XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

06 May 2016 - 15:12

Elçibəyin Kələkidən qayıdan gün keçirdiyi ilk mətbuat konfransı:“Mən və Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldıq” – STENOQRAM

elcibey heyder

Azərbaycan xalqı 1993-cü ilin 17 iyun səhərini prezident Əbülfəz Elçibəyin Bakını tərk etməsi xəbəri ilə açdı. İndiyə qədər birmənalı qarşılanmayan bu gediş 90-cı illərin ən qızğın müzakirə olunan mövzusu idi. Prezident Əbülfəz Elçibəy polkovnik Sürət Hüseynovun qaldırdığı qiyamla ölkədə vətəndaş müharibəsi təhlükəsinin yarandığını bildirərək, paytaxtı tərk etdi. Prezident bu addımla siyasi böhranın aradan qalxacağına ümid edirdi.

Mərhum Əbülfəz Elçibəy 4 il Naxçıvanın Kələki kəndində yaşamalı oldu. Bu illərdə aktiv siyasi fəaliyyətdən uzaq düşən Elçibəy mesajlarında daha çox milli həmrəylik mövzusuna toxunurdu.

Açıq qalan suallar isə çox idi. Xüsusən də bir məsələyə cavabı hamı Elçibəyin dilindən eşitmək istəyirdi: 1993-cü ildə nə baş vermişdi?

Əbülfəz Elçibəy bütün suallara Bakıya qayıdandan sonra cavab verəcəyini vəd edirdi.

Nəhayət, o gün gəlib çatdı. 1997-ci ilin oktyabrın 30-da Azərbaycanın eks-prezidenti Bakıya dönə bildi. Onun rəsmi prezidentlik vəzifəsi isə 4 ay əvvəl bitmşidi… 

AXCP sədrinin Bakıya dönüşü böyük izdihamla müşayiət olunub. Tərəfdarları ilə ilk olaraq Şəhidlər Xiyabanına ziyarətə gələn Ə. Elçibəy daha sonra Fəxri Xiyabana gedərək akademik, Sovet İttifaqı Qəhrəmanı, qətlə yetirilmiş Ziya Bünyadovun qəbrini ziyarət edib. Daha sonra “Azadlıq” qəzetinin akt zalında KİV üçün ilk mətbuat konfransını keçirib. Çoxlu jurnalistlərin toplaşıdığı bu konfransda Əbülfəz Elçibəy bir sıra məsələlərə toxunub, suallara cavab verib. Bakıya qayıtdıqdan sonra siyasi kredosu sayılacaq “vətəndaş sülhü” ideyasını elan edib.

Strateq.azStenoqram” layihəsi çərçivəsində eks-prezident Əbülfəz Elçibəyin Kələkidən qayıtdıqdan sonra keçirdiyi ilk mətbuat konfransını oxuculara təqdim edir:

  

Bakı. 30 oktyabr 1997-ci il. “Azadlıq” qəzetinin akt zalı

Eks-prezident, AXCP sədri Əbülfəz Elçibəyin Kələkidən döndükdən sonra Bakıda keçirdiyi ilk mətbuat konfransı.

 

Mətbuat konfransını jurnalist Yadigar Məmmədli idarə edir.

Yadigar Məmmədli:

– Salam hörmətli həmkarlar. 1993-cü ildə vətəndaş müharibəsinin qarşısını almaq üçün Bakını tərk edən Əbülfəz Elçibəy dünən, oktyabrın 30-da maneləri dəf edərək Bakıya qayıdıb. Bu günkü mətbuat konfransında Əbülfəz bəy sualları cavablandıracaq.

Sonra Əbülfəz Elçibəy çıxış edir.

Elçibəy:

– Hörmətli bəylər və xanımlar, hamınızı xoş gördük. Təbii, hər  hansı şəxs mənim yerimdə olsa, həyəcan keçirər. Bu həyəcan bir həftə, on gün sürə bilər. Ola bilsin, siyasət adamları üçün yaxşı deyil bu həyəcan… Zala baxıram, tanış üzləri görürəm. Hər halda 4 il az müddət deyil. Odur, zalda oturan Tomas Qoltsu (ABŞ-dan olan jurnalist-red.) burda gördüm, sevindim. Köhnə tanışlardı.

Bilirsiniz ki, mühit, şərait ağırdır. Bunları deməyə ehtiyac yoxdur. Sadəcə bu gördüklərimizdən bir yol aramaq, çıxış nöqtələri tapmaq lazımdır. Fikrim budur. Mən belə düşünürəm. Vəziyyət burda bir-iki nəfərlə, siyasi liderlərlə həll ediləsi deyil. Biz, yəqin ki, Allah qoysa, AXC-nin bütün üzvləri ilə, Demokratik Konqreslə, başqa liderlərlə vəziyyəti geniş  müzakirə edəcəyik. Azərbaycanın qarşısında duran yaxın 2-3 ildə nə edəcəyik, vəziyyətdən necə çıxacağıq – bu məsələləri müzakirə edəcəyik.  Bunun üçün xalqın ümumi fikrini toplamalıyıq. Bu psixoloji vəziyyəti dəyişmək lazımdır.

Burada çətin olan məsələ nədir? Təsəvvür edin: Müsavatın, ya da AXC-nin daxilində iki nəfərin mübahisəsi düşür. Qəzetlər dərhal başlayır: gah ona sual verir, gah buna sual verir.  Mən bizim əziz mətbuat işçilərindən xahiş edirəm ki, xalqın diqqətini böyük problemlərdən yayındırmasınlar. Dedi-qodulara çox fikir verilməsin. Bunun nə mənası axı: nə bilim, Əbülfəz siqareti belə tutdu, Əli bəy dedi “siqareti elə tutma, belə tut”… Bu nə deməkdir? Ölkədə bir milyon qaçqın var. Sabah, deyək ki, qaçqınlarla bağlı  müzakirə təşkil edirik. Heç kim gəlmir. Amma desək ki, mənimlə Əli bəyin mübahisəsi var, hamı tez – tələsik gələcək ora … Bu cür olmaz! Belə biz heç yerə çıxa bilməyəcəyik! 

Mən sizin qəzetlərinizi çox diqqətlə oxuyuram. Sevinirəm ki, mətbuatımız çox güclənib. Hətta Gürcüstanı da qabaqlayırıq. Ancaq məsələni daha çox xalqın dərdlərinə yönəltməliyik.  Qəzeti açırsan, görürsən ki, səhifələrində Qarabağ problemi ilə bağlı heç nə yoxdur. Bəs bu Qarabağ nə oldu? Yaddan çıxıb? Elə hey “Pənah bəy belə dedi, Əbülfəz bəy elə dedi”… Olmaz axı…

Mən xahiş edirəm, məsələni xalqın vəziyyətinə yönəltmək lazımdır. Mən istəyirəm partiyalar bu məsələni qoysun: xalqın sosial və iqtisadi vəziyyəti çox ağırdır. Təsəvvür edin, biz bəzən bunu duymuruq. Bir milyondan çox  adam ev-eşiyini qoyub Rusiyaya, Ukrayanaya, Türkiyəyə üz tutb. Bu, fəal qüvvələrdir. Millət enerjisini orda itirir. 20-50 yaşında olan fəal vətəndaşlar ölkədən dağılıb gedib. Halbuki onlar enerjilərini bura verməlidirlər. Biz Azərbaycanda elə bir demokratik və sosial mühit yaradaq ki, həmin vətəndaşlar geri qayıtsınlar.

Qarabağ məsələsində bir addım da geri qoymaq olmaz. Ölkədə vətəndaş sülhü yaratmalıyıq. Yoxsa gələcəkdə sabitlik olmayacaq. Xalqın ümumi razılığı olmasa, vətəndaş sülhü davamlı ola bilməz. Ölkədə fəal qüvvələrin dağılmasına imkan verməmək lazımdır. Güney Azərbaycanın məsələsi gündəmdə olmalıdır.

