XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2015 - 15:17

Kürdüstan, İŞİD və Haşimi Krallığı uğrunda qurban edilən türkmənlər – Təhlil

Suriyanın qüzeyindən gələn xəbərlər qlobal güclərin Kürdüstan dövləti qurmaq planlarına cavab verəcək mahiyyətdədir. Məlumata görə, PKK-nın Suriya uzantısı olan PYD Kobani ətrafında yaşayan türkmən bölgələrini ələ keçirməyə başlayıb. Artıq bu gün 4 türkmən kəndi PYD-nin basqınları nəticəsində köçürülüb, boş qalmış evlərə kürd ailələri yerləşdirilib.

Suriya türkmənlərinin bu basqınlara dirənmək imkanları isə olduqca məhduddur. çünki İŞİD-ə qarşı mübarizə adı altında ABŞ hava qüvvələri tərəfindən bombalanan kəndlər yaşanmaz hala gəlib. üstəlik, əvvəl Türkiyənin verdiyi cüzi maddi dəstək və hərbi ləvazimatlarla ayaqda durmağa çalışan türkmənlər indi bu fürsətdən də məhrum olublar. Səbəb Türkiyə xüsusi xidmət orqanları tərəfindən onlara göndərilən maşın karvanının videolarının yayılması və bunun beynəlxalq qurumlar tərəfindən qınanmasıdır. Əvvəl İŞİD-ə göndərildiyi düşünülən yardımların daha sonra türkmənlərə getdiyi aydınlaşsa da, rəsmi Ankara yenidən beynəlxalq skandallara yol açmamaq üçün bu sahədə bütün fəaliyyətini dayandırıb. Nəticədə, ABŞ və İsrailin açıq şəkildə dəstəklədiyi kürd separatçılarının əli-qolu uzanıb. PYD İŞİD-i müdafiə etdikləri bəhanəsiylə təkcə türkmənləri deyil, eyni zamanda ərəbləri, hətta öz iradələrinə tabe olmayan kürdləri belə, yurd-yuvalarından didərgin salır.

Bir çox mütəxəssislər bu demoqrafik dəyişlikləri Kürdüstan layihəsinin reallaşdırılması üçün həyata keçirildiyinə inanır. Belə ki, Şimali İraqda artıq müstəqilliyinin bir addımlığında olan kürd muxtariyyatlığının mövcudluğu üçün ən optimal variant onun Aralıq dənizinə açılmasıdır. Şimali İraq nefti bu dənizə güvənli şəkildə nəql olunarsa, əldə edilən gəlirlə Şimali İraq bölgə dövlətlərinin təsir dairəsindən çıxa və müstəqil hərəkət edə bilər. Bunun üçünsə Ərbildən Aralıq dənizinə gedən yol üzərində bulunan Suriyanın şimalı “təhlükəli ünsürlərdən” təmizlənməli və boşalan yerlərə kürdlərin müstəqilliyində maraqlı olacaq əhali yerləşdirilməlidir. Təbii ki, bu məsələdə ən maraqlı tərəf də yenə elə kürdlərin özü ola bilər. Görünür, bu səbəbdən də Suriyanın Türkiyəylə sərhədlərində məskunlaşan 3 milyona yaxın kürd əhalisindən bu məqsədlə istifadə olunması qərara alınıb.

Qeyd edək ki, Suriyanın şimalında aparılan demokrafiq dəyişiklik yalnız Qərb imperialistlərinin maraqlarına xidmət etmir. Bu yaxınlarda Səudiyyə Ərəbistanı yetkilərinin İsrail həmkarlarıyla görüşündə də Kürdüstan məsəsləsi müzakirə olunmuşdur. Kürdüstan dövlətinin qurulması İsrail üçün yaxın təhdid hesab etdiyi islam ölkələrinin başını daxili problemlərə qatmaqdırsa, Səudiyyə Ərəbistanının da bu məsələdə bir neçə məqsədi var. Başlıca məqsədlərindən biri artıq özünə tərəf yaxınlaşan İran şiəçiliyinin qarşısında bufer zona yaratmaq və onu bu kimi məsələlərlə zəiflətməkdir. Digər bir məqsəd isə parçalanan Suriya və İraq torpaqları üzərində birləşmiş sünnü dövləti qurmaqdır. Rəsmi Riyadın hesablarına görə, bu iki ölkənin dağılma prosesi nəticəsində ortaya ən azı 3 dövlət çıxa bilər. Bunlardan biri şiələrin rəhbərlik etdiyi indiki ənənəvi rejimlər, digərləri isə Kürdüstan və böyük ölçüdə qurulduğu düşünülən İŞİD-dir.

Maraqlıdır ki, İŞİD-in hazırda hökm etdiyi coğrafiyalar Osmanlının parçalanması sırasında (1920-1924) Suriya krallığı adı altında I Feysala hədiyyə edilmişdi. Cəmi 4 il hakimiyyətdə olan Feysal ibn Hüseyn ibn Əli əl-Haşimi Qərb imperializminin Yaxın Şərqi bölüşdürə bilməməsinin qurbanı oldu. Qərb tərəfindən hakimiyyətə gətirildiyi kimi, yenə elə onlar tərəfindən də taxtdan salındı. Beləcə, Haşimi krallığı da tarixə qovuşmuş oldu və indiki İraq və Suriya dövləti ortaya çıxdı. Onun atasının qurduğu Hicaz krallığı da elə həmin illərdə Səudi ailəsi tərəfindən ələ keçirildiyindən, birləşmiş sünni krallığı yarana bilmədi. Görünür, üzərindən 90 il keçməsinə baxmayaraq, Səud ailəsi indi həmin lahiyəni gerçəkləşdirmək istəyir. Ailənin Yaxın Şərqdəki arzularını reallaşdıracaq qüvvələr və tarixi şərait də, həqiqətən, ortaya çıxıb. Kürdüstan layihəsi də Səudiyyə krallığını bu böyük imperiya arzusuna aparan pillələrdən biridir. Bəs, görəsən, indi eyni cəbhədə çiyin-çiyinə dayandığı İsrail necə, bu arzunun baş tutmasına razılıq verəcəkmi?

Əlbəttə ki, yox. Hər halda Təl-əviv xarici siyasətdə qaş düzəldəcəyi yerdə göz çıxaracaq qədər naşı deyil. Ona, sadəcə, müsəlman güclərin böyük hədəflər uğrunda sevə-sevə öz qanlarından keçməsi lazımdır. Nə yazıq ki, müsəlman liderlərin mal-dövlət hərislikləri gözlərini tutaraq bütün bu çılpaq və acı həqiqətləri görmələrinə imkan vermir. Boş ideallar uğruna isə Suriyada, İraqda zavallı insanların, o cümlədən, Azərbaycan xalqının bağrından qopan türkmənlərin qanı axıdılır.

Heydər Oğuz

Strateq.az