XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 16:07

“Kürd kartı” indi də Səudiyyə Ərəbistanının əlində – Təhlil

Yaxın Şərqdə şiə təhdidinə qarşı Türkiyəylə gizli ittifaqa girən Səudiyyə Ərəbistanının altdan-altdan İsraillə də görüşdüyü ortaya çıxdı. Maraqlıdır ki, 2014-cü ildən bəri dəfələrlə gizli görüş keçirən tərəflərin müzakirə etdikləri məsələlər yalnız İrana qarşı birgə fəaliyyət planıyla da məhdudlaşmır. Müzakirə olunan mövzular arasında Türkiyənin də ərazi bütövlüyünü təhdid edən məsələlər var. O da maraqlıdır ki, Türkiyənin də milli maraqlarına qarşı olan bu təklifləri İsrail yox, Səudiyyə Ərəbistanı səsləndirib.

Verilən məlumata görə, Səudiyyə Ərəbistanı ilə İsrail yetkililəri ünlü yəhudi düşüncə quruluşlarından sayılan Xarici Əlaqələr Şurası (CFR- Council on Foreign Relations) vasitəsiylə bir araya gəliblər. İndiyə qədər 5 dəfə keçirilən bu toplantıların ilki Hindistanda, daha sonrakıları İtalyada və çexiyada, axırıncı iki toplantı isə ABŞ-da baş tutub. İrana qarşı aparılacaq birgə mübarizə yollarının müzakirə edildiyi bu görüşmələrin xüsusilə sonuncusu yadda qalan olub. Toplantıda Səudiyyə Ərəbistanını general Ənvər Məcid Əşki və şahzadə Bəndər Bin Sultan, İsraili isə ölkənin ABŞ-dakı sabiq səfiri Dor Gold təmsil edib. Toplantı iştirakçıları İranın ortaq düşmən olduğu fikrində həmrəyliklərini dilə gətirib, onun Yaxın Şərqdə irəliləyişini dayandırmağın vacibliyinə toxunublar.

Bildirildiyinə görə, Səudiyyə Ərəbistanını təmsil edən general Məcid Əşki öz çıxışında İranın 1979-cu ildən sonrakı tarixi barədə qısa məlumat verdikdən sonra rəsmi Tehranın Yaxın Şərqdəki terror fəaliyyətindən danışıb və onun bu coğrafiyada yürütdüyü siyasətinin durdurulması üçün 7 maddəlik təkliflər paketi ortaya qoyub. Bu maddələrdən biri İsrail-ərəb ölkələri arasında sülhün təmin olunmasını, bir başqası isə İranda rejim dəyişikliyini ehtiva edir. Digər maddə isə İran şiəçiliyinə qarşı ərəb ölkələrinin necə ittifaq quracaqları ilə bağlıdır. Sırf ərəb ölkələrini əlaqələndirən həmin maddənin İsraillə görüşdə dilə gətirilməsi bəzi suallara yol açır, Səudiyyə yetkililərinin Yaxın Şərq coğrafiyasının ağası önündə hesabat verdiyi və razılıq almaq istədiyi məntiqini doğurur.

Səudiyyə generalının irəli sürdüyü digər fikirlər də heyrətamizliyi ilə sözügedən hesabat xarakterli təklifdən fərqlənmir. Əşkinin bəyan etdiyi və bizim üçün ən qorxunc olan təklif isə kürd dövlətinin yaradılması ilə bağlıdır. Bölgənin təhlükəsizliyini təhdid edən bu təklifə görə, İraq, İran, Suriya və Türkiyə torpaqları üzərində müstəqil bir kürd dövləti qurulmalı və onun imkanlarından istifadə edilərək İranın Yaxın Şərq strategiyasının qarşısı alınmalıdır.

ötən yazılarımızda qeyd etdiyimiz kimi, İranın şərti olaraq “Şiə hilalı” adlanan bu srtategiyasının məqsədi şimaldan – İran- Aralıq dənizi, cənubdan isə – Fars körfəzi – Ədən boğazı xətti boyunca uzanan coğrafiyanı nəzarət altına almaq və beləcə, bölgənin əsas söz sahibinə çevrilməkdir. Tehranın dünya dövlətinə çevrilmək yolunda başlıca qədəmələrdən hesab etdiyi bu niyyətinin gerçəkləşməsi həm Səudiyyə Ərəbistanını, həm də İsraili narahat edir. Sözsüz ki, özünün Yaxın Şərqə açılan qapısını itirəcəyindən çəkinən Türkiyəİranın bu yayılmacı siyasətindən narahatdır.