Hesab edirəm ki, bunları müzakirə etmək üçün  Demkonqresdə işimiz rahat olacaq. Diqqətinizə görə, çox sağ olun. Sizi yordum.

 

Sonra jurnalistlərin sualları cavablandırılıb.

 

azer hesret elcibey

 

ANS: İqtidar sizin Kələkidən Bakıya dönüşünüzə niyə mane olmadı? Olmaya bununla bağlı iqtidarla razılığa gəlmisiniz? 

Elçibəy: İqtidarla heç bir razılıq, heç bir danışıq olmayıb. Burada məsələ belə idi: AXC mənim qayıtmağımla bağlı bu dəfə sözünü qəti dedi. Naxçıvana gələn deputatlar qəti bildirilər ki, “gedirik”. AXC-nin qəti mövqeyindən sonra yerli hakimiyyət orqanları bir qədər fikirləşdilər. Axı, onların da verdiyi söz var: Daxili işlər naziri Ramil Usubov deyib ki, Əbülfəz Elçibəy də bir vətəndaşdır və onun təhlükəsizliyini  qorumağa borcluyuq… Siz onu yerinə yetirin. Mən gedəcəyəm. Bu sözdən sonra Mrimahmud bəyin qəti mövqeyi bu məsələni bir qədər də qətiləşdirdi. 

Siz aydınlaşdırmaq üçün bu sualı Qulamhüseyn bəyə (Qulamhüseyn Əliyev- AXCP Ali Məclisinin keçmiş sədri-red.) və  Mirmahmud bəyə verməliydiniz. Bütün bu prosesi onlar aparıb.

ANS: 2-ci sualım… Siz müsahibələrinizdə demişdiniz ki, “mən 1997-ci ilin iyunun 17-nə qədər Azərbaycan Respublikasının prezidentiyəm”. Sizin səlahiyyət müddətiniz başa çatıb. Deyə bilərsinizmi, indi Azərbaycan dövlətinin başçısı kimdir?

Elçibəy: Bilirsinizmi, mən əvvəldən də demişəm, yenə deyirəm. Mən iyunun 17-nə qədər özümü Azərbaycanın qanuni prezidenti saymışam. Bunun vaxtı artıq qurtarıb. İkincisi, bu gün dövlətin başçısı, faktik olaraq, Heydər Əliyevdir. O ki qaldı digər tərəfinə, o barədə sonra söhbət edə bilərik.

ANS: Siz prezident Heydər Əliyevlə görüşməyi planlaşdırırsınızmı? Baş tutsa, harada görüşmək istərdiniz?

Elçibəy: Hələ o barədə heç nə fikirləşməmişəm. Bu barədə cəbhədaşlarımla söhbət etməmişik.

"Turan" İA: Avropa və Amerika ilə münasibətlərdə hansı yeniliklərlə müşayət ediləcək? (Sual aydın eşidilmir-red.)

Elçibəy: Biz təşkilatımızdan, AXC sədri kimi, Demkonqres sədrinin mövqeyindən istifadə edərək, Azərbaycan diplomatiyasında istər Rusiya, istər İranla bağlı millətin mövqeyini sərt şəkildə qoruyub saxlamaq. Heç bir addım geri qoymadan. Kitab “Bütov Azərbaycan Yolunda” adlanır. Orada başımıza gələnlər, tariximizin saxtalaşdırılması, rus imperiyasının siyasəti, fars şovinizminin türk millətinə qarşı qisası məsələləri ilə bağlı problemləri qoymuşuq.

"Hürriyyət": Dediyiniz vətəndaş sülhünü yaradılması üçün vacib olan nədir?  

Elçibəy: Vətəndaş sülhünü yaratmaq üçün bütün qüvvələri bir yerə yığmalıyıq. O zaman bu sülh yaranacaq. Yəni vətəndaş sülhü məcbur edəcək ki, iqtidar və müxalifət yaxınlaşsın.

