XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 11:32

Molla Axtar Mənsur:Pakistan kəşfiyyatının agenti, tiryək qaçaqmalçısı, yoxsa ABŞ-ın ələ ala bilmədiyi taliban lideri?

molla-mansur-1

ABŞ beş il əvvəl Pakistan-Əfqanıstan sərhədində Üsamə bin Ladenin məhvindən sonra ən məşhur əməliyyatını keçirdi. Pilotsuzun zərbəsi ilə Taliban hərəkatının lideri molla Axtar Mənsur həlak oldu. Vaşinqtonda ümid edirlər ki, bu hadisə taliblərin son zamanlar əksər əyalətlərdə hökumət qoşunlarını sıxışdırdığı Əfqanıstanda müharibənin gedişini dəyişəcək.

Molla Mənsur əyləşdiyi avtomobildə Amerika dronunun atəşi ilə öldürülüb. Diqqət çəkəndir ki, hadisə Əfqanıstanda deyil, Pakistanın Bəlucistan əyalətində Kvetta şəhərinin yaxınlığında baş verib. Bununla da İslamabadın taliblərin rəhbərləri ilə gizli əməkdaşlıq etdiyi və yaxud ən azı, onların ölkədə olmağına göz yumduğu haqda şübhələr dolayısı ilə təsdiqini tapdı.  

 

Kənd məscidinin yetirməsi

 

Axtar Muhəmməd Mənsur 1968-ci ildə (başqa məlumatlara görə, 1963 və yaxud 1965-ci ildə) Qəndəhar əyalətində anadan olub. Milliyyətcə puştun idi. İbtidai təhslini kənd məscidində alıb.

1985-ci ildən Əfqanıstanda sovet qoşunlarına qarşı vuruşarkən bir neçə dəfə yaralanıb. 1987-ci ildən Pakistanın Peşəvar şəhərində yaşamaqla  İslam təhslini davam etdirərək radikal əhvallı gənclərin liderlərindən biri olub.

1995-ci ildə Taliban hərəkatına qoşulub. Taliblər Qəndəharda aeroprtu ələ keçirəndən sonra oranın təhlükəsizliyi üçün məsul, 1996-cı ildə isə taliblər Kabulu götürəndən sonra Əfqanıstanın Ariana aviaşirkətinin direktoru, həmçinin Əfqanıstan İslam Əmirliyi adlı qurumda mülki aviasiya naziri təyin edildi. Sonradan hərbi-hava və hava hücumundan müdafiə qüvvələri də onun nəzarətinə keçdi.

Molla Mənsur, NATO Əfqanıstanda antiterror əməliyyatı başlayarkən, Pakistana qaçdı və Talibanın yeni silahlı qüvvələrinin formalaşdırılmasında iştirak etdi və tezliklə hərəkatın rəhbər şurasının üzvü oldu.

2006-cı ildə Əfqanıstana qayıtdı. 2009-cu ildən Talibanın hərbi qanadının rəisi oldu və hərəkatın lideri Molla Ömərin müavini sayıldı. Bəzi məlumatlara görə, həmçinin Əfqanıstanda tiryək xaşxaşının istehsalı və qaçaqmalçılığına nəzarət edib.

2013-cü ildə Molla Ömərin ölümündən sonra hakimiyyət uğrunda bir çox səhra komandirləri, xüsusən də Əbdül-Kayum Zakirlə mübarizə apardı. Taliban 2015-ci ilin iyulunda Molla Ömərin öldüyünü rəsmən təsdiqlədi. Axtar Mənsur Şuranın (Taliban hərəkatının ali qurumu) qərarı ilə onun varisi oldu ki, bu da taliblərin sıralarında parçalanmaya gətirib çıxartdı.

Bir sıra səhra komandirləri yeni lideri Pakistan kəşfiyyatının təsir agenti sayaraq, qəbul etmədilər.

talibler-1

 

Axtar Mənsurun dönəmində taliblərin hərbi uğurları

 

*Taliban hərəkatının döyüşçüləri 2015-ci il sentyabrın axırında Əfqanıstanın Tacikistan sərhədinin 70 km-liyindəki Kunduz şəhərini bir neçə günlüyə ələ keçirdilər. Şəhərə hücum 2001-ci ildən bəri taliblərin ən önəmli uğuru oldu.

*Taliban döyüşçüləri dekabrın 9-da Qəndəhar aeroportuna hücum təşkil etdilər. 50 nəfər – 38 mülki şəxs, 10 əfqan əsgəri və iki polis həlak oldu. Terrorçu dekabrın 21-də ABŞ SQ-nin Bahram aviabazasının yanında özünü partlatdı. Beş hərbçi həlsak oldu, altısı ziyan çəkdi.

*Talib təmsilçiləri 2016-cı il aprelin 12-də hökumət qoşunlarının mövqelərinə yaz hücumunun başlandığını elan etdilər. Hücumu Talibanın mərhum banisi Molla Ömərin şərəfinə “Ömər əməliyyatı” adlandırmaq qət edildi.

*Aprelin 19-da terrorçu kamikadzenin Kabildə təşkil etdiyi partlayışda 28 nəfər həlak oldu, 327 nəfər yaralandı. Taliblər həmləyə görə məsuliyyəti öz üzərlərinə götürdülər.

*Mayın 13-də 500-ə yaxın döyüşçü Əfqanıstanın mərkəz hissəsində Qor əyalətində mühafizə postuna hücum etdi. Güc təmsilçiləri ilə toqquşmada hücumçulardan 15-i öldürüldü, 20-i yaralandı.

