XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

20 May 2016 - 16:16

ATƏT “Bişkek protokolu”na qayıdır :Qarabağla bağlı MDB Assambleyasına gözlənilməz müraciət

biskek heyder

 

ATƏT-in Parlament Assmbleyasının rəhbəri İlkka Kanerva MDB-nin Parlamentlərarası Assambleyasına müraciət edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün birgə səy göstərməyə çağırıb.

Strateq.az  qurumun rəsmi saytına istinadən bildirir ki, o, bu sözləri Assambleyanın dünən keçirilmiş iclasında çıxışı zamanı bildirib: “Mən MDB Parlamentlərarası Assambleyadakı həmkarlarımı münaqişənin sülh yolu ilə və Minsk Qrupu çərçivəsində həlli üçün birgə  əməkdaşlığa dəvət etmək istəyirəm”.

Kanerva buna səbəb kimi, Dağlıq Qarabağda münaqişənin gərginləşməsini göstərib.

“Münaqişə bölgəsində həlak olanların sayı artır. Biz  xəsarət alanlarların azalması, tərəflərin danışıqlar stolu arxasında oturması üçün ümidimizi birləşdiririk”,- deyə ATƏT PA-nın rəhbəri vurğulayıb.

Bir neçə gün əvvəl Avstriyada keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağla bağlı görüşündən sonra Kanervanın bu müraciəti indiki məqamda çox maraqlıdır. ATƏT birdən-birə postsovet məkanında Rusiyanın dominantlığı altında olan Assambleyaya müraciət edərək Qarabağ münaqişəsi ilə bağlı səyləri birləşdirməyə çağırır. Bəs ATƏT-in belə çağırışı üçün hansı əsaslar var?

Məlumat üçün bildirək ki, MDB Parlamentlərarası Assambleya 1992-ci ilin 27 martında Alma-Atada yaradılıb.  26 may 1995-ci ildə MDB dövlət başçıları, o cümlədən Azərbaycan və Ermənistan MDB dövlətlərinin Parlamentlərarası Assambleyasına dair Konvensiyanı imzalayıb. Sənədə keçmiş SSRİ-nin 9 respublikası qol çəkib. Bununla da qurum beynəlxalq təşkilat statusu alıb. Təşkilatın ofisi Sankt-Peterburqda yerləşir.

Xatırladaq ki, Vyana görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas prioritet 1994-cü ildə Bişkekdə imzalanmış atəşkəs müqaviləsi götürülüb.  Bişkek sazişi isə məhz MDB Parlamentlərarası Assambleyasının birbaşa vasitəçiliyi ilə imzalanıb. Protokolu Parlamentlərarası Assambleyanın katibi Mixail Krotov imzalayıb.

 

biskek protoklu

 

Yarandığı gündən sülhməramlı fəaliyyəti öz əsas prisnipi elan edən bu qurum ilk uğurunu elə 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda qazanıb.  1994-cü ildə Bişkekdə imzalanmış protokol Dağlıq Qarabağda atəkəsi nizamlayan yeganə siyasi sənəddir.

MDB dövlət başçılarından və münaqişə tərəflərindən mandat alan Assambleya həmin il Azərbaycan və Ermənistan arasında vasitəçilik fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə atəşkəs imzalandıqdan sonra MDB dövlət başçıları bununla bağlı bəyanat verərək MDB Parlamentlərarası Assambleyanın barışdırıcı misisyasını alqışlayıb.

5-6 sentyabr 1995-ci ildə Rusiyada, Sankt-Peterburqun Tavriya sarayında Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya parlament sədrlərinin birinci görüşü keçirilib. Həmin sammitdə iştirakçılar “Qafqazda sülhə və sabitiliyə çağırış” barədə bəyanat qəbul edərək münaqişə tərəflərini hərbi qarşıdurmadan çəkinməyə, qaçqınların və məcbiri köçkünlərin öz doğma ocaqlarına geri dönməsinə şərait yaratmağa və təsərrüfat əlaqələrini normallaşdırmağa çağırıblar. Sənədi Azərbaycan Milli Məclsinin sədri Rəsul Quliyev imzalayıb.

Bundan sonra Qafqazda kəskin problemlərin həllində vasitəçilik etmək üçün MDB Parlamentlərarası Assambleya tərəfindən “Qafqaz dördlüyü”  institutu yaradılıb. Bu çərçivədə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya parlamentinin rəhbərləri müntəzəm olaraq regionun aktual problemlərini müzakirə ediblər.  

İndiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün  əsas format ATƏT-in Minsk Qrupu sayılır. Digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi və fəaliyyətinə münasibət birmənalı olub.  Müxtəlif vaxtlarda Avropa İttifaqı, AŞPA-nın münaqişəyə “toxunmaq” yöndə cəhdləri etirazla qarşılanıb.   

Görünür, ATƏT indi MDB-nin Parlament Assambleyasının 90-ların arxivində qalmış fəaliyyətini dirçəltməklə onu münaqişənin həllinə müncər etmək niyyətindədir. Maraqlıdır ki, Rusiya Vyana görüşündən sonra münaqişənin sülh planı üçün Moskvanın vasitəçiliyi ilə 2011-ci ildə  keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə müzakirə edilmiş detalların masaya çıxarılmasını israr edir. Rusiya XİN rəhbəri Lavrov bu prinsipləri “atəşkəsi və sülhü bərpa edəcək” əsas düstur kimi xarakterizə edib. Odur ki, Minsk Qrupu ilə yanaşı, daha bir beynəlxalq təşkilatın Qarabağ probleminə cəlb olunması regionda marağı olan geopolitik güclərin, hələ ki, bizə qaranlıq olan yeni taktikasından xəbər verir.  

Xaqani SƏFƏROĞLU

Strateq.az

biskek

 




Yuxarı Əvvələ Ana Səhifə