XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 15:35

Deputat Qüdrət Həsənquliyev:“Rusiyanın xeyir-duasını almadan müharibəni davam etdirməyimiz riskli idi”

qudret-2.jpg

Son zamanlar cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsi hər bir vətəndaşı narahat edir. Azərbaycan 22 ildən sonra yenidən başlayan bu döyüşlərdə revanşını ala biləcəkmi? Müharibədə rus izi varmi və bu, tərəflərə nə qazandıracaq? Beynəlxalq qurumlar tərəfdən təqdim olunan sülh sazişləri milli maraqlarımıza nə qədər cavab verir?

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə söhbətimiz də bu suallar ətrafında oldu. Deputatın Strateq.az-a müsahibəsini təqdim edirik:

 

– Qüdrət bəy, son zamanlar cəbhə bölgələrində vəziyyət gərginləşib. Belə demək mümkünsə, müharibə yenidən başlayıb. Ermənilərin birdən-birə Azərbaycana hücumu və bizim əks həmləmizin kökündə nə dayanır? Nə oldu ki, atəşkəs pozuldu?

– Mənə elə gəlir ki, müharibənin yenidən qızışması rus hərbi iradəsinin daxili hesablaşmasının nəticəsidir. Bildiyimiz kimi, Ermənistanın hərbi rəhbərliyi tamamilə Rusiyanın nəzarəti altındadır. Eyni sözləri onların siyasi hakimiyyəti üçün də demək mümkündür. İstər indiki prezident Serj Sarkisyan, istərsə də sabiq erməni lideri Köçəryan Rusiya hərbi kəşfiyyatının keçmiş əməkdaşlarıdır. Vaxtilə onlar sərha komandirləri kimi Rusiyanın tapşırıqlarını yerinə yetirirdilər. Görünür, hal-hazırda Sarkisyanla Rusiya arasında müəyyən anlaşılmazlıqlar yaranıb. Rusiya da erməni ordusundakı özlərinə bağlı qüvvələri ona qarşı hərəkətə gətirib. Fikrimcə, proseslər Sarkisyanın siyasi hakimiyyətinə son vermək üçün Rusiyaya bağlı erməni hərbçilər tərəfindən həyata keçirilən təxribatdır. Bilirsiniz ki, Sarkisyan konstitusiyanı dəyişdirdi, ölkənin siyasi xarakterini prezidentlik üsul idarəsindən parlamentli respublikaya çevirdi. Məqsədi bundan sonrakı hakimiyyətini baş nazir kimi davam etdirmək idi. Rusiya isə bunu istəmir. Sarkisyanın 2-ci dəfəki prezidentlik səalhiyyətini  başa vurduqdan sonra hakimiyyətdən ayrılmasını arzulayır. Moskvanı o qıcıqlandırır ki, Rusiya istəməyə-istəməyə Sarkisyan konstitusiya dəyişikliyi üçün referendum keçirir, hakimiyyət iddiasını yerə qoymaq istəmir.

– Belə çıxır ki, Rusiya Ermənistanın demokratikləşməsinin qarşısını onun öz ordusunun təxribatları ilə almağa çalışır?

– Bəli, zənnimcə, cəbhə bölgəsində son zamanlar baş verən hadisələrin əsas səbəbi bu idi. Erməni ordusu Sarkisyanın hakimiyyətini laxlatmaq üçün Azərbaycana hücuma keçmişdilər. Amma onlar bu cür ağır cavab alacaqlarını da təxmin etmirdilər.

Bilirsiniz ki, Cənubi Qafqaz ölkələri arasında parlamentli respublikaya ilk keçən Gürcüstan oldu. Sonra ermənilər bu addımı atmaq üçün referendum keçirdi. Parlamentli respublikaya keçid perspektiv planda Rusiyanın maraqlarına cavab vermir. Çünki indiki mərhələdə Sarkisyanın bu addımı öz hakimiyyətini davam etdirmək üçün atılsa da, gələcəkdə ölkənin demokratikləşməsinə yol aça bilər. Bu isə, öz növbəsində ölkənin siyasi hakimiyyətini müəyyənləşdirmək şansının Rusiyanın nəzarətindən çıxması, erməni xalqının əsas təsirli qüvvəyə çevrilməsi deməkdir. Rəsmi Yerevanın pis nümunə ortaya qoymasından qıcıqlanan Moskva artıq Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmağa qərar verib. Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasının yolu isə müharibədən və ağır məğlubiyyətdən keçir.

– Deməli, belə çıxır ki, bu müharibədən məğlub kimi ayrıcaq tərəf Sarkisyan olacaq və əslində özü də bunun fərqindədir. Ən əsası isə hadisələr Sarkisyanın iradəsindən kənar baş verir…

– Bu, mənim versiyamdır. Böyük ehtimalla, hücumlar Sarkisyandan xəbərsiz həyata keçirilir. Bu hadisə Ermənistan siyasi həyatında ilk nümunə deyil. Ter-Petrosyan da bir zamanlar öz iradəsindən kənar hərbi əməliyyatlarla qarşılaşmışdı. Yəqin ki, o dövrləri xatırlayırsınız. Şuşa və Laçın ermənilər tərəfindən işğal olunanda Ter-Petrosyan hücumlardan xəbərsiz olduğunu açıq dillə etiraf edirdi. Ter-Petrosyan bu hadisədən sonra dünya dövlətləri tərəfindən artıq qəbul edilməməyə başladı və hakimiyyətini itirdi. Həmin vaxt Ter-Petrosyana bu tələni Sarkisyan qurmuşdu. İndisə eyni hadisə onun öz başına gəlir. Bu dəfə isə qalib yox, məğlub tərəf kimi. Böyük ehtimalla, indiki  əməliyyatlar da Sarkisyandan xəbərsiz başlayıb və Azərbaycan, sözsüz ki, uzun müddətdən bəri torpaqlarını azad etmək fürsətindən faydalanmağa çalışır.

– Ermənistanın siyasi islahatlar aparmasının qarşısını almaq üçün Rusiyanın həyata keçirdiyi təxribatın tərəfi olmağımıza necə baxırsınız? Axı, Ermənistanın demokratikləşməsi və rus təsirindən çıxması bu gün olmasa belə, sabah Azərbaycanın mənafeyinə uyğundur. Belə olduğu halda, rus təxribatından istifadə etməyimiz nə dərəcədə doğrudur?

– Doğru olmayan nədir? Əvvəla, biz Ermənistanın yox, ermənilər Azərbaycan torpaqlarını ələ keçirib və ölkəmiz də həmin əraziləri təbii olaraq geri qaytarmağa çalışır. Əgər indi o şərait yaranıbsa, niyə bundan istifadə etməməlidir? İkincisi, Ermənistan demokratikləşsə belə, bizim haqqımızı geri qaytarmayacaq. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, heç kəs ələ keçirdiyi torpağı xoşluqla geri verməz. Bu, həmin ölkə daxilində ciddi etirazlara səbəb ola və demokratik mühit güzəştli mövqe tutan hakimiyyətlərin daha asanlıqla yıxılmasına yol aça bilər. Odur ki, Ermənistanın demokratikləşməsi və ya bu istiqamətdə keçirilən siyasi islahatların bizim haqq işimizə heç bir dəxli yoxdur. Üçüncüsü, Sarkisyanın mövqeyindən aydın olur ki, o, heç bir güzəştə getmək fikrində deyil. Çünki güzəştə gedəcəyi təqdirdə, devriləcəyini anlayır. Ermənistan Rusiyanın təsir dairəsindən ayrılsın deyə, Azərbaycan öz suverenlik haqqındanmı imtina etməlidir? Erməni siyasi iradəsi özündə güc tapıb Azərbaycanın suverenlik hüquqlarına hörmət göstərməli, bundan sonra daxili siyasi islahatlar haqqında düşünməlidir. Dördüncüsü, siyasət mümkün olanı həyata keçirmək deməkdir. Ermənistan Azərbaycanla bağladığı atəşkəs sazişini pozmaqla bizə uzun illərdən bəri arzuladığımız fürsəti yaratdı. Azərbaycan ordusu bu fürsətdən istifadə edərək, ermənilərə son Qarabağ müharibələri ərzində ilk dəfə güclü və sarsıdıcı zərbə vurdu. Amma özlərinə sərf etmədiyi halda, “niyə Ermənistan bu hücumu etdi” sualına mən belə cavab verərdim: çox böyük etimalla, Sarkisyanın bu hücumlardan xəbəri olmayıb. Ola bilsin ki, Ermənistan ordusunun Rusiyaya bağlı generaliteti bu təxribatı törədib. Məqsəd isə Sarkisyanı devirməkdir.

– Sizin bu versiyanızı Sarkisyanın son zamanlar atdığı addımlar da təsdiqləyir. Bilirsiniz ki, o, bir neçə gün öncə üç generalı işdən çıxartdı. Deməli, həqiqətən də, ya onların əməlində təxribat izi görürmüş, ya da öz hakimiyyətinə hansısa başqa bir təhlükə hiss edirmiş.

– Mən də elə bunu deyirəm. Mənim gəldiyim əsas qənaəti siz dediyiniz fakt da təsdiqləyir.

– Məsələ burasındadır ki, həmin hücumlar prezidentlərin ABŞ səfəri zamanına təsadüf edirdi. İlham Əliyevin Ağ ev rəhbərliyi ilə görüşləri keçirildiyi bir məqamda…

 -Görünür, Ermənistan generaliteti özləri üçün uğurlu bir zaman seçdiklərini düşünüblər. Zənn ediblər ki, Azərbaycan prezidenti də ölkədə yoxdur, hücuma keçsələr, biz heç bir qərar qəbul edə bilməyəcəyik. Erməni tərəfi sadəcə atəşkəsi pozmaqla Sarkisyanı pis vəziyyətdə qoyacaq və onun beynəlxalq nüfuzunu aşağı salacaq. Zənnimcə, onlar bizim əks-hücuma keçəcəyimizi düşünmürdülər. Fikirləşirdilər ki, Azərbaycan tərəfi olsa-olsa bu hücumu dəf etməyə çalışacaq. Ona görə də ermənilər çox arxayınlıqla bu təxribata getdilər.

– Amma belə bir versiya da var ki, İlham Əliyevin ABŞ-da keçirdiyi görüşləri Rusiya öz maraqlarına zidd hesab edirdi. Xüsusilə ikitərəfli görüşlərdə müzakirəsi ehtimalı olunan Cənub Qaz Dəhlizi məsələsi Rusiyanı qıcıqlandırırdı. Avropanı öz qazından asılı vəziyyətdə tutmaq istəyən Moskva bu layihəni öz enerji strategiyasına zidd addım kimi görür. İlham Əliyevlə görüşdə ABŞ-ın ikinci adamı Co Baydenin Azərbaycanın Cənub Qaz Dəhlizində yerini təqdirlə müdafiə etdiyini açıq dilə gətirməsi suyu daşıran son damla oldu. Görüşdən az sonra isə cəbhə bölgəsindən atəş səsləri gəldi. Sizə elə gəlmir ki, bu təxribat həm də Azərbaycanın enerji strategiyasına qarşı yönəlib?

– Ümumiyyətlə, geopolitik siyasətlər şahmat oyununa oxşayır. Xarici siyasəti müəyyənləşdirdiyin zaman hər hansı istənilən gedişdə bir neçə versiya, variant fikirləşməlisən. Həmlədən sonra qarşı tərəfin cavabının necə olacağı növbəti gedişi müəyyənləşdirir. Baxın, bu yaxınlarda ABŞ dövlət katibi Con Kerri Suriya məsələsiylə bağlı maraqlı bir fikir söyləmişdi. Demişdi ki, əgər tərəflər atəşkəs məsələsində yekdil fikrə gələ bilməsələr, ABŞ da məcbur qalıb “B” planını işə salacaq. Yəni bununla da o, ehtiyatlarında bir neçə variantın olduğunu etiraf etmişdi. Ümumiyyətlə, bütün böyük oyunçular oyunlarını bir neçə variant üzərində qururlar. Amma onlardan biri “A” varinatı olur. Yəni oyunçunun əsas hədəfi. Əgər o hədəf reallaşmasa və ya işin gedişatında tamamilə başqa sürprizlər ortaya çıxarsa digər addımlar atılır. Rusiya da böyük oyunçudur. Onun da istənilən gedişdə bir neçə versiyasının olması təbiidir. Azərbaycan-Ermənistan arasında baş verən son hadisələrdə də onun, yəqin ki, bir neçə variantı var. Amma hesab edirəm ki, “A” variantı Sarkisyanı cəzalandırmaqdır. Bu, o demək deyil ki, işin gedişatında tamamilə başqa zərurətlər ortaya çıxmayacaq və Moskva mövqeyini dəyişməyəcək. Rusiyanın hədəfləri arasında Azərbaycanı da münaqişəyə cəlb etmək planının olması mümkündür. Bunu heç kim istisna edə bilməz. Fəqət bu ikinci və üçüncü planda özünü büruzə verə bilər. Birinci planda isə Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşür. Rusiya Sarkisyanı zəiflətmək üçün ona kiçicik də olsa  məğlubiyyət yaşatmaq istəyir. Onun məğlubiyyəti isə Azərbaycanın qalibiyyəti deməkdir. Bu tərs mütənasiblikdə ermənilərin məğlubiyyəti nə qədər olacaqsa, Azərbaycan da bir o qədər zəfər qazanacaq. Təsadüfi deyil ki, Sarkisyan da məsələnin mahiyyətini başa düşdüyündən, prosesi Rusiyaya qarşı çevirməyə çalışır. Hazırda Yerevanda anti-Rusiya mitinqləri keçirilir. Yəqin ki, bu mitinqləri elə onun özü təşkil edir.  Düşünürəm ki, Azərbaycan hakimiyyəti də nə baş verdiyinin fərqindədir. Rəsmi Bakı üçün Rusiyanın Ermənistandan nə istəyib-istəmədiyi maraqlı deyil. Onu nəyin bahasına olursa olsun, torpağını azad etmək maraqlandırır. Bununla belə, Rusiya bütövlükdə Qarabağ probleminin həllində maraqlı olamadığına görə Azərbaycanın bu irəliləyişini durdurmalı, ona "yox" deməliydi və dedi də.

– Bu zamana qədər həmişə Ermənistanın yanında gördüyümüz Rusiyanın indi Azərbaycana yönəlməsi nə qədər qalıcı ola bilər? Bu, sadəcə, Ermənistanı cəzalandırmaqdırsa, deməli, istədiyini ondan aldıqdan sonra Moskvanin bizə qarşı çevrilməsi də istisna edilməməlidir. Məni narahat edən də budur. Rusiyanın keçici hədəfləri üzərində Azərbaycanın öz suverenlik davasını qurmasını nə qədər rasionaldır?

– Ümumiyyətlə, beynəlxalq siyasətlərdə daimi olan heç nə yoxdur. Bugünkü dostun sabahkı düşməninə və ya dünənki düşmənin bugünkü dostuna çevrilə bilər. Uğurlu xarici siyasət yaranmış münbit şəraitdən doğru istifadə etməyi, çətinlikdən baş çıxarmaq məharəti tələb edir. Rusiyanın Qarabağ məsələsində hazırda Azərbaycanla hardasa ortaq mövqeyə gəlməsinin başlıca səbəblərindən biri də bizim ondan asılılığımızı artırmaq niyyətindən də irəli gələ bilər. Mən bunu da istisna etmirəm. Çünki bu zamana qədər həmişə ermənilərin yanında yer tutmaqla Rusiya istər-istəməz Azərbaycanı Qərbə yaxınlaşdırır. Azərbaycan görəndə ki, Rusiyadan ona heç bir xeyir gəlmir, məcburən başqa istiqamətlərə yönəlir. Amma Rusiyanın balanslaşdırılmış siyasət yürütdüyünü görəndə isə yaxın qonşusuyla münasibətləri genişləndirmək xəttini tutur. Azərbaycanın Rusiyadan bu məsələdə gözləntiləri var və bu da normaldır. Prinsipcə də, Rusiya bizim yanımızda olmalıdır. Əgər biz MDB-nin üzvüyük və Rusiyayla strateji tərəfdaşıqsa, üstəlik, bizim ərazilərimiz işğal olunubsa, Moskvanın da bu müttəfiqliyə hörmətlə yanaşmasını gözləməliyik və gözləyirik. Gözləyirik ki, o, özünün iradəsinə tabe olan Ermənistanı ya bu işğalçılıq siyasətindən yayındırsın. Ya da kənarda dursun, şərait yaratsın ki, biz özümüz bir-birimizlə hesablaşaq. Bu gün ermənilərin özləri etiraf edirlər ki, Sarkisyan Rusiyanın hansısa vilayətinin qubernatoru səviyyəsində belə ciddi nüfuza malik deyil. Onun Moskvanın yanında heç Kadırov səviyyəsində belə, müstəqilliyinin olmadığı bəllidir. Rusiya isə, bayaq dediyim kimi, münaqişənin həllində maraqlı deyil və atdığı addımlar da bu istiqamətdədir. Təsadüfi deyil ki, Rusiya Azərbaycanın Ermənistana sarsıdıcı zərbə vurduğunu görəndə hər iki ölkənin Baş Qərargah rəsisini Moskvaya dəvət etdi və atəşi dayandırdı. Hesab edirəm ki, Azərbaycanın atəşi dayandırması doğru addım idi. Bizim Rusiyanın xeyir-duasını almadan müharibəni davam etdirməyimiz çox riskliydi.

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə