XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2016 - 12:05

Bir filmin sonu:Hizbullahın ikinci adamı öldürüldü

Hizbullah’a ağır darbe

Hizbullahın silahlı qanadının başçısı Mustafa Əmin Bədrəddin Suriyada öldürülüb.

Strateq.az xəbər verir ki, məlumatı Hizbullah da gizlədə bilməyib.

Çərşənbə axşamı gecəsi İsrail hava qüvvələrinin Livan-Suriya sərhədində Hizbullaha aid bir maşın karvanını hədəf aldığı xəbərləri çıxmış, ancaq Hizbullah bu məlumatı əvvəl rədd edilmişdi. Livanın xəbər portal “Əl Mayadin” bu hücumda Mustafa Əmin Bədrəddinin öldürülməsi barədə əvvəl yaydığı məlumatı daha sonra silmişdi. Nəhayət, dünən Hizbullah həmin xəbəri təsdiqlədi. Ardınca isə təşkilatın liderlər sırasında Həsən Nəsrullahdan sonra gələn Bədrəddin paytaxt Beyrutda keçirilən dəfn mərasimiylə torpağa tapşırıldı Mərasimdə minlərlə insan iştirak etdi.

Mustafa Əmin Bədrəddinin necə öldürülməsi isə hələ də müəmma olaraq qalır. İlk yayılan xəbərlərdə Hizbullah liderinin İsrail təyyarələrinin hücumları nəticəsində Suriya-Livan sərhəddində öldürüldüyü bildirilirdi. Hizbullahın açıqlamasında isə hadisənin Dəməşq aeroportu həndəvərində baş verdiyi deyilir. Açıqlamaya görə, bu ölüm hadisəsi Hizbullah mövqelərini hədəf alan böyük bir partlama nəticəsində baş verib. Amma partlamanın hansı səbəbdən – təyyarə hücumu, yoxsa atılan raket və ya bombalı terror nəticəsindəmi yaşandığı qeyd olunmur. Əvvəlki bənzər hücumlarda İsrailin adını çəkməkdən çəkinməyən Hizbullahın son hadisə barədə çox təfsilata varmamasının səbəbi istər-istəməz maraq doğurur.

Təfsilatın gizli tutulmasına baxmayaraq, təşkilatda bütün şübhələr əsasən İsrail üzərində cəmləşib. Livan parlamentinə Hizbullahdan seçilən deputat Navar əl-Sahilin “əl-Manar” televiziyasına açıqlaması da bunu sübut edir. Deputat açılamasında deyib: "Bu ölümün arxasında İsrailin olduğuna şübhə yoxdur".

 

Mustafa Bədrəddin kimdir?

Hizbullahın ikinci lideri olan və təşkilatın silahlı qanadına rəhbərlik edən Mustafa Əmin Bədrəddinin 55 yaşı vardı. O, 2008-ci ildə yenə Suriyada öldürülən İmad Muğniyənin qaynıdır. Muğniyənin qətlindən sonra onun yerinə keçən Bədrəddin artıq 8 ildir ki, Hizbullahın bütün silahlı hücum və fəaliyyətlərinə rəhbərlik edirdi. Son zamanlar Bəşər Əsədin “dostları” koalisiyasında Rusiya və İranla bərabər hərəkət edən Hizbullah silahlılarının Suriyaya keçirilməsinə birbaşa rəhbərlik edirdi. Məlumatlardan belə anlaşılır ki, mərhum yenə eyni missiyanı həyata keçirərkən hücuma məruz qalıb və “sarvan”lığını etdiyi maşın karvanı ilə bərabər məhv edilib.

Mustafa Əmin Bədrəddinin Hizbullah tarixində xidmətləri yalnız bu son fəaliyyətilə məhdudlaşmır. O, 2013-cü ildə Suriyanın hərbi-strateji baxımdan ən mühüm qəsəbəsi sayılan Kuşeyrinin müxaliflərdən geri alınması əməliyyatına şəxsən rəhbərlik edib. Suriyada vətəndaş müharibəsi başlayandan Rusiyanın hərbi müdaxiləsinə qədər keçən 4.5 il müddətində Bəşər Əsəd rejiminin ən böyük və yeganə qələbəsi sayılan Kuşeyr qələbəsi Hizbullah qüvvələrinin hərbi bacarığı və zəngin əməliyyat təcrübəsilə izah olunur.

Bu əfsanəvi liderin Hizbullahın önəmli postlarından birinə gətirilməsi təkcə sələfinin qaynı olmasıyla əlaqədar deyildi. İndiki mövqeyinə yüksələnə qədər o, bir sıra əməliyyatlarda ad çıxartmışdı. 2005-ci ildə Livanın keçmiş baş naziri Rafiq Həririnin öldürüldüyü terror hadisəsinə rəhbərlik edən əsas fiqurun Bədrəddin olduğu iddia edilir. Təsadüfi deyil ki, o, BMT-in Livan xüsusi məhkəməsində qiyabi mühakimə olunan 4 adamdan biri idi.

Haqqında bəhs edilən Hizbullah liderini məşhurlaşdıran və Livanı xarici ölkələrin işğalından azad edən ən böyük hadisə isə 1983-cü ildə, yəni yazı qəhrəmanı hələ 33 yaşındaykən, Beyrutda təşkil edilən bir əməliyyat olub. Livanın paytaxtı ətrafında yerləşən hərbi kazarmalara edilən terror hücumlarında 241 Amerika və 58 Fransa əsgəri öldürülüb. ABŞ-ı şoka salan və dərhal şələ-şüləsini toplayıb Livandan çıxmağa vadar edən həmin hadisənin ssenarisi də Bədrəddinin adıyla bağlıdır.

Hizbullahın bu zamana qədər əldə etdiyi ən böyük uğuru isə, sözsüz ki, 2006-cı ildə baş verən Livan-İsrail müharibəsidir. İsrailin ərəblər qarşısında ilk məğlubiyyəti kimi tarixə düşən bu müharibədə Mustafa Bədrəddinin də xidmətləri az olmayıb. Məsələyə bu baxımdan yanaşanda Mustafa Əmin Bədrəddinin öldürülməsində İsraildən duyulan şübhənin əsassız olmadığı ortaya çıxır.

Suriya rejiminin müdafiəsində mühüm rol oynayan, Bəşər Əsəd ordusuna ən ciddi canlı qüvvəylə kömək edən Hizbullahın silahlı qanadının liderinin məhz indiki zamanda qətlə yetirilməsi də təsadüfi deyil. Bilindiyi kimi, bir müddət əvvəl ABŞ və müttəfiqlərinin təzyiqi ilə Suriyada atəşkəs elan edilmişdi. Bəşər Əsəd “dostlarından” Rusiyanın razılaşdığı bu atəşkəs razılaşması İran və Hizbullah tərəfindən şübhə ilə qarşılanmışdı. Hətta bir sıra İran diplomatları Moskvanın bu addımını ABŞ-la sövdələşmə nəticəsində müttəfiqlərini satmaq kimi qiymətləndirilmişdi.

İran və Hizbullahın bu şübhələrini qüvvətləndirən başqa bir arqument də vardı: Atəşkəs razılaşmasından az əvvəl rəsmi Moskva Suriyadakı təyyarələrini geri çəkəcəyini bildirmiş və bu istiqamətdə müəyyən addımlar atmışdılar.

Atəşkəs dövründə yaşanan bəzi hadisələr də Əsəd “dostlarını” tamamilə xəyal qırıqlığına uğratdı. Əldə olunan razılaşmadan faydalanan ABŞ və Səudiyyə Ərəbistanı Suriyadakı məhv olmağına az qalan “mülayim müxalifləri” silahlandırmış və onlara verilən təyyarələrəqarşı raketlər Rusiyanı, faktiki olaraq, oyundan kənar vəziyyətə salmışdı. Çünki rus hava qüvvələri əvvəlki hücumlarını davam etdirəcəyi təqdirdə, II Əfqanıstan sindromu ilə qarşılaşa bilərdi. Yəni, təyyarələri vurularaq, ciddi məğlubiyyətlə üz-üzə qalardı.

Rusiyanın, faktiki olaraq, oyundan kənar vəziyyətə salınmasından sonra elan olunan atəşkəs rejiminin arxayınçılığına qapılan İran və Hizbullah qüvvələri daha dəhşətli sürprizlə qarşılaşdılar. Bu arxayınçılıqdan istifadə edən “müxaliflər” bir neçə gün öncə gözlənilmədən hücuma keçib Xan Tuman strateji məntəqəsini ələ keçirdi. Əməliyyat zamanı xeyli sayda İran İnqilab keçikçisi və Hizbullah silahlısı məhv olundu.

Xan Tuman itkiləri o qədər ciddi oldu ki, hətta İran ekspertlərindən bir çoxu bu məğlubiyyətdən sonra dirəniş qüvvələrinin özünə gəlib-gələ bilməyəcəklərini müzakirə etməyə başladılar. Tam bu sırada itkilərin yerini doldurmaq üçün Livandan Suriyaya gələn maşın karvanı sıradan çıxarıldı və bu hadisə zamanı Hizbullaha rəhbərlik edən əsas adam da öldürüldü. Bir növ, Bəşər Əsəd dirənişinin qanadlarından biri də sındırıldı. Əgər bu hadisənin arxasında İsrail dayanırsa, Livan-Suriya sərhəddinə tam nəzarət imkanı olan Təl-əvivin növbəti dəfə bənzər hücum təşkil etməyəcəyinə isə heç kim zəmanət verə bilməz. Bu isə, faktink olaraq, Suriya-Livan sərhəddindəki dar nəfəsliyin də bağlanması mənasına gəlir.

Görünür, Hizbullah da məhz bu amilin öz silahlı qüvvələrində xofa yol açacağından ehtiyatlanıb, Mustafa Bədrəddinin öldürülməsində İsrailin rol aldığını təsdiqləmək istəmir. Maraqlıdır ki, İsrail də iddianı nə təkzib, nə də təsdiq edərək, qeyri-müəyyənliyin davamına şərait yaradır.

Bir sözlə, Hizbullahın, bundan əvvəl isə Rusiyanın oyundan kənar vəziyyətə salınmasından sonra Suriya diktatoru artıq özünün və İranın ruhdan düşmüş hərbi qüvvələrinin ümidinə qalıb. Həmin qüvvəylə uzun müddət müqavimət  göstəriləcəyini düşünmək yanıldıcı olardı.

Deyəsən, artıq İran da filmin sonunun yaxınlaşdığını düşünür. Bəlkə elə bu səbəbdən də, Terhanın bir müddət əvvəl Bəşər Əsədi ailəsiylə birlikdə İrana əbədi dəvət etdiyi barədə xəbərlər yayılmışdı. Suriya diktatorunun bu dəvəti qəbul etmədiyi bildirilir. Məsələyə bu aspektdən yanaşanda Hizbullah sərkərdəsinin film ssenaristləri tərəfindən səhnədən uzaqlaşdırılmasının əsl səbəbi ortaya çıxır: 5 il davam edən və artıq tamaşaçıların zəhləsini tökməyə başlayan Suriya tregediyası əvvəl-axır tamamlanmalı, hadisələr yeni ad və sujet xətti ilə başqa coğrafiyada, həm də daha geniş miqyasda davam etdirilməlidir. Yeni məkan isə, yəqin ki, İran və Körfəz ölkələri olacaq.

Heydər Oğuz

Strateq.az