Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada gözlənilən görüşü barədə nikbin və bədbin proqnozlara rəğmən bu təmas bir detalı üzə çıxarır: geopolitik güclər “aprel müharibə”sindən sonra yenə də kövrək “sülh küləyi”ndə “sərinlənmək” niyyətindədirlər.
Bu qəfil görüşü aktual edən amilləri nəzərdən keçirsək, aydın olur ki, Cənubi Qafqazda təhlükəsizlik məsələsi necə mühüm aspektə malik imiş… “Aprel müharibəsi” Qarabağ münaqişəsinin geopolitik proseslərə təsir qüdrətini itirdiyini iddia edənlərə yaxşı cavab oldu.
"Obıvatel" üçün Qarabağ münaqişəsinin həllinin çox sadə yolu var: güclü ordu və uğurlu müharibə! Lakin bu dusturun beynəlxalq güc “bazarında” qiyməti nə qədərdir? Öz sərhədlərinə daxil etdiyi iki ölkənin savaşı sülh və əmin-amanlıq dairəsi sayılan Avropanı təhdid etmirmi? Etnik münaqişələrin həlli üçün əlində hazır reseptləri olan Qərb bunu rədd edərək şərq üslubunda döyüş istəyən Bakı və Yerevanı anlayacaqmı? Ədaləti necə təmin etməli? “Avropasayağı”, yoxsa “kim güclüdür, o da haqlıdır” prinsipi ilə?
Suallar çox, cavab isə yoxdur…
Bu bir gerçəklikdir ki, Vyana görüşü Bakı və Yerevanın Qarabağda sülhə sadiq qalacağı üçün öhdəlik götürməsini istəyən güclərin demarşıdır. ABŞ və Rusiya Qafqazda üz-üzə gəlməyə hələ hazır deyil. Bunun səbəbləri müxtəlifdir: Moskva anlayır ki, Naxçıvanda atəşkəsin pozulması onun üçün böyük geopolitik poliqona açılan ilk mesaj ola bilər. Türkiyə timsalında rəqibi və NATO kimi müttəfiqini Ermənistanın provokasiyası ilə ayağa qaldırmaq Kreml üçün arzuedilməzdir. Moskva Qafqazda “ikinci Balkan” böhranını istəmir.
ABŞ üçün isə Ermənistan daxilində onun xeyrinə gedəcək siyasi proseslər çox vacibdir. Yerevanda hakimiyyətə aktiv təsir rıçaqlarından mərhum olan Vaşinqton üçün əsas məsələ bu müstəvini yaratmaqdır.
Ermənistanın hazırkı hakimiyyəti üçün Qarabağ indi “dirilik suyu”na oxşayır. Sərksiyan ölkəni parlamentli respublikaya çevirmək cəhdi ilə praktik olaraq Moskvanın təsir imkanlarına qarşı çıxmağa cürət edib. Çünki Kreml üçün hər şeyi bir prezidentin həll etdiyi post daha məqsədəuyğundur. Lakin indi vəziyyət bu halda davam edirsə, ABŞ-ın maraqları daha aydın şəkildə üzə çıxır. Qərb ciddi-cəhdlə Yerevanda siyasi vəziyyətə təsir edəcək rıçaqlarını axtarır. Bu baxımdan ABŞ üçün Qarabağ münaqişəsi ideal variant sayıla bilər.
Onsuz da Vaşinqton bir neçə ildir ki, Yerevanla münasibətləri yaxınlaşdırmağa çalışır. Məsələn, ötən ilin mayında Serj Sərksiyanın ABŞ-a səfəri zamanı Birləşmiş Ştatlar və Ermənistan ikitərəfli investisiyanın və ticarət münasibətlərinin gücləndirilməsi məqsədilə çərçivə sazişi imzalayıblar. Xarici işlər naziri Nalbəndyanın imzaladığı bu sazişdə ABŞ-ın Ermənistana yatıracağı investisiyalar nəzərdə tutulur. Təsadüfi deyil ki, Barak Obama ötən il bu əməkdaşlığa diqqət verdiyini açıqlamışdı. “Amerikanın Ermənistan iqtisadiyyatına yüksək investisiyası ABŞ-Ermənistan iqtisadi əməkdaşlığında yalnız başlanğıcdır",- deyə ABŞ prezidenti vurğulamışdı.
İlkin nəticələr də var: 2015-ci ildə Ermənistandakı Voratan Hidroelektrik Kompleksinin alınmasına ABŞ 250 milyon dollar xərcləyib.
Bundan savayı, İrana qarşı beynəlxalq sanksiyaların ləğv olunmasından sonra ABŞ-da Yerevanı Tehranla vasitəçi kimi görmək istəyənlər də çoxalıb. Bu ilin fevral ayında ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils maraqlı bir açıqlama ilə çıxış edib. Səfir deyib ki, İrana qarşı beynəlxalq sanksiyaların ləğvi Ermənistanı ABŞ-la İran arasında ticarət platformasına çevirə bilər.
Digər tərəfdən, ABŞ-dakı erməni lobbisi üçün də Moskva daha az cazibədardır. Ölkənin əsas maliyyə resursu və siyasi təsir rıçağı sayılan erməni lobbisi isə Vaşinqtonun birbaşa nəzarəti altındadır.
Odur ki, ABŞ-ın hazırkı periferiyasında Ermənistanı Kremlin caynaqlarından çıxarmaq cəhdi var və bunun üçün Vaşinqton Qarabağ münaqişəsindən çox səmərəli formada yararlanmaq niyyətindədir. Bunun üçünsə “hamını qane edən, Moskvanı qane etməyən” sülh formulunun tapılması mühüm detala çevrilib.
Moskva isə, görünür, artıq Sərksiyana etibar etmir. “Şərq Tərəfdaşlığı Proqramı”na imza atmaqdan imtina edən, ölkəni Avrasiya İttifaqına üzv edən Sərkisyanın missiyasının bitdiyini düşünür. Ermənistan prezidenti özü də bunu anlayır. Odur ki, Qarabağ ritorikası ilə çıxış edərək müharibə qəhrəmanı kimi görünmək Sərkisyan üçün hava və su qədər vacibdir. Onun "Madrid prinsipləri" ilə bağlı spekulyasiyası məhz buna hesablanmışdı. Sərkisyan danışıqlar üçün yeni təminat istədiyini dedikdə. o, həm də özünün hakimiyyətinə veriləsi təminatı nəzərdə tuturdu.
Son “aprel böhranı” mühüm bir mesajı da üzə çıxartdı: bu ilin yanvarında Rusiya xarici işlər naziri Lavrov “Madrid prinsiplərini” kağız parçası adlandıraraq demişdi ki, münaqişə 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə keçirilən Kazan görüşünün müddəaları əsasında həll oluna bilər. Lakin belə özfəaliyyət ATƏT-in Minsk Qrupunun prinsiplərinin tam əleyhinədir. Odur ki, Moskvanın münaqişəni təkbaşına həll etmək cəhdi “aprel müharibəsi” ilə nəticələndi. İndi Rusiya ABŞ-la birgə Vyana görüşünü təşkil edirsə, aydın olur ki, superdövlət Moskvaya “bir cərgədə addımlamağı və qabağa çxmamağı” başa sala bilib.
Rəsmi Bakı isə münaqişənin həlli ilə bağlı irəli sürdüyü tələblərində tam haqlıdır. Azərbaycan işğal olunmuş torpaqların qaytarılması müqabilində Dağlıq Qarabağın statusunun müzakirəsinə razılıq verməklə onsuz da çox böyük güzəştə gedib. Bundan artığına nail olmaq mümkün olmayacaq.
“Aprel havası”ndan sonra ABŞ və Rusiyanın hazırkı missiyası "Qarabağ odu"nu söndürmək və bu zaman geopolitik maraqları uzlaşdırmaq cəhdidir. Odur ki, Vyana görüşünün əsas mesajı yenə müvəqqəti atəşkəsin yaratdığı sülhü möhkəmləndrmək və tərəflərdən buna təminat almaq olacaq. Azərbaycan üçün işğal olunmuş torpaqlarını azad etmək nə qədər mühümdürsə, böyük güclər üçün belə sülh daha prioritetdir. Hələlik… “Qordi düyünü” də bundadır.
Xaqani SƏFƏROĞLU
Strateq.az