Məlumata görə, hətta bu təhlükənin qarşısını almaq istəyən Türkiyə ilə Səudiyyə Ərəbistanı bir müddət öncə bir araya gələrək, ortaq müttəfiqləri olan ABŞ-ı belə dinləmədən birgə hərbi əməliyyatlar keçirməyə qərar vermişdilər. Gizli keçirilən bu görüş ABŞ-ın ən mötəbər informasiya portallarından birində dərc olunsa da, istər Türkiyə, istərsə də rəsmi Riyad xəbəri yalanlamışdılar. Fəqət daha sonra Suriya və İraqda rejimə qarşı qüvvələrin, o cümlədən İŞİD-in ard-arda uğurlu hərbi əməliyyat keçirməsi xəbərlərin əslsiz olmadığını göstərdi. Səudiyyə Ərəbistanının Yəməndəki husi silahlılarına qarşı başlatdığı hərbi əməliyyatlar da məlum xəbəri təsdiqləyəcək mahiyyətdədir.

Səudiyyə Ərəbistanının indi İsraillə sövdələşmələrinin ortaya çıxması Yaxın Şərqdəki bütün balansı yenidən poza və qüvvələrin yerdəyişməsinə yol aça bilər. Nədən ki, Səudiyyə Ərəbistanının İsraildən kürd dövləti projesini həyata keçirməyi tələb etməsi İrandan daha çox, Türkiyənin dövlət maraqlarının əleyhinədir. Zira Yaxın Şərqdə və ümumiyyətlə dünyada yaşayan kürd əhalisinin ən çox məskunlaşdığı bölgə qardaş ölkənin ərazilərində yerləşir. Qeyri-rəsmi məlumatlara görə, Türkiyədə ən azı 20 milyon kürd əhalisi məskunlaşdığı halda, İranda bu say 8-9 milyon arasında dəyişilir. Eyni zamanda İraqda kürdlərin sayı 6-9 milyon, Suriyada isə 2-3 milyon arasında göstərilir. Səudiyyə Ərəbistanının verdiyi təklif reallaşacağı təqdirdə, ən böyük zərbənin Türkiyəyə dəyə biləcəyi ortadadır. Odur ki, bir tərəfdən Türkiyəylə bərabər İrana qarşı hərbi əməliyyat keçirmək istəyən rəsmi Riyadın digər tərəfdən İsraillə qardaş ölkənin ərazi bütövlüyünün əleyhinə strategiya hazırlaması müttəfiqliyə sığmaz və bu, Türkiyəylə İran arasındakı əlaqələri gücləndirə bilər. çünki ortaq tale, ortaq maraq və ortaq təhlükə yarandığı zaman münasibətlərin hətta strateji müttəfiqliyə qədər inkişaf etməsi qaçınılmaz olur .

Digər tərəfdən Səudiyyə Ərəbistanının “kürd kartı”nı Yaxın Şərq siyasətinin başlıca elementinə çevirməsi İŞİD-lə kürd siyasi iradəsinin eyni hədəfdə birləşməsinə yol aça bilər. Son zamanlar onsuz da bu yaxınlaşmanın təzahürləri ortaya çıxıb. İraqdakı şiə silahlılarının Mosulu İŞİD-dən təmizləmə əməliyyatına açıq-aşkar qarşı çıxan Şimali Kürd muxtariyyətinin öz ərazilərindən heç kimin istifadə etməyəcəyini bəyan etməsi rəsmi Başdadın bu niyyətini ürəyində qoydu. Bundan faydalanan İŞİD əks-hücuma keçərək İraqın ən strateji bölgələrindən birini-Ənbarı ələ keçirdi. Bu əməliyyatla eyni zamanda Suriyanın Palmira vilayətinin də işğal edən “xilafət” silahlıları İraqın Suriyaya açılan ən son qapısını da bağlamış oldu. Qısası, İŞİD-lə kürd müxtariyyəti arasında adı qoyulmamış müttəfiqlik əslində indi də mövcuddur və Səudiyyə Ərəbistanının bu mövqeyi həmin iş birliyini daha da sürətləndirə və “Böyük Kürd dövləti”nin iki ayağı faktiki olaraq yarana bilər. Bu prosesin istər-istəməz tikən üstündə oturmuş Türkiyəyə də təsir etmək imkanı kifayət qədər böyükdür. Belə ki, AKP hakimiyyətinin yürütdüyü “kürd açılımı” siyasəti nəticəsində Türkiyə kürdləri də xeyli siyasi azadlıqlar əldə edib və kiçik bir təkan qorxulu röyanı reallığa çevirə bilər.

Bu təhlükə Türkiyənin qarşısında İranla müttəfiqliyə getməkdən başqa alternativ qoymur və qüvvələr nisbətini İranın xeyrinə dəyişir.

Görünür, məhz bu amili nəzərə alan İsrail diplomatının Səudiyyə Ərəbistanının tərəfindən irəli sürülən təklifə xoş baxmadığı bildirilir. Məlumata görə, toplantıda general Əşkidən sonra danışan Dor Gold İran təhlükəsinin onları da narahat etdiyini boynuna alsa da, bu ölkədə rejim dəyişikliyi təklifinə toxunmaq belə, istəməyib. Goldun fikrincə, İsraillə Səudiyyə Ərəbistanı arasındakı problemlər hələ də həll olunmamış qalır və ölkəsinin ən böyük təmənnası qarşılıqlı diplomatik əlaqələri normallaşdırmaqdır. Diplomatın bir növ Səudiyyə Ərəbistanının uzun-uzadı təkliflər paketinə qısa cavab mahiyyətində olan bu çıxışı əslində rəsmi Riyada verilmiş ən məntiqli mesajdır. Sanki yəhudi diplomat tərəf-müqabillərinə demək istəyib ki, “bizimlə bu qədər məsuliyyətli əməkdaşlığa getmək istəyirinizsə, əvvəl əlinizi verin, tanış olaq. Bir-birimizi yaxın qonşuluqda sınayaq. Sonra ortaq düşmən üzərinə bərabər gedərik”.

Qeyd edək ki, Fələstin məsələsinə görə Səudiyyə Ərəbistanının İsraillə arası soyuqdur. Rəsmi Riyad indiyə qədər İsraili bir dövlət kimi tanımayıb. Son zamanlar İran təhlükəsi ərəb ölkələrini Təl-əvivə yaxınlaşdırsa da, islamçı məfkurəni özünün rəsmi ideologiyasına çevirən Səudiyyə Ərəbistanı eyni addımı atmaqdan, hələ ki, çəkinir və haqsız da deyil. Əks təqdirdə bütün ərəb və müsəlman ölkələrinin nifrətini qazana bilər və bölgədə İranın mövqeyini daha çox gücləndirər. Rəsmi Riyaddan fərqli olaraq, onun Fars Körfəzindəki müttəfiqləri sayılan Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr isə rəsmi Təl-əvivin məntiqinə görə, daha cəsarətli addımlar ataraq, heç olmasa, öz sərhədləri daxilində İsrailin xəfiyyə orqanlarının fəaliyyətinə icazə veriblər. Ərazilərində ciddi şiə topluluğunun məskunlaşdığı həmin ölkələr bunu İrana qarşı özünümüdafiənin zəruri şərti hesab edirlər.

İsrail Səudiyyə Ərəbistanının da onlar kimi “sözəbaxan” olmasını arzulayır və Ərəbistan yarımadasında “Dəmir qübbə” adlanan “raket qalxanı”nı qurmaq istəyir. Bu yaxınlarda rəsmi Riyada edilən bu təklif Səudiyyə Ərəbistanının təhlükəsizliyinin tamamilə yəhudi silahlı qüvvələrinin ümidinə qalacağı ehtimalına yol açması səbəbindən rədd edilmişdir. İndi İsrailə 7 maddəlik müttəfiqlik təklifi edən rəsmi Riyadın bu mövqeyinə Təl-əvivin diplomatik cavabı Məşədi İbadın “mənə “meymun” dediyin bəs deyil, hələ bir əl də uzadırsan?” zərb-məsəlini yada salır.

Heydər Oğuz

Strateq.az