XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

03 May 2016 - 02:29

Azər Rəşidoğlu yazır:"Qərb Azərbaycanı necə Əfqanıstana çevirir?" - Təhlil

isid-efqan

REAL sədri İlqar Məmmədovun həbsdən azad edilməməsi Qərbmeylli düşərgəni məyus etdi. Qərb birmənalı şəkildə avro-inteqrasiya tərəfdarı olan bir təşkilatı faktiki olaraq Rusiyaya yaxınlaşan hakimiyyətin “edam kötüyü”nə çıxardı. Bu, ilk məyusluq da deyil. Ən həlledici məqamlarda Qərb Azərbaycan demokratiyasına ciddi zərbələr endirib.

Son 30 ildə Azərbaycan Rusiyanın və İranın təhdidlərini, ABŞ və Avropa ölkələrinin demokratiyanı dəfn etməsinin şahidi olub. Bu fonda Türkiyə də müstəqil siyasət apara bilməyib. Ankaranın Azərbaycana münasibəti Vaşinqtonun çıxaracağı qərardan asılı olub. Çünki Türkiyə özü tam mənada müstəqil olmayıb. Siyasi kursu ABŞ-dan asılı olub. Rusiya 1960-80-ci illər ərzində Türkiyə kommunistlərinə hərtərəfli yardım göstərməklə Ankaranı qırmızı rəngə boyamaq istəyib. Əvəzində ABŞ Türkiyədəki digər siyasi və ideoloji cinahlara hər cür yardım edib və bunun qarşısını alıb. Rusiya və ABŞ Türkiyədə nüfuz savaşı aparıb, bunun qurbanı kimi isə sadə türklər seçilib. 20 il ərzində solçu və sağçı tələbələr oynanılan oyunun mahiyyətini anlamadan bir-birlərinin qanını töküblər. Bunu izah etmək istəyənlərin isə səsi kəsilib. Böyük siyasi oyunlara kənar baxışla baxmaq, müdaxilə etmək, insanları azad düşünməyə səsləmək olmaz. Bunun cəzası ağır ola bilərdi. Türkiyə indi ABŞ-ın bir ştatı olmaq istəmədiyini nümayiş etdirir. Bunun isə cəzasını çəkir.

Bu gün Azərbaycanda ayrı-ayrı ölkələrə səcdə edənlər sabahın iqtidarı, nazirləri, müxalifət liderləridirlər. Ölkədə yeni, azad düşüncəli, sırf ölkənin gələcəyini düşünən sosial qrupların formalaşdırılması zərurəti yaranıb. Fərqli düşünmək, alternativ paradiqmalar təklif etmək, bütləri sındırmaq elə bu məqsədə xidmət edir. Lakin fərqli düşüncə də demokratiyanın inkişafına səbəb olmur. Unutmaq olmaz ki, bu gün dünyanı vahimə altında saxlayan İŞİD-ın bu dərəcədə maraq doğurması yalnız onun qəddarlığı və terrora meylli olması ilə bağlı deyil. İŞİD alternativ paradiqma ilə çıxış edir.

Normal Avropa cəmiyyətində tərbiyə alan, formalaşan insanların İŞİD-a qoşulmasının səbəbi heç də yalnız natamamlıq kompleksindən əziyyət çəkən genetik müsəlmanların revanş arzusu ilə bağlı deyil. Bu terrorçu təşkilata qoşulanlar arasında genetik xristian olanlar da var. Deməli, söhbət qisasdan deyil, bezdirici eyniliyə alternativ axtarışından gedir. 

Qərb insanı uzun illərdir alternativ axtarır. Oşonun, digər mistik filosofların Qərbdə bu dərəcədə populyar olmasının başlıca səbəbi də elə alternativ paradiqmanın tapılmasındadır. İŞİD cinayət törədir, terror edir, lakin mövcud dini və sekulyar sistemlərə alternativlə çıxış edir. Onu cəlbedici edən də elə budur. 

