XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 08:46

Dövlət satınalmaları:gözlə görünənlər və gizlinlər – Araşdırma

hokumetevi-2

Nüfuzlu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərq Tərəfdaşlığı ölkələrində  (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan)  sahibkarlıq sahəsində hökumət siyasəti ilə bağlı hesabat və xüsusi indeksi (SME polisy index) açıqlayıb. Bu il Azərbaycan SME polisy index-in iki əsas parametri üzrə sonuncu yeri tutub.

OECD ekspertləri hesab edir ki, hökumət rəqabətsiz və qapalı dövlət satınalmalarına yox, açıq tenderlərə üstünlük verməlidir. Bu satınalmalar kiçik və orta sahibkarlara bərabər imkanlar təmin etməlidir. Bu parameter üzrə Gürcüstan 4,06 balla 1-ci, Azərbaycan 2,42 balla sonuncu – 6-cı yerdədir.

Dövlət satınalmaları sahəsində vəziyyətin pis olmasını, korrupsiya risklərinin aradan qaldırılması üçün müvafiq mexanizmlərin tətbiq olunmamasını yerli ekspertləri hər zaman qabardırdılar. Xüsusən mövcud prosedurların, qanunverciliyin və praktikanın  korrupsiya sövdələşmələri üçün münbit şəraut yaratması da ekspert dəyərləndirmələrində xüsusilə vurğulanırdı.

 

Dövlət satınalmaları sahəsində hansı islahatlar nəzərdə tutulmuşdu?

 

Hökumət tərəfindən də bu sahədə islahatların aparılması və dəyişikliklər zərurəti gündəliyə gətirilmişdi. Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında ayrıca bir istiqamət “Dövlət sаtınаlmаlаrının təkmilləşdirilməsi və şəffaflığın artırılması” adlanırdı.  Milli Fəaliyyət Planında elektron satınalmaların tətbiq edilməsi, satınalma müqavilələrinin icrasına, o cümlədən həmin müqavilələr üzrə ödənişlərə nəzarətin təkmilləşdirilməsi nəzərdə tutulmuşdu.

Eyni zamanda keçirilən müsabiqələrdə və satınalma müqavilələrinin icrasında qanun pоzuntulаrınа yоl vеrmiş hüquqi və fiziki şəхslərin gələcəkdə dövlət sаtınаlmаlаrındа iştirаkını məhdudlаşdırаn mехаnizmin yaradılmasının zəruriliyi qeyd edilmiş, çox əhəmiyyətli məsələlərdən biri kimi dövlət satınalmalarının həyata keçirilməsi zamanı ehtimal olunan qiymətlərin müəyyən edilməsi metodologiyasının hazırlanması da plana daxil edilmişdi.

Bununla belə, 2012-2015-ci illər ərzində bu tədbilər yekunlaşdırılmamış qaldı. “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının icrasının monitorinqi aparılıb. Monitorinq hesabatına əsasən “Dövlət sаtınаlmаlаrının təkmilləşdirilməsi və şəffaflığın artırılması” istqaməti üzrə ən az irəliləyiş qeydə alınıb. Monitorinq zamanı məlum olub  ki, Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən 2012-ci ilin noyabr ayında “Dövlət satınalmaları haqqında” qanuna korrupsiyaya qarşı tədbirlərin səmərəliliyinin artırılması və tender prosesinin şəffaflığının və rəqabətliliyinin artırılması məqsədilə təkliflər paketi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Lakin ötən il Milli Fəaliyyət Planının icarası başa çatsa da, bu istiqamətdə heç bir əməli tədbir görülməyib.

 

Dövlət satınalmalarına nə qədər vəsait xərclənib?

 

Qeyd edək ki, Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən dövlət satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin vahid reyestri yaradılıb və agentliyin internet səhifəsində yerləşdirilib. 2014-cü il üzrə satınalmalar üzrə dövlət agentliyi 10812  ədəd alqı-satqı müqaviləsi üzrə məlumat yerləşdirilib. 2014-cü il ərzində 620 825 221,40 AZN dəyərində satınalma həyata keçirilib.

Bir faktı qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-2014-cü illər üzrə fəaliyyəti haqqında hesabatlarda dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə həyata keçirilmiş satınalmaların sayı müvafiq olaraq 12412 və 9549 kimi göstərilib.

Çox maraqlıdır ki, tender komissiyasının tərkibinə daxil edilmiş Maliyyə və İqtisadiyyat nazirliklərinin Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı hesabatlarında hər iki qurumun iştirak etdiyi dövlət satınalmalarında korrupsiya hallarının aşkar edilmədiyi qeyd olunub.

Hazırda ləğv olunmuş Satınalmalar üzrə Dövlət Agentliyi bir dəfə də olsun şikayətlərin həllinə dair heç bir məlumat açıqlamamışdı.  Agentliyin saytında (tender.gov.az)  isə “Şikayətlər barədə məlumatlar” bölməsi ümumiyyətlə, işləmir.

Təsəvvür edin ki, 2014-cü ildə 10812  ədəd alqı-satqı müqaviləsi həyata keçirilib və heç bir şikayət, qanun pozuntusu barədə rəsmi məlumat yoxdur. Nə Satınalmalar üzrə Dövlət Agentliyi, nə Maliyyə Nazirliyi, nə də İqtisadaiyyat Nazirliyi bununla bağlı məlumat yaymayıb.

 

Dövlət satınalmalarının gizlinləri və Hesablama Palatasının aşkarladıqları

 

Doğurdanmı, dövlət satınalmaları sahəsində hər şey qaydasındadır, QHT-lər, ekspertlər, KİV boş yerə hay-küy salıb, beynəlxalq təşkilatlar isə yanılırlar, yaxud qərəzli mövqe tutular?

Bu suala cavab tapmaq  üçün isə Hesablama Palatasının  2015-ci il üçün hesabatına nəzər salmaq kifayətdir.

2015-ci ildə Palata aparılmış nəzarət tədbirləri ilə malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş 3120,8 mln. manat, 13,7 min dollar və 200,0 min avro məbləğində vəsaiti əhatə edib. Hesabat ilində beynəlxalq maliyyə təşkilatlarından alınmış kreditlər hesabına həyata keçirilən layihələr üzrə aparılmış nəzarət tədbirlərində isə malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş 31688,8 min manat, 284415,0 min ABŞ dolları, 82882,4 min avro məbləğində vəsait əhatə olunub.

Hesabatda qeyd edilir: “Açıq tender və kotirovka sorğusu metodlarının tətbiqi, təkliflər sorğusu və birbaşa müqavilələrin bağlanılması ilə, ümumilikdə, 3767 sayda satınalmanı əhatə edən 2989,4 mln. manat məbləğində vəsait icra edilmişdir. Mövcud məlumatların təhlili bir sıra qurumlarda nəzarət tədbirinin əhatə etdiyi dövr ərzində satınalmanın birbaşa müqavilələrin bağlanılması və təkliflər sorğusu tətbiq etməklə həyata keçirilməsinə üstünlük verildiyini göstərir. Məlumatların təhlili bir mənbədən satınalma metodu tətbiq edilməklə bağlanmış birbaşa müqavilələrin əsasən tikinti ilə bağlı fəaliyyəti əhatə etdiyini göstərir.

Nəzarət tədbirləri zamanı satınalmaların keçirildiyi hər bir təşkilatda müvafiq qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarına bu və ya digər dərəcədə riayət edilmədiyi hallarına rast gəlinmişdir”.

Palata nəzarət tədbilərini həyata keçirdiyi sahələrdə dövlət satınalmaları haqqında qanunvericilyin ciddi şəkildə pozulması qənaətinə gəlib: “Mövcud məlumatların təhlili qurumlarda tender komissiyalarının tərkibinin düzgün formalaşdırılmadığını, tenderin əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, qiymətləndirilməsi və müqayisəsi üçün ekspertlərin cəlb edilmədiyini, tender prosedurlarının başlanmasından əvvəl satın alınan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətin müvafiq qaydada müəyyən edilmədiyini, peşəkar qiymətləndiricilərin dəvət olunmadığını göstərir”.

Palatanın hesabatında audit olunan qurumlar tərəfindən eyni təşkilatlarla uzun dövr ərzində müxtəlif profilli işlərin yerinə yetirilməsi məqsədilə müqavilələrin bağlanıldığı və digər iradlar da yer alıb: “Yalnız bir ünvanda qeydiyyatda olan və ya bir təsisçiyə məxsus olan iddiaçılara dəvət göndərildiyi, həmçinin bir mənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması halları aşkarlanmışdır. Malların (işlərin və xidmətlərin) satın alınması proseslərində satınalma metodlarının, hətta təkliflər sorğusu kimi əməktutumlu metodun tətbiqi zamanı satınalmaların cəmi 5-6 günə yekunlaşdırılması, şərtlər toplusunda və eləcə də iddiaçıların təkliflərində alınacaq mallar haqqında çox məhdud məlumatların verilməsi, ehtiyac olmadığı halda tələbat həcminin artırılması kimi nöqsanlar da müəyyən edilmişdir”.

Əslində Hesablama Palatası bu dəfə uzun illərdir ki, yerli ekspert və QHT-lərin müxtəlif monitorinqlər və müşahidələr əsasında qeyd etdiyi iradları dilə gətirib.

 

Hesablama Palatası nə təklif edib?

 

İş o yerə çatıb ki, Hesablama Palatası bununla da kifayətlənməyib və satınalmalar sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflər hazırlayıb. 

“Büdcə vəsaitlərinin icrası prosesinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən müxtəlif fəaliyyət və tədbirlər üzrə təkliflər”də qeyd olunur: “…Həyata keçirilmiş nəzarət tədbirləri bu istiqamətdə bir sıra problemlərin mövcud olduğunu göstərir. Həmin problemlərə müsabiqələrə hazırlıq mərhələsində, keçirilməsi zamanı və müsabiqələrin nəticələrinin rəsmiləşdirilməsi, o cümlədən müqavilələrin tərtibi prosesində rast gəlinməkdədir”.

Hesabalama Palatası daha sonra qeyd edir: “Satınalma müsabiqələrinin keçirilməsi zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun maddələrində bəzi boşluqların, habelə birmənalı təfsir edilə bilməyən müddəaların olması subyektiv yanaşma üçün geniş imkanlar yaradır”.

Palata təkliflərində “Dövlət satınalmaları haqqında” qanuna çox ciddi dəyişikliklər təklif edib. Bu dəyişikliklər məhz subyektiv yanaşmalara imkan verən halların aradan qaldırılmasını hədəfləyib.

Palatanın hazırladığı bu sənəddə göstərilən bir sıra faktlar isə satınlamalar sahəsinə islahatların aparılmasının necə vacib əhəmiyyət kəsb etdiyini görmək imknı verir.  Qeyd edilir ki, 2013-2014-cü illərdə rəqabətin təmin edildiyi müsabiqələrin sayı 23,1% azalıb.

Bu statistika dövlət satınlamaları sahəsində bərbad vəziyyətin hökm sürdüyünü və formal olsa belə, rəqabətin təmin edilməsi əziyyətini çəkmək istəmədiklərini bir daha ortaya qoyur.

 

Satınalmalar sahəsində islahatlar olacaqmı?

 

Məlumat üçün qeyd edək ki, 2016-cı il yanvarın 16-da dövlət başçısı tərəfindən Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalanıb. Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

Agentlik Prezidentinin 16 may 1997-ci il tarixli fərmanı ilə yaradılmışdı. Agentlik dövlət vəsaitləri hesabına malların, işlərin və xidmətlərin (bundan sonra “mallar”) satın alınması sahəsində dövlət siyasətini həyata keçirir, ayrı-ayrı satınalan təşkilatlar isə (dövlət orqanları və müəssisələri, o cümlədən nizamnamə kapitalında dövlətin payı 30% və yuxarı olan təşkilatlar) bu malların alınmasına məsuliyyət daşıyırdı. Agentliyin vəzifələrini əks etdirən Nizamnaməsi Prezidentin 20 fevral 2003-cü il sərəncamı ilə təsdiq edilmişdi. 

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yanında dövlət satınalmalarına nəzarət üzrə yeni strukturun mart ayında işə başlaması gözlənilirdi və bu barədə Satınalmalar üzrə Dövlət Agentliyinin keçmiş aparat rəhbəri Ələkbər Quliyev "Turan"a bildirmişdi.

Eyni zamanda bu il yanvar ayında yerli istehsala dəstək üçün "Dövlət satınalmaları haqqında" Qanuna  dəyişiklik edilib. Dəyişikliklər tender təkliflərini qiymətləndirilərkən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəşti nəzərdə tutur.

Ümid etmək qalır ki, dövlət satınalmaları sahəsində islahatlar bununla yekunlaşmayacaq. Ən əsası şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması üçün mexanizmlərin yaradılması, səmərəli nəzarət mexanizmlərin formalaşması üçün real və praktik addımlar atılacaq.

Satınalmalar sahəsində  problemlər beynəlxaq reytinq və hesabatlarda Azərbaycanın mövqeyinin yaxşılaşmasına da ciddi mane olur.  Beynəlxalq Şəffaflıq Təşkilatının 2015-ci il üçün açıqadığı “Korrupsiya Qavrama İndeksi”ndə  qeyd olunur: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Bu sıraya lisenziya qaydalarının sadələşdirilməsi və lisenziya verilən fəaliyyət növlərinin azaldılması, əlillik statusunun əldə edilməsi qaydalarının sadələşdirilməsi və sosial sığorta qeydiyyatı üçün elektron alətlərin təqdim olunması, hökumətin qaynar xətlərlə bağlı vahid standartlarının hazırlanması, vətəndaşlar tərəfindən yerli icra hakimiyyətlərinə yönəldilmiş müraciətləri izləmək üçün vahid daxili elektron sistemin qurulması və sair daxildir. Ümumilikdə, son illərdə ölkənin reytinqindəki cüzi irəliləyiş bir pəncərə sistemi əsasında səmərəli dövlət xidmətləri göstərən ASAN Xidmət mərkəzlərinin uğurlu idarəçiliyi və məmur-vətəndaş arasında birbaşa ünsiyyəti azaldan elektron hökumətin təkmilləşdirilməsi nəticəsində əldə edilmişdir.

Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsi; mülkiyyət hüquqlarının qorunması, o cümlədən torpaqların satışına sadələşdirilmiş verginin tətbiq olunması və tikililərdən vergi tutulması ilə bağlı yeni qaydlara uyğunlaşdırılması; gömrük rəsmiləşdirilməsi qaydalarının və onların icrası sahəsində əsaslı islahatların həyata keçirilməsi üçün xüsusi səy göstərilməlidirEyni zamanda, elektron müraciət sisteminin elektron xidmətlər səviyyəsinə qaldırılması məsələsi diqqət mərkəzində olmalıdır”.

Məlum olduğu kimi, bu tövsiyələrdən artıq gömrük sistemində islhatlarla bağlı ciddi işlər həyata keçirilib. Həmçinin tikintiyə icazə verilməsi prosedurları asanlaşdırılıb, elektron xidmətlər sahəsində də yeniliklər nəzərə çarpır…

Güman etmək olar ki, bu islahatlar tendensiyası dövlət satınalmaları sahəsindən də yan keçməyəcək və QHT-lər, ekspertlər,  Hesablama Palatası növbəti ildə də bu iradlarını təkrarlamayacaqlar.

 

Zaur İbrahimli

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə