Azərbaycan nefti 5 ildir azalır, bəs hökumətin X planı vardımı?
Azərbaycanda neft hasilatı özünün PİK, yəni zirvə nötəsinə 2010-cu ildə çatdı. Həmin il ölkədə 50,8 mln ton neft hasil edilmişdi ki, bunun da 40,6 mln tonu “Azəri-çıraq-Günəşli” yataqlarından hasil edilən “qara qızılın” payına düşürdü. Son 5 ildə neft hasilatı 17,5% azalaraq 2014-cü ilin yekunu olaraq 41,9 mln ton səviyyəsinə enib (32,2 mln ton AçG). Caspian Barrel-in hesablamalarına görə, ortalama olaraq hər il neft hasilatı 1,78 mln ton və ya 13 mln barel azalıb.
AçG-də hasilatın azalma tempinə gəldikdə isə, 2014-cü ildə 2010-cu illə müqayisədə hasilat 22,4% aşağı düşüb. Yəni AçG-də neft hasilatının azalma tempi Azərbaycan üzrə azalma tempini xeyli üstələyib.
AçG-də neft hasilatı
İllər | Hasilat (mln tonla) |
2010 | 40,6 |
2011 | 35,4 |
2012 | 32,9 |
2013 | 32,2 |
2014 | 31,5 |
Azərbaycanda isə neft gəlirlərinin ZİRVƏ nöqtəsi 2011-ci ildə qeydə alındı. Neft gəlirləri dedikdə Azərbaycan Dövlət Neft Fonduna daxilolmaları nəzərdə tuturuq. Neft Fondunun daxilolmalarında AçG-dən gələn gəlirlər təqribən 95% təşkil edir, neft və qaz satışından olan daxilolmalarda isə bu göstərici 98%-ə qədər yüksəlir.
Sual oluna bilər ki, nədən gəlirlər 2011-ci ildə artdı, axı həmin il AçG-də hasilat 12,8% aşağı düşmüşdü? Məsələ bundadır ki, hasilatın aşağı düşməsi məhz qiymətlərin dünya bazarında artması ilə kompensasiya edilmişdi: əgər 2010-cu ildə Brent markalı neftin 1 barelinin orta qiyməti 79,50 dollar olmuşdusa, 2011-ci ildə bu göstərici 111,26-dək yüksəlmişdi (mənbə – Statistical Review of world energy 2012). Yəni illik qiymət artımı 39,95% təşkil etmişdi (!).
Beləliklə, 2011-ci ildə Neft Fondu 19,8 mlrd dollar vəsait qazanmaqla 2001-ci ilin yayında fəaliyyətə başladığı dövrdən (Fond 1999-cu il 29 dekabrda təsis edilib, ancaq praktik fəaliyyətə faktiki olarak il yarım sonra başlayıb – Caspian Barrel) sonra gəlirlərinin pik səviyyəsinə çatdı. Və bundan sonra onun gəlirləri ilbəil azalmağa başladı.
Neft Fondunun gəlirləri cədvəli
İllər | Gəlirlər (ABŞ dolları ilə) | Yığıma göndərilən məbləğ (faizlə) |
2010 | 16 309,3 | 48,2 |
2011 | 19 799,9 | 35,5 |
2012 | 17 405,4 | 24,9 |
2013 | 17 329,2 | 9,5 |
2014 | 16 230,2 | 2,0 |
Bu cədvəldən göründüyü kimi, ötən ilin yekunlarına əsasən, Azərbaycan neft gəlirlərinin həcminə görə 2010-cu il göstəriciləri səviyyəsinə düşdü. Cari ildə isə Neft Fondunun büdcəsi kəsirlə icra olunacaq. Hələ kəsirin hansı səviyyədə olacağı barədə indidən proqnoz vermək çətindir. çünki hökumət may ayında dünya bazarlarında neftin qiymətinin aşağı olacağı təqdirdə yenidən dövlət büdcəsinə dəyişiklər edə bilər və Neft Fondundan əlavə vəsaitlərin transferlər edilməsi haqda qərar çıxara bilər. Ancaq bir şey aydındır ki, hökumət neftin orta ixrac qiymətinin 90 dollardan proqnoz edərək Neft Fondunun gəlirlərinin 10,246 mlrd manat (0,7844 kursla 13,1 mlrd dollar) səviyyəsində dəyərləndirmişdi.
Əgər neftin orta qiymətinin 60 dollar çıvarında olmasını proqnoz etsək və cari ildə hasilatın 1 milyon tondan çox azalacağına dair hökumət proqnozunu da əsas kimi götürsək, onda Neft Fonduna 2015-ci ilin yekunu olaraq daxilolmaları 8,5 mlrd dollar ətrafında gözləmək olar.
Ancaq Neft Fondunun xərcləmələri cari il üçün xeyli çoxdur. Hətta manatın 34% ucuzlaşmasından sonra yaranacaq “xeyri” belə nəzərə alsaq, yenə də Fondun kəsiri indiyə qədər görünməmiş bir həddə olacaq (indiki kursla təqribən 4 milyard dollar ). Və ümid etmək olar ki, 2016-cı ilin əvvəlinə Neft Fondunun aktivləri 32 milyard dollardan artıq səviyyədə qalacaq.
Nəticə
Ancaq məsələ heç də ili necə başa vurmaqdan getmir. Hamıya bəllidir ki, Azərbaycan iqtisadiyyatının lokomotivi həm çar Rusiyası dövründə, həm ADR zamanı, həm Sovet Azərbaycanı vaxtı və o çümlədən də Müstəqil Azərbaycanda neft olub. Bizim iqtisadiyyat neft üzərində qurulub və neftin yaratdığı əlavə dəyər nəticəsində digər sahələr inkişafını tapıb və nəfəs alıb.
İndi sual olunur: Azərbaycan hökuməti beləmi məst olmuşdu ki, cəmi 4-5 il əvvəl adicə şeyləri proqnoz edə bilmirdi? Axı bunlar o dövrün mətbuatında kifayət qədər işıqlandırılır, bu məsələlərlə bağlı nə qədər konfranslar, toplantılar və müzakirələr keçirilirdi qeyri-hökumət təşkilatları tərəfindən. Bəzən bunlara hökumət nümayəndələri, Neft Fondunun, Neft Şirkətinin də məsul şəxsləri, o cümlədən millət vəkilləri də qatılırdılar. Elə çıxır ki, deyilənlər elə deyilib, lazımi orqanlar isə vaxtında tədbirlər görməyiblər.
Hökumətin vəzifəsi bircə şey olub – Prezidentin yanında keçirilən iclaslarda qeyri-neft sektorunun inkişafı ilə bağlı dünyada görünməmiş sürət tempinə dair hesabatlar vermək və göstərmək ki, üDM-də neft sektorunun payı azalır. Düzdür, əgər neft hasilatı azalırsa, üDM-də neft sektorunun payı da azalacaq. Ancaq bunun qeyri-neft sektorundakı uğurlara nə dəxli? Və ya Neft Fondundan hər il 5-6 milyard vəsait ayırıb intensiv sürətdə infrastruktura, tikintiyə, abadlaşdırmaya (fikir verin – bu sektorların heç biri əlavə dəyər yaratmır) xərclənirsə və statistikada bu qeyri-neft sektoru qrafasına yazılırsa, onda bunun hökumətin uğuruna nə dəxli var? İstənilən hökumət – ona pul ayırsa, onu xərcləyə bilməzmi? özü də elə bir effektivliyi olmadan. Necə ki, nəqliyyat naziri ötən il açıqladı ki, təkcə yol nəqliyyatına 10 milyard kapital qoyuluşu edilib, ancaq bu gün Azərbaycanın nə şimalından cənubuna, nə də şərqindən qərbinə normal, özlərinin dediyi kimi yox, Qərbdə gördüyümüz kimi də yox, Körfəz ölkələrindəki, yəni tam Şərq ölkələrndəki bir infrastruktura sahib deyilik. Paytaxtın infrastrukturu isə tam bərbad vəziyyətdədir – PSA müqavilələrinin imzalanmasından 20 ildən artıq vaxt keçib, ancaq şəhər rəhbərliyi hələ də ancaq 10-a yaxın mərkəzi və ya mərəkəzə doğru uzanan yolun abadlaşdırılması, vaxtaşırı təmiri ilə məşğuldur, digərləri isə təmir olunsa da, qısa müddətdən sonra keyfiyyətsiz işin ucbatından yararsız hala düşür.
Nəticədə xərclənən vəsaitlər hesabına qeyri-neft sektoru daim statistik inkişafdadır…
Beləliklə…5 il sonra
2020-ci ili Azərbaycan necə qarşılayacaq? Yəqin bu sual çoxlarını düşündürür. Bir məsələ də var ki, hökumətin proqnozları və reallıqlar arasında kifayət qədər fərqlər yaranır. Bunu hökumətin son zamanlar gündəlik davranışı da təsdiq edir: məmurlar əhaliyə nə elan ediblər, əksi baş verib (!).
Reallıq isə onu göstərir ki, hazırda Azərbaycan neft və kondensatının 81%-ni hasil edən “BP-Azerbaijan” şirkətinin hasilatı ilbəil azalır.
Azərbaycan geoloqları hesab edirlər ki, “Azəri-çıraq-Günəşli” bloku BP tərəfindən intensiv hasilata məruz qalıb – ACG-nin tammiqyaslı işlənməsi zamanı (2005-2014) bu yataqdan 263,8 mln ton neft hasil edilib. ümumilikdə isə 1997-2014-cü ildə 354 mln ton və ya 2 mlrd 620 mln barel neft laylardan çıxarılıb. Bunun nəticəsində də layların neftverimliyi azalıb.
Digər mütəxəssislər hesab edirlər ki, xarici şirkətlərin layları intensiv işləməsi müqavilənin kommersiya şərtlərindən doğan müddəalardan irəli gəlir. Belə ki, xarici şirkətlər yatağı intensiv işlətməkdə mənfəəət bölgüsü onların xeyrinə daha çox olan zaman maraqlı olurlar. Bu həm də ona görə edilir ki, qoyulan sərmayə daha tez qaytarılsın. Bundan sonra xarici şirkətlər hasilatın artırılmasına o zaman maraq göstərirlər ki, yatağa kifayət qədər kapital xərcləri qoyulsun. Bu xərclər kifayət qədər olmayanda isə hasilat azalır. Bu məsələnin bir tərəfisir. Digər tərəfi isə layların özünün sulaşmasının artması və bununla əlaqədar xərcərin artması məsəlidir.
Yəni qarşıdakı 5 ildə AçG-də bizi həm orta hesabla hasilatın ildə 700-750 min ton (4 mln barelədək) azalması, həm də istismar xərclərinin artması gözləyir. Bunun nəticəsində də Neft Fonduna daxil olan gəlirlər kifayət qədər azalacaq. Məhz buna görə də, neftin qiymətinin artması arzusunda olanlar bilməlidirlər ki, hətta neftin qiyməti 4-5 il sonra 2013-cü il səviyyəsində – yəni 110 dollara qədər yüksələrsə belə, bu o demək deyil ki, Azərbaycan yenə əvvəlki kimi geninə-boluna xərcləməyə kifayət qədər vəsaiti olacaq. çünki ölkə üzrə 2015-2019-cu illərdə neft hasilatı orta hesabla ildə təqribən 1 mln ton səviyyəsində aşağı düşəcək.
Belə ki, neftin qiymətlərindən asılı olaraq, o zaman Neft Fondunun aktivləri 20 milyarddan da aşağı səviyyəyə düşə bilər.
Azərbaycan qazının “Şahdəniz-2” layihəsi çərçivəsində gətirəcəyi dividendlərə isə 2020-ci ildə göz dikmək yersizdir. çünki ilk beşillikdə və ola bilsin ki, daha çox müddətdə onun gətirəcəyi gəlirin əsas hissəsi xarici şirkətlərin yatırımlarının ödənilməsinə yönəldiləcək.
İlham Şaban