəm İbrahimbəyovdan daha az idi? Nəyə görə məhz Rusiya və səhv eləmirəmsə, ABŞ vətəndaşı olan bir nəfər vahid namizəd olmalı idi? 2013-cü il seçkilər ili idi. İlin yarıdan çoxu vahid namizəd məsələsinin müzakirəsinə sərf olundu. Hətta Cəmil Həsənlinin seçki kampaniyası başlayanda 23 günlük təbliğat-təşviqat dövrünün bir həftəsi onun seçki plakatları olmadan keçdi. Seçki məntəqələrinin qarşısında namizədlər üçün nəzərdə tutulan mavi stenddə Cəmil müəlimin seçki plakatı bir həftə asılmadı. Doğrudanmı, seçkiyə bir ay qalmış namizəd müəyyənləşdirilməli idi? Eyni şey indi çox güman ki, 2018-ci ildə də olacaq. O müddətə qədər hamı öz bildiyi şəkildə siyasi fəaliyyətini davam etdirəcək, 2018-ci ilin ortalarında müzakirələr başlayacaq ki, müxalifətin vahid namizədi kim olsun? Birləşək, yoxsa birləşməyək? Cəmi iki il qalıb. Niyə indidən o proses, ən azı buna hazırlıq prosesi başlamır?

 

REAL-la siyasi düşüncələrim üst-üstə düşür

 

– Müxalifətlə bağlı bir neçə sual var. Aqşin Cəfərov soruşur: “Əli Kərimliyə və İlqar Məmmədova münasibəti necədir? Əli Kərimlini Azərbaycan müxalifəti arasında necə görür?” Fərid Behbudov soruşur: “Azərbaycand hansı siyasi partiyanın fəaliyyətini dəstəkləyirsiniz və hansı səbəblərə görə? Ümumiyyətlə, heç birini dəstəkləmirsinizsə, niyə və hansı səbəblərə görə?” Məhəmməd Əsədullazadə soruşur: “Bəxtiyar bəy niyə aktiv siyasətdə deyil? Yeni siyasi təşkilat yaratmaq fikri varmı?”

 

– Mən ilk olaraq, İlqar Məmmədova azadlıq arzulayıram. Allah qapısını açsın. İstər İlqar Məmmədov, istər Əli Kərimli, istərsə də İsa Qəmbər olsun, onların hər birinin öz auditoriyası var. O auditoriyaya da öz  tutduqları bir xətt üzrə, öz ritorikaları ilə öz seçdikləri siyasi fəaliyyətlərini davam etdirirlər. Amma bayaq qeyd etdiyim kimi, cəmiyyətin müəyyən təbəqəsi o tutulmuş xəttə, o yanaşmaya kifayət qədər müsbət baxır, lakin cəmiyyətdə yeganə rəy də o deyil. Fərqli qruplar var ki, onlara da fərqli yanaşmalar lazımdır. Elə məhz ona görə də heç bir siyasi partiyaya üzv olmaq istəmirəm. Amma bir məqamı da qeyd edim ki, mənim siyasi düşüncələrimlə bir az üst-üstə düşən təşkilat REAL hərəkatıdır. Hələ ki…

 

REAL-ı ənənəvi müxalifətdən fərqləndirən cəhətlər var

qq bextiyar

 

– Siz REAL-ın üzvüsünüz?

 

– Yox, hələ ki, deyiləm… Amma bayaq da dediyim kimi, bir çox siyasi məsələlərə yanaşma olaraq fikirlərimizin üst-üstə düşdüyü təşkilatdır. Məsələn, REAL-la bağlı mən bir məsələyə də toxunmaq istərdim. REAL-ı ənənəvi müxalifət partiyalarından fərqləndirən, doğru saydığım tərəfləri var. Bir neçə il biz bunun şahidi olduq ki, adətən Azərbaycanda müxalifət deyəndə elə düşünürdük ki, piketlərdə, etiraz aksiyalarında, mitinqlərdə döyülən, hətta bundan sonra qanlı şəkillərini sosial şəbəkələrdə – “bu döyülən, başından qan axan cəbhəçidir”, “Müsavat üzvünün atası, qohumları işdən çıxarıldı” kimi şərhlər paylaşmaq yanaşmasından fərqli olaraq REAL bunu etmir. İnsanların uzun müddət təfəkküründə belə bir fikir formalaşıb ki, müxalifətə olursansa, mütləq səni dəyənəklə döyməlidirlər, əzməlidirlər, küçədə sürüməlidirlər, başından qan axmalıdır və s. Mən belə düşünürəm ki, bu cür yanaşmalar çox insanları müxalifətçi olmaqdan uzaqlaşdırır. REAL-ın yanaşması bir qədər fərqlidir. REAL buna zarafatla yanaşır, icra katibi də yazmışdı ki, biz insanlara ildə bir neçə dəfə xaricə səfər etmək, öz evi, avtomobili, yaxşı işi olmaq, plazma ekranlı televizor almaq – məhz plazma ekranlı televizor məsələsində də ənənəvi müxalifətdən çox ilişmişdilər – imkanı qazandıracağıq. Mənim təsəvvürümdə müxalifət bir az da elə olmalıdır. Yəni müəyyən qədər gücü, resursları olan və eyni zamanda öz müxalif mövqeyini qoruyub-saxlayan və cəmiyyətə çatdıran insan olmalıdır. Kifayət qədər bu proseslərin içərisində olan adam kimi əgər başında dəyənək və qanamış şəkillərini görəndə bir az ehtiyatlanıramsa, deməli, siyasətdən uzaq duran insanlar daha çox bundan ehtiyatlanıb uzaqlaşacaqlar.

