XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

26 May 2016 - 10:24

Türkiyənin Böyük Birlik Partiyasının rəhbəri Mustafa Destiçi:"Ərdoğan tamamilə özünə tabe olan baş nazir arzu etdi" - MÜSAHİBƏ

mustafa-1

Türkiyənin Böyük Birlik Partiyasının rəhbəri Mustafa Destiçi son günlər qardaş ölkənin siyasi həyatında baş verən məsələlərlə bağlı Strateq.az-a müsahibə verib. 

 

– Mustafa bəy, bu günlərdə Türkiyədə tarixi hadisələr baş verməkdədir. Binali Yıldırım baş nazir postuna gətirildi. Davudoğlu isə AKP sədrliyindən və baş nazir postundan istefa verdi. Bunlarla bağlı sizin şərhinizi eşitmək maraqlı olardı? Türkiyədə nə baş verir?

– Biz bir müxalifət partiyası olaraq “bu, AKP-nin öz daxili işidir” – deyib keçə bilərdik. Amma baş nazir postu olduğu üçün o, bir az əskik qalardı. Çünki bu, bütün Türkiyəni maraqlandıran bir mövzudur. Bununla bağlı fikirlərimizi Türkiyədə də bildirmişdik. Biz Türkiyənin daha da demokratikləşməsini istəyən bir siyasi təşkilatıq. Konstitusiyaya görə, prezidentin partiya ilə əlaqəsini kəsməsi lazımdır. Amma Ərdoğan bunu etmədi. Partiya ilə əlaqəsini rəsmi olmasa da, normal şəkildə davam etdirir. Davudoğlu da konqresdəki çıxışında bu qərarı öz istəyi ilə deyil, Ərdoğanın istəyi ilə verdiyini, özünə də haqsızlıq edildiyini bildirdi. Biz Ərdoğanla Davudoğlu arasındakı anlaşmazlıqların, fikir ayrılıqlarının olduğuna inanırıq. Ərdoğan tamamilə özünə tabe olan, onun siyasətinə uyğun hərəkət edən bir baş nazir arzu etdi və yeni baş nazir Binali Yıldırımı da bu profilə uyğun gördü. Bu dəyişiklik sadəcə onun istəyidir.

– Yəni, Ərdoğan Gülü və Davudoğlunu istədiyi kimi yönəldə bilmədiyindən onlarla yollarını ayırdı…

– Bəli, 100 faiz tamamilə belədir. Ərdoğan bələdiyyə başçısı olandan bu yana Binali Yıldırım onunla birgə fəaliyyət göstərən biridir.

– Vəziyyət bundan sonra necə olacaq? Yenə də fikirlər toqquşarsa, yaxın gələcəkdə baş nazirin dəyişə bilmək ehtimalı ola bilərmi?

– Bunu indidən söyləmək doğru olmazdı. Uyğunluq, uyğunsuzluq da ola bilər. Uyğunsuzluq ola biləcəyinə inanmıram. Çünki bayaq da dediyim kimi, Ərdoğan Bələdiyyə başçısı olandan onlar birlikdə çalışıblar.  Davudoğlu iddiası olan biri idi. Amma Yılıdırımın elə bir iddia ortaya qoyduğunu hələ ki görmürük.

– Türkiyədə Prezident Respublikası modelinin tətbiqi perspektivini necə görürüsünüz? Bu yanaşma nə dərəcədə zamanın tələbinə, ölkəninin milli maraqlarına cavab verir?  Bu modelin tətbiqinə doğurdanmı ehtiyac var? Yoxsa bir çoxlarının idda etdiyi kimi, Ərdoğanın şəxsi ambisiyalarından doğur?

– Ərdoğan prezident olaraq ilk dəfə xalq tərəfindən seçildi. Buna görə də, bizdə icra hakimiyyətinin – səlahiyyətin başında baş nazir dayanır. Amma Ərdoğan xalqın seçməsinə görə “mən xalqdan səlahiyyət aldım, buna görə bu səlahiyyətləri də mən həyata keçirməliyəm” fikirindədir. Konstitusiyaya görə, bu, belə deyil. Amma parktikada bu cür tətbiq olunur. Zatən bunun üçün də Ərdoğan Konstitusiyanı dəyişdirib prezidentlik sisteminə keçməyi planlaşdırır. Bunu da Türkiyə Böyük Millət Məclisi vasitəsilə edə bilməyəcəyini görüncə, “partiyalı prezident” modeli ortaya atıldı. Buna məcbur edəcəklərini düşünürəm. Amma hazırda Türkiyə Böyük Millət Məclisinin tərkibinin buna çox uyğun olmadığını görürlər. Buna görə də Türkiyədə erkən seçkilər ola bilər.

– Bu modelin tətbiqinə ehtiyac varmı?