Əgər, sivil, demokratik ölkələrdə İŞİD-a qoşulanlar durmadan artırsa, Azərbaycan kimi demokratiyanın astanasına belə çatmayan ölkələrin sonu necə ola bilər? Demokratik mübarizənin səmərə vermədiyini anlayan yüz minlərlə insan alternativ axtarışına çıxa bilər. Belə bir alternativ isə İŞİD və ya ona bənzər təşkilatlar ola bilər. Nə mötədil şiə, nə mötədil əhli sünnə cərəyanları alternativ təqdimatında İŞİD qədər populyar deyil. Amansızlığı və qəddarlığı ilə yanaşı İŞİD və ona bənzər təşkilatlar tamamilə yeni düzən və yeni mübarizə metodları  təklif edir. Bu, onu daha da cəlbedici edir. Demokratiyanın tam və qəti məğlubiyyəti elə İŞİD-ə yol açır. Unutmaq olmaz ki, bu gün İŞİD bayrağı altında cəm olan Azərbaycan vətəndaşlarının sayı yüzlərlədir. Heç şübhəsiz ki, onların Azərbaycanda da tərəfdarları var. Ölkədə dini maariflənmə aparılmadığından və demokratik dəyərlər fiaskoya uğradığından radikal və təkfirçi qrupların revanş götürə biləcəyi ehtimalı da yaranır. Təqdim olunan şəriət dövləti ideyası münasibətimizdən asılı olmayaraq alternativ paradiqmadır. Bu paradiqmanın daşıyıcıları isə qəddar savaşçılardı. Söhbət tək savaşçıdan da getmir, beyinləri yuyulan insanların törədə biləcəyi fəsadlar narahatçılıq doğurur. Zombiləşmiş, az qala hamını inkar edən dini qrupların məqsədləri heç də vətəni azad etmək deyil. Təkfirçi qruplar azad etdikləri ərazilərdə şəriət dövləti yaratmaq məqsədlərini gizlətmirlər. 

Bu gün Yaxın Şərqdə vuruşan və İŞİD kimi radikal, təkfirçi qrupların təsirində olan gənclər oralarda təcrübə yığdıqdan sonra Azərbaycana dönə bilərlər. Vətənə döndükdən sonra onların hamısını nəzarətdə saxlamaq mümkün olacaqmı? Yaxın Şərqdəki savaşda 400 nəfər vətəndaşımızın döyüşməsi barədəki məlumatlar da son deyil. Bəzi iddialara görə, bu rəqəm daha yüksəkdir. Onların Azərbaycandakı tərəfdarlarının sayı isə minlərlə ölçülür.

Bu gün İŞİD və bu kimi radikal təşkilatların “Allahu Əkbər” hayqırtıları kimlərəsə xoş gələ bilər. Lakin tarixi təcrübə göstərir ki, belə qurumlar, adətən, Qərb xüsusi xidmət orqanları ilə bağlı olurlar. İŞİD-ın bu qədər geniş əlaqələrə malik olmasında da ABŞ maraqlı idi. Bu, idarəolunan xaos nəzəriyyəsinə uyğun görünür. Diktatorları yıxan ərəb ölkələri Yaxın Şərqdə demokratik təsisatlar yaratmaq barədə düşünməyə başlamışdılar. İŞİD kimi radikal qrupların sayəsində isə on illər boyunca davam edəcək vətəndaş müharibələrinin əsası qoyuldu. Belə durum yenidən enerji daşıyıcılarına sahib olmaq istəyən Qərbə sərf edir. Bəlkə də, Qərb elə buna görə Azərbaycanda demokratiyanı məhv elədi. İlqar Məmmədov,  Əli Kərimli, İsa Qəmbər və digər demokratiya carçıları Qərbin susqun razılığı ilə bütün resurslardan məhrum edildilər.

Qərb liberal-demokratik düşüncəni məhv etməklə Azərbaycanı Əfqanıstana çevirir. Yolumuz hansı tərəfədir – Əfqanıstan, Şimali Koreya, yoxsa Avropaya? Qərb anlamalıdır ki, demokratiya məhv olanda onun yerini Əfqanıstan və Şimali Koreya modeli tutur. Azərbaycanda siyasi və ictimai institutların məhv edilməsi Qərbin hakimiyyətin elədiklərinə göz yumması ilə baş verib. Bu ənənələrin məhv edilməsi Qərbin Azərbaycana məsuliyyətisiz yanaşması olsa da, vətəndaşlar bir şeyi anlayır ki, Avropanın demokratik dəyərləri Əfqanıstanın hər şeyin dağıdıldığı və televizorun daşqalaq edildiyi modelindən daha yaxşıdı…

 

Azər RƏŞİDOĞLU

Meydan.TV




Yuxarı Əvvələ Ana Səhifə