 

Müsavatda başqan, AXCP-də də sədr seçkiləri keçirildi – amma şəffaflıq olmadı

 

– Qubad İbadoğluna necə baxırsan? O da, belə deyək ki, amerikan profillidir.

 

– Yaxşı baxıram. Mən çox təəssüf etdim ki, o, Müsavat Partiyasının başqanı seçilmədi.

 

– Müsavat başqanı olmaqla ADR Hərəkatının sədri olmaq arasında nə kimi fərq var ki?

 

– Çox yaxşı olardı ki, Müsavata başqan seçiləydi. O zaman mən Müsavatda tamamilə başqa dəyişikliklər görə bilərdim. Ümumiyyətlə, cəmiyyət də görə bilərdi… Amma mən təəssüfləndim ki, Müsavatda başqan, AXCP-də də sədr seçkiləri keçirildi və hər iki partiya hakimiyyətdən tələb etdiyi…

 

– …şəffaflığı özləri göstərə bilmədilər?

 

– …göstərə bilmədilər. Birində qopmalar oldu, müəyyən üzvlər partiya sıralarından xaric edildi.

 

– Axı AXCP-də alternativ oldu…

 

– Alternativ oldu və alternativ olduğuna görə də Sahib Kərimlini “agent”, “düşmən” adlandırdılar. Halbuki biz Sahib Kərimli ilə 14 saylı cəzaçəkmə müəssisəsində bir yerdə olmuşduq. Mən onun nə qədər cəbhəyə bağlı olduğunu, nə qədər mübariz bir insan olduğunu, nə qədər də cəbhənin inkişafını istəyən bir adam olduğunu çox yaxşı bilirəm. Amma sadəcə namizədliyini irəli sürdü deyə, ümumiyyətlə, ona qarşı böyük bir kampaniya başladı. O təklif etmişdi ki, seçkilərdə qapalı səsvermə keçirilsin. Çünki açıq səsvermədə heç kim partiya sədrinə qarşı açıq etirazını bildirə bilməyəcəkdi. Onun bu təklifi qəbul olunmadığına görə, namizədliyini geri götürdü. Yəni faktiki olaraq, alternativsiz – tək namizəd, tək sədr seçkisi keçirildi.

 

– Maraqlı bir şey dedin – ənənəvi müxalifət…

 

– Bəli…

 

“Klintonun dostu” – şişirdilmiş ifadədir

qq bextiyar4

– Mən Qubad İbadoğlu ilə müsahibənin giriş yazısında yeni müxalifətin konturlarını təxminən bir-iki cümlə ilə ifadə eləmişdim. Yazmışdım ki, Qubad İbadoğlu ABŞ-ın xəttidir – belə deməyək, deyək ki, ABŞ-ın, yeni dünyanın dəstəklədiyi adamlardandır. İlqar Məmmədovu da Avropa Birliyi dəstəkləyir. Mən sizin də adınızı orada qeyd eləmişdim ki, əgər Klinton ABŞ prezidenti seçilərsə, Bəxtiyar Hacıyev önə çıxa bilər. Niyə də olmasın?! Bu, sizi bir xeyli narahat eləyib. Sosial şəbəkələrdə baxdım yazmısınız ki, “mən bu cür təqdimatdan çox narahat oldum”. Niyə?

 

– Təqdimatdan yox, siz orada bir ifadə işlətmişdiniz ki, “Klintonuin dostu Bəxtiyar”.  Bu, həddindən artıq şişirdilmiş bir ifadə idi. Yəni dost tamamilə başqa bir şeydir. Təbii ki, mən onun seçki kampaniyasında 2008-ci ildə könüllü olmuşam.

 

– Siz nə vaxt əfv olundunuz?

 

– Mən əfv olunmamışam, Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılmışam.

 

– Ayın 2-də azadlığa buraxıldınız, 4-də isə Klintonla görüşdünüz?

 

– Bəli.

 

– O zaman dövlət katibi idi?

 

– Bəli, bəli…

 

– Yəni buna necə ad vermək olar?

 

– Dost demək olmaz. Mənim ABŞ-da, Harvarddan olan tələbə yoldaşlarım mənim həbsdən azad olunmağım üçün çox işlər gördülər. O cümlədən də Klinton dövlət katibi olduğu müddətdə Dövlət Departamentində işləyən tələbə yoldaşlarım var idi. Mən onun seçki kampaniyasında könüllü olduğuma görə, 2008-ci ildə prezident seçilməsi üçün onun demokratların vahid namizədi olmaq uğrunda Obama ilə yarışanda mən müxtəlif ştatlarda öz tələbə yoldaşlarımla bərabər könüllü kimi seçki kampaniyasında iştirak edirdim. O da Azərbaycana gələndə mənimlə görüşdü. Amma bu görüş də dostluq səviyyəsində deyildi. Təbii ki, əlaqələr yarana bilər və bu əlaqələri yaratmaq çox asandır. Onun seçki kampaniyasında çalışan bu gün də dostlarımız var.

 

– Nə əcəb kampaniyanın aparıldığı bu günlərdə ABŞ-da deyilsiniz?

 

– Onu da əvvəlcədən məsləhətləşib, sonra getmək lazımdır. Amma indi dediyim kimi, biz Bakıda bir neçə yeni kurslar açırıq, yeni layihələrə başlayırıq. Bakıdan bir neçə aydır ki, çıxa bilmirəm.

 

– Post Obama dövrünəmi hazırlaşırsınız?

 

– Yox.  Əgər mən buradakı işlərimi qaydasına sala bilsəm… Və təbii ki, ABŞ-a gedib orada qalmaq da müəyyən vəsait, vaxt tələb edir. Yəni mən tam müstəqil, məsələn, biznesmen olaraq çox imkanım olsaydı, gedib 6 ay seçki kampaniyasında yenidən iştirak edərdim. Amma bizim burada da işlərimiz var. Onlar qaydasına düşərsə, bu işlərdə əldə olunan gəlirlə mən bir neçə ay gedib, ABŞ-da qalıb, o  dövrə hazırlaşa bilərəm.

 

Biz göstərməyə çalışacağıq ki…

 

– Yeri gəlmişkən, soruşuram. Dediniz ki, proses başladı və siz 2014-cü ildə Müsbət Dəyişikliklər Hərəkatının ofisini bağladınız. “Qırmızı xətt”ən yayınmaq üçün… İndi nə baş verib ki, siz yenidən səhnəyə gəlirsiniz? Yəni “qırmızı xətt” götürülübmü, bir yumşalmamı var? Axı, hələ heç nə hiss eləmirik

 

– Birincisi, biz bütün bu işləri Müsbət Dəyikiliklər Gənclər Hərəkatının adı ilə yox, özəl şirkətimizin özəl bir təlim mərkəzi kimi başlayırıq. İkincisi, bundan əvvəlki proseslərdə hakimiyyətin nəyə daha çox sərt reaksiya verdiyini yaxşı bilirik. İndiki fəaliyyətimizdə çalışacağıq ki, o balans qorunsun. Tutaq ki, ictimai müzakirələrdirsə, hər dəfə müxalif partiyalardan nümayəndələr dəvət etməkdənsə, arada tutaq ki, Milli Məclisdən, Xarici İşlər Nazirliyindən kimisə dəvət edə bilərik. Biz göstərməyə çalışacağıq ki, bu platforma, bu fəaliyyət, əslində hakimiyyətə qarşı yönəlmiş və yaxud da hansısa siyasi partiyanın monopoliyası altında olan fəaliyyət deyil.

 

– Yəni balansı gözləyəcəksiniz?

 

– Gözləyəcəyik. Nə vaxt “qırmızı xəttə” yaxınlaşdığımızı hiss eləsək, yenə fəaliyyətimizi dayandıracağıq. Mən kimlərinsə yenidən həbsə getməsini istəmirəm.

 

– Sanki “qırmızı xətt”i görürsən…

 

– Onu hiss eləmək olur. Onu ölkədəki ab-havadan hiss eləmək olur ki, artıq nəsə var, yoxsa yoxdur.

 

– Namiq Salamın sualını səsləndirəcəm, amma bu suala cavab verildi: “Bəxtiyar bəy kifayət qədər ölkədəki vəziyyətdən hai olduğu halda nədən iqtidar və yaxud da müxalifət partiyalarından birinə üzv olmayıb, Avropaya üzünü tutdu?”

 

– Avropaya üzünü tutmaq məsələsinə gəlincə, görünür, bu vətəndaş elə hesab edir ki, mən Azərbaycanda deyiləm, çünki bir müddət əvvəl mən ölkədən getmişdim. Amma artıq bir ildən çoxdur ki, Bakıdayam.

 

Ümumiyyətlə, mübarizə varmı, yoxsa yoxmu?

qq bextiyar11

– Emin Həsənli soruşur: “Mənə maraqlıdır ki, indiki rejimlə mübarizədə Bəxtiyar Hacıyev özünü bu mübarizənin harasında görür? Ümumiyyətlə, o da bu mübarizədə varmı?” Xəzər Aslanov yazır: “Bəxtiyar bəy bu xalqın başına gətirilən hadisələrin – 20 faiz torpaqlarımızın işğal olunması da daxildir – korrupsiyaların, repressiyaların kökündə Əliyevlərin dayandığını söyləyirmi? Yoxsa, o da “prezident yaxşıdır, ətrafı pisdir” şüarını səsləndirir? ” Bu mübarizənin harasındasınız?

 

– Ümumiyyətlə, mübarizə varmı, yoxsa yoxmu – onu da ilk olaraq müəyyənləşdirməliyik. Bayaq dediyim kimi, bir qrupda elə bir rəy formalaşıb ki, sosial şəbəkələrdə 10 nəfərin ard-arda tənqidi status yazması mübarizədir. Bu mübarizədir, yoxsa yox? Əgər mübarizədirsə, bu mübarizənin yeganə yolu budurmu? Birinci buna aydınlıq gətirilməlidir. İkincisi, bir çox adam elə düşünür ki, sabah bugünkü Azərbaycan hakimiyyəti ya öz xoşu ilə, ya da hansısa hadisələr nəticəsində hakimiyyətdən gedəndə, onun yerinə mütləq müxalif partiyalardan kimsə tutacaq. Amma mən həmin insanlardan fərqli olaraq düşünürəm ki, başqa bir alternativ də var ki, elə hakimiyyətin özünün daxilində hansısa bir şəxs və yaxud da hansısa bir qrup hakimiyyətə gələ bilər. Belə qruplar kifayət qədər çoxdur. Məsələn, açıq şəkildə də deyə bilərəm. Bir neçə dövlət qurumu var ki, hətta kifayət qədər böyük müsbət nüfuzları var. Bir neçə universitetlər var ki, o universitetlərdə müxtəlif sahələr üzrə peşəkarlardan ibarət komanda formalaşıb. Bir fakultənin komandası bir siyasi hərəkatın komandasından daha normaldır.

 

– Məsələn? Deyirsiniz ki, hakimiyyət daxilində hakimiyyətə iddialı komandalar formalaşıb?

 

– Formalaşıb demirəm, amma…

 

– Yəni idarə edə bilərlər…

 

– Gürcüstanda hakimiyyətə gələn Saakaşvili Şevardnadze dövründə Ədliyyə naziri olub. Hakimiyyətin içində olub, hakimiyyətdə təmsil olunub. Hətta onun oğlunun adı da Eduarddır. Öz prezidenti Şevardnadzenin şərəfinə onun adını öz oğluna qoyub. Bir müddət də Ədliyyə naziri işləyib. Kifayət qədər əlaqələri, resursları olandan sonra hakimiyyətdən gedib və Qərbin dəstəyi ilə hakimiyyətə gəlib. Poroşenko müxtəlif  prezidentlərin dövründə müxtəlif nazir postlarında çalışıb. Hakimiyyətin içindən çıxıb. Mən düşünmürəm ki, bu gün böyük dövlətlər – Azərbaycanda böyük maraqları olan və böyük investisiyalar  yatıran dövlətlər hakimiyyət dəyişikliyini özbaşına buraxacaqlar.

 

– Yəni deyirsiniz ki, Əliyevləri hakimiyyətdən aparıb, hansısa siyasi partiyanı hakimiyyətə gətirməyə böyük dövlətlər getməzlər?

I hissənin sonu

 

Strateq.az

 

 




Yuxarı Əvvələ Ana Səhifə