XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2016 - 14:13

Sərdar Cəlaloğlu Vyana görüşündən danışdı:"Bizə təzyiq edənlərin başında Rusiya dayanır"

serdarcelal-1

Sərdar Cəlaloğlu. Müxtəlif adamların bu ada fərqli münasibətlərindən asıl olmayaraq, hər kəsin qəbul etdiyi bir həqiqət var. Bu da ADP sədrinin iti ağla, dərin təfəkkürə, geniş informasiya potensialına və özünəməxsus mülahizə qabiliyyətinə malik olmasıdır. Özündə cəmləşdirdiyi bu xüsusiyyətlər Sərdar bəylə söhbətə xüsusi rəng qatır. Ondan müsahibə almaq da jurnalistlər üçün olduqca maraqlıdır. Bəzən elə olur ki, sənin beynində formalaşan sualı müsahibinin özü verir və cavablandırır. Sənə isə sadəcə dinlədiyin bu daxili polemikanın katibliyini etmək qalır.

Hər zaman irəli sürdüyü mülahizələriylə gündəm yarada bilən ADP sədriylə bu dəfəki söhbətimiz Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ətrafında oldu. Vyanadan dolaşa-dolaşa, İslam dünyasına gəldik…

Sərdar Cəlaloğlunun Strateq.az-a müsahibəsini təqdim edirik:

 

– Sərdar bəy, Vyana görüşündən nə gözləyirdiniz, nə oldu? Ümumiyyətlə, bu görüşü necə qiymətləndirirsiniz?

– Doğrusu, 4 günlük müharibədən sonra bu tezliklə Azərbaycan-Ermənistan arasında hər hansı görüşün keçirilməsini gözləmirdim. Həm müharibənin yarası təzəydi, həm də Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar birmənalı şəkildə ermənilərin və rusların Dağlıq Qarabağ probleminin dinc və ədalətli yolla həllində maraqlı olmadıqlarından xəbər verirdi. Belə bir görüşdə iştirak etmək Azərbaycan rəhbərliyi üçün absurd idi. Ona görə ki, ermənilər ritorikasını dəyişməmiş, beynəlxalq hüquqa hörmətlə yanaşmadıqlarını bir daha nümayiş etdirmiş, Azərbaycan ərazilərinə iddialarından əl çəkməmişdi. Nə qədər ki, bu vəziyyət dəyişilməyib, danışıqlardan nəsə gözləmək də yersizdir. Azərbaycan hakimiyyətinin belə görüşlərdə iştirakı və özünü  problemin dinc yolla həllinə çalışan tərəf kimi təqdim etməsi yanlışdır. Görüş də məhz bu səbəbdən nəticəsiz başa çatdı. Düzünü desəm, mənim üçün bu nəticə gözlənilməz deyildi. Düşünürəm ki, görüş əvvəlcədən də elə bu nəticəyə hesablanmışdı…

– Belə çıxır ki, siz müharibənin tərəfdarısınız?

– Mən müharibənin tərəfdarı deyiləm. Amma onu da qəbul etməliyik ki, Dağlıq Qarabağ məsələsi siyasi yolla həll olunmayacaq. Bu məsələni biz mütləq hüquqi müstəviyə keçirməliyik. Beynəlxalq hüquq tətbiq olunmalı, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi BMT tərəfindən rəsmən tanınmalıdır. Bundan əvvəl isə işğal haqqında ümumi qətnamə qüvvəyə minməlidir. Həmin qətnamədə dünya dövlətlərinin işğalçı tərəflə necə davranacağı, işğala məruz qalan tərəfə hansı dəstəyi verəcəyi açıq şəkildə göstərilməldir. Əgər nəzərdə tutduğum qətnamə qəbul olunsaydı, ABŞ da, Fransa da, Rusiya da mütləq Azərbaycanın yanında yer alardı. Amma elə bir qətnamə yoxdur deyə, zaman-zaman ermənilərin maraqlarını müdafiə edirlər. Bu da problemin siyasi yolla həlli istiqamətində atılan addımların beynəlxalq hüquqdan yan keçilməsinə, təzyiqlər vasitəsilə ölkə rəhbərlərindən nəsə qoparmaq cəhdinə şərait yaradır. İndiki halda bu təzyiqlərin əsasən Azərbaycana qarşı yönəldiyi müşahidə olunur. Bizə təzyiq edənlərin başında Rusiya dayanır. Rusiya necə ki, bir neçə yüz il əvvəl Azərbaycanın tarixi torpaqlarını işğal edib, hazirda da öz yurisdiksiyasında saxlamağa çalışır, eyni qaydada Ermənistanın yanında yer alır. Məqsəd bu bölgədə məskunlaşan türklərin siyasi hakimiyyətini zəiflətmək, regional siyasətdə iştirakına əngəl törətmək, xüsusilə Azərbaycanın birləşməsinin qarşısını almaqdır.

– Siz təkcə Rusiyanı deyirsiniz, amma Amerika, Fransa da bizə qarşı siyasətdə ondan geri qalmır. Hətta Vyana görüşü zamanı ABŞ rəsmilərindən biri mətbuata açıqlamasında açıq şəkildə etiraf etmişdi ki, Qarabağ yeganə problemdir ki, ABŞ-la Rusiyanın bu məsələyə yanaşmasında heç bir fikir ayrılığı yoxdur. Fransanın mövqeyi isə hər ikisindən daha çox ermənipərəstdir…

– Xeyr, onların mövqeyiylə Rusiyanın məsələyə yanaşması eyniləşdirilə bilməz. Çünki Rusiya Ermənistana öz ərazisi, necə deyərlər, muxtar respublikası kimi baxır. Amma fransızlar məsələyə xristianlıq və etnik yaxınlıq baxımından yanaşır (Məqalələrimin birində yazmışdım ki, ermənilər mənşə etibarilə Fransadan gəlmədirlər). Amerikalılar isə ermənilərə Cənubi Qafqazın xristian toplumlarından biri kimi baxırlar. Digər tərəfdən, ABŞ-ın Ermənistanla bağlı siyasətləri Azərbaycanın güzəştləri sayəsində onları öz tərəflərinə çəkməyə, Rusiyadan qoparmağa hesablanıb. Bu baxımdan yanaşanda, adı çəkilən dövlətlərin hər biri, təbii ki, ermənilərə bizdən bir köynək yaxındırlar. Amma Rusiyanın mövqeyi hamısından daha qətidir.

O, tamamilə başqa məsələdir ki, ABŞ və Fransa başda olmaqla, Qərb dövlətlərinin bu yanaşmasının özü də kökündən səhvdir. Çünki Ermənistana nə verilirsə, bu, əslində Rusiyaya edilmiş güzəşt sayılır və bu gün Rusiyanı iqtisadi blokadaya alan ABŞ və Avropa ölkələrinin Qərbdə apardıqları siyasətlə Azərbaycan-Ermənistan münaqişəsinə yanaşması daban-dabana ziddir. Məqsəd Rusiyanı zəiflədib, imperialist mövqeyindən çəkindirməkdirsə, niyə Azərbaycanın güzəşti hesabına Ermənistan, dolayısıyla Rusiya Cənubi Qafqazda gücləndirilir? Axı məlumdur ki, Ermənistan adlı bir dövlət yoxdur və olmayıb da. Bunu hətta Jirnovski də etiraf edib. O deyib ki, Ermənistanı biz Azərbaycandan qoparmışıq, həmin türk torpaqlarında erməni dövləti yaratmışıq. Bu mənada Ermənistan ərazisinə iddia etməkdə ermənilərdən çox, rusların mənəvi haqları var və bu haqdan da səmərəli istifadə edirlər.

serdar

– Dərd də elə burasındadır. Sözsüz ki, sizin dediyiniz bu məsələlər ABŞ rəsmilərinə də bəllidir. Onlar isə Qarabağ məsələsində Rusiya ilə eyni mövqedə olduqlarını gizlətməyə belə lüzum görmürlər…

– O ki qaldı ABŞ rəsmisinin fikirlərinə, tam elə deyilməmişdi. Sitat gətirdiyin mətndə bir ifadə vardı: “Suriyadan fərqli olaraq”. Bilirsən ki, Suriyada müharibə gedir. Dünya dövlətləri də müxtəlif tərəflərə kömək edirlər. Qarabağ məsələsində isə bu cür fikir ayrılığı yoxdur. Hər iki tərəf ortaq fikrə gəlib ki, müharibənin baş verməməsi üçün ruslar guya Ermənistana, amerikanlar Azərbaycana təzyiq etsinlər. Mənə elə gəlir ki, fikir ortaqlığı müharibənin dayandırılması ilə bağlıdır. Münaqişənin necə həll olunmasında ABŞ-la Rusiyanın fikirlərinin üst-üstə düşməsinə inanmıram.

– Vyana görüşündə ən diqqət çəkən məsələlərdən biri də təmas xəttinə yerləşdirilməsi nəzərdə tutulan müşahidə qurğuları idi. Tərəflərə təklif edilən müşahidə qurğularının orduların təmas xəttinə quraşdırılması nəzərdə tutulur…

– Azərbaycanın suverenliyi altında olan ərazilərə necə müşahidə qurğuları qoyula bilər? Bu qurğuların, ola bilsin ki, Ermənistanla Azərbaycan sərhədlərində qurulmasından söhbət gedir.

– Xeyr, Sərdar bəy. Mətni dönə-dönə və dəqiq oxumuşam. Söhbət təmas xəttindən gedir. Təmas xəttinə isə həm siz dediyiniz kimi, Ermənistan-Azərbaycan sərhədləri, həm də Qarabağ cəbhəsi aiddir…

– Elədirsə, bu, Azərbaycanın suverenlik haqlarına açıq-aşkar təcavüzdür. Azərbaycan hakimiyyəti bunu qəbul etməməlidir və yəqin ki, etməyib də. Müşahidə qurğuları yalnız dövlət sərhədlərində qurula bilər ki, Ermənistandan Qarabağa gələn terrorçu dəstələri, rusların Azərbaycan ərazilərindəki işğalçı erməni qüvvələrinə verdiyi qeyri-qanuni yardımlar, o cümlədən rus əsgərlərinin erməni qiyafəsində bizim ordumuza qarşı döyüşmələri aşkarlansın. Yoxsa, BMT və dünya dövlətləri tərəfindən tanınan Azərbaycan ərazilərində hər hansı kamera quraşdırılmasına imkan vermək olmaz. Bu ərazilər Azərbaycanın  suverenliyi altındadır və dövlətimiz Qarabağda istədiyi siyasəti yürüdə bilər. Rusiya belə ağlagəlməz təkliflərlə insanı təəccübləndirir.

– İddia edirsiniz ki, təklifi Rusiya irəli sürüb? Axı mətndə bu açıqlanmır. Əksinə, bütün vasitəçilərin eyni mövqedən çıxış etdikləri aydın olur.

– Bu təklifin kim tərəfindən irəli sürülməsinə baxmayaraq, ümumiyyətlə icrası mümkün deyil. Bu gün Bakı şəhərində hər yerdə kameralar quraşdırılıb. Oğurluq, cinayət hadisələri olmur? Atəşkəs rejimi pozulanda kameraya baxan kimdir? Deyək ki, kimsə atəşkəsi pozdu, vasitəçilər nə edəcəklər? Onda gərək, həmin razılaşmaya başqa bir maddə də əlavə oluna, atəşkəsi pozan tərəfə hansı cəzanın verilməsi müəyyənləşdirilə, konkret sanksiyalar sadalana. Bu isə beynəlxalq hüquqa ziddir. Beynəlxalq hüquqa görə, Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək haqqı var. Sanksiya tətbiq ediləcək yeganə tərəf varsa, o da Ermənistandır. Çünki işğalçıdır. Bizə, atəşkəs rejimini pozsaq belə, hər hansı sanksiya tətbiq oluna bilməz. Beynəlxalq hüququmuzdan istifadə etdiyimizə görə bizə cəza verəcəklər?

– Açığı, mənə də qəribə gələn budur. Vasitəçilərin hər birinin peykdən prosesləri izləmək imkanları var. Əgər təmas xəttinə kamera quraşdırılırsa, deməli, sərhəd müəyyənləşdirilir. Bəlkə, Azərbaycana təzyiq edirlər ki, Qarabağı ermənilərə versin və yeni sərhəddə də kameralar quraşdırılır?

– Azərbaycan Qarabağı ermənilərə verə bilməz, axı. Qarabağı vermək oyun-oyuncaq deyil ki. Qarabağ tək Azərbaycanın yox, həm də islam dünyasının bir hissəsidir, torpağıdır. Bütün islam dünyasının bu torpaqda haqqı var. Azərbaycanı buna məcbur etsələr, dünya müharibəsi çıxar.

– Bəs, status məsələsi necə olacaq onda? Bilirik ki, Dağlıq Qarabağın çox geniş muxtar hüquqları vardı. Ermənilər bununla razılaşmayıb ayağa qalxdılar. İndi isə bizim üçün ən sərfəli təkliflərdə belə, Qarabağın statusuna yenidən baxmaq tələb olunur. Deməli, muxtariyyətdən daha artıq status nəzərdə tutulur. Bu, hansı statusdur ki, muxtar hüquqlardan üstün olsun?

– Onların sən deyən həmin statusu indi yoxdur. Ermənilər SSRİ dönəmində verilən statusdan istifadə edib onu daha da artırmağı arzulayırdılar, bu doğrudur. Amma bu tələbin hüquqi əsası yox idi. Əvvəla, ona görə ki, 1923-cü ildə Dağlıq Qarabağa muxtar vilayət statusu verən müqavilə bunu rədd edirdi. Bilindiyi kimi, həmin müqaviləni ermənilər tərəfindən Mikoyan, bizim tərəfdən isə Dadaş Bünyadzadə imzalayıb. Müqavilədə qeyd olunub: bir şərtlə bu status verilir ki, ermənilər heç vaxt Azərbaycandan ayrılmaq barədə təklif irəli sürməyəcəklər. Onlar əgər belə bir iddiaya düşərlərsə, həmin muxtariyyət avtomatik olaraq ləğv olunur. Bu gün ermənilər bizdən ayrılmaq istəyirlərsə, deməli, onlar 1923-cü ildə əldə etdikləri bu hüquqdan könüllü olaraq imtina edirlər. İkincisi, 1991-ci ildə Azərbaycan Respublikasının o vaxtki Ali Sovetinin “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında qanunu” ilə ermənilərin bu imtinası rəsmən təsdiqlənib. İndi ermənilər sadəcə əvvəlki statuslarına geri dönməyi arzulaya bilərlər. Bu isə mümkün deyil. Hazırkı vəziyyətdə Azərbaycanın tarixi ərazilərinin müvəqqəti işğalından söhbət gedə bilər. Dünya tarixində 100-150 il işğal altında qalan ərazilərin azad olunması faktları kifayət qədər çoxdur. Məsələn, Hindistan, Pakistanın indiki ərazisi ingilislər tərəfindən işğal edilmişdi. Uzun illərdən sonra bu ərazilər öz həqiqi sahiblərinə qaytarıldı. Çünki İngiltərə artıq zəifləmişdi, işğal etdiyi əraziləri əlində saxlaya bilmirdi. Dağlıq Qarabağ da, Ermənistan da ruslar tərəfindən işğal olunub. Bu gün olmasa belə, sabah indiki Rusiyadan əsər-əlamət qalmayacaq və Azərbaycan öz tarixi torpaqlarına sahiblənəcək. Ermənilər bir daha Azərbaycan ərazilərində muxtariyyət almaqla bağlı mənəvi hüquqlarını itiriblər. 1923-cü il müqaviləsi ilə onların iddiasının hüquqi əsası qalmayıb. Söhbət yalnız Dağlıq Qarabağ ermənilərinə vətəndaşlıq statusu verməkdən gedə bilər.

– Siz hüquqi cəhətdən deyirsiniz. Fakt isə bundan ibarətdir ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşamaq istəmirlər, beynəlxalq qüvvələr isə onları dəstələyir.

– Vaxtilə yəhudilər də ərəb ölkələrində yaşamaq istəmədilər. SSRİ-də də həmçinin. Bilirsiniz ki, o zaman SSRİ-də Birobican muxtar vilayəti vardı. Adına Yəhudi Muxtar Vilayəti də deyirdilər. Orda məskunlaşan yəhidlər Rusiyada yaşamaq istəməyəndə köçüb İsrailə getdilər. Rusiya, yəhudilər onun ərazisində yaşamaq istəmirlər deyə, öz torpağından kəsib yeni bir respublika yaratmadı ki. Eyni hüquq Dağlıq Qarabağ ermənilərinin də var. Vətəndaşlıq statusu istəyərlər qalıb bizimlə birgə yaşayarlar, istəməzlər, çıxıb Ermənistana gedərlər.

20160517_174545

– SSRİ o zaman güclüydü, yəhudilərə ölkənin tərk etmək hüquqlarının olduğunu xatırlada bilirdi. Biz isə…

– Beynəlxalq hüquq güclü, zəif tanımır. Hüququ gücə görə tətbiq etsən, dünyada xaos yaranar. Elə ölkə var, onun 1 milyarddan çox əhalisi var, elə ölkə də var ki, heç 1 milyon da əhalisi yoxdur. Dünyada zəif dövlətlərlə güclülər qonşuluq şəraitində dinc yaşayırlar. Beynəlxalq münasibətlər gücə görə müəyyənləşsəydi, onda böyüklər kiçikləri işğal edə-edə, axırda özləri bir-biriylə vuruşar, dünyada əmin-amanlıqdan əsər əlamət qalmazdı. Zəiflərin suverenlikdən məhrum edilməsi ənənəsi dünyaya hakim olsaydı, onda Çin Rusiyanı işğal etməliydi. Çünki Rusiyadan qat-qat güclüdür. Digər tərəfdən Dağlıq Qarabağ məsələsində biz, düşündüyün kimi, o qədər də gücsüz deyilik. Ermənilərin arxasında Rusiya dayanırsa, bizim də yanımızda İslam dünyası var. Artıq Pakistan və Türkiyə açıq şəkildə Azərbaycanı dəstəkləyəcəklərini bəyan ediblər. Bu iki dövlətin mövqeyi göstərir ki, Dağlıq Qarabağ məsələsində Azərbaycana Rusiyadan hər hansı açıq təzyiq olarsa, ilk öncə Pakistan və Türkiyə, daha sonra bütün islam dünyası buna adekvat cavab verəcək. Bu da dünya müharibəsi deməkdir… Artıq situasiya dəyişilib, biz öz gücümüzə söykənərək cəbhədə uğurlar qazanırıq və digər üçüncü qüvvənin müdaxiləsini dayandıracaq potensiala sahibik. Azərbaycan bu imkanlarından istifadə edərək, ermənilərə yalnız vətəndaşlıq statusu verməli, bunu qəbul etmirlərsə, əvvəl gəldikləri yerə reportasiya edilməlidirlər.

– Sizə elə gəlmir ki, islam dünyasının gücünü həddindən artıq qabardırsınız? Halbuki, islam dünyası, faktiki olaraq, parçalanmış vəziyyətdədir. İslamçı hərbi qüvvələrin ölkəmizə yardımı bizi Yaxın Şərqdən daha acınacaqlı hala salmazmı?


(ardı var)

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az