*Mayın 21-də Bahram mahalında terrorçu-kamikadze partladıcı quraşdırılmış maşınla ABŞ SQ-nin ordu kolonuna pərçimləndi. Taliban həmləyə görə məsuliyyəti öz üzərinə götürdü və “xeyli qurban” haqda məlumat yaydı, lakin NATO-nun Əfqanıstan missiyası hərbçilərin həlakını təsdiqləmədi.

2015-ci ildə Əfqanıstanda hərbi əməliyyat və teraktlar nəticəsində, təxminən, 15 min nəfər həlak oldu. Bu, bir il əvvəlkindən dörd dəfə çoxdur.

Taliblər 2014-cü ildə cəmi dörd rayon mərkəzini ələ keçirdikləri halda 2015-ci ildə bu göstərici 24-ə qalxdı. Bəzi məlumatlara görə, Taliban hazırda Əfqanıstan ərazisinin üçdə birinə nəzarət edir.

Diqqətəlayiq daha bir məqam: Amerika rəsmiləri bu yaxınlaradək Talibanın Əfqanıstanda danışıqlar prosesinə cəlb edilməyinə bel bağlayırdı. Münaqişənin həllinin mümkün variantları içində hətta hakimiyyətin indiki hökumətlə taliblərin içindəki “mötədil ünsürlər”lə bölünməsi nəzərdə tutulurdu. Nizamlama yollarını yanvarda yaradılmış dördtərəfli qrup (ABŞ, Çin, Pakistan və Əfqanıstanın özü) çərçivəsində həll etmək planlaşdırılmışdı, lakin qrup sülhməramlı potensialını tam şəkildə gerçəkləşdirə bilmədi. Bu uğursuz səylərin əsas səbəblərindən biri Talibanın güzəştsiz yanaşımı oldu: rəhbərlik Molla Mənsurun başçılığı ilə güc həllinə üstünlük verdi. Nəticədə Vaşinqtonun səbir kasası dolub daşdı və taliblərin yolagəlməz liderindən yaxa qurtarmaq qərarı qəbul edildi. Dövlət katibi Con Kerrinin izah etdiyi kimi, Molla Mənsur “Əfqanıstanda ABŞ hərbçilərinə, həmçinin ölkə saklinlərinə birbaşa təhlükə yaradırdı”.

Onun sözlərinə görə, Taliban liderinin aradan qaldırılması üzrə əməliyyyatı prezident Barak Obama şəxsən sanksiyalaşdırıb. Molla Mənsurun öldürülməyinin nəticəsi talib rəhbərliyində münaqişənin kəskinləşməyi, potensial varislər arasında hakimiyyət uğrunda mübarizə ola bilər ki, bu da hərəkatı Kabillə mübarizədən bir müddət yayındırar və Əfqanıstan silahlı qüvvələrinə dinclik verər.

Bundan başqa, istisna olunmur ki, Taliban rəhbərliyi yeni tərtibdə daha mötədil və saziş qabiliyyətli çıxa bilər. Lakin ekspertlərin hamısı nikbin köklənməyib. Pakistan Təhlükəsizlik məsələlərinin araşdırılması mərkəzinin rəhbəri İmtiaz Qul "France-Presse" agentliyi ilə söhbətində xəbərdarlıq edir: “Eyni zamanda bir neçə liderlə iş görürsünüzsə, sülh cəhdləri ancaq çətinləşə bilər”.

Həm də əminlik yoxdur ki, Taliban lideri postunda Molla Mənsuru daha mötədil adam əvəz edəcək. Mümkün namizədlər içində hərəkatın banisi Molla Ömərin oğlu Molla Yaqubun, həmçinin Ömərin qardaşı Molla Əbdül-Manan Axundun, adları çəkilir. Daha bir iddiaçı Əfqanıstanda hökumət və Amerika obyektlərinə hücumların təşkilatçısı Siracuddin Həqqanidir. Bu adamların heç birini mötədil düşərgəyə aid etmək olmaz.

“Rusiya-Şərq-Qərb” strateji araşdırmalar və təhlil mərkəzinin direktoru Vladimir Sotnikov izah edir: “Barak Obama Molla Mənsuru aradan götürməklə ABŞ-ın Əfqanıstan siyasətinin dalana dirəndiyini iddia edən tənqidçilərinə cavab verir. O göstərir ki, Vaşinqton Kabildəki müttəfiqlərini taleyin ixtiyarına buraxmır və terrorizmlə mübarizəni davam etdirir”.

Ekspert eyni zamanda etiraf edir: “Bu addımın siyasi nəticələri çoxmənalı ola bilər. Əfqanıstanda siyasi dialoq ideyası sarsıdıldı, bütün tərəflər bir müddət gücə bel bağalaya bilər. Həm də Talibanın zəiflədilməsi ölkədə fəaliyyət göstərən digər radikal qruplaşmaların, birinci növbədə İŞİD-in işinə yaraya bilər”.

Ekspert daha bir məqama diqqət yönəldir: “Hər şeyə görə fikir yürüdəndə, Mənsura qarşı əməliyyat Pakistan tərəfi ilə razılaşdırılmadan aparılıb. Bu cür aksiyalar İslamabadda həmişə ağrılı qarşılanıb və bu, onsuz da tutqun Amerika-Pakistan münasibətlərini qəlizləşdirə bilər”.

Dövlət katibi Con Kerrinin sözlərinə görə, pilotsuzun taliblərin liderinə zərbəsi haqda Pakistanın baş naziri Nəvaz Şərifə telefon söhbətində məlumat verib.

Bununla belə, ABŞ administrasiyasını digər təmsilçilərinin açıqlamaları aydınlaşdırır: bu, hadisədən sonra baş verib…

 

Strateq.az