XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2016 - 09:31

Əvəz Zeynallı yazır: “Helsinkidən Bakıya dəyər karvanı”-VİDEO&FOTO

Əvəz Zeynallı

 

I hissə

hel

Bakı aeroportu, gecə saat 03.00

 

Saat 03.00 idi evdən çıxanda. Bu dəfə bir ilk yaşayırdıq. Səfərə həyat yoldaşımla bərabər çıxırdıq. Biz evli olduğumuz 17 ildə ilk dəfə idi ki, xaricə, üstəlik də bir yerdə gedirdik. Bunun üçün hələ təzə-təzə lətifələr də qoşulmuşdu – yeri gələrsə, onlardan da bəhs edəcəyəm.

hel3

Gecə saat 05-da Bakı belə görünür

 

Bakıdan isə saat 05.00 radələrində çıxmalı idik. Qarışıq duyğularım vardı. Düz 18 ildir ki, bu ölkədən heç yana çıxa bilmirdim. Türkiyədən gələndən – 1999-cu ildən necə girmişdimsə qarajlara, elə o girən idim. Qarajlar, ardınca həbsxanalar başımızı qatmış, biz burada azad mətbuat uğrunda savaşarkən, dünya çox dəyişmişdi. Dəyişiklik elə hava limanından müşahidə olunmağa başladı.

 

Buradan Naxçıvana uçurdular

 

Biz qarajlarda azad mətbuat uğrunda savaş verərkən, ölkədə çox şey dəyişib də, xəbərimiz yox. Elə ilk dəyişikliyi hava limanında hiss elədim. Uçduğumuz yeni tikilən möhtəşəm bina bizim dövrümüzdə, biz Türkiyəyə uçanda köhnə-külüş bir bina idi. Oradan Naxçıvana uçurdular. Dəfələrlə Naxçıvana da uçmuşam oradan. O zaman beynəlxalq uçuşlar sol tərəfdə tikilən binadan olurdu. İndi oranın nə üçün fəaliyyət göstərdiyini bilmirəm. Heç öyrənmədim də.

Hava limanında hamı kimi, bizi də hörmətlə qarşıladılar. Bizim komanda 3 nəfərdən ibarət idi və biz elə bilirdik ki, bu dəfə Helsinkidə Azərbaycanı biz üçümüz – Məlahət Zeynallı, mən və məşhur hüquqşünasımız Ələsgər Əhmədoğlu təmsil edəcəyik. Amma yox, hava limanında uçuşa bir az qala, Azər Həsrətin və Ayaz Nizamioğlunun da bizimlə birlikdə olacağını bildik.

hel1

Azər Həsrət bizim səfərimizə təəccüblənir…

 

Beləcə, Bakıdan Kiyevə, oradan da Helsinkiyə uçmalı idik

 

Normal, nəzakətli və avropai yoxlamadan sonra Kiyevə uçduq. Kiyevə uçuşumuz 3 saat 40 dəqiqə idi. Və biz Kiyevə enəndə gün çıxmışdı. Sanki Avropanın şimalı bizi qarşılayırdı. O qədər ki, həm Kiyevdə, həm də Helsinkidə hava Bakıdakından isti idi. Özləri belə təəccüblənmişdi. Hətta bunu Finlandiyanın Xarici İşlər naziri verdiyi qəbulda da etiraf etdi: “Sizin üçün havanın belə gözəl olmasının səbəbi mənəm, havanı mən sifariş etmişəm.”

hel2

Kiyevə doğru

 

Kiyevdə 1 saat gözləmədən sonra Helsinkiyə yola düşdük.

helsinki havadan

Bu da Helsinkinin yuxarıdan görüntüsü…

 

 

Sakit, təmkinli və təminatlı insanlar şəhəri

 

Gül kimi şəhərdir Helsinki. Elə bil, bu şəhəri hər gün şampunla təmizləyirlər. Mənə elə gəldi. Düzdür, aradabir zibilli yerlər də gözümüzə dəyirdi, amma o da axşama, ya da gecəyə doğru idi. Səhər yuxudan durdunmu, hər yer güllük-gülüstanlıq. Amma küçələrdə bir nəfər süpürgəçi, ya da digər formada təmizlikçi görmədik.

hel14

Havası o qədər təmizdir ki, adam içinə çəkməkdən doymur. Mən Helsinkinin havasını bizim kəndin – Ağbulağın havasına çox bənzətdim. 4 gün, elə bil, Ağbulaqda nəfəs aldım. Adam kimi yatdım, adam kimi hiss etdim özümü. Bəlkə, buna şəhərin inanılmaz atmosferi də kömək edirdi: stress yoxdur, əsəb yoxdur bu şəhərdə. Sanki problem də yoxdur, dərd də yoxdur, kədər də.

Adamların sifətində narahatçılıq görməzsən. Zatən ya əylənirlər, ya da qulaqlarında radio nəyisə dinləyirlər finlər.

 

Biz ilk gündən şəhəri gəzməyə başladıq. Yorulana qədər gəzir, küçələri tanıyır, binalarla maraqlanır və adamları seyr edirdik. Finləri o qədər rahat gördük ki… Adamlar illərdir maraqlı, dürüst həyat tərzi qurublar, indi də rahat yaşayırlar.

hel10

 

Biz Helsinkiyə gələndə bazar günü idi. Bütün şəhər küçələrdə idi. Biz Pasxa olduğunu eşitdik. Parklar, piknik yerləri dolub-daşırdı. Təxminən, hamının başında ağ dənizçi kepkası vardı. Əvvəl-əvvəl elə zənn etdik ki, finlər 1 may zəhmətkeşlər bayramını qeyd edirlər, amma sonra belə olmadığını müşahidə etdik. 1 maya aid heç nə, heç bir şüar dəymədi gözümüzə. Sən demə, bu, ümumilikdə avropalıların, indiki halda isə finlərin sıradan bir günüdür. Avropalılar kimi, onlar da həftənin 5 günü işləyir, son iki günü isə doyunca əylənir, istirahət edir, gəzib-tozurlar.

hel9

Helsinkinin mərkəzi parkından bir görüntü

 

Yollar o qədər də geniş deyil. Amma heç bir yerdə və heç bir saatda tıxaca, ya ona oxşar bir şeyə rast gəlmədik. Saatlarla Helsinkinin küçələrində gəzdik, bir yerdə 1 qram toz görmədik. Elə bil, bu şəhərdə toz yoxdur. Yollar tər-təmiz. Helsinkinin elə möhtəşəm infrastrukturu var ki, heyran qalmamaq mümkün deyil. Möhtəşəmlik həm də sadəliyindədir şəhərin. Polis görmədik. Poqonlu kimsəyə də rast gəlmədik. Adamın zəhləsini tökən, bazar təfəkkürü yaradan, insanların cibinə girib oranı talayan “parkomat”lar da görmədik. “Parkomat”larda keşik çəkib 20 qəpik verməsən səni “evakuator cəhənnəmi”nə satan onlarla bir-birinə torba tikən pulyığanlar da görmədik. Hansısa avtomobilləri aramsız daşıyan mənbəsiz və səbəbsiz evakuatorlar da görmədik. Yəni finlər mənasız və süni şeylərlə özlərini əsəbiləşdirmirlər.

hel16

Bu ağacı köynəklərlə bəzəyiblər – insanlığın sülh rəmzi kimi

 

İnanılmaz sakit və təmkinli təsir bağışlayırlar. Bir adamın üzündə əsəb görməzsən, görmədik biz. Heç bir-birinə kəm baxan, bir-birini tərsləyən adamlar da gözlərimizə dəymədi. Şəhərin ortasında, bizim qaldığımız “Artur” otelinin yanında, Beynəlxalq Söz Azadlğı Günü münasibətilə tədbir keçirilən “Finlandiya Hall”ın yaxınlığında elə geniş yaşıllıqlar və ağaclar vardı ki, adam məəttəl qalırdı. Hamı da döşənib piknik edirdi. Kimsə kimsəyə bir söz də demirdi.

hel17

Bu, "Finlandiya Hall"dır

 

Bu şəhərdə hasarlar da görmədik. Yolların kənarında geniş yaşıllıq zolaqları, ağaclar var. Hiss olunur ki, Helsinki dağlıq ərazidə salınıb. Şəhərin elə maraqlı yerləri var ki, bu qayalıqları qoruyub saxlayıblar və təbiətin bu əzəmətli möcüzəsi Helsinkiyə gözəllik verir.

 

Yolboyu boş yerlər o qədər çoxdur ki, adam finlərin bəxtinə qısqanır. Görünür, onlar Hacıbala Abutalıbov kimi adamlar tanımırlar. Məəttəl qalırsan ki, nə əcəb, şəhərin mərkəzində bu qədər yaşıllıqlar, piknik əraziləri, boşluqlar qorunub saxlanılıb.

helsinki bayram1

Yolların möhtəşəm infrastrukturunun olduğunu bir az bundan əvvəl yazdım. Amma bu məsələ haqqında bir az geniş danışmaq istəyirəm. Helsinkidə asfalt yolların illər bundan əvvəl çəkildiyi hiss olunur. Bir çox yollarda hətta yamaqlar da var, amma bu, şəhərin gözəlliyinə təsir göstərmir. Hamı anlayır ki, yoldur, əyilən, büzülən yerləri ola bilər. Birincisi, yolu elə çəkmək lazımdır ki, bizdəki kimi, hər ay başında söküb dağıtmasınlar, ikincisi də, problem yaranarsa, onu beləcə, Helsinkidə olduğu kimi, elə təmir etmək olar ki, heç o da dəyişməsin.

 

Yollar, meydanlar, parklar və küçələr adətən, daş döşəmədir. Və hiss olunur ki, bu, illərdir bu cürdür. Yəni hər kefi kəsən yollara bir cür daş və metlak döşətmir.

helsinki bina1

 

Helsinkidə körpülər, yolların kənarları, səkilər də elədir. Normal, sadə, düz betonla tikiblər hər şeyi. Maraqlı körpülər var, heç birinin altında, üstündə, yanında, ora-burasında mərmər döşənməyib. Yollara kilometrlər boyunca xüsusi daşlar, metlaklar da döşəməyiblər. Sadədən sadə – hər şey betondur. Vəssalam. Axı hansı millət milyonlarını, milyardlarını yollara, tunellərə, traslara mərmər çəkib daş döşəməklə göyə sovurar? Heç bir millət bunu etməz, təbii ki. Həmin pulları damla-damla toplayıb millətinə xərcləyər yaxşı hökumətlər. Təbii ki, yaxşı hökumətlərdən gedir söhbət, ağlınıza başqa bir şey gəlməsin…

 

Gözümüz nəyə dəyirsə, müqayisə edirik, təbii ki. Helsinkidə də etdik. Müşahidə edir, müzakirə edir, müqayisə edir, hələ bəzi hesablamalar da aparırdıq. Gör, iş nə yerə çatdi ki, təmkini, soyuqqanlılığı ilə tanınan, mənə də elə təsir bağışlayan Ələsgər Məmmədli belə, bu qədər pulu havayı yerə havaya sovuranların edamlıq olduğunu dedi. Bəli, dördcə gün Helsinkinin sadəliyini görən və pulların havaya sovrulduğunu anlayan istənilən fərdin qərarı budur – hüquqşünasından jurnalistinə…

hel26

Helsinkidə velosiped yolu ayrıdır…

 

Helsinkinin yolları avtomobil yolu ilə məhdudlaşmır. Bütün avtomobil yollarının yanında əlavə, balaca bir yol da var. O da ayırıcı xətlərlə ayrılmış velosiped yoludur. Bəlkə də şişirdirəm, amma şəhərdə avtomobil qədər velosiped gördük. İnsanların bəlkə də yarısı velosiped sürürlər. Zatən bu qədər maraq və tələb var ki, velosipedin yolunu ayırıblar və bu, bütün şəhər boyu belədir. Onun da yanında sıravi vətəndaşlar üçün səki – piyada yolu. Avtomobil öz yolu ilə, velosipedi sürən öz yolu ilə, piyada da öz yolu ilə hərəkət edir. Struktur elə qurulub ki, yanlış etmək, qaydaları pozmaq, təxminən, imkansız. Elə o səbəbdən də 4 gün boyu biz Helsinkidə nə sürücülərin qaydaları pozması üçün şərait yaradan, qayda pozan sürücü görəndə onun üstünə ov üstünə pələng şığıyan kimi şığıyan, sürücü şərləyən, sürücü döyən, göbələk kimi sanki yerdən pırtlayıb çıxan, insanlara qorxu saçan saysız-hesabsız yol polisi əməkdaşları gördük, nə bir dayanan, qaydaları pozan avtomobil gördük, nə də yolların kənarında gizlənib yol keçən vətəndaşları cərimələyən polislər gördük. Bunların heç biri yoxdur Helsinkidə və şəhər o qədər rahatdır ki.

helsinki bayram4

Avtomobil qədər velosiped var

 

And olsun Ulu Şivrinin ruhuna, dediklərimdə zərrə qədər yalan yoxdur və mən bütün gücümlə çalışıram ki, təəssüratlarımı olduğu kimi paylaşa bilim.

 

Helsinkidə hər yolun kənarında kafelər var. Küçələrə də stollar düzülüb. Dar və biçimsiz formada hamı pivə içir. Müqayisədə bizim kafelər daha geniş, çayxanalarımız daha mənalı və zəngindir. Özü də açıq havada. O qədər yaşıllıq olmayan yerlərdə də oturub pivə içirlər. Bütün əsas yollar boyu elədir.

hel35

Heç bir heykəlin adını bilmirik, alternativ dil yoxdur Helsinkidə…

 

Helsinkinin havası biz orada olduğumuz müddətcə əla oldu. 15-20 dərəcə istidə özümüzü Bakıdaki kimi hiss etdik.

 

Hər möhtəşəm binanın öz sahibi

helsinki bina

Hər binanın öz stili var

 

Çox fərqli üslubda binalar var. Demək olar ki, heç biri bir-birinə oxşamır. Az qala, hamısı adamı heyrətləndirir. Sadə və sıradan, amma maraqlı və zəngindir üslub. Adi kərpicdən elə binalar var ki… Heç hamısı ağ aqlaylı da deyil. Heç suvaq da vurulmayıb binaların üzünə. Eləcə tikiblər və o qədər səliqəli memarlıq üslubu var ki, adam heyran qalır. İlk baxışdan məsələni çözə bilmədik. Necə olur axı? Biz görmüşük ki, hər səmtin, ya da zonanın bir üslubu olar və bütün binalar da aşağı-yuxarı o üslubda tikilər. Amma yox, Helsinki elə deyil və bunun sirrini, təxminən, bir gün sonra anladıq.

hel33

Sadəcə, sahibkarlığın və iqtisadiyyatın, mülkiyyət toxunulmazlığının nəticəsidir bu binaların hamısı. Hərəsinin bir sahibi var. Hərəsi də bir üslubda özünün binasını tikdirib. Və onillər boyu gələn nəsillər də köhnələrin yerinə nələrsə əlavə edib. Olub Helsinki. Bu qayda mənim çox xoşuma gəldi. Bizim ötən əsrin əvvəllərində olduğu kimi. Milyonerlər hərəsi öz zövqünə və pulunun azlığına-çoxluğuna görə binalar tikdiriblər. Hacı Zeynalabidin Tağıyev, Musa Nağıyev və b.

 

Yazıya zəruri haşiyə:

Azərbaycanın son 100 illik tarixi ibrətamizdir. Ötən əsrin əvvəllərində milyonçular bu millətin mədəniyyətini yaratdılar, təxminən. Evlər, binalar, filarmoniyalar tikdilər, məktəblər açdılar, tələbələr oxutdular, gimnaziyalar yaratdılar, milləti maarifləndirdilər, millətin dərdi ilə ağlayıb, millətin dərdi ilə güldülər. İdealizə etmirəm, amma müsbət təmayüllər çox oldu, millətin intibahında zənginlərimiz müsbət rol oynadılar. Bütün Sovet Azərbaycanı boyu yeni və başqa heç nə tikilmədi. Əsrin sonunda isə bütün qaçaq-quldurlar milyoner oldular. Heç bir zaman Azərbaycanın görmədiyi talançılığı etdilər sonuncu milyoner-oliqarxlarımız. Əsrin əvvəlində yaranan zadəganlıq irsi əsrin sonunda küçə quldurluğu ilə əvəzləndi və tamahkar oliqarxiya bütün müsbət ənənələri öldürdü.

 

Finlandiya, bizim 1920-ci ildə kəsilən bəxtimizin aqibətini yaşamayıb. Biz parlamentimizi toplayıb sovetlərin 24 saatlıq ultimatumuna 24 saat gözləmədən təslimiyyət qərarı ilə cavab verdik, amma finlər qocaman SSRİ-nin burnunu savaşlarda ovdular. Və nəticə belə olub. Ona görə Helsinkinin hər küçəsi maraqlıdır və bizə maraqlı gəldi.

hel22

Yox, “Bakı gözəl deyil”, demirəm. Bakı mənim üçün dünyanın ən gözəl şəhəridir. Mən başqa şey deyirəm. Mən son illər şəhərin monoton memarlıq üslubunu nəzərdə tuturam və idarəetmə fəlsəfəsinə diqqəti çəkmək istəyirəm. Axı bir adamın zövqü ilə şəhər formalaşmaz, bir dəstənin əmri ilə mədəniyyət yaradılmaz. Onu diqqətə gətirmək istəyirəm. Azadlıq probleminə diqqət yetirmək istəyirəm. İnsan azad olanda heç nəyi olmayan Finlandiya gəlib dünya birincisi ola bilir. Helsinki də sadə görkəmi ilə adamı heyran qoyur. Axı yola bahalı mərmər döşəmək sadəcə barbarlıq və millətin kisəsinə girmək deyil, həm də mədəniyyətsizlikdir və adi tərbiyəsizlikdir – diqqətləri onun üzərinə gətirmək istəyirəm.

 

Sağlam qocalar şəhəri

 

Bizim bələdçimiz yox idi. Ona görə də Helsinkini özümüz öz hesabımıza və məntiqimizə gəzdik. 3 gün ərzində, təxminən, 50.000 addım atdıq – haradasa, 35 km.

helsinki bayram2

Finlərin dili də fərqlidir. Bunu hər yerdə hiss etdik. Ona görə də gəzdiyimiz heç bir küçənin adını bilmədik, heykəllərdən o qədər də anlamadıq. Bunun da səbəbi var. Finlər öz dillərinə o qədər düşkündürlər ki, hətta bəzən hiss etdik ki, başqa dildə danışanlara cavab da vermirlər. Bizdəki kimi, hər küçəyə 2-3 dildə yazılar yapışdırmırlar. Yalnız fin dilində, vəssalam. Bu, yaxşıdır, yoxsa pisdir, multikulturaldır, ya multikultural deyil, bilmirəm, amma hər halda başqa adamların da ölkəyə gələ biləcəyi və ölkəni tanımaq istəyəcəyi haqda, hər halda, düşünməlidirlər. Nə qədər tənqidi yanaşsam da, Azərbaycan təcrübəsi daha cazibədar gəlir bu məsələdə.

 

İlk gün bəzi-para problemlərlə qarşılaşdıq. Məsələn, ilk yemək yediyimiz restoranda çörək istəsək də, “burada çörək verilmir” dedilər. Məlum oldu ki, Helsinkinin bəzi restoranlarında çörək verilmir. Ümumiyyətlə, verilmir. “Necə ola bilər?” deməyin! Olur, həm də bal kimi.

hel8

9 avroya dönər olurmu?

 

Türk lokantasında qarşılaşdığımız bu “acı” reallıqdan sonra dərk etdik ki, özümüzə yemək almasaq, vəziyyət o qədər də yaxşı olmayacaq. Bunun üçün market axtardıq və çox çətinliklə market tapdıq. Hətta bundan da heyrətlənmişdik. Bizdəki kimi, hər tində 50 market yoxdur. Yalnız böyük ticarət mərkəzlərinin içində market var və Helsinki çox bahalıqdır.

hel32

Çörək yoxdur…

 

Bir yarımlitrlik “Bonaqua” suyuna 3.9 avro, bir bardaq çaya 4.0 avro, bir dönərə 9.0 avro verilirmi? “Yox” deməyin, Helsinkidə verilir.

hel15

Hətta 1.04 avroya bir xiyar da olur…

 

Mehriban adamları var. Heç kim heç kimin işinə qarışmaz. Əksəriyyəti velosipedlə hərəkət edir. Küçələr piyada gəzən adamlarla dolub-daşır. Biz çox nadir hallarda nəsə öyrənməyə çalışırdıq. Onlar bizim, biz də onların danışa bildiyi dilləri bilmirdik. Amma məsələn, market axtaranda zar-zor bizi anladılar və düz marketin qapısına qədər gətirdilər. 1-2 dəfə yollarda, küçələrdə də yardımçı oldular. Xüsusilə, tədbirin keçiriləcəyi “Finlandiya Hall”u axtaranda maraqlı və bir az da macəralı yolçuluğumuz oldu. Amma bütün ilətişimlərimizdə də başarılı olduq. Yəni Helsinkidə dili biməmək elə də faciəli deyil. Bir neçə aya tum kimi çırtlamaq olar.

 

Qayğısız, sakit, təmkinli, susqun yapıları var. Hətta təbəssüm də sezilir finlərin üz-gözündə. Dünyanın ən təminatlı insanları olduqlarındandır, yəqin. Onlar bütün alt və üst yapı problemlərini həll ediblər, yəqin, ona görədir bütün bunlar. Niyə başqa dillərə ehtiyac hiss eləmirlər, kimsəyə ehtiyacları yoxdur, ona görə. Niyə bu qədər bahalıqdır, hamıdan çox maaş alırlar, ona görə. Niyə bəzi lokantalarda çörək vermirlər, sağlam yaşamaq istəyirlər, ona görə. Ayda, ya da həftədə 7-8 min avro alan adam, əlbət, taksiyə 45-50, suya 4, çaya 5 avro verə bilər -nə problem var ki? Ya da, heç bir maddi və mənəvi problemi olmayan adam küçədə gəzəndə necə gəzməlidir, hər halda fin kimi – sakit, təmkinli, qayğısız, susqun. Bizə niyə qəribə gəlirdi ki, anlamadım…

 

Küçələrdə, parklarda, alış-veriş mərkəzlərində o qədər yaşlı, qoca adamlara rast gəldik ki, bu, həqiqətən, bizi heyrətləndirdi. Finlandiya yaşlı adamların yaşamasında neçənci yerdədir, burada onların orta ömür göstəriciləri neçə ildir, bilmirəm, amma biz Helsinkidə əl-ələ gəzən və bir-birinə sevgi dolu hisslər bəsləyən o qədər yaşlı adamlar gördük ki, onu özümüzə də arzuladıq.

 

Çar II Aleksandr sevgisi

helsinki bina2

Ən məhtəşəm binanın qarşısındakı heykəl Çar II Aleksandrındır…

 

Helsinkidə ən azı iki yerdə Çar II Aleksandrın (1818-1881) heykəlini gördük. Bu, bizi xeyli təəccübləndirdi. Axı finlər ruslarla uzun illər savaş verən və onların cəngindən müstəqillik çıxaran millət idi. Qısa zaman sonra finlərin içində yaşayan bu Çar II Aleksandr sevgisinin səbəbi məlum oldu. Bunu bizimlə görüşündə finlandiyalı jurnalist Anna-Lena Lauren (Anna Lauren Finlandiyanın məşhur gündəlik “Hufvudstadsbladet” qəzetinin Moskva müxbiri vəzifəsində işləyir – Ə.Z.) danışdı. Finlərdə Çar II Aleksandra böyük sevgi hələ də qalır. Uzun əsrlər İsveçin əsarətində yaşayan finləri bu əsarətdən Çar II Aleksandr qurtarıb. O, Finlandiyanı Rusiyanın ərazilərinə qatıb və onlara muxtariyyat verib, parlamentlərini formalaşdırmağa imkan tanıyıb. Və… illər, hətta əsrlər keçsə də, finlər Rusiya ilə dəfələrlə cəngə çıxsalar da, Çar II Aleksandrın etdiyi yaxşılıqları da unutmayıblar. Onlara azadlıq verən, bunun üçün bəzi müəssisələr yaradan adamın da haqqını veriblər.

hel25

Ov silahlarıdır, amma qiymətləri çox bahadır…

 

Bizim Helsinkini gəzməyimiz hər gün davam etdi. Tədbirdən çıxır, otelə gəlir, bir az dincəlir və yenidən başlayırdıq. Qaldığımız otel şəhərin mərkəzində idi – oradan dəmir yolu vağzalına, təxminən, 5 dəqiqə piyada məsafə vardı. Dəmir yolundan “Finlandiya Hall”a isə elə o qədər də olardı – təxminən, 5 dəqiqə. “Artur” oteli 1907-ci ildə tikilən otel idi, 1957-ci ildə təmir olunmuşdu, amma belə, normal idi və bizim 3 ulduzlu otel səviyyəsində bir mehmanxana idi. Qalmaq üçün yer uğurlu idi, amma Helsinkinin ortasında yerləşən bu oteldə internet problemi vardı. Onun üstünə də bizim mobil operatorların yarıtmazlığını əlavə edəndə, durumumuza xoş demək də olmazdı. Təbii ki, bura dil bilməməyi, üstəlik, yeni texnikadan o qədər də istifadə edə bilməməyi də əlavə edəndə, şəxsən mənim halım bir az daha pəjmürdə idi…

 

 

I hissənin sonu

 

1-5 may 2016, Bakı-Kiyev-Helsinki-Kiyev-Bakı

 

hel 30 hel5 hel6 hel7 hel11 hel12 hel13 hel18  hel20 hel23    hel31 hel34 hel36

helsinki bayram helsinki bayram3  helsinki bayram6

Strateq.az