XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2015 - 22:39

Stalin niyə “kommunistləşmə”nin əleyhinə olub? –SSRİ-nin Şərqi Avropa və Çinə qarşı siyasəti - Araşdırma

stalin-1

1949-cu ilin oktyabrında dünyanın siyasi xəritəsində iki yeni dövlət peyda oldu. Çoxillik vətəndaş müharibəsindən sonra oktyabrın 1-də Çin Xalq Respublikası elan olundu. Oktyabrın 7-də isə sovet işğalından sonra əldə edilən ərazidə Almaniya Demokratik Respublikası yaradıldı. Tez-tez bu hadisələri Kreml tərəfindən yönləndirilən kommunizmin yayılmasına qarşı (expansion) siyasət kimi dəyərləndirirlər. Bununla belə, Kremlin özü həmin dövrdə bunu yeni, sosialist dövlətlərinin yaranması prosesi olaraq qəbul edir və bundan xüsusi zövq almırdı. Ümumiyyətlə, Şərqi Almaniyanın, Şərqi Avropanın və Çinin  “kommunistləşdirilməsi”nə soyuq müharibənin diqtə etdiyi məcburi ölçü vasitəsi kimi baxılırdı.

1. Məxsusi yol

1940-cı illərin sovet rəhbərləri artıq “sovet modeli”ni dünyaya qəbul etdirməyə çalışan hansısa ağlı başından çıxan fanatlardan deyildilər. Onlar çox yaxşı anlayırdılar ki, Avropa dövlətləri hansısa yerli kommunist təşkilatlarının diqtəsilə sosializm quruculuğuna hazır deyillər. 1945-1946-cı illərdə Stalin və onun çevrəsi əsas dəstəklərini mütləq şəkildə sosial vətənpərvərliyə, eyni zamanda qeyri-kommunist partiyalarına qoymağa başladılar. Bu siyasətin fonunda yeni Çexoslovakiyanın lideri timsalında vətənpərvər-mərkəzçi, sosializmin qeyri-marksist (“milli sosializm”) variantını dəstəkləyənE.Beneş nəzərdə tutuldu. Stalinin oxşar münasibəti həm də qeyri-marksist və “solçu” olmayan siyasətçilər – O.Lange (Polşa), Q.Tataresku (Rumıniya), Z.Tilza (Macarıstan), Y.Paasikiviyə(Finlyandiya) də aid idi.

Kommunist partiyalarına gəlincə, Stalin onların yenidən formalaşdırılmasının tərəfdarı idi. Q.DimitrovStalinin bu cür tövsiyələrindən birini belə xatırlayır: “Siz mütləq Bolqarıstanda leyborist partiyasını (İşçi partiyası) yaratmalısınız. Belə bir partiya ilə öz partiyanızı və digər partiyaları (məsələn, fermerlərin partiyasını) birləşdirin. Fəhlə Partiyası saxlamaq sərfəli deyil və bununla belə o, kommunist partiyası adlandırılır. Əvvəllər marksistlər fəhlə sinfinin ayrı bir fəhlə partiyasına daxil edilməsinə çalışmalı idilər. Onda onlar müxalifətdə idilər. Bu gün isə ölkənin idarə olunmasında iştirak edirsiniz. Siz fəhlə sinfini başqa zəhmətkeş kəsim nümayəndələrilə minimum proqram əsasında birləşdirməlisiniz, bu proqramlar isə olacaq. Fəhlə partiyasına kəndlilər yad partiya kimi baxırlar, ancaq zəhmətkeş partiyaya özlərininki kimi baxacaqlar. Mən çox məsləhət görürəm ki, belə edəsiniz. Zəhmətkeş partiya və ya fəhlə-kəndli partiyası Bolqarıstan kimi ölkələrə uyğundur. Bu, xalq partiyası olacaq”.

Göründüyü kimi, Stalin kommunist partiyasının ümumxalq, daha dəqiq, milliyyətçi partiyayaçevrilməsini tələb edirdi, bununla belə atdığı addımı da müasir şəraitdə marksizmin tətbiqi kimi təqdim edirdi.