"Hürriyyət": Milli barışığın elan olunması nə verəcək?

Elçibəy: Vətəndaş sülhü milli barışıqla ortaya çıxacaq. Bunun üçün proqram olmalıdır. Mən görüm, hələ Sabir Rüstəmxanlı ilə mənim partiyam necə əlaqələnəcək? Buna baxmaq lazımdır.

Sual: Prezident seçkilərində AXC və Müsavat partiyası eyni vaxtda daha real namizəd verə bilərmi?

Elçibəy: Burda fikirlər müxtəlifdir. Mən namizədliyimi verəcəyəm. Əgər görsəm ki, demokratik şərait yoxdur, İsa bəy seçkiyə gedərsə, mən İsa bəyi müdafiə edəcəym. İsa bəy də bəyanat verib deyə bilər ki, bəlkə 3-cü adamı müdafiə etdik. Görsək ki, bizə qarşı vəziyyət belədir, demokratik şərait yoxdur, güclərimizi toplayıb seçkini boykot edəcəyik. Bu məsələlərin müzakirəsinin zamanı var. Qəribədi, yenə suallar bu ruhda verilir: “Mən, sən, cəbhə, Müsavat”. Soruşun ki, Qarabağ problemini necə həll edəcəyik…

Qarabağ problemində, sosial vəziyyətimizin düzəlməsində, qaçqın məsələsinin həllində, iqtidarla, kim olursa-olsun onunla olacağıq.

Sual: Sizin Bakıya qayıtmağınız rejimin yumşalmasının bir əlamətidir, yoxsa başqa amil görürsünüz?

Elçibəy: Mən hər hansı amil görmürəm. Sadəcə AXC artıq qəti addım atmaq barədə qərar verdi. Kələkidə mənim yanımda olan cəbhəçi deputatlar dedilər ki, əgər bizi Bakıya buraxmasalar, millət vəkillərinin 3-ü də Kələkidə qalır. 

Bununla bağlı heç bir dövlətlə danışıq aparılmayıb. Bu, yalnız AXC-nin, onu müdafiə edən Demkonqresin mövqeyinin nəticəsidir. Nə Türkiyə, nə də başqasının burada heç bir  xidməti yoxdur.

Sual: AMİP sədri Etibar Məmmədov deyib ki, siz onun haqqında “Etibarın günahı var, ancaq bağışlamaq lazımdır” demisiniz. Siz günah deyəndə, nəyi nəzərdə tutmusunuz?

Elçibəy: Etibar Məmmədov məsələsi ona görə deyil. Cəbhənin o zaman çıxartdığı qərar var. Etibar Məmmədov müdafiə ediləcək, amma nöqsanı var. Səhvi var. Səhvi nədədir? O zamankı səhvində meydan hərəkatındakı tələsəkənliyi oldu. Məsələni “partlayış” baş vermədən, bir qədər təmkinlə aparmaq olardı. Başqa məsələlər də var. Bu, artıq təşkilatın daxili işləridi.

"Xalq qəzeti": Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra ona imtiyazlar verilmişdi. Lakin AXC hakimiyyətə gəldikdən sonra ləğv edildi. Siz indi "Eks-prezidentlər haqqında qanun"u gözləyirsiniz və imtiyazlar istəyirsiniz. Bunu tarixin ziddiyəti kimi görmürsünüz?

Elçibəy: Əvvəla, mən bildirim ki, Ayaz Mütəllibovun eks-prezident kimi imtiyazlarının ləğv olunması haqqında heç bir fərman verməmişəm.  O sənədi göstərə bilərsinizmi? Bəlkə bu sənəd Milli Məclisdən gəlib? Mən verməmişəm. Mən dəfələrə Ayaz Mütəllibovun yaxın adamlarına, Rəhim Hüseynova ( 1991-92-ci illərdə baş nazir olub-red.) demişəm ki, Ayaza de, gəlsin Bakıya. Vəzirov da gəlsin…  Ancaq 20 yanvar hadisəsi ilə bağlı  məsələni açsınlar, biz Rusiyanı verək beynəlxalq məhkəməyə. Özləri də gəlib burda yaşasınlar. Heç kim də onlara toxunmayacaq. Mənə o zaman dedilər ki, Ayaz Mütəllibovun Bakıda olan evi boşdur. Oğlu da Türkiyəyə gedib. Mən qəti sürətdə tapşırdım ki, o mənzilə heç kim əl dəyməsin. Mən heç kəsin mülkiyyət  hüququna toxunmamışam.

Sual: Sizin Bakıya dönüşünüz prezident Heydər Əliyevin amnistiya verməsi ilə eyni vaxta düşdü. Siz bu amnistiyanı özünüz üçün mənəvi amnistiya hesab edirsinizmi?

Elçibəy: Bunun mənə dəxli yoxdur. Amma mən bu amnistiyanı bəyənirəm. Həbsxanalarda olan çoxlu adamlarımız çıxıb. Həbsxanada elə gənc var ki, tüfəng götürməsini mən ona əmr etmişəm, o da götürüb, əmrimə tabe olub. Onu bağışlamaq lazımdır. Bu yaxşıdır. İstərdim, sayları çox olsun. 

“Bu Gün”: Belə məlumat var ki, siz Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna rəhbər vəzifəyə təyin olunacaqsınız. Buna münasibətiniz necədir?

Elçibəy: Belə bir təklif etsələr də getmərəm. Mən orada işləmişəm, kollektivinə də çox böyük hörmətim var. Əlyazmalar İnstitutunu müqəddəs yer, məbəd sayıram. Orada bizim əlyazmalarımız qorunur. Əməkdaşları da vətəni sevən insanlardı. Amma yəqin ki, mənim həyatım bu siyasi dairədən kənara çıxmayacaq. AXC-dən də xahiş edərəm ki, mənə ayda bir 250-300 min manat versinlər, işləyim.

(Zalda gülüş)

Sual: Vətəndaş sülhünü necə yarada bilərsiniz? İyun hadisələrinə görə özünüzü günahkar sayırsınzmı?

Elçibəy: Bu məsələlər haqqında geniş izahat vercəyəm. Özünüz də görəcəksiniz. Əgər mən Bakını tərk etməsəydim, Azərbaycan ya Tacikstana, ya da Əfqanıstana çevrilə bilərdi. Azərbaycanda daxili savaş baş verə bilərdi. Onun qarşısının alınmasında partiyaların, polis işçilərimizin, təhlükəsizlik xidmətinin əməkdaşlarının da xidməti var. Burada Heydər Əliyevin də xidməti var. Hamının xidməti var. Bu savaşın qarşısını ala bildik. Bu, bizim xoşbəxtliyimizidr. Mən belə hesab edirəm.

Sual:  Siz niyə indiyə qədər Sürət Hüseynovun hərəkətinə qiymət verməmisiniz?

Elçibəy: Mən dəfələrlə demişəm ki, Sürət Hüseynov, Rəhim Qazıyev və Ələkrəm Hümmətov Rusiya Baş Kəşfiyyat İdarəsi tərəfindən ələ alınmış adamlar olublar. Biz onları xalqdan təcrid edib saxlaya bilmədik. Heydər Əliyev bunu edə bildi. Bu, onun  müsbət və üstün cəhətidir. Çox adam deyir ki niyə onları vurmursunuz? Həbs elə… Vurub öldürmək nədir? Terrorçu dövlət deyilsən ki… Həbs elə… Biz onları həbs edə bilmədik.

Sual: Bəs Sürət Hüseynova əvvəlcə Milli Qəhrəman adı vermişdiniz?

Elçibəy: Siz tarixə baxsanız, görərsiniz ki, tarixdə çox insanlar Milli Qəhrəman olub, sonradan xəyanət ediblər. Eyni qaydada bu sualı Heydər Əliyevə də vermək olar. Yaxşı tanıdığı milli təhlükəsizlik naziri Nəriman İmranovu niyə vəzifəyə qoymuşdu ki? Ona xəyanət etdi. Xəyanət elə bir andır ki, onu bilməzsən. İllərlə vətənini sevən adam bir anda elə dəyişilik edə bilər ki… Bunu heç kim bilməz.

 

Sonra Əbülfəz Elçibəy bir illik AXC hökümətinin əsas prioritetləri barədə açıqlama verir:

Elçibəy: Bizim siyasətmizin kredosu bu idi: biz bütün dünya ölkələri və xalqları ilə dostluq edəcəyik. Kim ölkəmizin azadlıq və müstəqiliyinə kömək edəcəksə, onunla qardaş və bir olacağıq. Kim əleyhinə olarsa, onun əleyhinə olacağıq. Moskva ilə münasibətlər barədə tez-tez soruşurlar. Rusiyada müəyyən imperiyapərəst qüvvələr də var. Pavel Qraçovu (Rusiyanın keçmiş müdafiə naziri-red.) indi çıxarıblar. Qraçov ümumiyyətlə Qafqazda müharibə törədən adamdır. Mən prezident olaraq Moskvaya rəsmi səfərim zamanı Rusiya prezidenti Boris Yeltsinlə  söhbət edirdim. İndi bunları demək olar. Çeçenistanla münasibətləri gərgin idi. Mən ona dedim ki, “Siz icazə verin, rəhmətlik Cövhər Dudayev mənimlə çox yaxındır, Sizin aranızda barışdırıcı rol oynayım”.  Yeltsin mənə dedi: “Bu, çox maraqlıdır. İmkan ver bir az düşünüm, bunu etmək olar.” Axşam Yeltsinlə üz-üzə oturmuşduq. Ordan-burdan danışırdıq. Birdən Yeltsin çevrilib Qraçovadan soruşdu ki, “Dudayev nə edir? Yenə piratlıq edir?” Düşündüm ki , “əşi, dünən mən bununla söz danışmışam. Razılıq almışam. İndi deyir, quldurluq edir”. Qraçov da cavab verdi ki, “bəli”. Yeltsin cavabında “Bu məsələni qurtarmaq lazımdır” söylədi. Əslində Qraçova desə də, mənə eşitdirirdi ki, daha bu söhbətə qayıtma… Belə adamlarla Azərbaycan necə yaxınlaşa bilər? İran da belə… İranda 30 milyon türkün bir məktəbi yoxdur. Necə İranla dost ola bilərəm?

Qarabağ probleminə gəlincə, AXC-nin bu problemlə bağlı çıxardığı rəyi əsasında Dağlıq Qarabağa yalnız mədəni muxtariyyətin verilməsi üzərində dayanırıq.  Mənim mövqeyim belədir: Azərbaycanın işğal olunmuş torpaqarı təmzilənməldir!

Xaqani SƏFƏROĞLU

Strateq.az

elcibey keleki donur

Foto: Kələki. Əbülfəz Elçibəy Bakıya yola düşür 

elcibey kelekide

 

elcibey mk

Foto: Əbülfəz Elçibəy mətbuat konfransının keçirildiyi zala daxil olur.

 

elcibeymk02

Foto: 30 oktyabr. 1997-ci il. Əbülfəz Elçibəy Bakıda mətbuat konfransı keçirir

 

elcibey rehim

Foto: Prezident Əbülfəz Elçibəy və müdafiə naziri Rəhim Qazıyev 

 

elcibey yeltsin

Foto: Azərbaycan prezidenti Əbülfəz Elçibəyin Rusiyaya rəsmi səfəri. Boris Yeltsinlə görüş.

Oktyabr. 1992-ci il 

heyder elcibey

Foto: Azərbaycan prezidenti Heydər Əliyev Əbülfəz Elçibəylə vidalaşır. Avqust, 2000-ci il 

 

elcibey

Foto: Mərhum eks-prezident Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı