XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2016 - 15:29

Vyanada “unudulan” sənəd:BMT-nin Qarabağ qətnamələri kimə mane olur? –TƏHLİL

bmt ilham

 

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün aparılan proses barədə təhlil yazmaq indi çox çətindir. Son 10 ildə beynəlxalq güclərin öyrəşdiyi situasiya aprel müharibəsindən sonra tamam dəyişərək, ayrı format almaqdadır. İndi beynəlxalq vasitəçilər əvvəlki kimi arxayın görünmür və tərəfləri böyük sülh sazişinə tələsdirirlər. Bəs bu tələskənliyə səbəb nə olub?

Vyana görüşü barədə müxtəlif yanaşmalar olsa da, əsl məqsəd atəşkəsin davam edəcəyinə dair Ermənistan və Azərbaycandan təminat almaq idi. Buna hələ ki nail olundu: ATƏT-in Minsk Qrupunun görüşdən sonra yaydığı bəyanatda nikbinliklə bildirildi ki, “tərəflər 1994-95-ci illərdə əldə edilmiş atəşkəsə əməl edəcəkləri barədə öhdəlik götürüblər”.

Lakin bəzi məqamlar düşünmək üçün əsas verir…

Vyana görüşünün qəmgin notlarından biri orada BMT-nin Qarabağla bağlı 4 məşhur qətnaməsinin adının çəkilməməsi oldu. Nə həmsədr ölkələr, nə də “Dovil bəyanatı"nı imzalamış 3 dövlətin görüşdə iştirak edən nümayəndələri bu barədə danışmadılar. Bu isə müəyyən mübahisələr yol açan motivdir. Çünki Yerevan çoxdandır ki, BMT qətnamələrinin danışıqlarda xatırlanmaması üçün səy göstərir. Təsadüfi deyil ki, 90-larda Rusiyanı ATƏT-in Minsk Qrupunda təmsil etmiş, "Bişkek müqaviləsini" hazırlayan, daha çox erməni mövqeyinin müdafiəçisi kimi çıxış edən Vladimir Kazimirov aprel ayında verdiyi müsahibəsində BMT qətnamələrinin işləmə mexanizminin olmadığnı car çəkərək, onların “iflasa uğradığını” deyib. Bütün abır hissini itirmiş keçmiş həmsədr utanmadan deyir ki, 1994-cü ildə hazırlanan atəşkəs müqaviləsinin əsasında BMT-nin qətnamələri deyil, MDB dövlət başçılarının həmin il keçirilmiş sammitində münaqişə ilə bağlı verdikləri bəyanatı durur.  Halbuki, 5 may 1994-cü ildə Bişkekdə imzalanmış atəşkəs müqaviləsində münaqişənin həllinin BMT-nin dörd qətnaməsinin prinsipləri əsasında həllinə istinad olunur.  

ATƏT-in Vyana görüşü ilə bağlı bəyanatda  xüsusi vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz.

Yaxşı, bəs Azərbaycan və Ermənistanın təminat verdiyi 1994-95-ci illərdə əldə edilmiş atəşkəs sənədinin mahiyyətində nə durur? 1994-cü ilin atəşkəs barədə müqaviləsi nəyi ehtiva edir? Axı sənəd təkcə səngərdə üz-üzə duran avtomat lülələrinin sukutunu əks etdirmir.

“Bişkek sənədi” adlanan bu razılaşmada, qeyd etdiyimiz kimi, BMT-nin məlum dörd qətnaməsinə istinad var. Bu qətnamələrdə isə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin pozulmazlığı bir daha təsdiq edilir. Deməli, aydın olur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan bu danışıqlar əgər baş tutarsa, bütün hallarda Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Çünki belə müzakirə açılarsa, bu, regionda digər ölkələrin, o cümlədən Ermənistanın da ərazi bütövlüyünü şübhəyə salan ciddi bir detala çevrilə bilər. BMT qətnamələrində bu, qırmızı xətlə keçir.

Odur ki, geopolitik güclərin BMT qətnamələrinə sayğısızlığı və “qatlayıb bir kənara qoymaq” cəhdi dolayısı  ilə ölkəmizin ərazi bütövlüyünü şübhə altına almaq cəhdidir. Bütün dünya bilir ki, 1994-cü ilə qədər artıq Azərbaycanın aydın və beynəlxaq aləmin tanıdığı sərhədləri var idi. 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına daxil olarkən, Dağlıq Qarabağ ərazisi məhz Azərbaycanın tərkibində olaraq tanınıb və mübahisələndirmə predmeti kimi baxılmayıb. 1992-ci ilin iyununda Azərbaycanın iştriak etdiyi ATƏM-in (ATƏT) Helsinki sammitində ölkəmizin ərazi bütövlüyü bir daha təsdiq olunub.    

Rəsmi Moskva isə Kazan görüşünü xatırlatmaqla Bakıya mesaj verir ki, konfliktin siyasi həllinin başlanğıcı Azərbaycanın 1994-cü ildə imzaladığı atəşkəs müqaviləsidir və  konflikt bu əsasda da tənzimlənməlidir. Rusiya XİN-in rəhbəri Lavrov Vyanada açıq mətnlə bildirdi ki, münaqişənin mərhələli həlli nəzərdə tutulub və ilkin mərhələ üçün Rusiyanın vasitəçiliyi ilə Kazanda 2011-ci ildə keçirlimiş görüşdə müzakirə olunan detallar əsas götürülməlidir. Yəni, işğal altında olan rayonların qaytarılması müqabilində Dağlıq Qarabağın statusunun müəyyən edilməsi…

Dağlıq Qarabağın müqəddəratını 1994-cü ilə sürükləyib həll etmək cəhdi əslində ərazi bütövlüyümzü şübhə altına salmaq və Bakını danışıqlarda diskreditə etmək niyyəti daşıyır. Bu, Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olması barədə şübhə doğurmayan faktın  mübahisələndirilməsi və taleyi barədə Bakının iradəsindən kənar qərar vermək cəhdi anlamına gəlir. 

Prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Novruz Məmmədov Vyana görüşündən sonra bəyan etdi ki, atəşkəs barədə öhdəliyi yalnız iyun ayınada gözlənilən görüşə görə imzalayıbar. Yəni, iyun ayında nəzərdə tutulan növbəti görüşdə münaqişə ilə bağlı hansısa razılaşmaların olacağı barədə mesjlar verilir.

Odur ki, planlaşdırılan Azərbaycan və Ermənistan danışıqlarında  prioritet “aprel döyüşləri"ndən sonra yeni situasiyaya uyğun prinsiplərin müzakirəsinə nail olmaqdır. Çünki Bakı üçün hazırkı status-kvo qeyri-məqbuldur və bu, yalnız münaqişənin daha uzun illər üçün konservləşməsinə şərait yaradır.

  

Xaqani SƏFƏROĞLU

Strateq.az