XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 May 2016 - 02:17

Rusiyanın SSRİ məkanı üçün yeni Strategiyası:Azərbaycanı ABŞ-dan qoparmaq planı necə hazırlanır?

strateji

 

“Moskva Avrasiya İttifaqına daxil olmayan keçmiş postsovet ölkələrində sabitliyi dəstəkləməli və bu dövlətlərin Rusiyanın maraqlarına təhlükə yaradan digər ittifaqlara daxil olmasına imkan verilməməlidir”.

Strateq.az bildirir ki, bu sözlər  Rusiyanın xarici və müdafiə siyasəti üzrə Şurası tərəfindən xarici siyasətlə bağlı yeni dövlət Konsepsiyasına təkliflər kimi hazırlanan “Rusiyanın 2010-2020-ci illərdəki  xarici siyasəti üçün  STRATEGİYASI” adlı sənəddə yer alıb. Sənəd Xarici İşlər Nazirliyinə təqdim edilib.  

Strategiyada Rusiya diplomatiyasının yeni dünya reallığındakı fəaiyyəti təhlil olunur və tezislər verilir.

 

“Yeni siyasət lazımdır”

 

Sənəddə qeyd olunur ki, MDB effektiv olmasa da, sovet respublikalarının sivil şəkildə ayrılması üçün koordinator rolunu yerinə yetirdi. İndi onun qazanclarını və hazırkı formada saxlanması xərclərini qiymətləndirmək lazımdır: “Rusiyanın orbitində olan qonşu ölkələri əldə saxlamaq üçün etibarlı vasitə ölkənin iqtisadi inkişafıdır. Bu inkişaf həmin ölkələri maqnit kimi çəkərək, perspektivdə tərəfdaş ölkəyə çevirəcək”.  

Strategiyanın 5.2.4-cü bəndində qeyd olunur ki, postsovet məkanına istiqamətlənmiş hazırki xarici siyasətin oriyentirlərini yavaş-yavaş keçmişdə qoymaq lazımdır. SSRİ-nin dağılmasından 25 il ötüb və odur ki, nostalji ilə yaşamaq mənasızdır: “Yeni siyasət lazımdır. Belarusla İttifaq dövləti, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi formatında birlik postimperiya məkanının yaxın gələcəkdəki inteqrasiyası üçün maksimum platformadır. Bu birliklərə konkret maddələrlə məzmun verərək onları daha geniş (Avrasiya müstəvisində) siyasi-iqtisadi konfiqurasiyalı qurumlara çevirmək lazımdır”.

 

Ukrayna üçün “dondurulmuş münaqişə” planı

 

Sənəddə Ukrayna ilə də bağlı perspektiv təkliflər yer alıb. Strategiyada göstərilir ki, Ukrayna deqredasiyaya uğramaqda davam edəcək. Odur ki, Ukrayna faktorunun rus siyasətinə mənfi və yayındırıcı təsirini məhdudlaşdırmaq vacibdir: “Qərb ittifaqlarının Ukraynada, Rusiyanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən digər ölkələrdə və ərazilərdə genişlənməsini dayandırmaqla bağlı minimum proqram yerinə yetrilib. İndi məqsədyönlü şəkildə Minsk sazişinin yerinə yetirilməsinə nail olmaq lazımdır. Donbas problemi bu gün həllolunmazdır. Hələ ki, yarımmüstəqil, lakin Rusiyanın kömək etdiyi, formal cəhətdən isə Ukrayna ərazisi sayılan bir ərazinin mövcudluğu  əlverişlidir. Belə demək olarsa, “dondurulmuş münaqişə”. ​Ukraynanın iqtisadi inkişafı üçün avropalılar pul xərcləməlidir. Lakin onlar bunu etməyəcəklər. 3-5-8 ildən sonra Ukraynada yeni imkanlar və yeni çağırışlar yarana bilər. Ukraynada qiymətli kadrların Rusiyada işləməsi üçün aktiv siyasət yürüdülməlidir”.

 

“Rus marağını yeridəcək insanlara və  QHT-lərə birbaşa yardım proqramları hazıranmalıdır”

 

Daha sonra sənəddə rus dili və mədəniyyətinin xaricdə dəstəklənməsinın vaciblyi vurğulanır. Qeyd olunur ki, bu, təkcə dövlətin deyil, QHT-lərin də işidir: “Mənasız və bahalı təqdimetmə mərasimləri üçün subsidiyalar deyil, rus marağını yeridəcək insanların, QHT-lərin birbaşa dəstəklənməsi üçün yardım proqramları qəbul olunmalıdır. Keçmiş SSRİ və Rusiya imperiyası sərhədləri daxilində olmuş ölkələrdə rus dilinin genişləndirilməsi və dəstəklənməsi vacibdir. Xaricdə olan rus biznesi avtomatik olaraq öz biznes-planlarına humanitar layihələri,  məktəb, xəstəxanalara dəstək, tələbə təqaüdlərini daxil etməlidirlər”…  

Tezislərdə bildirilir ki, keçmiş SSRİ ölkələri ilə iş apararkən, prosesi daha çox qarşılıqlı təhlükəsiziyin təmin edilməsi səviyyəsinə keçirmək lazımdır: “Bunun üçün ötkəmliyi və lovğalığı bir kənara atmaq lazımdır. Çox vaxt müttəfiqlərə dəxli olan rus təşəbbüsləri bu ölkələrlə məsləhətləşmədən irəli sürülür”.

