XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 07:58

AKP hökumətində parçalanma:Əhməd Davudoğlu yol ayrıcında

Görüşme öne alındı, kulisler hareketlendi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hökumətin, eləcə də AKP-nin işinə tez-tez və yersiz müdaxilələri ölkənin baş naziriylə yollarının ayrılmasına gətirib çıxarıb.

Dünən iki liderin 1 saat 40 dəqiqə çəkən görüşləri də Ankara kulislərində uzun illər bərabər gedilən yolun son nöqtəsi kimi qəbul olunur.

Strateq.az-ın bildirdiyinə görə, Ankara kulislərində baş nazir Əhməd Davudoğlunun bu gün saat 12-də AKP-nin Mərkəzi Qərarvermə və İdarəetmə Təşkilatını (İdarə Heyəti ) toplayacağı, yığıncaqda partiyanın növbəti qurultayını çağıracağı gözlənilir.

Keçirilməsi planlaşdırılan qurultayda partiyanın bundan sonrakı liderinin, dolayısıyla Türkiyənin yeni baş nazirinin müəyyənləşdiriləcəyi güman olunur. Bu isə Əhməd Davudoğlunun istefa qərarından başqa bir şey deyil.

Əhməd Davudoğluyla  Rəcəb Tayyib Ərdoğan arasında ziddiyyətin partiyanın yerli təşkilatlarına sədr təyin etmək səlahiyyəti üstündə çıxdığı bildirilir. Belə ki, prezident seçildikdən sonra qanunvericiliyə uyğun olaraq partiyadakı vəzifəsini Əhməd Davudoğluna ötürən Ərdoğan AKP-dəki mövqeyini tərk etmək, xüsusilə də yerli təşkilatların rəhbərlərini dəyişdirilməsini istəmir. Bunu özünə yaxın çevrələrin sıradan çıxarılmasına cəhd kimi qəbul edir, partiya rəhbərliyindəki kadrları ilə dirəniş göstərir.

5 gün bundan əvvəl isə AKP-nin İdarə Heyəti indiyə qədər sədrin müstəsna hüququ olan bu səlahiyyəti ondan alıb öz üzərinə götürmüşdü. İdarə Heyətinin qərarı partiyanın yeni sədri Əhməd Davudoğlunun heysiyyatına toxunmuş və o, istefa anlamına gələn aşağıdakı fikirlərini dilə gətirmişdi: “Nəfsimi ayaqlar altına alar, bir faninin tərk etməyəcəyi düşünülən hər məqamı əlimin tərsiylə geri çevirərəm”.

Baş nazirinin bu sözlərinə Ərdoğanın cavabı da özünü çox gözlətməyib. Prezident muxtarlarla (yerli seçkili orqanların rəhbərləri) görüşündə hər kəsi “indiki məqama necə gəldiyi” barədə düşünməyə dəvət edib və özünün seçilmiş lider olduğunu xatırladıb. Prezident açıq şəkildə Davudoğlunun adını çəkməsə də, kulislərdə bu daşın baş nazirə atıldığı və ona kimin sayəsində indiki məqama yüksəldiyinin xatırladıldığı güman olunur.

Bu minnətdən sonra hər kəs ziddiyyətlərin kəskinləşəcəyini və yolların büsbütün ayrılacağını düşündüyü bir zamanda AKP-nin nüfuzlu şəxsləri araya girib və mübahisənin qurultay qərarıyla həllini təklif edib. Dünən Ərdoğanla Davudoğlunun görüşü də məhz bu məqsədlə keçirilib.

AKP-çilər bu görüşü hər həftə keçirlən adi bir yığıncaq kimi təqdim etsələr də, kulislərdə başqa iddialar dolaşır. İddialara görə, AKP hakimiyyətinə daha çox zərər vurmamaq üçün liderlər “kartlarını” qurultayda ortaya qoymağa qərar veriblər. Prezidentlə baş nazirin hər həftənin cümə axşamı keçirilən rutin görüşlərindən fərqli olaraq bu dəfə bir gün əvvəl bir araya gəlmələri toplantının həqiqətən adi yığıncaq olmadığını təsdiqləyir. Böyük ehtimalla, qurultaydan sonra ya baş nazir istefaya gedəcək, ya da partiya əvvəlki qaydada idarə olunacaq. Qurultayın bu ayın sonlarında keçirilməsi düşünülür.

İlk baxışdan partiyaya təyinat üstündə çıxmış kimi görünən bu insidentin daha dərin səbəbinin olduğundan bəhs edilir. İddialara görə, Türkiyənin prezident üsul-idarəsinə keçməsini istəmədiyinə görə Davudoğlunun Ərdoğanla münasibətləri korlanıb. Və Ərdoğan öz sərhədsiz hakimiyyəti üçün qarşısına çıxan “doğmalarını” belə, sıradan çıxarmağa qərar verib.