Bütün bunlardan göründüyü kimi, Stalin 1945-1946-cı illərdə Şərqi Avropada milli sosializm (nasizmlə qarışdırmaq olmaz) modelini işləməyə çalışırdı. Bu isə o demək idi ki, dövlətin iqtisadiyyat və demokratiyada aparıcı rolu iri kapital yatırılmadan həyata keçirilməli idi. “Kommunistləşmədən” Stalin hər vəchlə uzaqlaşmağa çalışırdı. 1946-cı ilin mayında Polşa liderlərilə görüşü zamanı o demişdi:“Polşada quraşdırılmış quruculuq işləri demokratiyadır, bu, demokratiyanın yeni növüdür. Onun analoqu yoxdur. Nə Belçika, nə İngiltərə, nə də fransız demokratiyası sizin üçün nümunə ola bilməz. Sizin demokratiya məxsusidir… Sizə fəhlə sinfinin diktaturası lazım deyil, ona görə ki, nəhəng sənaye müəssisələrinin milliləşdirildiyi, iri kapitalistlərin və sahibkarların siyasi arenadan yox olduqları indiki şəraitdə sənayedə müvafiq rejimin yaradılması yetərlidir, sənayeni qaldırmaq, qiymətləri endirmək və əhaliyə geniş tələbat malları verməklə cəmiyyətdə vəziyyət stabilləşəcək. Yeni demokratik quruculuqdan narazı olanların sayı getdikcə azalacaq və siz sosializmə qan tökmədən yaxınlaşacaqsınız. Polşada yaradılan demokratiya… onun xilasıdır… Hazırda Polşada yaradılan rejim zəhmətkeşləri istismar etmədən onun maksimum çiçəklənməsinə xidmət edəcək” (Т.В. Волокитина, Г.П. Мурашко, А.Ф. Носкова, Т.А. Покивайлова «Москва и Восточная Европа. Становление политических режимов советского типа. 1949-1953. Очерки истории»).

Adətən, Sovet idarəçiləri yerli inqilabçılarla münaqişəyə girirdilər. Məsələn, Macarıstanın İttifaq Təftiş Komissiyasının siyası müşaviri Q.M.Puşkin şikayətlənirdi ki, solçu təmayüllü yerli kommunistlərdə  mütəmadi olaraq “düzəliş aparmaq” məcburiyyətində qalır. O, macar yoldaşları inandırmağa çalışırdı ki, onların solçu təfəkkürü Kommunist Partiyasını kənarlaşdırmağa gətirib çıxaracaq – eyni zamanda “sülh əsasında”  istənilən nailiyyəti demokratik bloku genişləndirməklə əldə etmək olar. (Е.И. Гуськова «Послевоенная Восточная Европа: Сталин и Тито»)

Stalin Almaniyada da sosialist dəyərlərinin yaradılmasına tələsmirdi. 1947-ci ilin yanvarında Almaniyanın Vahid Sosialist Partiyasının liderlərilə görüşündə, Stalin təklif edir ki, onlar Almaniyanın sovet işğalında olan ərazisində sosial-demokrat partiyasının fəaliyyətini bərpa etmək haqqında düşünsünlər.  “Faktiki olaraq bu addım Almaniyanın Vahid Sosialist Partiyasının (AVSP) dağılmasına gətirib çıxaracaqdı – A.Fillipov qeyd edir – ki, bunu qonaqlar dillərinə belə almağa cürət etmədilər. Təklif – təbliğat aparmaq üçün idi…” («СССР и германский вопрос: поворотные пункты (1941-1961 гг.)

Bir çox hallarda Stalin Almaniyanın Vahid Sosialist Partiyasının liderlərinə məxsus solçu düşüncələri saxlamaq məcburiyyətində qalırdı. Bu partiyanın rəhbərliyində olanların bir çoxu Qərbi Almaniya ilə birləşməyin tərəfdarı deyildilər. 1947-ci ilin yazında AVSP-nın lideri B.Ulbreht bütün alman torpaqlarının prezident-nazirlərinin ümumalmaniya toplantısında iştirakına qarşı çıxdı. “Prinsipial” yoldaşı çərçivəsinə salmalı oldu.

Ümumiyyətlə, Stalin Şərqi Almaniyada sosializm quruculuğu ideyasından imtina etməyə hazır idi.Ona görə də Qərbə vahid və neytral Almaniya yaratmağı – müharibədən sonrakı Finlandiya tipli – təklif edirdi. 1947-ci ilin mart-aprel aylarında dörd xarici işlər nazirinin (SSRİ, ABŞ, İngiltərə, Fransa)  görüşündə B.M.Molotov qətiyyətlə milli, vahid Almaniyanın saxlanılmasının tərəfdarı kimi çıxış etdi. O, dövlət quruculuğu təməlinin Veymar Respublikası Konstitusiyasına müvafiq olaraq yaradılmasını təklif etdi.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Almaniyaya qarşı sovet işğalçılıq siyasəti böyük humanistliyilə fərqlənirdi, nəinki ali demokratik dəyərləri olduğunu iddia edən ABŞ-ın… Amerikalılar bütün almanları potensial düşmən hesab edərək, mülki əhaliyə qarşı da düşmən mövqe tuturdular. “Müharibə sona çatandan sonra 1945-ci il mayın 20-də Kölndə keçmiş konslager məhbuslarının təşkil etdiyi ilk antifaşist nümayişi hərbi polislər tərəfindən dağıdılmışdı… 1945-ci il 18 may tarixli amerikan sənədlərinin birində qeyd olunurdu: “alman antifaşistləri qoyun dərisinə gizlənən canavarlardır…”" («Вервольф. Осколки коричневой империи»)

Amerikalı hərbçilər və polislər mülki əhaliyə qarşı əsassız olaraq çox qəddarlıq etmişdilər. Belə ki, Şimali Badendə amerikanlar  SS-lərin müdaxiləsinə cavab olaraq Bruxzal şəhərini yerlə-yeksan etmişdilər.

Bununla yanaşı, Sovet tərəfi  qapalı nasist ocaqlarını məhv edərkən təkcə gücdən istifadə etmirdi. O, həm də mülki vətəndaşların təhlükəsizliyini təmin etməyə çalışırdı. Sovet idarəçiləri “heç bir zaman  almanların kollektiv məsuliyyətindən danışmırdı, ona görə də 1945-ci ildən almanlara vahid düşmən kimi baxmırdı”. Ona görə də, o, digər qərb işğalçılarından daha tez müddətdə yerli antifaşistlərlə əməkdaşlığını qurmağa və tədricən hakimiyyəti onlara ötürməyə başladı. («Вервольф»)

Stalin, görünür, sovet nəzarəti altına düşən ölkələri “kommunistləşdirmək” istəmirdi. Hər şeyi Qərbin caladığı “soyuq müharibə” dəyişdi. Sovet rəhbərliyi Şərqi Avropanı itirməmək üçün “kommunistləşdirməyə” məcbur oldu. Məhz bu məqsədlə də siyasi monolit rejimlər yaradılmağa başladı. 

Sual yaranır: Bəlkə Şərqi Avropanı Qərbə verməyə dəyərdi? Sovet analitikləri bu məsələ üzərində ciddi olaraq düşünürlər. Onlar hesab edirlər ki, müharibədən sonra Stalin rejiminin bu addımı atmaması gələcəkdə SSRİ-yə böyük problemlər yaratmağa başladı. Lakin o vaxtkı dövr üçün sovetlər tərəfindən belə bir addımın atılması həm də SSRİ-nin zəifliyi və SSRİ-dən kənarda qan tökən sovet əsgərlərinin fədakarlığının dəyərsizliyi kimi qiymətləndirilə bilərdi. Digər tərəfdən, Şərqi Avropa, Rusiyaya qarşı hər zaman geosiyasi mübarizə aparmağa hazır olan ABŞ və onun müttəfiqləri üçün güclü tramplin ola bilərdi.

Əlbəttə, hər şeydən yaxşı olardı ki, Şərqi Avropada neytral ərazi yaradılsın. Bunu deməyə əsas verən amillərdən biri də müharibədən sonrakı neytral Finlandiyanın durumudur ki, Rusiya, sərhəddində olan bu dövlətlə hər zaman xoş münasibətdə olub. (Moskva o zamandan kommunist Finlandiyasının yaradılması layihəsinin qəti əleyhinə idi. Bu layihənin həyata keçirilməsi, halbuki, mümkün idi. Kommunist partiyası bu ölkədə çox güclüydü və hətta daxili işlər nazirliyini nəzarətdə saxlayırdı. Nazir Uryo Leyno belə sərt mövqe nümayiş etdirirdi və sakitcə, “xalq düşmənləri”ni həbs etdirməklə məşğul idi. Bununla belə, Moskvadan əyləci basmaq əmri verildi.)

Təssüf ki, sovet-fin münasibətləri ümumi qaydaların ən xoşbəxt istisnası idi. Bu cür imkanların Şərqi Avropa üçün də keçərli olduğunu demək düzgün olmazdı. Qərb onsuz da Rusiya-SSRİ-yə qarşı geosiyasi hücumlarını davam etdirirdi.

2. “Balkanın Lenini”

 

tito.jpg

İ.B.Tito

Bununla belə, Stalin Şərqi Avropa monolitindən kommunist Yuqoslaviyasını çıxardı. O, məxsusən ehtiyatlanırdı ki, onun lideri İ.B.Tito sosialist düşərgəsinin daxilində ikinci zolaq yaratmağa çalışacaq. Yuqoslaviyalı lider özünü Lenin ideologiyasının ən sadiq sələfi, davamçısı kimi təqdim edirdi. O, bolşevikləşmənin və sovetləşdirilmənin tərəfdarı idi. Hələ 1945-ci ildə Tito bəyan etmişdi ki, onun ölkəsi “sosializmin inkişafı yolunda iri addımlar atır”. Kommunistlər Yuqoslaviyanın Xalq Cəbhəsinə “xalq hərəkatı” kimi baxırdılar. Bununla belə, onlar bu cəbhəni ayrı-ayrı partiyaların bloku olaraq qəbul etmirdilər. 1946-cı ilin əvvəllərində bütün qeyri-kommunist partiyaları tam olaraq kommunistlərin nəzarəti altına keçdi. Nəzarətə keçməyənlərin fəaliyyəti isə qadağan olundu. Ümumrusiya Kommunist Partiyası nəzdində Yuqoslaviya Kommunist Partiyasının sədri B.Ziherl yazırdı: ““Partiya” ifadəsi Yuqoslaviyada SSRİ-də qəbul edilən mənanı daşıyır: Xalq bu sözdə yalnız  kommunist partiyasını görür. Kompartiya hərbdə olan bütün komanda mövqelərini, dövlət təhlükəsizliyi, xalq təsərrüfatı aparatlarında, həmkarlar ittifaqlarında və digər ictimai təşkilatlarda gücü əlində möhkəm saxlayır. Əvvəl-axır Xalq Cəbhəsi mərhələsini keçmək və zəhmətkeşlərin vahid partiyasını yaratmaq lazım gələcək…”

Zamanla Tito özünü  “balkanın Lenini”, Yuqoslaviyanı isə SSRİ-nin regional nümunəsi kimi qəbul etdirməyə çalışırdı. Belqradın lideri, hətta Bolqarıstanla federasiya yaratmaq barəsində də düşünürdü. Hətta onun planında həmin federasiyaya Albaniyanı da qəbul etmək var idi. O, albanlarla gizli hərbi müqavilə də bağlamaq və vahid müdafiə planını yaratmaq niyyətində idi. Tito fikirləşirdi ki, Albaniyanı Yuqoslaviyanın yaxın beşillik planına daxil edə bilər və Albaniyanın hərbi büdcəsini öz hərbi büdcələrinə birləşdirmək mümkündür.

Bu, əlbəttə ki, Stalinin xoşuna gələ bilməzdi. Faktiki olaraq, onun ehtiyat etdiyi hadisələr baş verməyə başlamışdı – hakimiyyətdə kommunist partiyası olduğu təqdirdə, özlərini sosialist düşərgəsinin alternativ mərkəzi kimi görürdülər.

Bununla yanaşı, iki dövlət arasındakı münasibətləri hələ də qaydasına salmaq olardı.

“Tito öz səhvlərini etiraf etməyə və düzəltməyə hazır idi, axı yuqoslavlar Stalin məktəbinin ən yaxşı şagirdləri idilər…" – deyə E.İ.Qusev yazır, – "Yuqoslaviyada Oktyabr rus inqilabının 30 illik yubileyi təntənə ilə qeyd olunurdu. Stalinin şəkilləri, artıq dillər əzbəri olan sözləri qəzetlərin şüarına çevrilmişdi. Ona görə də adama elə gəlirdi ki, bütün anlaşılmazlıqları qaydasına salmaq olardı. Amma dialoq alınmadı. 1948-ci ilin martında Tito öyrənir ki, Sovet İttifaqı Yuqoslaviya ilə ticarət müqaviləsi bağlamaqdan imtina edir. Elə həmin gün SSRİ Yuqoslaviyadan sovet mütəxəssislərini və hərbi müşavirləri geri çağırır. Buna səbəb kimi də Yuqoslaviyanın SSRİ-yə qarşı dostluq münasibətində olmaması  göstərilir. Tito bu münasibətin nə üçün bu həddə çatdığını dərk etmir. O, məsələni aydınlaşdırmağa çalışır, lakin Moskva buna imkan vermir”. («Послевоенная Восточная Европа. Сталин и Тито»)

Bir çox siyasətçilər bu gün də o qənaətdədirlər ki, həmin dövrdə Stalin sanki qəsdən Yuqoslaviya ilə münasibətləri gərginləşdirməyə başladı. Əslində, Stalin bilərəkdən Belqradı Moskvadan və Şərqi Avropadan kənarlaşdırdı. Ona həqiqətən də “xalq demokratiyası düşərgəsi”ndə “özünəvurğunluq ocağı” ümumiyyətlə lazım deyildi. Onun üçün “yuqoslav revizionizmi”ni alətə çevirmək daha asan idi. Bu revizionizmə qarşı amansız mübarizə aparmaq mümkün idi. E.İ.Qusqova qeyd edir: “Elə təəssürat yaranır ki, Stalin qəsdən barışığa getmir və bu ölkəni SSRİ və Ümumrusiya Kommunist Partiyasının rəhbərliyi altında olan vahid blok ölkələri üçün də nümunə olaraq göstərməyə çalışır. Yuqoslaviyanın səhvlərinə münasibət bildirmək məcburiyyəti Titonu milli kommunist partiyalarını antisovet tendensiyalarla mübarizəyə sürüklədi. O, Moskva tərəfindən təklif olunmuş cədvəl üzrə sıralarını möhkəmləndirməyə başladı. Stalin Yuqoslaviyanı qurban verdi, lakin əvəzində SSRİ-yə sadiq, bir-birinə qaynaq olunmuş eynidüşüncəlilərin vahid düşərgəsinə yiyələndi”. 

Sonralar ortodoksal Titoda metamorfoza göstəriciləri meydana gəlməyə başladı və o, Qərbə yaxınlaşmaq niyyətilə “kommunist-demokrat”a çevrildi. Bununla belə, Tito sosial-demokratiya istiqamətində islahatlar aparmalı idi. Tito həmin islahatları tədricən aparmağa başladı.

3. Qırmızı Çin – dünyaya lazım deyil

Şərq istiqamətində Stalinin siyasəti bundan zəif deyildi. O, qəti olaraq, Çində kommunist inqilabının əleyhinə idi.

Məsələn, 1936-cı ilin dekabrında çin milliyyətçi lideri Çan Kayşiyə qarşı onun hərbi rəislərindən biri Çan Cyuelyan çıxır. Göründüyü kimi, bu, uğurlu çevriliş idi. Çan əsir götürüldü və ondan tələb olundu ki, siyasətini dəyişsin (sonra ali çinli əsiri azad etdilər). Çin kommunistləri arasında narazılıqlar başladı və qırmızılar (kommunistlər) Çan Kayşinin edam edilməsini tələb etdilər. Lakin Kremldə tamamilə başqa qərar verildi. Stalin rəhbərliyi baş verənləri, “Çinin birləşməsinin qarşısını almaq məqsədi güdən yapon militaristlərinin növbəti sui-qəsdi kimi” dəyərləndirdi.

Hamı anlaşılmaz durumda idi. Axı SSRİ Çin kommunistlərinin qatı düşmənlərinin tərəfini saxlayırdı. “Çox sonralar Moskvanın bu addımı atmasının əsl səbəbləri aydınlaşdı – deyə bioqraf Mao Tzeduna F.Şort xəbər verir – Noyabrda – Maonun özü belə bu haqda heç nə bilmirdi.  – Stalin kuomintang hökuməti öz müttəfiqinə çevirmək üçün yeni cəhdə qərar verir… Moskavada artıq sovet-çin təhlükəsizliyi müqaviləsinin hazırlanması istiqamətində gizli məsləhətləşmələr gedir. Çan Kayşinin həbsi Stalinin bütün kartlarını qarışdırdı. Stalin üçün Çin Kommunist Partiyasının şübhələrinin heç bir mənası yox idi: Dünyada ilk dəfə olaraq sosializmin qalibiyyətinə nail olmuş bir ölkənin maraqları hər şeydən üstün idi”. («Мао Цзедун»)

mao.jpg

Mao Tzedun

Müharibədən sonra Stalin Maoya məsləhət görür ki, o, Çan Kayşinin milliyyətçiləri ilə sülh razılığına gəlsin.

O, hətta israr edirdi ki, Çin kommunistlərinin lideri Çunçin şəhərinə generalissimus Çanla (SSRİ nümayişkaranə şəkildə onunla dostluq və əməkdaşlıq haqqında 1945-ci il 15 avqust tarixli müqavilə imzalamışdı) görüşməyə getsin. Mao ilə şəxsən görüşməyi isə Stalin qəti istəmirdi. O, ancaq Maonu hakimiyyətə gələndən və dövlət xadimi olandan sonra qəbul etdi.

Lakin Çin kommunistlərinin hərbi-siyasi qələbəsini Stalin heç bir halda istəmirdi. 1945-ci ilin noyabrında ÇKP ilə KMT arasında münaqişə bərpa olunarkən, sovet komandanlığı kommunist ordusundan nəzarətdə saxladığı bütün iri şəhərlərdən geri çəkilməyi tələb etdi. Hətta 1949-cu ilin yazında Mao Qomindanı uğurla dağıdanda Stalin israrla Çinin şimal əyalətlərini nəzarətdə saxlamağı tövsiyə edirdi.

Amerikanlar isə əksinə, kommunist partiyasına kömək edirdi. Hələ 1944-cü ildə Mao ABŞ-nın nümayəndələri ilə (general P.C.Herlinin missiyası) əməkdaşlıq aparmaq istiqamətində aktiv danışıqlar aparırdı. Çin kommunistlərinin lideri bir ara o haqda da fikirləşdi ki, partiyanın adını dəyişdirsin –“kommunist”i “demokratik”lə əvəzləsin (Ştatlarda həmin dövrdə məhz Dempartiya dəbdə idi). 1945-ci ilin yanvarında ÇKP ilə ABŞ Dövlət Departamenti arasında gizli danışıqlar başladı. Həmin danışıqlarda Mao F.D.Ruzveltlə görüşmək imkanlarının olub-olmadığını yoxladı.

Sonralar amerikanlar Mao tərəfdarlarına əsaslı köməklik göstərdilər. 1945-ci ilin dekabrında Çin üzrə amerikan missiyasının başçısı Herlini əvəzləyən C.Marşall Çan Kayşini məcbur etdi ki, kommunistlərlə barışığa getsin. Axı, milliyyətçilərin ordusu Maonun kommunist hərbi birləşmələrini uğurla darmadağın edirdi.

İ.R.Şafare yazırdı: “Yarımdövlət təşkilatı – Sakitokean münasibətləri İnstitutu – praktiki olaraq Çində 15 il ərzində Amerika siyasətini müəyyənləşdirdi. Bu, Çan Kayşinin əhəmiyyətli dərəcədə məğlubiyyətinə təsir göstərdi. Məsələn, hakimiyyət dairələrinə Çin kommunistlərini demokratlar və “torpaq islahatları tərəfdarları” kimi təqdim edən məlumatlar ötürülürdü. Nəticədə Çan Kayşiyə kommunist hakimiyyətinin tərkibinə daxil olmaq təklif olundu. O, bundan imtina etdikdən sonra ABŞ-dan gələn bütün idxal dayandırıldı. İnstitut tərəfindən işlənilən maliyyə siyasəti Çində geniş inflyasiyanın başlanmasına səbəb oldu və əhalinin Çan Kayşi rejimindən narazılığı artdı. Bu siyasət maliyyə nazirliyinin başçısı Uayt və bu nazirliyin Çindəki nümayəndəsi Solomon Adlerin rəhbərliyilə genişləndirildi.”

Amerikanlar nə üçün kommunistlərə kömək edirdilər?

Hər şey çox sadədir – onlara sosialist düşərgəsində ikinci güc zolağı yaratmaq lazım idi. Bu yolla onlar SSRİ-ni daim zəiflədə bilərdilər. Ümumiyyətlə, 60-cı illərdə “Qırmızı Çin” məhz belə bir zolağa çevrilmişdi. Hətta bir ara iki sovet dövləti arasında münasibətlər müharibə həddinə belə çatdı. 70-ci illərdə isə Mao ABŞ-la açıq-aşkar yaxınlaşmağa başladı. Stalin bütün bunları əvvəlcədən ehtimal etdiyi üçün Çin inqilabını dəstəkləmişdi (Eyni zamanda Mao tərəfdarlarına da müəyyən yardım etmişdi – əks təqdirdə, digər xarici kommunist partiyalarının rəhbərləri onu başa düşməzdilər). 

Faktlar onu göstərir ki, müharibədən sonra Stalin məxsusi olaraq praqmatik siyasət aparıb və bütün bunları da məhz SSRİ-nin dövlət maraqlarına xidmət etmək naminə həyata keçirib. Və bu siyasət beynəlxalq iqlimdən asılı olaraq dəyişib.

Hazırladı: Selba 

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə