XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 13:46

Yerevan yeni ərazi iddiaları irəli sürdü:Goranboyu və Ağdərəni istəyirlər

goranboy

Ermənistan hakimiyyəti son proseslərdən dərs almaq əvəzinə, Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməkdən çəkinmir.

Strateq.az bildirir ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan daha bir sərsəm  iddianı dilə gətirib. O, Azərbaycanın “işğal etdiyi bir sıra rayonları Dağlıq Qarabağa qaytarmağa borclu olduğunu” bildirib.

Ş.Koçaryan bu sözləri ABŞ-dan olan həmsədr Uorlikin son bəyanatını şərh edərkən deyib. Amerikalı Ceyms Uorlik Ermənistanın “Aykakan Jamanak” qəzetinə müsahibəsində deyib ki, Qarabağ münaqişəsinin ədalətli və qərəzsiz həllinin əsasında hərbi gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri dayanacaq.

O daha sonra əlavə edib ki, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli tənzimlənməsi kontekstində müəyyənləşdiriləcək ki, bura Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması da daxildir.

Səfir həmçinin vurğulayıb ki, hazırda münaqişənin həlli istiqamətində konkret planlar yoxdur.

 Ermənistan XİN-i isə bu sözləri tərsinə başa düşüb.

Ş.Koçaryan utanmadan iddia etdikləri yeni ərazilərin adını da çəkib: Bunlar  Xocavənd rayonu, Ağdərə rayonunun bir hissəsi və keçmiş Şaumyan (indiki Goranboy)  rayonudur.

Xatırladaq ki, əvvəlki adı Martuni olan Xocavənd keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından olub.  26 noyabr 1991-ci ildə adı dəyişdirilərək Xocavənd rayonu adlandırılıb və ləğv edilmiş Hadrut rayonunun ərazisi rayonunun tərkibinə qatılıb.

1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) verib. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Şaumyan rayonu isə 8 avqust 1930-cu ildə təşkil edilib. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 7 fevral 1991-ci ildə ləğv edilərək o zamankı Qasım İsmayılov rayonunun tərkibinə daxil edilib. Qasım İsmayılov rayonunun adı isə dəyişdirilərək tarixi Goranboy adı bərpa olunub.

Yerevanlı uğursuz diplomatın bu səfeh açıqlamasına bəlkə də diqqət yetirməmək olardı. Lakin Qarabağ münaqişəsinin bu həssas dönəmində rəsmi Ermənistan hökumətinin belə açıqlamaları danışıqları pozmaq və porsesi dalana aparmaqdan başqa bir  şey deyil. 

X. SƏFƏROĞLU

Strateq.az