Sənəddə vurğulanır ki, qeyd olunanlar Rusiya xarici siyasətinin əsas məsələləridir və böhrandan tezliklə çıxmağı ehtiva edir. Yaşanan böhran ölkənin suverenliyini və dünyadakı uzunmüddətli mövqelərini təhdid edir. Odur ki, xarici siyasət cəmiyyəti səfərbərliyə almaqda kömək etməli, lakin əsas məqsəd olan iqtisadi, elmi-texniki intibahdan yayındırmamalıdır.

 

“İqtisadi siyasətini köklü şəkildə dəyişməsə Rusiyanı təhlükə gözləyir”

   

Strategiyada qeyd olunur ki, 2016-cı ildə SSRİ-nin dağılmasının və müasir Rusiyanın yaranmasının 25 ili tamam olur. Odur ki, bu 25 ilin təcrübəsini ciddi analiz etmək vacibdir: "Dünyanın hazırkı düzəni 20-ci əsrin ikinci yarasında mövcud olandan tamamilə fərqlənir".

Tezisləri hazırlayan ekspert qrupunun fikrincə, inkişaf etmiş ölkələr öz konfiqurasiyalarını dəyişəcəklər. Gec-tez onların sırasına Çin, bəzi ASEAN ölkələri və Hindistan daxil olacaq. İnkişaf etmiş dünyanın bir hissəsi isə sürətlə geri qalmağa başlyacaq. Belə tale Avropanın cənub və şərq ölkələrini təhdid edir. Əgər öz iqtisadi siyasətini köklü şəkildə dəyişməsə Rusiyanı da bu təhlükə gözləyir: “Çağdaş və gələcək dünyada münaqişələrin katalizatoru Yaxın və Orta Şərqdə xaos, qeyri-sabitlik, Afrikanın bir hissəsində, yaxın regionlarında islam ekstemizminin artması, terror, kütləvi miqrasiya olacaq”.

Ekspertlər qeyd edir ki, Avrasiya məkanında dövlətlərarası birliklərin keyfiyyət və kəmiyyəti optimal həddədir və genişlənmə tələb etmir. Bu birlikləri – Avrasiya İqtsadi Birliyini, KTMT-ni, Rusiya-Belarus İttifaq dövlətini möhkəmləndirmək və məzmunca doldurmaq lazımdır: “İqtisadiyyatın enməsi ilə bağlı olaraq Rusiya yaxın illərdə öz müttəfiqlərinə iqtisadi baxımdan dəstək verə bilməyəcək. Bütövlükdə müttəfiqləri subsidiya ilə ələ almaq artıq əhəmiyyətini itirib. Ukrayna təcrübəsi bunu əyani göstəridi. Kiyev Moskvadan 25 il ərzində ən aşağı qiymətlərlə qaz aldı (subsidiyaların ümumu məbləği 200-250 milyard dollar), ancaq bunun müqabilində nə təşəkkür, nə də loyallıq nümayiş edildi”.

 

"Avropada situasiyanı tənzimləyən yeni sənəd hazırlanmayıb"

 

Strategiya müəlliflərinin fikrincə, SSRİ-nin süqutundan və  “soyuq müharibə”dən sonra Avropada situasiyanı tənzimləyən yeni sənəd işlənib hazırlanmadığından, qitədə siyasi vakuum formalaşıb, Avropa vahid təhlükəszilik və əməkdaşlıq məkanına çevrilməyib: “Səbəbləri bunlardır: Qərbin Moskvanın öz təhlükəsizliyi üçün mühüm saydığı yerlərdə nufuz zonaları yaratmaq cəhdləri və ərazilərə nəzarət; Rusiyanın maraqlarını nəzərə almamaq istəyi;  25 il ərzində rus və digər avropalılar arasında ciddi və açıq dialoqun olmaması…”  

Ekspertlərin fikrincə, Rusiya reallığı nəzərə alaraq yeni qüvvələr balansında vasitəçilik etməklə terrorizmin, qeyri-sabitliyin və radikalizimin qarşısını almalı olacaq. Xüsusi tapşırıq isə nisbi sakitlik olan, lakin bu təhlükə qarşısında potensial davamsız olan dövlətləri – Əlcəzair, Misir, Tunis, Mərakeş, İordaniya, Səudiyyə Ərəbistanını dəstəkləmək, regional sabitliyin əsas mənbəyi ola biləcək İran və İsrailin  mövqeyini gücləndirməkdir: “Gecikməklə və böyük qiymət bahasına qərb strukturlarının Rusiyanın təhlükəsizliyi üçün mühüm olan ərazilərə olan ekspansiyasını dayandırmaq mümkün olur. Lakin balans tapmaq vaxt aparacaq”.

 

“Bizi Türkiyə ilə birbaşa qarşıdurmaya itələyəcəklər”

 

Sənəddə Avropa ilə Rusiya arasında gərginlyin uzunmüddətli olacağı bildirilir.  

Ekspetlər vurğulayır ki, Rusiyanı uzunmüddətli və çıxışı olmayan Yaxın Şərq probleminə sürükləmək təhlükəsi var: “Xarici qüvvələr ölkəmizi münaqişəyə, o cümlədən Türkiyə ilə birbaşa qarşıdurmaya itələyəcəklər. Təxribatların baş verməsi mümkündür”…

Tezislərdə bildirlir ki, Rusiyanın xarici siyasətində və cəmiyyətdə özünüdərketmə prosesi gedir. Bu, ənənəvi dəyərlərə yeni səviyyədə qayıdışdır. Son 300 ildə bura daha bir dəyər – “qüdrətli dövlət” dəyəri daxil edilib. 1980-90-cı illərdə bu dəyərdən imtina olunması uğursuz oldu: “1990-cı idəki iflasdan sonra rus elitası 2000-ci illərin bərpa dövründə gələcəyə istiqamətlənmiş milli inkişaf və islahatlar strategiyası işləyib hazırlamadı. Sovet elitasının 1960-cı illərin sonunda bunu hazırlayıb həyata keçirə bilməməsi SSRİ-nin dağılmasına gətirib çıxartdı. Ümumi strategiya olmadan, uzunmüddətli milli maraqlarsız xarici siyasət köksüzdür və uğursuzluğa məhkumdur.

Strategiyanın əsas nəticəsi və tövsiyəsi: Ölkənin strateji mövqelərinin möhkəmlənməsi, Rusiyaya “qüdrətli dövlət” statusunun qaytarılması”.

Sənəddə konkret siyasətdə isə bu prioitetlər təklif edilir:

– Dünyaya və Avropa İttifaqı ilə əməkdaşlıq üçün açıq olan Böyük Avrasiya Cəmiyyətininin yaradılmasına doğru istiqamət götürmək (Çin, Hindistan, İran, Cənubi Koreya və digər); 

– Rusiyanın gələcək siyasi-iqtisadi oriyentasiyası üçün əsas təşkilat Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya əməkdaşlığı üçün təklif olunan Forum.

Sənəddə həmçinin deyilir: “Rusiyanın yeni qəhrəmanları 1990-cı illərdə olduğu kimi, quldur, oliqarx və xalq tribunu və ya 2000-ci illərdəki kimi, biznesmen, məmur olmamalıdır. Yeni qəhrəmanlar proqramçı, mühəndis, zabit, sahibkar, müəllim – millətin insan və sənaye kapitalının yaradıcıları və müdafiəçiləri olmalıdır. Diplomatlar bu sırada ləyaqətli yeri tutmalıdır”…

Xarici və müdafiə siyasəti Şurası tərəfindən hazırlanan Strategiyanın bu tezisləri işçi qrupun bir neçə turdan ibarət müzakirələrinin nəticəsidir. Bu qaydaların bir hissəsi “Valday” Beynəlxalq diskussiya klubunun təşkilatçılığı ilə 2016-ci ilin 25-27 mart tarixində keçirilmiş Rusiya-Çin konfransında müzakirə olunub.  

Daha sonra tezislərin dərin və ətraflı müzakirəsi 9 aprel 2016-cı ildə xarici işlər naziri Lavrovun iştirakı ilə xarici və müdafiə siyasəti üzrə Şuranın illik Assambleyasında keçirilib. Tezislər Şura tərəfindən 1990-2000-ci illər üçün rus siyasəti barədə məruzlər işləyib hazırlamaq ənənəsini davam etdirir. Bu, “Rusiya üçün Strategiya” adlanır.

Bu tezislərin hazırlanması üçün rəsmi sənədlər – Prezidentin, XİN rəhbərinin çıxışları, Rusiyanın Milli Təhlükəsizlik Strategiyası nəzərə alınıb. Tezislər Rusiyanın xarici siyasətlə bağlı işlənməkdə olan yeni Konsepsiyasına təkliflər kimi hazırlanıb.

Xarici və müdafiə siyasəti Şurası öz fəaliyyətini parlament və hökümət orqanları ilə qurur. Onun əsas tərəfdaşları Dövlət Duması, Prezident Administrasiyası, XİN, Müdafiə Nazirliyi və digər nazirliklərdir.  

Şuranın hədəfi Rusiyanın inkişafına dair xarci və müdafiə siyasəti, vətəndaş cəmiyyəti üçün stratetji konsepsiyanın hazırlanması və reallaşdırılmasıdır.

Xaqani SƏFƏROĞLU

Strateq.az