XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 May 2016 - 09:17

“Qaynar Qazan”da Emin Milli:"Hökumətin repressiya və təzyiqləri bizə yalnız kömək edir"

Emin Milli: “Mən Berlində otura-otura nəyə görə mənə ölüm hədəsi göndərirlər?”

 

DSC00148

Helsinkidə görüşdüyümüz və “Qaynar Qazan” üçün müsahibə götürdüyümüz jurnalistlərdən biri də Meydan TV-nin rəhbəri Emin Milli oldu. Onunla Meydan TV-dən və onun iş rejimindən danışdıq. Eminlə azad sözün indiki halını həm də hakimiyyətin müstəqil mətbuata amansız təzyiqləri fonunda müzakirə etdik. Biz müsahibə götürəndə Xədicə İsmayıl hələ həbsdə idi və ona görə də Emin Milli fikirlərini əsasən, o prizmadan səsləndirib. Amma Xədicə İsmayılın həbsdən buraxılması da hələlik şəraiti dəyişdirməyib. Azərbaycanda problemlər qalır, Meydan TV-yə cinayət işi öz qüvvəsindədir, bəzi əməkdaşlarına ölkədən çıxmağa qadağa qoyulub və s.

Danışmağa o qədər meylli deyil. Meydan TV olaraq heç bir ciddi proqramlarının olmadığını dedi. Yalnız yaşamaq və Meydanı yaşatmaq. Hər halda, azad mətbuatın önəmli qalalarından biri kimi Emin Millinin bu müsahibəsi maraqlı məqamlarla yadda qalır. Məsələn, onun jurnalistikaya gəliş tarixi də özünün danışığı fonunda maraqlıdır. Sən demə, Emin Milli Elmar Hüseynovun qətl edilməsindən sonra jurnalistikaya gəlməyə qərar verib və “Əsgər ölümlərinə son” aksiyalarından sonra da bu ölkədə azad mətbuat uğrunda mübarizənin çətinliyini başa düşərək ölkəni tərk edib. İndi də uğurla Meydan TV-nin işini təşkil etməkdə davam edir.

Hər halda Emin Milli kənarda fəaliyyət göstərən azad söz daşıyıcılarından biridir. “Kənardan baxana döyüş asan gəlir” misalının ona heç bir aidiyyatı yoxdur. O, tam döyüşün mərkəzindədir. Qoy həmişə elə olsun və heç bir zaman ədalət tərəzisini pozmasın. O tərəzi pozulmadıqca, azadlığın gücünə güc çatmaz.

“Qaynar Qazan”ın 18-ci qonağı hazırda Almaniyada gəaliyyət göstərən Meydan TV-nin rəhbəri Emin Abdullayev Millidir. Dinləyək…

 

Əvəz Zeynallı

 

Söz azadlığı uğrunda həbsə getmişik

DSC00141

– Bu gün Beynəlxalq Mətbuat Azadlığı Günüdür. Xoş oldu ki, biz Helsinkidə “Meydan” Televiziyasının rəhbəri ilə görüşdük. Sizi salamlayırıq. “Qaynar Qazan”da istədik ki, qısa da olsa, formata uyğun olmasa da, bir söhbət edək. Çünki bu gün həm də söz azadlığı günüdür. Nə düşünürsünüz, nələri hiss edirsiniz bu gün?

 

– Söz azadlığı bizim üçün ən doğma dəyərdir. Onun uğrunda biz həbsə getmişik. Bizim dostlarımız, bizim üçün çox yaxın insanlar cəmiyyətdə söz azadlığının əslində bərqərar olması üçün çox çalışıblar. Bu gün də çalışırlar. Bu gün də bu mübarizənin çox önəmli günlərindən biridir. Çünki bildiyiniz kimi, YUNESCO-nun Guellermo Cano Fondunun təqdim etdiyi mükafat Xədicə İsmayıla veriləcək. Xədicə özü çox təəssüf ki, həbsdədir (Xədicə İsmayıl Ali Məhkəmənin 25 may tarixli qərarı ilə artıq azadlığa buraxılıb – Red.). Ona görə də Xədicənin anası Elmira xanım bu gün axşam bu mərasimdə çıxış edəcək. Xədicənin adından onun həbsdən yazdığı məktubu burada oxuyacaq. Mənə elə gəlir ki, bu, Xədicənin simasında həm də Azərbaycanda söz azadlığı uğrunda mübarizə aparan, bu günə qədər çalışmış, mübarizə aparmış insanların çox böyük bir uğurudur. Onların apardıqları mübarizənin dünya səviyyəsində tanınmasının vacib bir məqamıdır – hətta mən hesab edirəm ki, bu söz azadlığından da… Mən bilirəm ki, söz azadlığı bizim və istənilən cəmiyyətin fundamental azadlığlarından biridir. Söz azadlığı olmadan, hansısa məsələlər – müstəqil məhkəmələr, müstəqil mətbuat və hakimiyyətin xalqa verə biləcəyi heç nəyi əldə etmək mümkün deyil. Bu gün Xədicə İsmayıla təqdim olunan Guellermo Cano mükafatı əslində Azərbaycanda söz azadlığı uğrunda mübarizə aparan, söz azadlığına görə həbs olunan insanların timsalını ifadə edir.

 

– Yəni Azərbaycanın azad sözünə verilən mükafatdır.

 

– Bəli.

 

– Meydan TV-də baş verən proseslərə münasibətiniz çox maraqlıdır. Azərbaycanda Meydan TV ilə başlı cinayət işi açılıb. Onun əməkdaşlarına ölkədən çıxmaq üçün qadağalar qoyulub. Bütün bunlar nə ilə bağlıdır?

 

– 2014-cü ilin dekabrında biz Meydan TV-nin ofisini bağladıq. Anladıq ki, artıq polis hər an girib, Meydan TV-nin bütün avadanlıqlarını müsadirə edə bilər. Ona görə də biz özümüz əvvəlcədən hər şeyi xaricə çıxardıq və ofisi bağladıq. Mən hesab edirəm ki, o vaxt biz çox düzgün hərəkət elədik. Professional jurnalistlərimizin də hamısı xaricdədir. Ölkənin daxilində qalanlar isə sadə vətəndaşlardır, hansılar ki, bizə materiallar veriblər.

 

Bizim Azərbaycanda heç bir rəsmi işçimiz yoxdur

DSC00312

– Yəni demək istəyirsiniz ki, Meydan TV-nin heç bir əməkdaşı bu gün Azərbaycanda deyil?

 

– Ola bilsin ki, bizə kimsə video çəkib, xəbər verib və s.

 

– Yəni deyirsiniz ki, onlar sizin əməkdaşlarınız deyillər?

 

– Yox. Bizim heç bir rəsmi işçimiz Azərbaycanda qalmayıb. Biz xarici təşkilatıq. Ona görə də Meydan TV-yə qarşı cinayət işinin açılmasının özü bir qədər absurd bir məsələdir. Çünki Meydan TV Azərbaycanda olan hansısa hüquqi şəxs deyil. Əgər Azərbaycan hökuməti və yaxud da Azərbaycan Respublikasının Baş Prokurorluğu hesab edirsə ki, Meydan TV-yə qarşı cinayət işi açılmalıdır, o zaman buyursunlar, Almaniyaya gəlsinlər, orada da məhkəmə var, bizi versinlər məhkəməyə və sənədlər əsasında Almaniya məhkəməsində sübut eləsinlər ki, Meydan TV hansısa qanunları pozub, hansısa qanunların qarşısında cavab verməlidir. Biz buna hazırıq.

 

Biz bu yola çıxanda bilirdik ki…

DSC00149

– Emin bəy, sizə və Günel Mövluda qarşı həm də ciddi təzyiqlər var. Yaxınlarınıza da hədə-qorxu gəldilər, həbs elədilər. Bu məsələdə qohumlarınızla, yaxınlarınızla vəziyyət nə yerdədir?

 

– Çox təəssüf ki, Azərbaycanda jurnalistlərin, siyasətlə məşğul olan şəxslərin, fəalların tək özlərinə qarşı deyil, onların yaxınlarına, qohumlarına təzyiq göstərilir. Bu, Azərbaycan üçün, bizim hamımız üçün çox utanc gətirən bir faktdır. Amma bu, bizim reallığımızdır. Biz bu yola çıxanda bilirdik ki, həm bizim özümüzə, həm də yaxınlarımıza qarşı təzyiqlər olacaq. Amma onu da yada salmaq lazımdır ki, Xədicənin Azərbaycanda jurnalistikanın çox təhlükəli sferası olan araşdırma yazılara başlaması, məhz Elmar Hüseynov öldürüləndən sonra oldu. Şəxsən mən özüm 2005-ci ildə Elman Hüseynov qətlə yetiriləndən sonra o gün özümə söz verdim ki, əgər onlar bunu Azərbaycanda azad sözü boğmaq üçün edirlərsə, cəmiyyəti bununla qorxutmaq istəyirlərsə, bu sferadan çox uzaq olan bir insan olmağıma baxmayaraq – mən özüm hüquqşünasam…

 

– Və mətbuatda da yox idiniz…

 

– Bəli, yox idim. Azərbaycanın media sferasında da yox idim. Amma mən bir vətəndaş kimi anladım ki, əgər jurnalistləri Azərbaycanda öldürürlərsə, o biri jurnalistlər də həqiqəti yazmaqdan qorxurlarsa, deməli, başqa vətəndaşlar, o öldürülən, o həbs olunan jurnalistlərin yerini tutmalıdırlar. Ona görə, istər Xədicə, istər mən, istər bizim bu sferada çalışan saysız-hesabsız gənc jurnalistlər həm də ona görə bura gəlirlər ki, heç nəyə baxmayaraq, Azərbaycan cəmiyyətini azad söz uğrunda əbədi olaraq mübarizə aparan insanların olacağını sübut eləsinlər… Ona görə kiminsə həbsi, kiməsə hədə-qorxu bizə qarşı prosesi dayandıra bilməz. Nəinki dayandıra bilməz… Meydan TV-yə qarşı bu, heç də ilk hücum deyil. Yəni cinayət işinin açılması bizim işimizdə yaradılan ilk problem deyil. Bilirsiniz ki, Azərbaycan hökumətir  bi müddət əvvəl məni ölümlə hədələmişdi. Bilirsiniz ki, 20-dən çox qohumumuzu məcbur elədilər ki, bəyanat imzalasınlar və məndən imtina edib, prezidenti dəstəkləsinlər. Çünki artıq bizim bəzi qohumlarımızı həbs etmişdilər və qorxudurdular ki, onları da həbs edəcəklər. Bütün bunlara baxmayaraq, hər dəfə bizə belə bir hücumlar olanda mən həmişə deyirdim ki, mən Azərbaycan hökumətindən rəsmi qaydada, səmimi olaraq xahiş edirəm ki, bu metodlara əl atmasınlar. Çünki hər dəfə belə metodlra əl atanda bizim işimiz və auditoriyamız daha da böyüyür, daha da genişlənir. Bizə verilən dəstək – həm Azərbaycandan və həm də ondan kənarda daha da artır. 

 

– Elə olur, eləmi?

 

– Yəqin ki, sizin də qohumlarınız, yaxınlarınız, iş kolleqalarınız  var. Bilirsiniz ki, hər yerdə, regionlarda da Meydan TV-ni tanıyırlar, izləyirlər, baxırlar, oxuyurlar, yayırlar. Ona görə də mən hesab edirəm ki, bununla Azərbaycan hökumətinin repressiyalarının bu şəkildə bizə qarşı aparılmasında onlar da öz töhvələrini verirlər və bizim güclü olmağımızda, daha da geniş kütlələrə öz informasiyalarımızı ötürə bilməmizdə Azərbaycan hökuməti hər bir repressiya ilə, bizə yönələn hər bir təzyiqlə bizə yalnız kömək eləmiş olur.

 

Çox təəssüf ki, yeganə çıxış yolu bu işi xaricdən qurmaq idi

DSC00145

– Azərbaycanda fəaliyyət göstərməklə, ondan kənarda fəaliyyət göstərməyin nə kimi fərqi var? Siz yəqin ki, bunu indi hiss edərsiniz…

 

– Bilirsinizmi, sözsüz ki, biz istəməzdik ki, Azərbaycandan kənarda fəaliyyət göstərək. Amma Azərbaycanda vəziyyət elə idi ki, 2013-cü ildə mən artıq 2 dəfə həbsdə olandan sonra – mən bir dəfə il yarım həbsdə oldum, ikinci dəfə isə, hərbi xidmətdə əsgərlərin “dedovşinalar” tərəfindən döyülməsi və onlara qarşı zor tətbiq edilməsi ilə bağlı vətəndaş cəmiyyətinin bir çox üzvləri ilə birlikdə aksiya təşkil etmişdik. İlk dəfə idi ki, aksiyanı siyasi partiyalar deyil, məhz geniş mənada vətəndaş cəmiyyəti təşkil etmişdi. Həmin etiraz aksiyasında məni yenidən 15 gün müddətinə azadlıqdan məhrum elədilər. Oradan çıxandan sonra, mən düşünməyə başladım ki, biz necə işimizi qura bilərik? Neyləyə bilərik ki, Azərbaycan polisi, Azərbaycan hökuməti azad və müstəqil medianın fəaliyyətini dayandıra bilməsin. Çox təəssüf ki, yeganə çıxış yolu bu işi xaricdən qurmaq idi. Amma xaricdə bu işi qurmaq da o demək deyil ki, biz bir yerdə oturub, iki-üç disident bir-birimizlə danışırıq, işləri həll edirik.

 

Əgər hökumət ölkədə imkan yaratsa

DSC00147

– Belə bir atalar misalı var ki, kənardan baxana döyüş asan görünür. O mənada işləriniz çoxdur. Amma o deyil ki? Siz yəqin burada çox rahatsınız ki, kimsənin artıq sizə təzyiq etmək gücü yetməz. Almaniya Azərbaycandan fərqlidir bu mənada…

 

– Mənə bununla bağlı suallar verəndə hər zaman deyirəm ki, bizim işimizin, fəaliyyətimizin nəticəsidir  ki, onun dəyərini bizim hökumətimiz verib. Düşünürəm ki, mən Berlində otura-otura onlar nəyə görə mənə ölüm hədəsi göndərirlər? Və yaxud da əgər, bilirsiniz ki, hökumətə yaxın bir çox medialar 3 il ərzində gecə-gündüz yazırlar ki, Meydan TV oxunmur, ona baxılmır, bu mənasız bir layihədir, heç kimə də lazım deyil. Yaxşı, bu qədər mənasız layihədirsə, o zaman niyə gördüyümüz hər hansı işə görə bizi öldürmək, həbs etmək, Meydan TV-ni bağlamaq istəyirsiniz? Yaxşı, əgər biz yoxuqsa, çox mənasız layihəyiksə, heç bir iş görmürüksə, qorxub xaricə qaçmışıqsa, o zaman niyə bizə bu qədər təzyiq var? Əslində, müasir dünya elə formalaşıb ki, sənin harada olmağın o qədər də əhəmiyyətli deyil. Əslində, sənin nə iş görməyin və hansı mövqe sərgiləməyin önəmlidir. Biz insanlara həqiqəti çatdırmaq istəyirik. Hətta mən hesab etmirəm ki, biz hökumətə qarşı bir layihəyik. Biz sadəcə olanı göstərməyə çalışırıq. Əgər hökumət ölkədə imkan yaratsa, biz daha çox və daha rahat işləyə bilərik. Cəmiyyətə daha çox həqiqətləri göstərə bilərik. Amma çox təəssüf ki, belə bir şərait yoxdur. Ona görə, biz məcburuq ki, ölkənin xaricində işləyək – bizim bu işləri görməyimiz üçün bir ofisin olması vacibdir. Jurnalist də yazıları yazmaq üçün bir yerdə oturmalıdır, işləməlidir və s. Əgər iş gördüyün yerdə polis gəlib ofisi dağıdırsa, jurnalist necə rahat oturub obyektiv informasiya verə bilər? Verə bilmir axı. Amma ölkənin daxilində də sözsüz ki, bir çox vətəndaşlar bizə məlumatlar göndərirlər. Media işində özünüz də çalışırsınız, özünüz də yaxşı bilirsiniz ki, biz hökumətin hansı məlumatları yaymasına baxırıq və onu yoxlayırıq, dəqiqləşdirmək üçün müvafiq orqanlara zəng vururuq. Xaricdən də Azərbaycanla əlaqə saxlamaq mümkündür. Skaypla danışmaq da mümkündür.

 

Müdafiə Nazirliyi 32, biz 90 şəhidin adını verdik

DSC00146

– Yəni hər məlumatı burada olsanız belə dəqiqləşdirirsiniz?

 

– Mütləq. Aprelin əvvəlində, 3-4 günlük müharibə vaxtı Meydan TV müharibədə həlak olan əsgərlərin siyahısını verdi. Biz uzun müddətdir ki, orduda gedən prosesləri işıqlandırırıq. Bu, böyük bir problemdir. Cəmiyyət üçün də ən ciddi məsələlərdən biridir. Məlumdur ki, çox insanın yaxınları, əzizləri, qohumları hərbi xidmətə gedir. Əsgərlikdə 100 nəfər adam ölürdüsə, onun 70-75-i Ermənistan Silahlı Qüvvələrinin güllələdiyi əsgərlər yox, Azərbaycan ordusunda baş verən “dedovşina” qaydalarının, komandirlərin əsgərləri alçaltmağının nəticəsində ölürdü. Biz bunu işıqlandırırdıq. Amma müharibə vaxtı, artıq insanlar bizi tanıyıb etibar edirdilər, ona görə də o insanların ailələri, o əsgərlərin dostları bizə bütün o məlumatları, şəhidlərin adlarını və şəkillərini göndərirdilər və bilirdilər ki, biz onu yayacağıq. Amma siz fikir verin, Müdafiə Nazirliyi məlumat verəndə ki, 32 nədər həlak olub, biz 90 nəfərdən çox şəhidin adını verdik. Bu isə rəsmi rəqəmlərdən 3 dəfə çox idi. Müdafiə Nairliyi bu məlumatı qapalı saxlamağa çalışsa da, biz bir-bir şəhidlərin hamısının adını verdik. Hökumətə yaxın media çalışdı ki, bizim bu işimizə kölgə salsın. Desinlər ki, kimsə əslində sağdır, biz onu həlak olan əsgər kimi vermişik. Nə qədər çalışsalar da, bir dənə də osun, fakt ortaya qoya bilmədilər. Nə “link”, nə də “screen shot” qoya bildilər. Yalan məlumat yayaraq, çalışdılar ki, bu məqamı qabartsınlar. Halbuki, əgər bir fakt belə aşkarlaya bilsəydilər, bütün günü dövlət mətbuat orqanları bu haqda məlumatlar yayacaqdılar. Yalan məlumatı biz yaymırıq. Biz olanı göstəririk. Bunun üçün də çalışırıq. Ona görə də insanlar bizə inanır, etibar edirlər. Ona görə biz populyarıq. Ona görə də bu söz azadlığının qarşısını almaq mümkün deyil. Bəzən sual verirlər ki, yaxşı, əgər interneti kəssələr, Şimali Koreya olsaq, o zaman necə olacaq? Mən onlara cvab verirəm ki, əgər internet olmasa, ondan da yaxşı nəsə alternativ olacaq. O zaman da biz “samizdat”a keçəcəyik. Azərbaycanda tək informasiyanın olmaması problemi yoxdur. Azərbaycanda problem odur ki, həddindən artıq informasiya var. Belə deyək, bunlar informasiyanı ləğv elədikcə, məlumat mənbələrini azaltdıqca, insanlar daha çox informasiya almaq istəyəcəklər. Biz sabah “samizdat” – özünü nəşr yolu ilə qəzetlər buraxmağa başlayanda, onu daha çox adam oxumağa başlayacaq. Orada yazılanlara daha çox adam inanacaq. Ona görə də hökumət oturub düşünməlidir ki, XXI əsrdə bu siyasət Azərbaycan üçün, bu hökumət üçün yaxşı bir strategiya deyil.

 

Mümkündür ki, Azərbaycanı kimlərsə işğal eləsin

DSC00142

– Söz və ifadə azadlığını məhdudlaşdırmağın yolu yoxdur…

 

– Yox. Azərbaycan üçün bunu deyə bilmərəm. Ola bilər, Özbəkistan üçün, Türkmənistan üçün, Şimali Koreya üçün olsun. Amma Azərbaycanın Molla Nəsrəddin kimi, Mirzə Fətəli Axundov, bizim Həsən bəy Zərdabi, onun “Əkinçi”si, Nəsimi kimi kökləri var. Yəni bizdə söz azadlığı daha dərin köklərə bağlıdır. Bu, Azərbaycanda elə bir mübarizə sahəsidir ki, mümkündür ki, Azərbaycanı kimlərsə işğal eləsin, amma Azərbaycanda söz və ifadə azadlığını heç kim məhv edə bilməz. Bu, bizim ən böyük dəyərlərimizdəndir. Bu, hər zaman, həmişə də belə olacaq. Ona görə, Azərbaycan hökuməti gərək öz xalqını, öz tarixini dərindən öyrənsin ki, media sahəsində daha düzgün siyasət yürüdə bilsin. 

 

– Yaxın gələcəkdə nə kimi layihələriniz var?

 

– Açığını deyim ki, planımız yoxdur. Bizim hal-hazırda bir dənə məqsədimiz var ki, Meydan TV-də olan materialların keyfiyyətini daha da yaxşılaşdıraq. Yəni bir çox şeyləri əvvəlcədən demək çox çətindir. Xədicə İsmayıl kimi jurnalist həbsdədir, gənc jurnalistlər də savadlı və təcrübəli jurnalistlərin aqibətlərini görürlər və görürlər ki, Azərbaycanda müstəqil jurnalistlər həbs olunurlar, onlara qarşı təzyiq göstərilir, hədə-qorxu gəlinir, işlərindən azad edirlər, onların pul qazanmaq imkanları olmur, xaricə çıxmaq belə imkanları olmur, ona görə çox çətin bir şəraitdə çalışırlar. Biz istədiyimiz formanı yaratmağa çalışırıq. Çalışırıq ki, beynəlxalq birliklər yaradaq. Xarici jurnalistlərlə Azərbaycan jurnalistlərini bir araya gətirərək elə materiallar yaradaq ki, bu, həm Azərbaycan mediası üçün, həm xarici media üçün maraqlı olsun. Biz bu gün rus versiyamızı gücləndiririk. Çalşırıq ki, bir qədər də ingilis versiyamızı gücləndirək. Azərbaycan versiyası isə bizim üçün çox vacibdir. Bir daha deyirəm ki, bizə işləyən sadə vətəndaşlara – onlar bir çox hallarda mediadan çox uzaq insanlar olurlar – öyrətməyə çalışırıq ki, Meydan TV-də yayımlanan məlumatlar yalnız yoxlanılmış məlumatlardır, bir neçə mənbədən təsdiq olunmuş məlumatlardır. Bu, daha ağırdır. Biz buna görə daha az material veririk. Amma izləyicilərin bizə olan etibarı bizim üçün çox vacibdir. Ona görə çalışırıq ki, bizim materiallarımız daha etibarlı, daha yoxlanışlı, daha keyfiyyətli olsun. Əsas məqsədimiz budur.

 

– Çox sağ olun, sizə uğurlar.

 

– Çox sağ olun!

03 may 2016-cı il

Helsinki, “Finlandiya Hall”