– Bizə görə buna ehtiyac yoxdur. Biz sistemin dəyişməsini istəyən bir partiyayıq. Mövcud sistemin də əskikləri, səhvləri var. Biz bunun dəyişməsini istəyirik. Amma bu şəkildə yox. Prezidentlik ola bilər. Ya da parlament sistemi daha da yaxşılaşdırıla bilər. Biz bunu mübahisə edə, danışa biləcəyimizi deyirik. Düşünürəm ki, Türkiyə bir az da belə gedəcək.

– Türkiyə parlamenti AKP-nin təşəbbüsü ilə millət vəkillərinin toxunulmazlığını məhdudlaşdırdı. Bu addım dünyada birmənalı qarşılanmadı və Türkiyə demokratiyasına zərbə vuracaq addım kimi dəyərləndirildi? Böyük Birlik Partiyası bu məsələdə hansı mövqedən çıxış edir?

– Biz əvvəldən də millət vəkillərinin toxunulmazlığının məhdudlaşdırılmasının tərəfdarıydıq. Xüsusilə də PKK-ya dəstək verən, onların askiyalarına qatılan millət vəkillərinin toxunulmazlıqlarının götürülməsini istəmişdik. Bu qərardan da indi çox məmnunuq. Çünki bir millət vəkili terrorçunun cənazəsinə gedə, terrorçuya dəstək verə  bilməz. Əgər bunu edirsə, o, millət vəkili deyil. Avropada da azadlıqlar baxımından baxdığınız zaman tribunadan danışmaqdan başqa, digər günah etmək sərbəstliyi niyə olsun ki millət vəkilinin? Millət vəkilidir deyə, ona qeyri-hüquqi, qeyri-qanuni işlər görmək hüququ verilmir. Amma söz demək haqqı, tribuna verir. Günah işlədirsə, gedib məhkəmədə bunun hesabını versin. Avropanın həssaslığı PKK-lı millət vəkilləri ilə bağlıdır. Digərləri Avropanın vecinə deyil. İlk başdan onlar PKK-nın arxasında dayanırlar. Türkiyədə PKK-nı gücləndirən Avropa oldu.

– Son zamanlar AKP iqtidarını daha çox demokratik dəyərlərə, ənənələrə  laqeyd yanaşmaqda,  Respublika irsinə laqeyd yanaşmaqda günahlandırırlar. Bu ittihamların əsası varmı?

– Bu, doğru deyil, AKP 14 ildir Türkiyəni istiqamətləndirir. Bütün söylənilən iddiaları boş çıxardı. Yəni 14 il əvvəl Türkiyə hansı rejimlə istiqamətlənirdisə, bu gün də eyni qanunlarla istiqamətləndirilir. Buna görə də xalq nə istəyirsə, onun olması lazımdır. Əvvəldən çox ciddi qanunlar vardı. Layiqlik və Atatürkçülük adıyla dindar kütlə əzilirdi. Baş bağlamaq qadağan edilmişdi, "İmam Hatip məktəbləri" bağlanmışdı, oranın məzunları dövlət qulluğuna götürülmürdü. AKP bunları aradan götürdü və bu da düzgün idi.  Yəni xalq arasındakı ayrı-seçkiliyə son qoyuldu.

– İndi də zorla başları bağlanılır kimi müşahidə olunur…

– Yox, elə bir şey yoxdur. Çünki AKP daxilində başı açıq olanlar da var. 

– Sizcə, Ərdoğan başda olmaqla 14 ildir Türkiyə doğru, yoxsa səhv istiqamətləndirilir?

– Səhvlər də, doğrular da var. Doğrulara doğru deyib dəstəkləyirik, səhvlərə də açıq olaraq deyirik ki, bunlar səhvdir. Məsələn, biz Türkiyənin Suriyaya qarşı siyasətinin səhv olduğunu bildirmişik. Xarici siyasətdə bir çox səhvləri var. Terrorla mübarizəsi, çözüm prosesi səhv idi və bu səhvin bədəlini  Türkiyə olaraq ağır bir şəkildə ödəyirik. Daha çox demokratik addımlar atması lazım idi, buna imkanı vardı, amma atmadı. İqtisadiyyatı daha da inkişaf etdirə bilirdi, bunları da edə bilmədi.  Bir çox əskiyi var. Amma ən böyük əskiyi, bacarıqsızlığı Suriya, İraq məsələsi başda olmaqla, xarici siyasətdədir.  Eyni zamanda istəsəydi, bu günə kimi Konstitusiyanı sivilləşdirə, daha demokratik Konstitusiya edə bilərdi, amma bunu da etmədi. Bizə görə bir əskiyi də türkdilli ölkələrlə daha sıx əlaqələr qura bilməməsidir. Bu məsələdə də geri qaldığını düşünürük. PKK-yla oturub bazarlıq etdilər. Biz bu addımın səhv olduğunun, sonunun pis nəticələnəcəyini dedik, amma onlar buna getdi. 

– PKK-dan söz düşmüşkən, kürd probleminin həlli ilə bağlı Türkiyədə aparılan müzakirələr Azərbaycanda da diqqətlə izlənilir.  Hazırda PKK ilə faktiki müharibə vəziyyəti hökm sürür. Barış səyləri isə gözlənilən nəticələri vermədi.  Böyük Birlik Partiyası hansı təkliflərlə çıxış edir? Ümumiyyətlə, Türkiyə üçün bu taleyüklü məsələ ilə bağlı baxışlarınız necədir?

– Biz PKK ilə bütün gücümüzlə mübarizə aparılmasını, onun bitirilməsini istəyirik. Hökumət bunu edə bilmədi, əskik etdi. Bazarlıq edərək, müzakirə edərək, masaya oturmaqla bu iş çözülməz. Çünki PKK öz ağlıyla hərəkət etmir, Avropanın ona verdiyi strategiya ilə hərəkət edir. Buna görə də PKK-nı Avropa, Rusiya, ABŞ, İsrail PYD üzərindən dəstəkləyir. Yəni 30-ya yaxın ölkə dəstəkləyir, ağır silahlar verir.  Buna görə də bütün bu xarici dəstəyinin kəsilməsi lazımdır. Təhlikəsizlik tədbirlərinin daha da yüksək səviyyəyə qaldırılmasına ehtiyac var.

– Yuxarıda dediniz ki, xarici siyasətdə, xüsusilə də Suriya məsələsində hazırkı iqtidar səhvə yol verib.  Ankaranın Suriya, Yaxın Şərq məsələlərində yanlışlığa yol verdiyi, bir çıxılmazın içinə girdiyi düşüncəsində olanlar da var. Sizcə, bundan sonra Suriyaya yönəlik siyasətdə dəyişikliklər ola bilərmi?

– Bu məsələdə əvvəldən səhvlərə yol verildi. Dövlətlərdə belədir ki, xarici siyasətdə ölkə, bölgə mənfəət nəyi tələb edirsə, bu məsələ müzakirə edilə bilər. Əvvəldən bizim Rusya ilə yaxşı münasibətlərimiz var idi, indi isə gərgindir. Sabah bu münasibətlər yenə düzələ bilər. Bunu düşmənliyə qatmaq lazım deyil. Suriya ilə bağlı bəlkə də Türkiyə yaxşı niyyətlə bu siyasəti yürütdü, amma sonda ABŞ, Avropa tərəfindən yalnız, tək qoyuldu. Türkiyəni qandırdılar, verdikləri sözü tutmadılar. İndi orada ən böyük bədəli Suriya və Türkiyə ödəyir. Bir yandan da PKK sərhəddə PYD adıyla dövlət qurdu. Buna görə də, Suriyaya qarşı əvvəlki münasibəti dəyişmək lazımdır.  

– Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər, Ankara-Brüssel əlaqələrinin  yenidən canlanması da diqqət mərkəzindədir. Ankara Brüssel əlaqələrinin perspektivini necə görürüsünüz? AKP iqtidarının bununla bağlı siyasətini necə dəyərləndirmək olar? 

– Avropa Türkiyəyə qarşı həmişə yaxşı niyyətdə olmayıb. Türkiyəni həmişə aldatdı, verdiyi sözlərin çoxunu yerinə yetirmədi. Türkiyəyə qarşı ikiüzlülük edir. Biz Avropanın Türkiyəyə verdiyi sözlərinin yerinə yetirməsini gözləyirik.

– Mustafa bəy, son olaraq, Azərbaycan – Türkiyə münasibətlərini necə dəyərləndirisiniz?

– Hazırda isti bir mühit var. Biz bunun bütün sahələrdə daha da inkişaf etməsini istəyirik. Türkiyənin Azərbaycana daha güclü, açıq dəstək verməsni müdafiə edirik. Xüsusilə də, Ermənistanla bağlı münasibətlərdə görmək istəyirik. Tükiyənin bunu daha yüksək səslə dilə gətirməsini arzu edirik. Zatən Ermənistana qarşı embarqo var, sərhəd bağlıdır. Türkiyə Qarabağ münaqişəsinin başa çatmadan Ermənistanla heç bir əlaqə qurmayacağını açıqlayıb. Bunu daha da dəqiq, güclü bir şəkildə həm Ermənistana, həm də bütün dünyaya söyləməsi lazımdır. Əgər müharibə başlayarsa, Türkiyənin qardaş Azərbaycana lazım olan silah, əsgər, maddi, mənəvi və s. dəstəyin verilməsinin tərəfdarıyıq. Çiyin-çiyinə yanında olmasını istəyirik. Hətta cəbhəyə də gedərik.

 

Söhbətləşdi: Laçın SƏMLA

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə