XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 11:52

Çırpınan Qara dəniz, yoxsaRusiyanın ölüm-qalım dilemması?

Noble Partner 2016

 

ABŞ və İngiltərə hərbi qüvvələrinin Gürcüstan ordusuyla birgə keçirdiyi “Noble Partner 2016” (“Ləyaqətli tərəfdaş-2016”) hərbi təlimlərinə mayın 11-də start verildi. İki həftə davam edəcək təlimlərdə Birləşmiş Ştatların 650, Britaniyanın 150 və Gürcüstanın 500 əsgərinin iştirak etdiyi bildirilir.

1300 əsgərin yer aldığı bu manevr ilk baxışdan kiçik görünsə də, Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir. Hər halda Gürcüstanın müdafiə naziri Tina Xidaşeli  belə düşünür. “Bu, bizim ölkənin ev sahibliyi etdiyi ən irimiqyaslı hərbi təlimlərdir,” deyən Xidaşeli Reuters agentliyinə bildirib: “Burada çox miqdarda qoşun və hərbi texnika cəmləşib.”

Xanım nazir manevrin əhəmiyyəti barədə detallara toxunmasa da, bilinən budur ki, Gürcüstanın sahilində yerləşdiyi Qara dənizə nəzarət son zamanlar beynəlxalq güc mərkəzləri arasında rəqabətin əsasını təşkil edir. Rusiyanın istər Türkiyə, istər Gürcüstan, istərsə də Şərqi Avropa ölkələrilə ziddiyyətinin kökündə məhz bu amil dayanır. Əslində bu dənizin sahillərindən uzaqda yerləşən iki Cənubi Qafqaz ölkəsinin-Azərbaycan və Ermənistanın arasında  son zamanlar yenidən aktivləşən konflikt də birbaşa Qara dənizə nəzarətlə bağlıdır.

nato5

Məsələ burasındadır ki, sahəsi 436.000 kvadrat km olan bu dənizin geopolitik əhəmiyyəti öz sahillərinə sığmayacaq qədər genişdir. Xüsusilə NATO-nun son 10-15 il ərzində Qara dəniz üzərində qurduğu geopolitik siyasətlərin seyrinə nəzər salanda bunu aydın görə bilərik.

Məlum olduğu kimi, planetimizin daxili dənizlərindən sayılan və yalnız İstanbul boğazıyla isti sulara bağlanan Qara dəniz sahillərində 6 dövlət yerləşir-Türkiyə, Rusiya, Bolqarıstan, Rumıniya,  Ukrayna və Gürcüstan. Amma gəlin, SSRİ-nin dağılmasından dərhal sonra yaradılan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının çərçivəsinə nəzər salaq: Yuxarıda adı sadalan ölkələrlə yanaşı, Albaniya, Yunanıstan, Moldova, Azərbaycan, Ermənistan və Serbiya. Bu siyahı sanki Qərb ölkələrinin Qara dənizə baxışının ifadəsi kimi qarşımıza çıxır. Qərb, xüsusilə, onun sərdarı (öz türkçəmizlə desək, başını çəkəni) ABŞ Qara dənizi bu çərçivədə ələ alır və Xəzər dənizindən Şərqi Avropaya qədər uzanan əraziləri həmin coğrafiyaya aid edir.

Deyə bilərsiniz ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı sadəcə iqtisadi bir ittifaqdır, onu hərbi-strateji və geopolitik layihələrə aid etmək nə dərəcədə doğrudur?  Elədirsə, gəlin, indi də həmin coğrafiyalarda yürüdülən hərbi-strateji siyasətlərə göz ataq.

nato4

11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən məşhur terror hadisəsindən sonra Vaşinqton öz təhlükəsizliyini yalnız dövlət sərhədləri içərisində təmin etməklə tamamlanmayacağını anladı. Tək qütbə çevrilən bir dövlətin qlobal terror yuvalarını məhv etmədən, planetimizin dörd bir tərəfində təhlükəsizlik tədbirlərini artırmadan öz evində də qulağı dinc yaşamayacağı qənaəti ABŞ-ı dünyaya açılmağa məcbur etdi. Super güc bu siyasət çərçivəsində həm Yaxın Şərqdə, həm də Qara dənizdə nəzarəti öz əlinə almağa çalışdı. Elə o zamandan etibarən də “Genişləndirilmiş Qara dəniz” projesi gündəmə gəldi.

“Genişləndirilmiş Qara dəniz” layihəsi çərçivəsində ilk addım 2004-cü ildə atıldı. Qara dənizin iki sahilyanı ölkəsi Rumıniya və Bolqarıstan həmin il NATO üzvlüyünə qəbul olundu. Bu ölkələrlə yanaşı, Baltikyanı respublikalar- Litva, Estoniya və Latviya, həmçinin bu iki dəniz arasında qalan Slovakiya və Sloveniya Trans Atlantik ittifaqda birləşdi. Üzərindən 5 il keçdikdən sonra, yəni 2009-cu ildə Albaniya və Xırvatiya da NATO-nun cərgəsinə keçdi. NATO yetkililəri yeni hədəflərinin Ukrayna və Gürcüstan olacağını və “Genişləndirilmiş Qara dəniz” layihəsinin ən son mərhələsində isə növbənin Azərbaycan və Ermənistana çatacağını açıq bəyan etdilər.

Sözsüz ki, Qara dənizdən xeyli uzaqda yerləşən ABŞ-ın bütün hərbi imkanlarına rəğmən, Rusiyanın maraqlarına qarşı yönələn bu siyasəti təkbaşına yürütməsi mümkün deyildi. Hədəfin legitim göstərilməsi üçün siyasi bir dona ehtiyac vardı. Bu don da tapıldı: formal olaraq, layihənin icrası Avropa Birliyinə tapşırılacaq, proses “Genişləndirilmiş Avropa Birliyi" çərçivəsində aparılacaqdı.

nato3

İnsafən, AB də öz üzərinə düşən məsuliyyətin fərqindəydi və bu çərçivədə işini davam etdirirdi. 2008-ci ildə Gürcüstanda, daha sonra isə 2013-cü ildə Ukraynada apardığı genişlənmə tədbirləri "rus şilləsi"nə məruz qalana qədər işlər yağ kimi gedirdi.  Özəlliklə, Ukraynada yediyi "rus şilləsi"ndən sonra isə nə edəcəyini bilməyən Avropa dövlətləri sərsəm vəziyyətə düşdü. Avropa Qara dənizin isinməsinin "şimal ayısı"nı "qış yuxusu"ndan oyadacağından çəkinir, ABŞ isə Avropanın iri dövlətlərini daha cəsarətli olmağa çağırır, mübarizəni davam etdirməyə səsləyirdi. 2014-cü ildə Munhen şəhərində keçirilən Təhlükəsizlik Konfransında Almaniya xarici işlər naziri Frank – Valter Ştanmayer ilə ABŞ-ı təmsil edən Corctaun Universitetinin politoloqu Angela Stentin qarşılıqlı dialoqa bənzəyən çıxışları bunun ən bariz nümunəsidir. Ştanmayerin "Ukrayna böhranının ortasında alman xarici siyasətinin müzakirəyə çıxarması risklidir, ancaq digər tərəfdən böhran mühiti bunun üçün bir fürsətdir” fikirlərinə ABŞ politoloqu belə cavab vermişdi: “Vaşinqton Almaniyadan daha strateji siyasətlər gözləyir”.

ABŞ-ın Avropadan gözləntiləri indi-indi nəticə verməyə başlayıb. Bir Qara dəniz ölkəsi olan Rumıniyanın Deveselu hərbi bazasının fəaliyyətə başlaması bu istiqamətdə atılan mühüm addımlardandır. Baxmayaraq ki, NATO qüvvələri bu bazanın Rusiyaya qarşı olmadığını, əsasən Yaxın Şərqdən, özəlliklə İrandan gələ biləcək təhlükələri dəf etməyə hesablandığını bildirsələr də, Moskva bu kimi bənahələrə inanmır. Təxminən, eyni vaxtda ABŞ və İngiltərə ordularının Gürcüstanda əzələ nümayiş etdirməsi də rus nigarançılığına haqq qazandıracaq mahiyyətdədir.

Sual oluna bilər: Rusiya niyə Qara dənizdə ABŞ-ın bu qədər aktivləşməsini istəmir?

Əvvəla, ruslar gözəl başa düşürlər ki, Rumıniya, Slovakiya, Gürcüstan, yeri gələndə hətta Ukrayna kimi öz başına sürtməyə dərmanı olmayan ölkələrin NATO cərgəsinə keçməsi heç də bu ittifaqın gücünü artırmaq niyyətindən doğmur. Bu dövlətlər ABŞ-a sadəcə NATO ölkələrinin təhlükəsizliyini əldə rəhbər tutub öz hərbi qüvvələrini Rusiyaya yaxın coğrafiyalara yerləşdirmək üçün lazımdır.

İkincisi, İrandan Avropaya yönələ biləcək raket hücumlarını dəf etmək üçün hərbi bazanı Türkiyə üzərində də qurmaq olardı. Rumıniyada bu sistemin qurulmasının isə bir məqsədi var- Qara dənizdə Rusiyanın nəfəsini daraltmaq, bu su hövzəsini öz nəzarəti altına almaq.

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın bir neçə gün öncə İstanbulda keçirilən Balkan ölkələrinin Baş qərargah rəislərinin toplantısında etdiyi çıxış da Rusiyanın bu əndişədə haqsız olmadığını göstərir. Ərdoğan həmin çıxışında Avropanın hərəkətsizliyi nəticəsində Qara dənizin Rusiyanın daxili gölü halına gəldiyini bildirir və açıq şəkildə müttəfiqlərini aktivləşməyə çağırırdı. Həmin sammitdə səslənən digər fikirlər də NATO-nun son hədəflərinin Qara dənizi Rusiyanın əlindən çıxarmağa hesablandığını sübut edir.

Bəs, Qara dənizin itirilməsi Rusiya üçün nə deməkdir?

İlk növbədə, bu, Rusiyanın öz mərkəzinə doğru sıxışdırılması mənasına gəlir. Bir zamanlar onun nəzarəti altında olan, hətta öz əraziləri sayılan coğrafiyalarda rus ordusunun qüdrətini zəiflətməyə yönəlmiş yayılma siyasəti getdikcə Rusiyanı zərərsiz hala gətirir, Qərbə atacağı bombaların öz başında partlayacağını təmin edir. Onsuz da iqtisadi qüdrəti yalnız təbii sərvətlərindən asılı olan bu ölkəni dünya dövlətinə çevirən yeganə xüsusiyyəti hərbi gücüdür, bu da əlindən çıxdıqdan sonra  Rusiya sıradan bir dövlətə çevrilə bilər.

İkincisi, dünyanın quru hissəsinin 6/1 kimi geniş ərazilərə sahib olmasına baxmayaraq, Rusiyanın dənizlərə çıxışı çox məhduddur. Müasir dövrdə isə dünya hegemonluğu okeanlara nəzarətdən keçir. ABŞ məhz bu üstün fürsəti hesabına dünyanın tək qütbünə çevrilib, indi də o avantajını qorumağa, hətta daha artırmağa çalışır. Rusiyanın isə okeanlara, deməli, həm də dünyanın digər yerlərinə açılan bir neçə qapısı var. Onlardan biri ölkənin şərqindəki Sakit okeandır ki, bu okean tamamilə ABŞ-ın nəzarəti altındadır və Rusiyanın mərkəzindən xeyli uzaqda yerləşir. Digər su qapısı Şimali Buzlu okean və Baltik dənizidir ki, Rusiya bu əraziləri də əldə saxlamaq üçün ABŞ-la yarışır və artıq bu regionu itirmiş kimidir. Tarix boyu onun əsas su qapısı isə Qara dəniz olub. Son zamanlar baş verən proseslər Qara dənizin də taleyini qaranlıq hala salır.

Üçüncüsü, Qara dənizdən Xəzərə qədər uzanan coğrafiya Rusiya üçün özünün enerji strategiyasına alternativ olaraq ortaya çıxan “Cənub Qaz Dəhlizi”nin marşrutu üzərindədir. Moskva yaxşı anlayır ki, bu layihə baş tutsa, o, əsas çörək ağacını itirəcək. Zira, bu zamana qədər Rusiya Avropaya satdığı neft və qaz gəlirləri sayəsində başını saxlayırdı. Ukrayna böhranından sonra, faktiki olaraq, həmin çörək ağacının böyük hissəsi “quruduldu”. Nədən ki, şimal qonşumuzun Avropaya satdığı qazın 70%-ə yaxını Ukraynadan keçirdi və böhrandan sonra qaz axışı dayandı.

Üstəlik, Qərb Rusiya qazından asılılığını azaltmaq və ya tam aradan qaldırmaq üçün Xəzər və Yaxın Şərq ölkələrinin təbii sərvətlərindən faydalanmalıdır. Bu isə, ildə 200 milyarda yaxın bir vəsaitin itirilməsi ilə nəticələnə bilər.
Dördüncüsü, Qara dəniz hövzəsinin itirilməsi Rusiyanın öz imperiyasını yenidən qurmaq şansından məhrum olması deməkdir.

Sadaladığımız bu amillər Rusiyanın ölüm-qalım dilemması qarşısında qoyur və onun bacardığı qədər dirənməsini şərtləndirir. Son zamanlar bu ölkənin tez-tez Qara dənizdə hərbi manevrlər keçirməsi və bu təlimlərdə NATO gəmilərini zərərsizləşdirmək mövzusunun işlənməsi Moskvanın zarafatdan xoşlanmayan “ağ ayı” olduğu mesajını vermək istəyi kimi başa düşülməlidir.

Bizim üçün ən təhlükəlisi isə budur ki, NATO-nun “Genişləndirilmiş Qara dəniz” layihəsini Xəzərə qədər uzatması Moskvanı dünyanın ən böyük gölündə də aktivləşməsini tətikləyir. Bir neçə gün öncə ölkənin ən böyük gəmisi sayılan “Tatarıstan”ı Xəzər dənizində suya salması üzərində yaşadığımız coğrafiyanın da yaxınlarda isinəcəyindən xəbər verir. Əslində son zamanlar ermənilərlə təmas xəttində eşidilən atəş səsləri də bununla bağlıdır.

Sanki Moskva Vaşinqtona bu mesajı vermək istəyir: Qara dənizin sakit görünməsinə baxma. O da lazım gələrsə, Sakit okean kimi çırpınmağı bacarır, fırtınalarıyla çox adamı təəccübləndirir. Üstəlik, Qara dənizdən Xəzərə qədər ərazilər də stabillik zonasından çıxıb Suriya kimi cəhənnəm atəşinin qovurduğu ərazilərə çevrilə bilər.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə